Azərbaycan Respublikası Media və Yayım Şurasının layihəsi
Azərbaycan futbolunda bəzi qarşılaşmalar var ki, onların əhəmiyyəti turnir cədvəlindəki xallarla ölçülmür. Bu oyunlar illərin rəqabətini, azarkeşlərin həyəcanını, klubların tarixini və futbola sevgini özündə birləşdirir. “Qarabağ” - “Neftçi” dueli də məhz belə matçlardandır. Bu iki əzəli rəqibin qarşılaşması hər dəfə futbol ictimaiyyətinin diqqətini cəlb edir, ölkədə futbol ab-havasını gücləndirir.
Bu gün Misli Premyer Liqasında keçiriləcək növbəti Azərbaycan derbisi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Qarşılaşma həm komandaların turnir cədvəlindəki mövqeləri, həm də çempionluq mübarizəsi baxımından əhəmiyyətlidir. “Qarabağ” və “Neftçi”nin meydandakı rəqabəti ilə yanaşı, tribunadakı azarkeş dəstəyi də oyunun diqqətçəkən tərəflərindən biri olacaq. Çünki belə derbilər yalnız mövsümün nəticələrinə təsir göstərmir. Bu oyunlar uşaqların və yeniyetmələrin futbola marağının artmasına, yeni azarkeş nəslinin formalaşmasına, stadion mədəniyyətinin inkişafına da şərait yaradır. Bunun üçün isə maraqlı oyunla yanaşı, azarkeşlərə əlverişli şərait yaradılması, klubların təbliğat işinin gücləndirilməsi də vacibdir.
Futbol mütəxəssisi Şahin Diniyev və əməkdar məşqçi Ağasəlim Mircavadov qarşılaşmanın əhəmiyyəti, komandaların hazırkı vəziyyəti, tarixi rəqabət, azarkeş amili və gənc nəslin futbola cəlb olunması ilə bağlı fikirlərini bölüşüblər.
Komandaların hazırkı vəziyyəti və qarşılaşmadan gözləntilər
Şahin Diniyev hesab edir ki, hər iki komandanın heyəti hələ tam formalaşmayıb. O, QOL.az-a müsahibəsində bildirib:

“Doğrudan da, bizi maraqlı oyun gözləyir. Sürətli hücumları sevən iki komanda qarşılaşacaq. Artıq 7-8-ci oyunlarını oynayacaqlar. Yəni, komandalar optimal formaya çatmalıdırlar. Həm “Neftçi”, həm də “Qarabağ” hələ tam oturuşmuş heyətə malik deyillər. Hər iki komandada heyət axtarışı davam edir. Bilirsiniz ki, sabit heyət olmayanda sabit oyun nümayiş etdirmək də çox çətin olur. “Sabah”la müqayisədə hər ikisində müəyyən çatışmazlıqlar var. Bu baxımdan, “Neftçi” bir addım öndədir. Son oyun göstərdi ki, komanda artıq stabilləşməyə doğru gedir. “Qarabağ”da isə hələ sabit heyət görmək olmur. Komandanın bir qədər də adaptasiya üçün vaxta ehtiyacı var. Ancaq belə oyunlar vaxt gözləmir. Bizi gərgin mübarizə gözləyir. Düşünürəm ki, bolqollu oyun olacaq və azarkeşlər üçün maraqlı keçəcək”.
Diniyev qarşılaşmanın əhəmiyyətini komandaların çempionluq iddiaları və bir-birinə qarşı xüsusi motivasiyası ilə əlaqələndirib. Onun fikrincə, “Qarabağ”ın yalnız bir cəbhədə mübarizə aparması üstünlük yarada bilər, ancaq hazırkı vəziyyətdə tərəflərin şansları bərabərdir:
“Əvvəlki vəziyyətdə “Qarabağ”ın şanslarını daha yüksək qiymətləndirərdim. Ancaq komandada bəzi futbolçuların hələ tam adaptasiya olmaması baxımından şansları bərabər sayıram. “Qarabağ”ın bir cəbhədə mübarizə aparması, əlbəttə, üstünlük ola bilər. Bu, komandaya istədiyi heyəti meydana buraxmaq və rotasiya etmək imkanı verir. Düşünürəm ki, “Neftçi” - “Qarabağ” oyununu əsl derbi adlandırmaq olar. Həm azarkeş baxımından, həm də futbolçuların səviyyəsi baxımından. Çox təəssüf ki, hər iki komandada yerli futbolçuların sayı azdır. Bu, bizi o qədər də sevindirməyən məqamlardan biridir. Ancaq bu, klub futboludur. Belə oyunların sayı çox olmasa da, çempionatda rəqabəti artırır. “Neftçi”, “Qarabağ” və “Sabah”ın çempionluğa daha yaxın olduğunu düşünürəm. Bu baxımdan, “Qarabağ” - “Neftçi” oyununa 6 xallıq matç deyərdim. Motivasiya böyükdür və komandaları bir-birinə qarşı əlavə motivasiya etməyə ehtiyac yoxdur. “Neftçi” “Qarabağ” üçün, “Qarabağ” isə “Neftçi” üçün artıq böyük addır və brenddir”.
Tarixi rəqabətin xüsusi atmosferi
Əməkdar məşqçi Ağasəlim Mircavadov isə QOL.az-a bildirib ki, komandaların görüşləri hələ 1990-cı illərdən prinsipial xarakter daşıyır:
“Hələ 1990-cı illərdə, mən “Qarabağ”da çalışanda “Neftçi” ilə görüş prinsipial olurdu. Hər iki klub yaxşı oynayırdı və böyük azarkeş toplusu var idi. Qarabağda vəziyyət gərgin olsa da, Ağdamda da, Bakıda da çoxlu azarkeş olurdu. Bu, onu sübut edirdi ki, hər iki komanda mübariz oyun oynayır. Sonrakı illərdə də belə oldu. “Tofiq Bəhramov”a bu komandaların oyununda 20-22 min azarkeş gəlirdi. Bir müddət idi ki, “Neftçi” “Qarabağ”la mübarizə apara bilmirdi. İndi isə “Neftçi” yaxşı formadadır. “Qarabağ”da isə yeni oyunçular tədricən komandaya uyğunlaşırlar. İstəkli və yaxşı oyun gözləyirik. Turnir cədvəlində mövqeləri elədir ki, qələbə çox şey deməkdir”.
Azarkeş marağı və stadion mədəniyyəti
“Qarabağ” – “Neftçi” derbisi futbolsevərləri stadionlara cəlb etmək üçün yaxşı fürsətdir. Belə duellərə yaranan maraq təkcə həmin gün tribunaların dolmasına deyil, ümumilikdə futbolun daha geniş auditoriyaya çatmasına da kömək edə bilər.
Şahin Diniyev hər iki klubun böyük azarkeş kütləsinə malik olduğunu vurğulayaraq, fanatların öz komandalarını mədəni şəkildə dəstəkləməsinin və medianın oyuna marağı artırmasının vacibliyini qeyd edib:
“Kəpəz” və “Turan Tovuz” azarkeşlərini də nəzərə alsaq, “Qarabağ” və “Neftçi” Azərbaycanın ən çox sevilən, ən böyük azarkeş kütləsinə malik komandalarındandır. Bakıda keçiriləcək bu oyunda azarkeşlərin də mübarizəsinin şahidi olacağıq. Düşünürəm ki, azarkeşlərimiz mədəni şəkildə öz komandalarını dəstəkləyərək onları irəli apara biləcəklər. Stadionun dolmasını gözləyirəm. Burada klublar, saytlar, televiziya və radio kanalları, qəzetlər də bu məsələdə mühüm rol oynamalıdırlar. Oyuna daha çox ajiotaj qatmalı, azarkeşlərin marağını artırmalıdırlar. Bu, reklamın bir növüdür. Azarkeşləri stadiona cəlb etmək üçün müxtəlif üsullardan istifadə etmək olar. Haradasa maraq, rəqabət yaratmaq mümkündür. Bu işdə hamı birlikdə çalışmalıdır. Xüsusilə klublardan başqa, qəzet və saytların əməkdaşlarının, redaksiyaların da üzərinə böyük məsuliyyət düşür. Düşünürəm ki, onlar bu işin öhdəsindən yaxşı gələcəklər”.

Ağasəlim Mircavadov isə azarkeşlərin stadiona gəlməsi üçün onların rahatlığının da nəzərə alınmalı olduğunu düşünür. O, bu mövzuda söyləyib:
“Azarkeşlər özləri bilir ki, bu oyun gərgin və maraqlı olacaq. Hər halda oyuna gəlmək lazımdır. Azarkeşsiz futbolumuz heç nədir. Amma azarkeşlərə də şərait lazımdır. Əvvəl stadionlarda tum və ya su satılırdı. İndi başqa ölkələrdə də bunlar var. Məsələn, İngiltərədə görmüşəm. Azarkeşlərə qulluq vacibdir. Azarkeş su almaq üçün köşkə yaxınlaşır və 20 dəqiqə dayanır ki, nəsə alsın. Bunlara fikir vermək lazımdır. Əsas isə komandanın oyunudur. Azarkeşi stadiona dəvət edən komandanın oyunu olur. Onlar stadiona istirahətə gəlir. İngiltərə Premyer Liqasına baxanda görürük ki, azarkeşlər stadiona ailəsi ilə gəlirlər. Çünki istirahət etmək istəyirlər”.
Gənc nəslin futbola marağı necə artırıla bilər?
Futbolun gələcəyi yeni oyunçuların yetişdirilməsi ilə yanaşı, uşaqların və yeniyetmələrin bu idman növünə marağının artırılmasından da asılıdır. Şahin Diniyev uşaqların və yeniyetmələrin də belə qarşılaşmalara maraq göstərdiyini bildirib.
“Uşaqlar və yeniyetmələr də azarkeş kimi bu oyunlara maraq göstərirlər. Lakin qeyd etmək lazımdır ki, limitin götürülməsi yerli gənc futbolçuların əsas komandaya çatması yolunda müəyyən çətinliklər və problemlər yarada bilər. Bu, uzun və çətin bir yoldur. Ümid edirəm ki, zamanla bu məsələ də düzələcək. Hər iki komandaya uğurlar arzulayıram. Düşünürəm ki, bizi çempionatın ən yaxşı oyunlarından biri gözləyir. Hər iki komandanın həm çatışmazlıqları, həm də üstünlükləri var. Şansları faizlə ifadə etsək, 50-nin 50-yə olduğunu deyərdim. Erkən vurulacaq qol oyunun gedişinə böyük təsir göstərə bilər. Hər iki komanda hücuma meyilli futbol oynayır. Buna görə də bol qollu qarşılaşma gözləyirəm”.
Xülasə, sabahkı qarşılaşmanın nəticəsi meydanda müəyyənləşəcək. Ancaq derbinin əsl qazancı təkcə üç xal deyil: tribunaların dolması, azarkeşlərin komandalarını mədəni şəkildə dəstəkləməsi və uşaqların, yeniyetmələrin futbola marağının artması da Azərbaycan futbolu üçün mühüm nəticə ola bilər.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub.

"Sumqayıt"ın geridönüşü - Video
"Özümüzü çıxılmaz vəziyyətə saldıq" - Yuri Maksimov
Arda Güler daha 5 il "Real"da
“Sumqayıt” və “Şamaxı”dan əzmkar qələbə
“Real” La Liqanı məhv etməyə çalışır”
MOİK və "Karvan Yevlax"dan qələbə
“Yuventus”un Bernardo Silva planı
Şamaxıdakı 5 qol - Video
Azər Bağırov qələbəni ona həsr etdi
"Sumqayıt" - "Araz-Naxçıvan": Heyətlər
"Bu məğlubiyyət daha acı oldu" - Zaur Həşimov
"Real" Vinisius məsələsində geri çəkilmək istəmir
Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?
"Şamaxı" - "Şəfa" oyununun heyətləri müəyyənləşdi
"Çelsi"nin kapitanı dizindən əməliyyat olundu
Azərbaycan klubları neçəncidir? - UEFA reytinqi
AFFA həkimi olmayan klubları cərimələdi
Karvahalı transfer etdilər, Sanço ilə danışıq gedir
İki günə qırılan rekord
"Milan"ın darmadağını - Video
"Qarabağ” - “Neftçi” oyununa azarkeş marağı yüksəkdir
Salah avrokuboklarda bunu bacaran ilk oyunçudur
Dünya çempionatında daha bir gümüş medal
Sanki Almaniya yox, Türkiyədir - Video
Kamilo Duran “Benfika”ya yenə qol vurdu
Konfrans Liqasında Liqa mərhələsi başladı
"Beşiktaş", "Milan" və "Yuventus"dan qələbə
“Milan”dan darmadağın, “Bayer”dən 4 qol
"Trabzonspor"dan qələbə, Zamiqin komandasından heç-heçə
Vüsal İsgəndərlinin komandası xal itirdi
“Beşiktaş”ın hücumçusu qol vurdu, tənqid olundu
İspaniya nəhəngləri “Tottenhem”in ulduzuna göz dikdi
Hakimə hücum etdi, 2 il futboldan uzaqlaşdırıldı - Video
FİFA-nın vitse-prezidentindən İnfantinoya sərt mesaj
"Səbail", "Xankəndi" və "Şimal"dan qələbə
Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü