“Hər il yeni oyunçu yetişdirmək istəyirik ki, milli komandada oynasın”

“Hər il yeni oyunçu yetişdirmək istəyirik ki, milli komandada oynasın”
MEDİA 16 Sentyabr 2026 / 14:30 190
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan futzalından danışarkən “Araz-Naxçıvan” adını xüsusi qeyd edirik. Çünki klub uzun illərdir ölkə futzalının aparıcı qüvvələrindən biridir.  Azərbaycan milli komandasının da əsas oyunçu bazasını çox vaxt “Araz-Naxçıvan” yerinə yetirir.

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmizdə budəfəki  həmsöhbətimiz “Araz-Naxçıvan” futzal klubunun yeni prezidenti Mahmud Sadıqov oldu.

- Bu yaxınlarda 7 il  vitse-prezident kimi çalışdığınız “Araz-Naxçıvan”da prezident vəzifəsinə təyin olundunuz. Klub rəhbəri kimi qarşınızda hansı planlar var?

- Bildiyiniz kimi, “Araz-Naxçıvan” həmişə iddialı klub olub. Baxmayaraq ki, büdcəmiz yarıbayarı azalıb, yenə də həmin iddiasını saxlayır. Əsasən milli komandanın üzvləri ilə çıxış edəcəyik. Heyətə iki legioner cəlb olunub. Biri 4 ildir Azərbaycanda çıxış edən braziliyalı hücumçu Yaqo Enrikedir. Digəri isə iranlı yarımmüdafiəçi Mehrdad Kərimidir. Yaqo bir il də Azərbaycanda çıxış etsə, ona buranın pasportu da verilə bilər. Federasiya rəhbərliyi özü bu barədə fikirləşəcək. Çempionlar Liqasında çıxış edəcəyik. İlkin hədəfimiz bu turnirdə yaxşı mübarizə aparmaqdır. Əlimizdə olan heyətlə çalışacağıq ki, imkan daxilində yaxşı çıxış edək.

Noyabrın 15-dən sonra Azərbaycan çempionatı başlayır. Hədəfimiz həmişəki kimi Azərbacan çempionu olmaqdır. Bundan başqa, ən azı ölkə kubokunun finalına qədər getmək istəyirik. Maksimum dərəcədə bu hədəflərə çatmağa çalışacağıq.

- Büdcənin azaldılması imkanları da məhdudlaşdırır. Bu, yerli çempionatda o qədər hiss edilməyə bilər. Bəs Çempionlar Liqasındakı iddianıza necə təsir edəcək?

- Həmişə düzünü demişəm. Hər halda çətinlik yaranacaq. Amma bu günlə ayaqlaşmaq lazımdır. İndi əgər büdcəmiz azalıbsa, legioner oyunçular transfer edə bilmiriksə, problem yoxdur, yerli futzalçılarla makimumu etməliyik. Çətinlik olacaq, amma biz ora uduzmağa yox, vuruşmağa gedəcəyik.

Mahmud Sadıqov

- “Araz-Naxçıvan” çox vaxt milli komandanın əsas bazası olub. Bu baxımdan gənc və yerli oyunçulara nə dərəcədə üstünlük verəcəksiniz?

- Artıq U-19 komandasında Rəvan Məmmədovu heyətimizə cəlb etmişik. Ötən il də Ədalət Ələkbərov U-19-dan gəlmişdi. Hər il çalışıram ki, bir gənc oyunçunu heyətə cəlb edək. İstəyirəm ki, hər il yeni oyunçu yetişdirək ki, milli komandada oynasın. Futzalımz üçün nəsə bir töhfə verməyə çalışıram. Şükür ki, Ədalət artıq millinin üzvüdür. Güman edirəm ki, Rəvan da öz üzərində işləyəcək, burada inkişaf edəcək və millinin üzvünə çevriləcək. Onda o potensial var. Bundan sonra da əsas yerli oyunçuların inkişafına üstünlük verəcəyik.

- Yevgeni Kukseviçin gedişindən sonra milli komanda yanvara qədər onun köməkçiləri Fərid Ələkbərovla Rəcəb Fərəczadəyə tapşırılıb. Yanvardan sonra seçiminiz necə olacaq?

- Bəli, millinin baş məşqçisi Yevgeni Kukseviçlə anlaşa bilmədik. AFFA İcraiyyə Komitəsi onu milliyə namizəd kimi təsdiqləmədi. Yerli mütəxəssisin işləməsinə üstünlük verdilər. Başadüşüləndir. Kukseviç bizimlə maddi baxımdan anlaşa bilmədi. Mənim təklifimlə onun istəyi üst-üstə düşmədiyinə görə dostcasına ayrıldıq. Bu gün də münasibətimiz var. Hər iki məşqçimizlə söhbət etmişəm. Söhbərimizdə onlara demişəm ki, hələ heç birinizi baş məşqçi təyin etmirəm, yanvarda yığışıb bir qərara gələrik. Sözün düzü, kənardan baş məşqçi gətirmək istəmirəm. Hər ikisi millidə böyük əziyyət çəkib. İkisindən birini yanvarda baş məşqçi təyin edəcəm.

- Hazırda Azərbaycanda futzala maraq, uşaqların bu idman növünə həvəsi necədir?

- Son dövrlər bir az maraq azalmışdı. Bəzi oyunçular minifutbola gedirlər. Müxtəlif turnirlərdə iştirak edə bilmək üçün həvəskar statusu almaq istəyən oyunçular oldu. Bu da başadüşüləndir. Çünki müxtəlif mükafatlar qazanırlar. Buna görə futzaldan minifutbola bir qədər axın oldu. Həm AFFA, həm də Futzal Federasiyası bu işin üstündə işləyirlər. Bilirəm, çox çətindir, amma çalışırlar ki, futzal dirçəlsin. Futzalın daha da kütləviləşməsi üçün işlər görülür. Yəqin ki, 2027-ci ildən bunların nəticəsini görəcəyik.

- Bir müddət əvvəl millidə xeyli legioner var idi, komandanın əsasını braziliyalılar təşkil edirdi. Bəlkə, futzala marağı bu məqamlar azaldıb?

- Bəli, millidə əcnəbilərdən əsasən braziliyalılar oynayırdı. Amma onda komanda daha parlaq çıxış edirdi. Sonra onların həm qeydiyyat müddəti bitirdi, həm də yaşları artdıqca həmin keyfiyyəti ortaya qoya bilmirdilər. 

- Demək istəyirəm ki, əcnəbilərin azərbaycanlı futzalçıların yerini tutması valideynlərin uşağı bu oyuna yönəltməsinə də təsir edibmi?

- Bəli, yerli oyunçuların yerini tuturdular. Amma nailiyyət baxımından yaxşı idi. Onlar tam 11 nəfər çıxış etmirdi, heyətdə 5 və ya 6 nəfər olurdu. Yerlilər yəqin ki, öz üzərlərində işləmirdi ki, onların səviyyəsinə çatmırdılar. Amma sonrakı dövrlərdə Rəcəb Fərəczadə, Vitali Borisov, Rizvan Fərzəliyev, Namiq Məmmədkərimov kimi oyunçularımız yetişdi. Sonra Xətai Bağırov, Ramiz Çovdarov, İsa Atayev kimi oyunçularımız da oldu. Hansı ki, həmin legionerlər səviyyəsində oynayırdılar. Amma son dövrlərdə bəli, legionerlər yerlilərin yerini tuturdu. Artıq Futzal Federasiyası qərar verib ki, sırf yerli oyunçularla oynayacağıq. Bu da yerli futzalçıların inkişafına təkan olacaq. Futzalda U-19 komandasının yaradılması çox böyük bir iş idi. Çünki ora futbolda heyətə düşə bilməyən oyunçular gəlir. “Araz-Naxçıvan” həmişə U-19-dan futzalçı götürük ki, inkişafın davam etdirsin. Bundan sonra məqsəd yerli oyunçulara daha çox güvənmək və onların inkişaf etdirilməsidir.  İstəyirik ki, “Araz-Naxçıvan”ı əvvəlki illərdə olduğu kimi, yenidən Azərbaycan millisinin bazasına çevirək. 

- Legionerlərdən geri qalmayan bir neçə futzalçının adını çəkdiniz. Azərbaycan futzalının bundan sonrakı perspektivini necə görürsünüz?

- Mən güman edirəm ki, bundan sonra futzalda inkişaf olacaq. Tək Bakıda deyil, regionlarımızda da oyunlar keçiriləcək. Regionlardakı uşaqlara baxılacaq. Ola bilsin ki, yeni komandalar yaradılsın. Bu baxımdan düşünürəm ki, yaxşı olacaq.

- Qeyd etdiyiniz işlər və bölgələrdə seleksiya ilə bağlı hansısa addımlar atılıb?

- Biz “Araz-Naxçıvan” klubu olaraq təklif etmişik ki, oyunları regionlara salın. Biz 2019-cu ildə Qubada yerli komanda ilə oynadıq. O vaxt bu təşəbbüsü bizim klub etmişdi. Qubada çox gözəl zal var. Tribunalar da tam dolmuşdu. Oturmağa yer yox idi. Onun davamı olmalı idi. Bunun üzərində işlər gedir. Yaxın gələcəkdə oyunların regionlarda keçirilməsi yenə olacaq.

- Klubunuzun təmsil olunduğu Naxçıvanda necə, oyun keçirməyi planlaşdırırsınız?

- Naxçıvana gediş-gəlişdən hamımızın xəbəri var. Ora səfər bizim üçün maddi cəhətdən bir qədər çətindir. Hazırda klubun buna gücü çatmayacaq. İndiki halda Naxçıvanda oyunları təşkil etmək çətin məsələdir. Çünki tək biz yox, rəqib də gəlməlidir. Federasiya işçiləri, hakimlər və digər şəxslər də var. Bunlar hamısı böyük məsrəfdir. Bir futzal klubu üçün bunları qarşılamaq çox çətin məsələdir. Ona görə də hələ bu məsələ nəzərdə keçirilmir. Digər regionlara gedəndə isə AFFA-ya müraciət edəcəyik. Onlar bizə nəqliyyat baxımından kömək edəcəklər. İnşallah, Zəngəzur dəhlizi açılanda Naxçıvana səfəri mən özüm məmnuniyyətlə təşkil edərəm.

- Futzaldan minifutbola axın olduğunu dediniz. Oyunçular bunu maddi marağa görə edirsə, qarşısı necə alınacaq?

- Bəli, müəyyən səbəblərdən bəzi oyunçular minifutbola yönəlir. Bu il üç yaxşı oyunçumuz - Ülvi Əliyev, Mirzə Əmirov və Fərid Abbasov minifutbola üz tutdu. Hər üçün milli komandanın üzvü idi. Bu, bizi kədərləndirir. Çünki həm millidən kənarda qalırlar, həm də belə oyunçuların çempionatın səviyyəsinə müsbət təsiri var idi. Amma bu, idmandır, oyunçu seçimini özü edir. Minifutbol da olmalıdır. İdmançı da seçimində sərbəstdir. Hər federasiya çalışır ki, işi yaxşı olsun. Onlar da işini görür, biz də görməliyik. Biz də bir klub  kimi çalışırıq ki, futzala öz töhfəmizi verək.

Ramiq Ağaməmmədov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner