"Belə turnirlər uşaqlara dərs, məşqçi heyəti üçün yaxşı sınaqdır"

"Belə turnirlər uşaqlara dərs, məşqçi heyəti üçün yaxşı sınaqdır"
MEDİA 2 İyun 2026 / 11:50 210
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

1-ci hissə

“Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandaları 2025/26 mövsümündə çox sayda beynəlxalq turnirlərdə iştirak ediblər. 

Həmçinin Ağdam təmsilçisinin U-19 komandası UEFA Gənclər Liqasında mübarizə aparıb. Sözügedən kollektiv bu turnirdəki 6 matçının hamısında uduzsa da, ölkə çempionatında uğurlu çıxış edib. Belə ki, “Qarabağ” U-19 ölkə çempionu olmağı bacarıb. 

Bugünkü həmsöhbətimiz də “Qarabağ”ın akademiyasının koordinatoru Nail Kərimovdur. O, QOL.az saytına müsahibəsində akademiyanın durumu, komandaların beynəlxalq turnirlərdəki çıxışı, U-19 kollektivinin çempionluğu və gələcək hədəflərindən danışıb.

N. Kərimov əvvəlcə son iştirak etdikləri turnirdən söz açıb: "Bu yaxınlarda 2 yaş qrupu üzrə komandamız beynəlxalq turnirlərdə iştirak etdi. Daha əvvəl başqa yaş qruplarımız da oynamışdılar. Ümumilikdə mövsümü qarşıdan gələn turnirlərlə birlikdə 10 beynəlxalq səfərlə yekunlaşdıracağıq. Bu da kifayət qədər yaxşı göstərici hesab oluna bilər. Bura U-19-un 3 beynəlxalq oyununu da daxil etsək, ümumilikdə U-11-dən U-19- dək bütün yaş qruplarımız bu beynəlxalq təcrübəni qazanmış oldu. Son 2 turnirlə bağlı onu qeyd edim ki, 16 yaşlılarımız Niderlandda “Charity Cup”da  iştirak etdilər. Yarış Diurne qəsəbəsində keçirildi. Turnirdən əvvəl İstanbulda olduq. “Başakşehir”lə yoldaşlıq oyunu oynadıq və qələbə qazandıq. Kifayət qədər yaxşı oyun keçdi. Uşaqlar üçün yaxşı təcrübə idi. Həm də oyunda qazanılan qələbə onlar üçün motivasiya oldu. Niderlanddakı turnirdə 6 matç keçirdik. Onlardan biri  “Ayaks”a qarşı idi, böyük hesabla məğlub olduq. Amma qalan oyunların hamısında başabaş mübarizə apardıq. Bizim uşaqlar artıq ölkə çempionatını başa çatdırmışdılar. Bizim çempionatda bu səviyyəli oyunlar həddən artıq az olduğuna görə, rəqabətli belə turnirlər həm uşaqlar üçün dərs, həm də məşqçi heyəti üçün yaxşı bir sınaq olur. Futbolçular görüb-götürürlər, öyrənirlər. Məşqçilər isə öz futbolçularını təzyiq altında daha yaxından tanıya bilirlər. Bu turnir 4-cü dəfə keçirilir. Xeyriyyə xarakterli turnirdir. Burda müxtəlif auksionlar vasitəsi ilə oyun günü bilet, forma və qida satışından qazanılan gəlir ehtiyacı olan uşaqlara yönləndirilir. Bu turnirin missiyası uşaqlara meydandan kənarda dəstək, örnək olmaqdır”. 

O, U-17 komandasının Fransada qüvvəsini sınadığını qeyd edib: “U-17 komandamız daha uzaq səfərə yola çıxmışdı. Turnir Atlantik okeanın sahilində, Nant şəhəri yaxınlığındakı Bretiqnolles-sur-Mer adlı qəsəbədə keçirilirdi. Bu, nisbətən fərqli turnir idi. Yarış 3 gün keçirildi. Fransanın Liqa 1 və Liqa 2 klublarının aşağı yaş qrupları, həmçinin bir neçə regionun milliləri iştirak etdilər. Burada da qrup mərhələsini 2 heç-heçə və 1 qələbə ilə yekunlaşdırdıq. Nəticədə də qrupda 2-ci yeri tutduq. 5 və 8-ci yerlər uğrunda oyunlarda komandamız 1 qələbə qazandı və 1 heç-heçə etdi. Oyunların kimlərlə keçirilməsi və hesablar barədə danışmaq istəmirəm.

Akademiyanın İnstaqram hesabı var, hamısı qeyd olunub. Burada da kifayət qədər keyfiyyətli rəqiblər var idi. Turnirdə iştirak edən məşqçi heyətimizlə, koordinatorlarımızla yarışdan sonra söhbətimiz oldu. Onlar da qeyd etdilər ki, oyunların hamısı çox yüksək səviyyədə keçdi. Heç ad olaraq tanınmayan komandalar var idi. Məsələn, Nant bölgəsinin seçmə komandası. Hətta onlarla oyunlarda belə, səviyyə və keyfiyyət fərqi dərhal özünü göstərir. Daha keyfiyyətli futbol oynanılır, meydançaların yaxşı olması matçların keyfiyyətini artırır, hakimlik oyunların sürətini və tempini nisbətən yüksəldir. Bu gözə çarpan fərqlər dərhal görünür”. 

Akademiya rəhbəri beynəlxalq turnirlərin komandalar üçün faydasından da danışıb: “Turnirin maraqlı özəlliklərindən biri də o idi ki, komandalar hamısı eyni düşərgədə qalırdılar. Futbolçuların müxtəlif ölkələrdən olan həmyaşıdlarının asudə vaxtını meydandan kənarda necə keçirdikləri görmələri də onlar üçün nümunə təşkil edirdi. Turnirdə iştirak etmək hər cəhətdən həddindən artıq çətindir. 

O, beynəlxalq yarışlarda iştirak baxımından seçici olduqlarını vurğulayıb: “Bir neçə turnir seçimi var. Yaxın ölkələr, vizasız ölkələr, gediş-gəlişi ucuz olan ölkələr və s. Ona görə bəzi turnirlər var ki, biz onlardan qaçmağa çalışırıq. Elə beynəlxalq turnirlər olub ki, gedib asanlıqla kuboku alıb gəlmək mümkündür. Ancaq bizim məqsədimiz futbolçuları təzyiq altında görmək və onlara da həmin o təzyiqi yaşatmaqdır. Ona görə də daim çətin turnirlərin üzərində dayanırıq. Turnir təşkilatçılığını etmək baxımından həm işçi kollektivinin əziyyəti böyük olur, həm rəhbərliyin yatırımları kifayət qədər yüksək olur. Düzdür, biz heç bir turnirdə demək olar ki, yaşayış, yerli nəqliyyat xərclərini qarşılamırıq. Bunları dəvət edən tərəf öz üzərinə götürür. Biz ancaq biletlərimizi alırıq. Avropa ölkələri olduğu halda isə vizanı da alırıq. Amma istənilən halda bu xərclər belə kifayət qədər nəzərə çarpan xərclərdir. Buna görə də klub rəhbərliyinin gələcəyə ümid edib etdiyi yatırımları və mənim bu kollektivimin çəkdiyi zəhməti qeyd etmək istəyirəm. Hər birinə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm”. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Daha çox


Son xəbərlər
01.06.26  20:47

Enrike, Arteta...

topaz banner