Medianın İnkişafı Agentliyinin layihəsi
Azərbaycanın gənc və yeniyetmə şahmatçılarının son illərdə qazandığı uğurlar artıq ölkəmizin bu idman növü üzrə daim istedaflı şəxslər ortaya çıxardığını deməyə imkan verir.
Həmin istedadlı şahmatçılardan biri də Xaqan Əhməddir. Cəmi 14 yaşı olan Xaqan iyunun 27-də İtaliyanın Montesilvano şəhərində 16 yaşadək şahmatçılar arasında dünya çempionu olmağı bacarıb. Üstəlik onun uğurları bununla bitmir.
Xaqan daha əvvəl 2 dəfə Avropa çempionu, 1 dəfə dünya çempionatının bürünc mükafatçısı olub. O, həmçinin 12 yaşında beynəlxalq usta adına yiyələnib.
Bugünkü həmsöhbətimiz isə Xaqan Əhmədin anası Kifayət Əhmədovadır.
- Əvvəlcə sizi oğlunuz Xaqan Əhmədin dünya çempionu olması münasibəti ilə təbrik edirik. Söhbətimizə Xaqanın şahmata gəlişindən başlayaq. Bu idman növünə marağı necə yaranıb?
- Xaqanın şahmata gəlişi 4 yaşında olub. Biz böyük oğlumun şahmatla məşğul olmasına daha çox nəzarət edirdik. O, Xaqandan 3 yaş böyükdür. Bir çox yerdə Xaqanın 15 yaşı olduğunu yazırlar. Amma bu, doğru deyil. Onun 14 yaşı var. Ümumiyyətlə, idmanda yaşın önəmi çox böyükdür. Xüsusilə də şahmatda. Biz nəzər yetirdik ki, Xaqan 4 yaşında artıq kompüterdə şahmat gedişləri etməyə başlayıb. Halbuki biz heç onu şahmata cəlb etməmişdik. Böyük oğlumla məşğul olurduq. Beləliklə, gördük ki, Xaqanın şahmata həvəsi, istedadı var, onu da cəlb etdik.

- İndiyədək qazandığı hansı uğurları xüsusi vurğulayarsınız?
- Xaqan həmişə özünü doğruldub. Bilirsiniz ki, idmanda yol çox enişli-yoxuşlu olur. Heç vaxt stabillik olmur. Amma həmişə nailiyyətlərimiz olub. Xaqan hər bir yaş dövründə uğur qazanıb. 6 yaşında 10 yaşlılar arasında Respublika Şahmat Olimpiadasının qalibi olmuşdu. Sonra artıq xaricə getməyə başladıq. İlk dəfə Avropa çempionatında 2-ci yeri tutdu, 1 il sonra isə 12 yaşlılar arasında qızıl medal qazandı. Xaqan ötən il 14 yaşlılar arasında Avropa çempionu oldu, dünya çempionatında 3-cü yeri tutdu. O, ümumiyyətlə çoxlu beynəlxalq yarışlarda iştirak edib. Qeyd etdiklərim isə sırf medalla bağlı olan yarışlardır. Azərbaycanda ən çox iştirak etdiyi yarış kişilər arasında çempionatdır. Çünki artıq reytinqi buna imkan verir. Xaqan 12 yaşında beynəlxalq usta oldu. Buna görə deyirəm ki, şahmatda yaş məsələsi çox vacibdir. Hətta günün, ayın belə önəmi var. Xaqandan başqa 12 yaşında beynəlxalq usta olmağı bacaran yalnız bir nəfər var, o da Teymur Rəcəbovdur.
- Yaşının az olması Xaqana xarici ölkələrdəki yarışlarda adaptasiya və dil baxımdan problem yaradıbmı?
- Xaqan yaşının az olmasına baxmayaraq, həmişə xoş hiss bağışlayıb. Təşkilatçılar ona daim nəzər yetiriblər. Oğlumun dil barieri yoxdur. Həm ingilis, həm rus dilində səlis danışır. Xaqanın demək olar ki, dünyanın bütün ölkələrindən dostu var. Çox ünsiyyətcil uşaqdır.
- Xaqanın son uğuru - dünya çempionluğu kifayət qədər səs gətirdi. Təəssüratlarınız necədir?
- Dünya çempionatı həmişə çox gərgin keçir. Çünki 11 partiyadır. Arada 1 gün istirahət var. O qədər stress, gərginlik yaşanır ki… İlk qarşılaşmalarda daha çox asan rəqiblər olur. Xaqan bu il favorit deyildi. Siyahıda 4-cü idi. Yəni, ondan daha yaxşı reytinqə malik uşaqlar da var idi. 10-cu partiyadan sonra Xaqan 1 xal öndə idi. Ona görə də 11-ci partiyada heç-heçə də sərf edirdi.
- Bəs yarışın ən gərgin görüşü hansı idi?
- Ən gərgin qarşılaşma elə elə 11-ci partiyada oldu. Xaqan qarşısına məqsəd qoymuşdu ki, rusiyalı rəqibinə qalib gələcək. Görüş 5 saatdan çox davam etdi. Mən də bir ana kimi dua edirdim. Şiqlov Xaqana heç-heçə təklif edib, oğlum isə razılıq verməyib. Daha sonra Xaqan qalib gəldi. Xaqanın dünya çempionu olduğu gün mənim doğum günüm idi. Bu, mənim həyatımın ən böyük hədiyyəsi oldu.
- Xaqanın ən böyük arzusu nədir?
- Oğlumun ən böyük arzusu ilk növbədə böyüklərin siyahısında “100”lüyə, daha sonra “20”liyə və nəhayət “10-luğ”a düşməkdir. Əlbəttə ki, bunun üçün əzmkarlıq, çalışmaq və çox böyük məbləğdə vəsait lazımdır. Bilirsiniz ki, şahmat çox sərmayə aparan idman növüdür. Oğlumun arzusu tez bir zamanda qrossmeyster titulunu qazanmaqdır. Qarşıda hələ çox iş var.

- Bəs onun kumiri kimdir?
- Xaqan yerli şahmatçılardan ən çox Şəhriyar Məmmədyarovun oyun üslubunu bəyənir. Çünki aktiv oyunçudur. Xaqan da belədir. Fabiano Karuananı, Hikaru Nakamuranı çox bəyənir. Xaqan rapid növü üzrə Londonda Nakamuraya qalib gəlmişdi.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Hakim qərarı Kabo-Verde azarkeşlərini özündən çıxardı
Erve Renar istefa verdi
"Qarabağ"dan 1-ci liqa klubuna keçdi
"Turan Tovuz" yeni qapıçı transfer etdi
Mərakeşin futbolçusu sıradan çıxdı
Argentina Almaniyanın DÇ rekordunu təkrarladı
"Beşiktaş" futbolçusu ilə yollarını ayırdı
"Son oyunlardakı performansımız kifayət etməyəcək"
Kanada - Mərakeş: Heyətlər
"Barselona"dan Əl-Hilal"a keçə bilər
Premyer Liqa klublarının hədəfinə düşdü
"İmişli" onu da göndərdi
Modriç millidən gedir?
Fransa millisində itki - Paraqvayla matçı buraxacaq