Dambrauskas hekayəsi və dəyişən Azərbaycan futbolu

Dambrauskas hekayəsi və dəyişən Azərbaycan futbolu
MEDİA 26 Avqust 2026 / 17:15 1186
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Futbolda elə çempionluqlar olur ki, sadəcə turnir cədvəlinin əvvəlki mənzərəsini dəyişmir, həm də sual yaradır: “Bundan sonra necə olacaq?” Valdas Dambrauskasın “Sabah”la qazandığı uğur da belələrindən oldu.

Litvalı mütəxəssisin Azərbaycana gəlişi böyük səs-küy doğurmamışdı. Çünki “Qarabağ”ın illərlə davam edən hegemonluğu var idi və yenə favorit sayılırdı. Əsas sual isə ondan ibarət idi ki, həmin hegemonluğa son qoymaq olarmı? 

Dambrauskas isə bu sualın cavabını meydanda verdi.

“Sabah” əvvəlcə çempionluğa iddia edən komanda idisə, sonra real namizədlərdən oldu. Mövsümün sonunda isə Azərbaycan çempionu adını və üstəlik ölkə kubokunu da qazandı. Burda təbii ki, söhbət sadəcə “Qarabağ”ın uğursuz mövsüm keçirməsindən gedə bilməz. Çünki iki titul qazanmaq təsadüfi nəticə deyildi.

Futbolda uğurun və ya uğursuzluğun səbəbi çox vaxt iki şeylə izah edilir. Biri yaxşı maliyyə, biri isə bundan qaynaqlanan futbolçu keyfiyyəti. Bəli, bunların rolu böyükdür və “Sabah”da maliyyə durumu əvvəl də pis deyildi. Lakin həmişə də yaxşı heyətlə uğur qazanmaq olmur. Bunun dəfələrlə şahidi olmuşuq. Eyni futbolçuların fərqli məşqçilərin rəhbərliyi altında tam başqa nəticələr göstərdiyini az görməmişik. 

Dambrauskasın əsas işi də bu məqamda görünür.

Həm çempionat, həm də Çempionlar Liqası oyunlarında şahidi olduq ki, Dambrauskas “Sabah”a yalnız düzgün oyun sxemi yox, həm də hər qarşılaşmaya favorit kimi çıxmaq məsuliyyətini, hesabdan asılı olmayaraq oyundan qopmamaq, əzmkarlıq, inam gətirib. Bu, onun ən böyük uğuru da sayıla bilər.

Təbii ki, uğur qazanmaqda məşqçinin xarakteri də futbol savadı qədər vacibdir. Biz isə Dambrauskasda bunu həm komandasının oyununda, həm də matçlardan sonrakı fikirlərində görürük. Elə dünən gecə “Sabah”a tarixi nəticə qazandıran, klubu Çempionlar Liqasında debüt ilindəcə əsas mərhələyə qədər aparan mütəxəssis  “Hapoel”lə oyunda etdiyi “toxunuşlar”ın ön plana çəkilməli olmadığını, bunu futbolçularının bacardığını bildirdi. Yəni komandada möhkəm intizam yaratması qədər də təvazökar biridir Dambrauskas.

Valdas Dambrauskasın məşqçiliyə gəlişinin maraqlı hekayəsi

“Hapoel” zəfərindən sonra “Dünyanın ən xoşbəxt baş məşqçisiyəm” deyən Dambrauskasın əslində peşəkar futbolçu karyerası olmayıb. Litvanın aşağı liqalarında yalnız 17-23 yaşlarında oynayıb. Maraqlı tərəfi isə budur ki, mühəndislik ixtisası üzrə təhsil alan Dambrauskas 2000-ci ildə, 23 yaşında Litvada “Kim milyonçu olmaq istəyir?” verilişinə qatılır və təxminən 1160 avroya bərabər olan 4000 Litva litası qazanır. Elmli olması hələ o vaxtdan bilinən gənc mühəndis həmin pulu əyləncəyə xərcləmir və həyat yoldaşı ilə İngiltərəyə gedir, “London Metropolitan Universiteti”ndə idman elmləri və məşqçilik təhsili alır.  İngiltərədə “Mançester Yunayted”, “Fulhem” və “Brentford”un akademiyalarında çalışan 

Dambrauskas daha sonra 9-cu divizion təmsilçisi “Kingsbury London Tigers”in baş məşqçisi olur. Litvaya qayıdan gənc məşqçi əvvəl “Ekranas", sonra isə “Jalgiris”in baş məşqçisi olur.

Özünün dediyi kimi, “Sabah”da karyerasının ən parlaq dövrünü yaşayan Dambrauskas daha əvvəl işlədiyi ölkələrdə də kuboklar qazanıb. O, baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub.

Dambrauskasın mütləq vurğulanmalı başqa bir xüsusiyyəti isə yerli futbolçulara münasibətidir. O, Azərbaycanda çalışan bir çox əcnəbi məşqçidən fərqli olaraq yerli futbolçuları hesabdan silmir, əksinə onların inkişafına şərait yaradır. “Sabah”a yeni gələndə də yerli futbolçuların potensialından maksimum yararlanacağını demişdi və biz bunun şahidi oldu. Onun ötən gecə “Hapoel”lə oyunda baxımlı zərbə ilə həlledici qolu vuran Tellur Mütəllimovun əsas heyətdə az şans qazanmasına baxmayaraq, meydana daxil olduqda komanda üçün maksimumunu verdiyini xüsusi vurğulaması təsadüfi deyil. Eyni zamanda heyətdə 2-3 gənc qapıçının yer alması göstərir ki, Dambrauskas yerli futbolçunun inkişafına da inanır. Litvalı mütəxəssisin azərbaycanlı oyunçulara münasibətinin başqa bir göstəricisi də odur ki, onun gəlişindən sonra Rəhman Daşdəmirov, Abdulla Xaybulayev və Xəyal Əliyev daha çox diqqət çəkən futbolçulara çevrildilər.

Təbii ki, “Sabah”ın  uğurlarının memarı kimi baş məşqçini görsək də, klubun işini də qiymətləndirməliyik. Necə ki, Dambrauskasa belə komanda ilə futbolumuza rəng qatdığı üçün “Sabah”ı dünyanın bir nömrəli klub turnirinin əsas mərhələsinə yüksəltməsinə görə təşəkkür düşür, eləcə də kluba düzgün strategiyanı seçdikləri və bu yoldan çıxmadıqları üçün “sağ ol” deməliyik. Ən əsası da Dambrauskası Azərbaycana gətirdikləri üçün.

Gələk lap əvvəldə qeyd etdiyim “Qarabağ”ın illərdir Azərbaycan futbolunda tək hegemonluq etməsi və “Bundan sonra necə olacaq?” sualına. “Qarabağ”ın bu mübarizədə tək olması həm də digər klublarımızın düzgün yolda olmamasının göstəricisi idi. İndi isə artıq “Qarabağ”ın tək olmadığı və bizi çox gərgin çempionatın gözlədiyini əminliklə demək olar. 

İndi görün, “Qarabağ” və “Sabah”a daha 2-3 klubumuz da qoşulsa, necə olar? 

Ramiq Ağaməmmədov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner