Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi

Güləşdə uğur ənənəsi: yeni nəsil üçün motivasiya mənbəyi
MEDİA 13 İyul 2026 / 13:30 148
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Azərbaycanda həm sərbəst güləş, həm də Yunan-Roma güləşi zəngin tarixi, dərin kökləri və formalaşmış ənənələri ilə seçilən idman növləridir. Bu idman növləri ölkədə nəsildən-nəslə ötürülən ənənələrin ayrılmaz hissəsinə çevrilib. Müstəqillik dövründə isə Azərbaycan güləşi yeni inkişaf mərhələsinə qədəm qoyaraq beynəlxalq arenada mühüm uğurlara imza atıb. Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazanılan çoxsaylı medallar ölkənin güləş məktəbinin gücünü nümayiş etdirib və Azərbaycanın bu idman növündə aparıcı ölkələrdən biri kimi tanınmasına şərait yaradıb.

Qazanılan nailiyyətlər cəmiyyətdə güləşə marağın daha da artmasına, uşaq və yeniyetmələrin bu idman növünə üz tutmasına, regionlarda yeni idman zallarının fəaliyyətə başlamasına və peşəkar məşqçi məktəbinin inkişafına da müsbət təsir göstərib. Bu gün Azərbaycan güləşi həm zəngin ənənələrinə söykənən, həm də gələcəyə inamla baxan uğurlu idman sahələrindən biri kimi inkişafını davam etdirir.

Azərbaycan güləşçilərinin Yay Olimpiya Oyunlarında qazandığı uğurlar bu inkişaf yolunun ən parlaq göstəricilərindən biridir. Müstəqillik dövründə güləşçilərimiz Olimpiya arenasında dəfələrlə fəxri kürsüyə yüksələrək ölkəmizə medallar qazandırıblar. Xüsusilə 2000-ci ildə Sidney Olimpiadasında Namiq Abdullayevin, 2004-cü ildə Afinada Fərid Mansurovun, 2012-ci ildə Londonda isə Toğrul Əsgərov və Şərif Şərifovun qızıl medal qazanması Azərbaycan güləş tarixinin ən mühüm səhifələrindən hesab olunur. Bu nəticələr ölkəmizin dünya güləşindəki nüfuzunu daha da artırıb.

Azərbaycan güləşi son illərdə Avropa çempionatlarında da uğurlu çıxışları ilə diqqət çəkir. 2026-cı il Avropa çempionatında milli komandalarımız yüksək nəticələr göstərərək komanda hesabında mühüm nailiyyətlər əldə ediblər. Sərbəst güləş və yunan-Roma güləşi üzrə yığmalarımızın Avropa çempionu olması, qadın güləşi komandamızın isə medalçılar sırasında yer alması Azərbaycan güləş məktəbinin gücünü bir daha nümayiş etdirib. Bu uğurlar həm təcrübəli idmançıların, həm də gənc nəslin yetişdirilməsi istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsidir.

Qeyd etmək lazımdır ki, son illər Azərbaycan güləşində inkişaf daha da artmaqdadır. Təsadüfi deyil ki, son illər Azərbaycanın sərbəst və Yunan-Roma güləşi üzrə milli komandaları bir neçə dəfə Avropa çempionu adını qazanıb. Bu uğurlarda isə şübhəsiz ki, güləşçilərimizə dövlət tərəfindən yaradılan yüksək səviyyəli şəraitin rolu böyük olub.

Bəli, ölkədə idman infrastrukturunun müasirləşdirilməsi, bölgələrdə Olimpiya İdman Komplekslərinin və güləş zallarının istifadəyə verilməsi, milli komandaların təlim-məşq toplanışlarının, beynəlxalq yarışlarda iştirakının və elmi-metodiki hazırlığının təmin edilməsi güləşin inkişafına mühüm töhfə verib.

Eyni zamanda, idmançıların və məşqçilərin sosial müdafiəsinin gücləndirilməsi, yüksək nəticələrə görə dövlət mükafatlarının verilməsi, gənc istedadların aşkar olunması və ehtiyat qüvvənin hazırlanmasına yönəlmiş proqramlar Azərbaycan güləş məktəbinin davamlı inkişafını şərtləndirən əsas amillərdəndir. Bu ardıcıl dövlət qayğısı nəticəsində Azərbaycan güləşçiləri Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında mütəmadi olaraq yüksək nəticələr göstərir, milli komandalar isə komanda hesabında Avropanın ən güclüləri sırasında yer alırlar.

Güləşçilərimizin uğurlarına dövlət başçısı İlham Əliyev də bir neçə dəfə yüksək qiymət verib. Prezident son dəfə aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında Avropa çempionu olan yunan-Roma güləşi və sərbəst güləş, həmçinin qadın güləşi üzrə medal qazanmış idmançıları və onların məşqçilərini qəbul edərkən deyib:

"Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər. Avropa çempionatında komanda hesabında birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Xüsusilə nəzərə alsaq ki, bu gün həm dünyada, həm Avropada güləş üzrə mübarizə daha gərgin keçir, bir çox ölkələrdən olan tanınmış güləşçilər böyük nəticələr göstərirlər və mübarizə də çox gərgin idi. Bəzi yarışları mən də izləmişəm və görmüşəm ki, bizim idmançılarımız öz peşəkarlığını göstərərək rəqibləri ədalətli mübarizədə məğlub etmişlər. Bu, əlbəttə, bütün xalqımızı sevindirir və bir daha göstərir ki, güləşimiz uğurla inkişaf edir. Güləşimizin böyük ənənələri var və biz bu ənənələri yaşadırıq. Şadam ki, tanınmış güləşçilərlə bərabər gənc güləşçilərimiz də böyük nəticələr əldə edirlər. Bu onu göstərir ki, məşq prosesi, seleksiya prosesi düzgün qurulubdur". 

Prezident elə həmin çıxışı zamanı bir mühüm məqama da toxunmuşdu: "Əlbəttə, indi federasiya, xüsusilə bölgələrdə olan gənc idmançıları məşq, təlim toplanışlarına cəlb etmək üçün işini bundan sonra da təkmilləşdirəcək. Çünki bu gün hər bir bölgədə həm Olimpiya İdman kompleksləri var, eyni zamanda, güləş zalları. Ona görə bu seleksiya işi, əlbəttə ki, gələcək uğurlarımızın əsasını təşkil edəcək.

Azərbaycan idmanının ümumi inkişafına gəldikdə hər şey göz qabağındadır. Həm Olimpiya Oyunlarında, həm də dünya, Avropa çempionatlarında bizim idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edirlər. Əlbəttə ki, uğurlarla bərabər məğlubiyyətlər də olur. Amma idmanda hər şey mümkündür. Əsas odur ki, idmançılarımızda qələbə əzmi çox güclüdür və bir daha ölkəmizin ümumi inkişafını əks etdirir. Bu gün qalib dövlət və qalib xalq kimi yaşayan dövlətimiz, xalqımız, o cümlədən idman uğurları ilə fəxr edir".

Bəli, dövlət başçısının da qeyd etdiyi kimi, dövlətimiz və xalqımız o cümlədən idman uğurları ilə fəxr edir. Bu uğurlar isə yeniyetmə və gənc nəslin sağlam ruhda, fiziki güclü yetişməsinə möhkəm stimul verir.

Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner