Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır

Sürət, adrenalin və Bakı - Azərbaycan Qran-Prisi başlayır
MEDİA 23 Sentyabr 2026 / 12:17 262
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Bakı növbəti böyük idman yarışına ev sahibliyi etməyə hazırlaşır. Sentyabrın 24-26-da ölkəmizdə dünyanın ən mötəbər idman yarışlarından Formula 1 - 2026 Azərbaycan Qran-Prisi keçiriləcək. Bu il yarışın əsas mərhələsinin şənbə gününə təyin edilməsi xüsusi haldır. 27 sentyabr Azərbaycan üçün Anım Günü olduğuna görə Formula 1 və FIA Azərbaycan tərəfinin müraciətindən sonra bütün Qran-Pri proqramını bir gün irəli çəkiblər.

Artıq bir müddətdir paytaxtımızda yarışa hazırlıqla əlaqədar son hazırlıq işləri görülür. Bakının mərkəzində isə artıq xaricdən gələn nümayəndə heyətləri üzvlərinə, çoxsaylı Formula 1 həvəskarına rast gəlmək olur.

Beləliklə, 2026-cı il Bakı yarışı Azərbaycan Qran-Prisi kimi 9-cu dəfə tarixə düşəcək. Son olaraq Formula 1-in Azərbaycanla müqaviləsi 2030-cu ilə qədər uzadılıb.

Formula 1 Azərbaycan Qran Prisi niyə maraq doğurur?

Bu suala yarışın rəsmi saytında cavab tapmaq mümkündür. Təşkilatçılar qeyd edirlər ki, Bakı trasının ən maraqlı xüsusiyyəti onun kəskin kontrastıdır. "Bir tərəfdə çox dar və texniki İçərişəhər hissəsi, digər tərəfdə isə uzun və yüksək sürətli əsas düz yol var. Buna görə komandalar maşını həm döngələrdə idarəolunan, həm də düz yolda sürətli etmək arasında kompromis tapmalıdırlar" - deyə məlumatda qeyd olunur.  

Bildirilir ki, Bakı trasında uzun düz yol ötmələr üçün böyük imkan yaradır. Maşınlar əsas düz yolda çox yüksək sürətə çatır və 1-ci döngəyə güclü əyləclə daxil olurlar. Formula 1-in məlumatına görə, "Abşeron" tribunası bu baxımdan maraqlı yerlərdən biridir: 1-ci döngədə ötmələri və güclü əyləcləməni görmək mümkündür. İçərişəhər tərəfi isə tamamilə fərqlidir - yol daralır, döngələr sıxlaşır və kiçik səhv belə divarla təmasla nəticələnə bilər.  

Yeri gəlmişkən, Bakı trasının uzunluğu 6,003 km,  dövrələrin sayı 51, ümumi yarış məsafəsi 306,049 km-dir.

Bakıdakı yarışa maraq da kifayət qədər yüksəkdir. Bununla bağlı Formula 1-in rəsmi açıqlamasında qeyd edilir ki, 2025-ci ildə Bakı Qran-Prisi 90 mindən çox tamaşaçı iştirak edib. Bu, həmin yarış üçün 9 illik rekord olub.

"2026-cı il Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində yerli və xarici azarkeşlər arasında biletlərə artan tələbatı nəzərə alaraq Bakı Şəhər Halqasında yeni tribun quraşdırılıb. Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşən yeni “City” tribunası 678 tamaşaçı üçün nəzərdə tutulub. Tribunanın unikal yerləşməsi tamaşaçılara trasın bir-birinə paralel uzanan iki yüksək sürətli hissəsində bolidlərin hərəkətini izləməyə imkan verəcək. Yeni tribunanın əlavə olunması ilə Bakı Şəhər Halqasındakı tribunaların ümumi tamaşaçı tutumu 21 000 yeri keçib. Həm yerli, həm də xarici azarkeşlərin Azərbaycan Qran-Prisinə artan marağı fonunda Bakı Şəhər Halqası öz infrastrukturunu genişləndirməyə davam edir. Son üç il ərzində dörd yeni tribuna quraşdırılıb və nəticədə tribunaların ümumi tutumu 6 000-dən çox yer artıb".

2026-cı il Bakı Qran-Prisində 11 komanda və 22 pilot iştirak edəcək. Hazırda italiyalı Kimi Antonelli çempionatın lideridir. O, 14 yarışdan sonra 292 xal toplayıb. Komanda yoldaşı George Russell 211 xalla ikinci, Luis Hamilton isə 191 xalla üçüncüdür.  Antonelli həm də son iki Qran-Pridə (İtaliya və İspaniyada qalib gəlib. İspaniya yarışında Max Verstappen ikinci, Lando Norris üçüncü olub. 

Ona görə Bakı yarışına çempionatdakı nəticələr baxımından ən çox diqqət çəkən ad Antonelli olacaq. Amma mütəxəssislər qeyd edirlər ki, Bakı küçə trasıdır və burada qəza, Safety Car, strategiya və uzun düz yoldakı ötmələr nəticəni ciddi dəyişə bilər. Üstəlik, 2026-da yeni texniki qaydalar tətbiq olunduğundan komandaların trasdan trasa performansı əvvəlki illərlə birbaşa müqayisə edilmir.

Formula 1-də Azərbaycanı təmsil etmək istəyən gənc

Formula 1 yarışı azərbaycanlı gənclər və yeniyetmələr arasında da bu idman növünə marağı artırıb. Davin Cəfərov onlardan biridir. 16 yaşlı bu pilot Milanda doğulub və hazırda Portuqaliyanın Lissabon şəhərində yaşayır. O, peşəkar karyerasına kartinqdən başlayıb və Avropada beynəlxalq yarışlarda iştirak edir.

2025-ci ildə İtaliyanın Lonato şəhərində keçirilən kartinq üzrə dünya çempionatında 600-dən çox pilot arasında 8-ci yeri tutub. Yarışda 32-ci yerdən start götürüb və finalda 24 ötmə edib; bu, həmin yarış üçün diqqətçəkən göstərici olub. Bu nəticə onun üçün vacibdir. Çünki kartinq Formula yarışlarına keçən sürücülərin əsas hazırlıq mərhələlərindən biridir.

O, bir müddət əvvəl QOL.az saytına müsahibəsində demişdi: 

"Motor idmanına olan həvəsim çox təbii şəkildə başladı. Həmişə avtomobillərə, sürətə, yarışlara, Formula 1-ə, bort videolarına baxmağa, sürücülər və komandalar haqqında məlumat əldə etməyə heyran olmuşam. Bu səyahətə başlamağım üçün əsas təcrübə 2024-cü ildə Azərbaycan Qran Prisində iştirak etmək olub. Atmosfer, azarkeşlər, mexaniklər, sürücülər, marşal və əyləncə - hamısı unudulmaz bir təcrübəyə çevrilib. O günü dünən kimi xatırlayıram. Kartinq bu marağı ciddi bir şeyə çevirməyin ən real və peşəkar yolu kimi hiss olunurdu. Rəsmi olaraq 2024-cü ilin ortalarında kartinqə başladım və trasa çıxdığım andan etibarən həyatımın qalan hissəsində bunu davam etdirmək istədiyimi bilirdim. Peşəkar olaraq rəsmi səviyyədə bəzi sürücülərdən gec başlasam da, diqqətim və motivasiyam həmişə çox güclü olub. Bunu nəticələrlə sübut edə bildim.

O, həmçinin demişdi ki, Formula 1-ə çatmaq üçün sponsordan və ya ölkəmizdən maliyyə dəstəyi lazımdır: "Bu günə qədər bütün maliyyə dəstəyi valideynlərim və komandam "BirelArt" tərəfindən olub. Beləliklə, hansı yolu seçəcəyimi zaman göstərəcək, amma gələcəkdə "McLaren" və ya "Aston Martin" ilə tərəfdaşlıq etməyi istəyirəm. Çünki onların bu idman növündə böyük təcrübəsi var. Mən onların mənim üçün düzgün olanı edəcəklərinə inanıram. Hazırda isə prioritetim səyahətimdə mənə kömək edəcək bir sponsor axtarmaqdır".

Sonda...

Formula 1 Azərbaycan Qran-Prisi həm də Bakı və Azərbaycanın dünyada daha da geniş tanıdılması baxımından mühüm platformadır. Dünyanın müxtəlif ölkələrindən gələn azarkeşlər və milyonlarla televiziya izləyicisi yarış vasitəsilə Bakının tarixi məkanlarını, müasir simasını və ev sahibliyi imkanlarını yaxından tanıyır. Bu baxımdan Qran-Pri təkcə idman yarışı deyil, həm də Azərbaycanın beynəlxalq tanıtımına və turizm potensialının nümayişinə töhfə verən böyük tədbirlərdən biridir. 

Beləliklə, qarşıdakı günlərdə Bakı yenidən dünyanın diqqət mərkəzində olacaq...

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Qarabağ FK
Son xəbərlər
22.09.26  09:20

Atasının yolu ilə

topaz banner