Dünya çempionluğundan Olimpiya qızılına -   Əhmədin böyük yolçuluğu

Dünya çempionluğundan Olimpiya qızılına -   Əhmədin böyük yolçuluğu
MEDİA 8 Oktyabr 2026 / 11:42 404
-  A +

Azərbaycan Respublikası Media və Yayım Şurasının layihəsi

Azərbaycanın paytaxtı növbəti böyük idman yarışına ev sahibliyi edir. 4–11 oktyabr tarixlərində Bakı dünyanın ən mötəbər yarışlarından sayılan cüdo üzrə böyüklər arasında dünya çempionatını qəbul edir.

Fərdi yarışlar 4–10 oktyabr, qarışıq komanda yarışı isə 11 oktyabrda keçiriləcək. Azərbaycan mundialda 24 cüdoçu (17 kişi və 7 qadın) ilə təmsil olunur. Bu yazı yayımlanan ana qədər Azərbaycan millisi artıq 4 medal qazanmışdı. Bu nəticə ilə millimiz yalnız Yaponiyadan geridə qalmaqla 2-ci yeri tutur.

Əhməd Yusifov (-60 kq) finalda Qazaxıstan təmsilçisi Şerzod Davlatovu məğlub edərək qızıl medal qazanıb. Zelim Tskayev (-81 kq) gümüş, Rəşid Məmmədəliyev (-73 kq) və Ömər Rəcəbli (-81) bürünc medala yiyələnib. Lakin medal sayımızın daha da artacağı ehtimalı yüksəkdir.

Dördüncü dünya çempionumuz - Əhməd Yusifov!

Əhməd Yusifov Azərbaycanı 60 kq çəki dərəcəsində təmsil edir. 31 may 1999-cu ildə Göyçayda doğulub. Bakıdakı nailiyyət onun cüdo karyerasındakı ən böyük uğurudur. 27 yaşlı cüdoçu bunadək Avropa çempionatının iki bürünc medalını, gənclər arasında dünya çempionatının gümüş medalını qazanıb, Daşkənd “Böyük dəbilqə” turnirinin qalibi və yeniyetmələr arasında (2016-cı ildə) Avropa çempionu olub.

Əhməd 8 yaşında cüdo ilə məşğul olmağa başlayıb. İlk məşqlərini “Lokomotiv” klubunda keçib. Sonralar Nağı Babayev və Nicat Şıxəlizadənin rəhbərliyi altında çalışıb. O, Azərbaycanın böyüklər arasında 4-cü dünya çempionudur və 60 kq çəkidə bu titulu qazanan ilk azərbaycanlıdır. Əhmədə qədər Elxan Məmmədov, Hidayət Heydərov, Zelim Kotsoyev planetin ən güclüsü adını qazanıblar.

Əhmədin bu uğurunu Prezident İlham Əliyev də yüksək qiymətləndirib. Bakıda keçirilən cüdo üzrə dünya çempionatının açılışı zamanı Əhməd Yusifovla görüşən dövlət başçısı deyib:

"Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm. Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram.

Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan".

Ə.Yusifov isə dünya çempionu olduqdan sonra Avropa Cüdo Federasiyasının saytına müsahibəsində belə deyib: 

“Bu səhər yuxudan duranda özümü həqiqətən yaxşı hiss edirdim. Medal qazanmaq barədə düşünürdüm, amma qızıl medal haqqında da fikirləşirdim. Şükürlər olsun ki, dünya çempionu oldum.

Burada, Azərbaycanda, doğma azarkeşlərin qarşısında və xüsusilə ailəmin məni izlədiyi bir vaxtda qızıl medal qazanmaq inanılmaz hissdir. Onların arenada olması mənə əlavə motivasiya verdi. Heç vaxt məğlubiyyət barədə düşünmədim. Onlar məni izlədikləri halda uduzmaq istəmirdim və bunun baş verməsinə imkan yox idi.

Azərbaycan cüdosu tarixində dördüncü dünya çempionu olmaq mənim üçün böyük şərəfdir. Hiss etdiklərimi sözlə ifadə etmək çox çətindir”.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ə.Yusifov hələ gəncdir və gələcəkdə də onu bir çox yarış gözləyir. Şübhəsiz ki, onlardan biri də 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunları olacaq. 

Əlbəttə, doğma Bakıdakı uğurdan sonra Əhməddən daha çox gözlənti olacaq: Olimpiya çempionluğu. 

Bəs, o, bunu bacara biləcəkmi? 

Əhmədə qədər dünya çempionu olmuş üç güləşçimizdən ikisi - Hidayət Heydərov və Zelim Kotsoyev Paris-2024-də Olimpiya çempionu olmazdan bir neçə ay əvvəl dünya çempionluğunu da qazanmışdı...

Deməli, Əhmədin Olimpiya çempionluğu üçün indi həm bacarığı, həm də inamı var. İndi qalır zədələrdən qaçmaqla 2028-ci ildə Los-Ancelesə qədər daha yaxşı fiziki forma yığmaq, əzmlə çalışmaq və yekunda Olimpiya qızılını da medal kolleksiyasına əlavə etmək...

Nur Zeynalova

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner