Medianın İnkişafı Agentliyinin layihəsi
Qara Qarayev son illər futbolumuzun ən sabit oyunçularından biridir. O, klubu “Qarabağ”ın uğurlarında əsas pay sahiblərindəndir. Onunla söhbətimizdə bir çox məsələlərə toxunmağa çalışdıq.
- Konfrans Liqasında çıxışınızı yekunlaşdırdınız. “Qarabağ”ın bumövsümkü oyunları, ilk dəfə avrokubokların pley-off mərhələsinə çıxan Azərbaycan komandası olması yüksək qiymətləndirilir. Bəs, sən “Qarabağ”ın çıxışını, nəticəsini necə qiymətləndirirsən?
- Düşünürəm ki, pis alınmadı. Əvvəlcə, hər şey çətin başladı. Çünki hazırlıq proqramımızda problemlər var idi. Amma ümumi olaraq bu il yeni turnirdə oynadıq. Bunu baş məşqçimiz Qurban Qurbanov da qeyd etmişdi. Konfrans Liqası bizim üçün yeni bir təcrübə idi. Əlimizdən gələni etdik ki, ən yaxşı nəticəni qazanaq. Yarışın əvvəlindən də Qurban müəllimin bizə verdiyi motivasiya fərqli idi. Artıq əvvəlki illərdə qazana bilmədiyimiz uğurları bu il əldə edə biləcəyik kimi düşünürdük. Qurban müəllim həmin hissi komandaya ötürdü. Bu hiss də bizi pley-offa kimi gətirib-çıxardı. Mən belə deyərdim ki, Konfrans Liqasının komandaların gücü ilə bağlı xüsusi bir fərqi olmadı. İştirakçılar Avropa Liqası səviyyəsində komandalar idi. Hətta bəziləri daha üstün idi. Məsələn, “Marsel”. Bir futbolçu kimi düşünürəm ki, Azərbaycan futbolu üçün nəticə verə bildiksə, bu, bizim ən böyük uğurlarımızdan biridir. Azarkeşlərimizə, futbol ictimaiyyətinə nəsə təqdim edə bilmişik. Güclü komandalarla qarşılaşdıq. Qrup mərhələsinə gedən yolda üz-üzə gəldiyimiz ən çətin kollektivlərdən biri Kipr AEL-i idi. Bu komanda bizə bir az problem yaşatdı. Amma onlara qarşı Bakıda çox möhtəşəm oynadıq. Daha sonra “Aberdin”lə qarşılaşdıq. Bu klub bizi daha çox qıcıqlandırırdı. Çünki onların açıqlamaları müsahibələri həmişə fərqli idi. Onlar bizi çox hirsləndirmişdilər. Biz də çalışırdıq ki, bu komandanı keçib, qrup mərhələsinə yüksələk və minimum hədəfə nail olaq. “Marsel”lə görüşlər isə bizim üçün çətin oldu. Ümümilikdə “Qarabağ” fevral ayında avrokubok həyəcanını Tofiq Bəhramov adına Respublika Stadionunda yaşatdı. Düşünürəm ki, bu, özü də azarkeşlərimiz, futbol ictimaiyyəti üçün bir uğurdur.
- Ümumilikdə avrokuboklarda 2021/22 mövsümü “Qarabağ”ın inkişafı ilə bağlı əvvəlki illərdən nə ilə fərqləndi?
- İldən-ilə daha yaxşı komanda oluruq. Biz bu il təcrübə qazandıq, qrupdan çıxmaq həyəcanını yaşadıq. Xatırlayırısınızsa, 2014-cü ilədək həmişə pley-off mərhələsində, qrupun bir addımlığında mübarizəni dayandırırdıq və ya 1-2 raund adlayıb, turnirlə vidalaşırdıq. Komanda və futbolçular üçün əsas amillərdən biri nəticəni hiss etməkdir. Yəni, artıq kollektivdə qrupdan çıxmaq hissiyatı var. Futbolda əvvəlcədən danışmaq çətindir. Klubum adından vədli nəsə söyləmək istəmirəm. Amma ümid eidrəm ki, “Qarabağ” bu gedişlə daha yaxşı uğurlar əldə edəcək. Ən əsası, həm azarkeşlərimiz və klubumuz qrupdan çıxmaq həyəcanını yaşadı. Növbəti illərdə daha yaxşı nəticə əldə etmək üçün oynayacağıq. Bu mövsüm komandaya böyük təcrübə qazandırdı. UEFA-nın Konfrans Liqası üçün açdığı İnstaqram səhifəsində bizə qarşı olan diqqət çox möhtəşəm idi. Onlar oyunlarımızı xüsusi ilə qabardır, klubumuz haqqında məlumatlar verirdilər. Düşünürəm ki, UEFA-nın, bir çox dövlətlərin diqqətini cəlb etməyi bacarmışıq. İnanıram ki, bunun Azərbaycan futboluna faydası olacaq.
- “Marsel” “Qarabağ” üçün necə bir rəqib sayılırdı? Bir tərəfdən hər kəs düşünür ki, Fransada əlimizə çox şans düşdü, bundan yararlansaydıq, nəticə başqa cür olardı. Digər tərəfdən isə reallığı fikirləşib, başqa qənaətə gəlirik. Bəs, sən necə düşünürsən?
- Ümumi olaraq oyun planımızla çıxış etdik, amma “Marsel” qol vurdu, növbəti mərhələyə yüksəldi. Bilirsiniz, “Marsel” Çempionlar Liqası da daxil olmaqla bir çox turnirlərin qalibi olub. Klubun maliyyə baxımından da durumu çox yaxşıdır. Fransa “Böyük beşlik” ölkələrindən biridir. Bu komanda isə Liqa 1-də 2-ci pillədə qərarlaşır. “Marsel”in heyətindəki futbolçular da çox güclüdür. Komandaya qoyulan sərmayə də çox yüksəkdir. Bunların hamısı bir yatırımdır. Yatırımlar da mütləq sənə yardım etməlidir. Belə matçlarda bu, xüsusilə əhəmiyyət kəsb edir. Siz təsəvvür edin ki, “Marsel” Fransadakı oyunda Matteo Gunduzi, Sedrik Bakambu kimi futbolçularını ehtiyatda saxlamışdı. Bu, klubun büdcəsindən, komandada kifayət qədər keyfiyyətli oyunçular olmasından xəbər verir. Oyun olaraq “Marsel” ilə fərqimiz yoxdur. Hər iki matçda da möhtəşəm çıxış etdik. Biz Azərbaycanın adına layiq şəkildə mübarizə apardıq. Hətta bizim oyunumuza baxan bir çox insan çıxışımızı, futbolumuzu, hər iki matçda apardığımız mübarizəni alqışlayırdı. Düşünürəm ki, bəzən nəticə qazanmaq üçün mütləq məğlub olmalısan. Belə oyunlar bizə böyük təcrübə qazandırır. “Marsel” haqqında çox danışmağa ehtiyac yoxdur. Ən vacibi odur ki, biz artıq qrupdan çıxandan sonra bütün komandaların “Bazel”, “Marsel” səviyyəsində olacağını bilirik. Bu da bizə əlavə güc verir. Hər halda Fransanın futbol reytinqinin, ölkə çempionatının “Marsel”ə çox böyük faydası var. Düşünürəm ki, oyun əzmimiz, mübarizəmiz alqışa layiq idi.
- Belə deyimlər oldu ki, “Qarabağ”ın ölkə çempionatındakı rəqiblərinə bax, “Marsel”in qarşılaşdığı rəqiblərə bax. Səncə, çempionatların fərqi sizə nə dərəcədə təsir etdi?
- Mən müqayisə etmək istəmirəm. Yəni, bizim çempionatımızın səviyyəsi aşağıdırsa, mən onu daha da aşağılamaq istəmirəm. Ümumi olaraq siz düşünün ki, orada 15-20 min azarkeş var idi. Stadionun aurası, atmosfer çox gözəl idi. Biz belə nəticəni ancaq Çempionlar Liqasında və ya digər avrokubok oyunlarında əldə edə bilərik. Amma onlar hər həftə bu qədər azarkeşi, belə atmosferi hiss edə bilirlər. Bizim Premyer Liqamızın ən böyük problemlərindən biri də budur. Biz azarkeşlərin böyük basqısını, hər kəsin matça hazırlaşdığını ancaq avrokubok oyunlarında görürük. Təəssüflər olsun ki, çempionatdakı matçlarda bu, mümkün deyil. Azarkeşlərin sənə olan diqqəti, səndən tələb etdikləri artdıqca, artıq inkişaf etməyə məcbur olursan. Əgər inkişaf etməsən, hər şey dağılacaq. Tələb, diqqət çox olanda istər bilet satışı, istər transferlər, istərsə də stadion, infrastruktur cəhətdən inkişaf etmək istəyəcəksən. Axı, oyunları izləməyə azarkeş gəlir. Bilirsiniz, Avropada bilet satışından əldə olunan gəlir klub üçün faydalı olur. “Marsel”in tarixinə baxıram, görürəm ki, 100 ildən çox yaşı var. Bizim ölkəmizin müstəqilliyinin 30 ili isə bu yaxınlarda tamam olub. Bir az zaman lazımdır. Amma dünyanın belə sürətləndiyini görəndə zamanı gözləməməli, daha çox işlər görməliyik. Artıq cırtdan ölkələrin də klubları, milli komandaları özünü inkişaf etdirir. Onların yerli futbolçuları daha yaxşı yerlərdə, klublarda oynayırlar. Çalışmaq və futbola yatırım etmək lazımdır. Klubların çıxışı ölkənin futbol reytinqi üçün çox önəmlidir. Siz təsəvvür edin, 1 komanda Çempionlar Liqasında, 2-3 komanda isə digər avrokuboklarda mübarizə aparsa, ölkə nə qədər tanınar. Yaxşı klub formalaşdırmaq çox çətindir. “Qarabağ”ın sahibləri klubu himayəyə götürəndən sonra komanda yalnız ölkə kubokunun qalibi olmuşdu. Amma onlar inandılar ki, biz bu nəticələri qazana bilərik. “Qarabağ”ın nəticələri hər kəsə təcrübə qazandıra bilər. Yaşı nəticələr qazanmaq üçün yatırım olmalıdır, komandaların sayı artmalıdır. Mənim Emin Mahmudovla danışığım olub. O, əvvəllər Portuqaliyada oynayıb. Emin deyib ki, Portuqaliyada cəmi 3-4 komandanın büdcəsi çox böyükdür. Həmin ölkənin yüksək liqasında indi 18 komanda oynayır 3-4 klubu çıxmaq şərti ilə digər klubların maliyyə vəsaiti çox aşağıdır. Amma onlarda futbolçu çoxdur. Hər il yeni oyunçu tapa bilirlər. Bu da artıq Avropa ölkələrində maraq yaradır. Çünki həm maliyyə cəhətdən çox vəsait lazım olmur, həm də seçim üçün oyunçu çoxdur. Yəni, bizdə də klublarımızın ən azından komandaya baxacaq şəraitdə və futbolçu yetişdirmək imkanında olsa, daha yaxşı olar. Mütləq ölkə çempionatında komandalarımızın, oyularımızın sayı artmalıdır.
Ardı var...
Ramiq Ağaməmmədov
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi