“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub

“Məğlub olmadığımıza görə razı qala bilərik” - Yuri Vernidub
PREMYER LİQA 24 Oktyabr 2026 / 21:40 1033
-  A +

Misli Premyer Liqasının 9-cu turunda "Neftçi" "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib.

QOL.az xəbər verir ki, "Neftçi"nin baş məşqçisi Yuri Vernidub matçdan sonra oyun haqda ümumi fikirlərini bölüşüb:

- Oyunun gedişatını nəzərə alsaq, nəticədən razısınız?

- Bunu demək mənim üçün çətindir. Oyuna yaxşı başlamadıq. İlk 20 dəqiqədə rəqib daha təhlükəli oynayırdı. Müdafiəçimizin səhvindən sonra azlıqda qaldıq. Təəccüblü olsa da, bundan sonra daha yaxşı oynamağa başladıq. Qol vurduq və fasiləyə üstünlüklə yollandıq.

İkinci hissədə çətin olacağını bilirdim. Beş müdafiəçi ilə oynamağa keçdik. Bütün zonaları bağlaya bildik və qola qədər rəqibə şans vermədik. Balayevə təşəkkür edirəm, o, komandamızı ikinci qoldan xilas etdi. Bütün bunları nəzərə alsaq, məğlub olmadığımıza görə razı qala bilərik. Amma istənilən halda, iki xal itirdiyimizi düşünürəm. Mən hər oyunda qalib gəlmək istəyirəm.

- Ribeyronun qırmızı vərəqə almasını necə şərh edərdiniz?

- Futbolçunun sadə epizodda niyə belə qərar verdiyini anlamaq çətindir. Sadə epizod idi. Topu meydandan çıxara bilərdi. Topa qədər məsafə 7 metr, İbrahima Vadjiyə qədər isə 14 metr idi. Müdafiəçi daim hərəkətdə olmalı, meydanda piyada gəzməməlidir. Üstəlik, həmin epizodda bizə qarşı ciddi pressinq də yox idi. Artıq 10 aydır buradayam və bu məqam üzərində işləyirəm. Görünür, yaxşı işləməmişəm. Bu istiqamətdə daha çox çalışmağa davam edəcəyəm.

- Çempionluq uğrunda mübarizədə əsas rəqibləriniz “Qarabağ”, “Sabah”, “Turan Tovuz” və “Zirə”dir. Bu komandalara qarşı oyunlarda qələbə qazana bilməməyiniz sizi nə dərəcədə narahat edir?

- Mən həmişə qalib gəlmək istəyirəm. Qələbə qazana bilməmək mənim üçün çox ağrılıdır. Halbuki bunun üçün imkanlarımız da olub. “Qarabağ”a qarşı 3:1 öndə idik, amma sonda hesab 3:3 oldu. “Sabah”la görüşdə də qələbə qazana bilərdik. Əsas odur ki, artıq bu rəqiblərə uduzmuruq və onlarla bərabər səviyyədə mübarizə aparırıq.

- Emin Mahmudovun yoxluğunun səbəbi nədir?

- Onun yüngül zədəsi var. Hətta oyun üçün iştirak ərizəsinə də daxil etməmişdik.

- İqor Ribeyronun “Turan Tovuz”la oyunlarda artıq üçüncü qırmızı vərəqəsidir. Bəlkə, onun bu rəqibə qarşı xüsusi aqressiyası var?

- Deməzdim ki, aqressiyası var. Müdafiəçi həmin epizodda səhv etdi, topa daha tez çatmalı idi. Düşünmürəm ki, o, rəqibə qarşı bilərəkdən sərt oynasın və onu zədələmək istəsin. Dünən Ukrayna çempionatında “Dinamo” - “Kudrivka” matçında İvan Petryak zədələndi. Çox ağır zədə aldı, kəllə sümüyündə də sınıq yarandı. Orada da aqressiya yox idi, futbolçular baş-başa toqquşmuşdular. Yaxşı ki, hər şey yaxşı qurtardı. Ən vacibi futbolçuların sağlamlığıdır.

- Bakıda U-15 dünya çempionatı keçirilir. Oyunları izləməyə getməyi planlaşdırırsınız?

- Əvvəlcə oyunların qrafikinə baxmaq lazımdır. Amma o qədər işim var ki, vaxt tapmaq çətin olacaq. Səhər saat 9-da bazaya gəlirəm, axşam 7-də oradan çıxıram. Bəzi məşqçilərim isə gecə saat 11-12-də də işdən ayrılırlar. Çünki rəqiblərimizi ətraflı təhlil etməliyik.

Analizlərimiz çox yaxşı alınır. Amma maraqlıdır ki, bəziləri niyə onlara diqqətlə qulaq asmır. Komandamız çoxmillətlidir, ispan, fransız və ingilis dillərində də danışırıq. Bəlkə də hamı tərcüməni tam başa düşmür, hərçənd yaxşı tərcüməçilərimiz var. Üç dil öyrənmək də asan deyil. Azərbaycan dilini öyrənmək isə mənim üçün daha rahatdır. Çünki burada yaşayıram və sizinlə ünsiyyətdə oluram.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner