Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Azərbaycanın yeniyetmə güləşçilərdən ibarət millisi Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında 1-ci yeri tutub. Turnirə yollanan 10 idmançımızdan 9-u fəxri kürsüyə qalxıb. 6 qızıl, 1 gümüş və 2 bürünc medalla qitə birinciliyində aşkar dominantlıq edən yığmamız 210 xal toplayaraq komanda hesabında Avropa çempionu olub.
Bugünkü mövzumuz da məhz yeniyetmələrdən ibarət güləş millimiz və komandamızın imza atdığı uğura həsr olunub.
Mövzumuzla əlaqədar millimizin böyük məşqçisi Əsgərxan Novruzovla söhbətəşdik.
- Elə əvvəlcə Avropa çempionatı barədə danışaq. Həqiqətən də Azərbaycan adına böyük uğura imza atdınız. Bu barədə nə danışmaq istəyərdiniz?
- Çox tarixi bir uğurdur. Hər bir idmançının, məşqçinin istəyi odur ki, böyük nəticələr əldə etsin. Bizdən öncə böyüklərdən ibarət yığma komandamız, U-23 millimiz Avropa çempionu olmuşdu. Cənab prezident İlham Əliyev onları qəbul etmişdi. Biz də qarşımıza məqsəd qoymuşduq ki, komandamız çempion olsun. Tarixi nəticəyə imza atmaq arzumuz da var idi. Allah bunu bizə qismət etdi.
- Bu uğurdan öncə Avropa çempionatına hansı ümidlərlə, stimulla getmişdiniz? İdmançılara necə motivasiya vermişdiniz?
- Yarışdan əvvəl də idmançılarımız ilə çoxlu söhbət etmişdik, motivasiya vermişdik. Yığmamıza güvənirdik. Onlarla danışırdıq, bunu bacaracaqlarını deyirdik. İlk qələbəni qazandıqdan sonra uşaqlarda özünəinam yaranmağa başladı. Biz də deyirdik ki, bax, görürsünüz, məşqçilərin dedikləri özünü doğruldur. Hər qələbə qazananda özünəinam artırdı.
- Ümumiyyətlə, yarışa necə hazırlaşırdınız?
- Avropa çempionatına yüksək səviyyədə hazırlaşmışdıq. Ölkə çempionatı seçimlərindən sonra Avropa çempionatına qədər 3 təlim-məşq toplanışı keçirdik. Orta hesabla 36 gün məşqimiz oldu. Təlim-məşq toplanışlarımızın 3-ü də Xaçmaz Olimpiya Kompleksində keçirilmişdi. Fürsətdən istifadə edərək, Xaçmaz Olimpiya Kompleksinin direktoru Rafiq Zülfüqarova və onun heyətinə təşəkkür edirəm. Avropa çempionatındək Türkiyədə keçirilən beynəlxalq turnirdə iştirak etmişdik. Bu da uşaqlarda daha da özünəinam yaratmışdı. Federasiya tərəfindən hər şeylə təmin olunmuşduq. Heç bir əksiyimiz yox idi. Ona görə də bu nəticələri gözləyirdik.
- Əsgərxan bəy, Avropa çempionatında idmançılarımızın erməni rəqibləri də oldu. Həmin görüşlər üçün onları necə hazırlayırdınız?
- Bəli, idmançılarımızdan 5-i erməni rəqiblərlə qarşılaşdı. Biz buradan gedəndə hava limanında avtobusa mindik. Gördük ki, ermənilər öndə oturublar. Elə orada idmançılarımız arasında təbliğat apardıq. Dedik ki, ola bilər, artıq-əskik hərəkətlər etsinlər. Amma biz ermənilərə öz gücümüzü ancaq güləş döşəklərində göstərməliyik. Allaha şükürlər olsun, dövlətimiz onlara öz gücünü göstərib, torpaqlarımızı almışıq. Hələ o vaxt püşkatma olmamışdı. Amma məqsədimiz ermənilərlə üz-üzə gələcəyimiz halda layiqli qələbələr qazanmaq idi. Yarış başlayandan sonra müqayisə etdik, gördük ki, bizim idmançılarımız ermənilərdən daha çox hazırlıqlıdırlar. Yarış davam etdikcə biz uşaqlara deyirdik ki, hər şey ola bilər, bu, idmandır. Sadəcə qələbə qazanmağa çalışmalıyıq. İdmançılarımız da sağ olsunlar, məşqçilərin sözünə qulaq asdılar. 5 güləşçimizin 5-i də erməniyə qalib gəldi. İlk gün 4 qızıl medal qazandıq. Həmin gün Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəhid olduğu gün idi. Qələbələrimizi bütün şəhidlərimizə, xüsusən də Mübariz İbrahimova həsr etdik.
- Siz də fikir vermisinizsə, Vətən müharibəsindən sonra istənilən sahədə idmançılarımız ermənilərlə qarşılaşanda mübarizədən qələbə ilə ayrılıblar. Bu, daha çox güləşdə olub. Sizcə, Vətən müharibəsindəki qələbəmizin bunda rolu var?
- Bəli, çox düzgün qeyd etdiniz. Torpaqlarımız işğal altında olanda nə qədər qələbə qazansaq da, bundan istədiyin kimi həzz ala bilmirdin. Düzdür, bayrağımız qalxır, himnimiz səslənirdi, amma yenə də başımız o qədər də uca olmurdu. Torpaqlarımız alınandan sonra Azərbaycanda bütün idman növlərində yüksəliş yaranıb. Yəni, bu müharibənin bizim uşaqların özünə inamının güclənməsində böyül rolu oldu. Torpaqlarımız alınıb. Pis başa düşülməsin, amma bundan sonra idmanda ermənilərə uduzsaq belə, o qədər də təsir etməz. Lakin uşaqlarda o qədər güclü motivasiya yaranıb ki, heç uduzmaq şansı da vermirlər. Güləşçilərimiz 4 görüşdə erməniləri çox asanlıqla məğlub etdilər. Yalnız 3-cü 5-ci yerlər uğrunda görüşdə Ağarıza Novruzov sona bir neçə saniyə qalmış ermənidən xal aldı. Qəbələrimizdə Vətən müharibəsinin böyük rolu var. Bütün şəhid ailələrinə başsağlığı veririk. Şəhidlərimizin ruhu şad olsun. Qazilərimizə isə şəfa diləyirik. Allah ölkə başçımızı, ordumuzu qorusun.
- Bəs, yarışın hansı anlarında çətinlik çəkdiniz?
- Qeyd etdiyim kimi, bir dövrə keçdikdən sonra idmançılarımızın hamısı qalib gəlmişdi. Yarış getdikcə artıq onların güləşmə vaxtları tezləşirdi. Yarışa 3 məşqçi ilə getmişdik. Vahid Məmmədov, Yaşar Əliyev və mən. İlk gün 5 idmançımız güləşirdi. Onları məşqçilər arasında bölüşdürmüşdük. Ümumi olaraq məşqçilər uşaqları hazırlayıb gətirirdi. Sonda motivasiya verib döşəyə çıxarırdıq. Müəyyən çətinliklər yaşandı. A xalçasından B-yə, B-dən C-yə qaçırdıq. Ona görə də çətinliklərimiz oldu. Lakin Allaha şükürlər olsun, bunun öhdəsindən gəldik. İstədiyimizə də nail olduq.
- Avropa çempionatından sonra - hazırda komandada ab-hava necədir?
- Ab-hava yüksək səviyyədədir. Bildiyiniz kimi, qarşıdan dünya çempionatı gəlir. Yenə deyirəm, Avropa çempionatına qədər təlimlərdə də, məşqlərdə də uşaqlara başa salırdıq ki, rahatlaşmaq olmaz. O zamana kimi ki, Avropa çempionatında kürsüyə çıxıb medal qazanasan. Dedim ki, Avropa çempionatından sonra özümüzə gəlib dünya çempionatına hazırlaşmalıyıq. Təbii ki, bu cür nəticədən sonra çox ciddi hazırlaşıb dünya çempionatında da uğur qazanmaq lazımdır.
- Məlum məsələdir ki, U-17 yeniyetmələrdən ibarət komandadır. İndiki uğurlar həmin güləşçilərdə eyforiya da qapada bilər. Bu vəziyyətdən necə çıxış yolu tapırsınız? Onlarla danışanda nə deyirsiniz?
- Bəli, güləşçilərimiz yeniyetmələrdir. Onlar hər an yollarından çıxa bilərlər. Buna görə də daha çox təbliğat, məşqdən də çox danışıq lazımdır. Biz hər zaman idmançılarımızla söhbətlər aparmışıq. Yenə də edirik. Hətta uğur qazanandan sonra da onlara başa salırıq ki, baxın, görürsünüz, sizin yaşıdlarınızın bəziləri oxuyur, bəziləri heç məktəbə də getmir. Kompüterlərdə, internet klublarda vaxt keçirirlər. Amma siz əziyyət çəkirsiniz, məşq edirsiniz, bəhrəsini görürsünüz. Bu gün dünyada, xalqımızın önündə kifayət qədər tanındınız. İndi bunu qoruyub-saxlamaq lazımdır. Yeniyetməlik hələ başlanğıcdır. Qarşıda gənclərdən ibarət komanda, U-23, əsas milli var. Özünüzü qorusanız, gələcəkdə Olimpiya, dünya çempionu ola bilərsiniz.
- Avropa çempionatından sonra federasiya rəhbərliyi ilə görüşünüz oldumu? Yəni, sizi və komandanızı necə təbrik etdilər?
- Federasiya rəhbərliyi ilə xüsusi görüşümüz olmayıb. Çünki bildiyiniz kimi, böyüklərdən ibarət komandamız İtaliyanın Roma şəhərində reytinq turnirində yarışırdı. Federasiya nümayəndələrinin başı çox qarışıqdır. Lakin Avropa çempionatından qayıdanda Heydər Əliyev adına Hava Limanında qarşılama mərasimi oldu. Gənclər və İdman Nazirliyinin nümayəndələri də orada idilər. İnşallah, görüşlərimiz olacaq, hər şey hələ qarşıdadır. Amma məqsədimiz görüşdən də öncə tempdən düşməyib dünya çempionatına hazırlaşmaqdır.
- Ümumiyyətlə, belə uğurlu idmançılar, güləşçilər yetişdirmək üçün nə lazımdır? İdmançılarımız, gənclərimiz necə yetişdirilməlidirlər?
- Belə nəticələr əldə etmək üçün təbii ki, çoxlu təlim-məşq toplanışları, təbliğat aparmaq lazımdır. Ən əsası, idmançılar rejimlərinə riayət etməlidirlər. Biz təlim-məşq toplanışında olanda uşaqlar gözümüzün qabağında olur. Bir yerdə yeyirik, yatırıq, oyanırıq. Səhər vaxtında - saat 7-də oyanırlar, səhər idmanı edirlər. Sonra səhər yeməyi yeyirik. Saat 11-də məşq edirik. 13:30-da nahar edirlər. 17:30-da axşam məşqinə çıxırıq. 20:00-da şam yeməyini yeyirik. Hətta yatmazdan əvvəl də bir yerdə gəzinti edirik ki, uşaqlar yaxşı yatsınlar. Bunlar uğurlu nəticələr qazanmaq üçün çox vacibdir. Çalışırıq ki, bütün işlərimizi tam qaydasında yerinə yetirək. Biz əlimizdən gələni edək. Allah bizə yaxşı nəticə qazanmağı qismət edərsə, edər. Etməzsə, biz yenə də çalışmalıyıq ki, işimizin öhdəsindən gələk. Bunu da bacardıq.
- Komandamızın hazırkı durumuna baxanda gələcəyin Olimpiya, dünya çempionlarını görürsünüzmü?
- Çox gözəl sualdır. Bundan əvvəl də yaxşı nəticələrimiz olub. 2013, 2014-cü illərdə 4 dəfə ard-arda Avropa çempionlarımız olub. Hətta o zaman Rusiya da Avropa çempionatında iştirak edirdik. O vaxt 8 medal qazanmışdıq. 2014-cü ildə yeniyetmələrin olimpiadasınsa maksimum nəticə vermişik. 2 qızıl medal qazanmışdıq. Onda da rusları geridə qoymuşduq. Onlar 1 qızıl, 1 bürünc medal qazanmışdılar. Yəni, belə yeniyetmələri qoruyub-saxlamaq lazımdır. Təbii ki, indiki idmançılarımızın arasında gələcəyin Olimpiya və dünya çempionları yetişir. Federasiyamızın yeni planları var. Hazırlıq prosesləri ilə bağlı Bakıda yer götürmək, ora perspektivli uşaqları dəvət etmək istəyirik. Federasiya onları saxlamaq üçün əlindən gələni edəcək ki, gələcək üçün Olimpiya, Avropa və dünya çempionları yetişsin.
- Ümumilikdə gələcək planlarınız nələrdir?
- Qeyd etdiyim kimi, qarşıdan dünya çempionatı gəlir. Bu gündən fiziki hazırlıq üçün toplanacağıq. 10-12 gün Bakı şəhərində hazırlıq keçəcəyik. İyulun 10-dan 25-dək Xaçmaz Olimpiya Kompleksində taktika və texnikanın təkmilləşdirilməsi ilə bağlı təlim-məşq toplanışı keçmək istəyirik. Bildiyiniz kimi, iyulun 25-dən 31-dək İtaliyanın Roma şəhərində yeniyetmələr üzrə dünya çempionatı olacaq. Hazırlığımızı sırf oraya yönləndirmişik. Bu cür tarixi naliyyətlərdən sonra dünya çempionatından əliboş qayıtmaq istəmirik. Çalışacağıq ki, orada da yaxşı nəticələr qazanaq, qızıl, bürünc, gümüş medallar əldə edək, komandamız ilk 3-lüyə daxil olsun. Dünya çempionatı çox ağır şəraitdə keçir. Amma inanıram ki, bunun da öhdəsindən gələcəyik. Gənclər və İdman Nazirliyinə, Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Hər kəsin bizim uğurlarımızda rolu var. Gənclər və idman naziri Fərid Qayıbova təşəkkür edirəm. O, Avropa çempionatından öncə şəxsən bizim yeniyetmələrlə görüşdü. Fərid Qayıbov da uşaqlara motivasiya verdi, təbliğat apardı. Təbii ki, bunların da təsiri var. Kimin əziyyəti varsa, halal etsin. Yeniyetmələrdən, gənclərdən, böyüklərdən ibarət komandaların bütün məşqçilər korpusuna minnətdarlığımı bildirirəm. Xüsusən də Vahid müəllimə və Yaşar müəllimə təşəkkür edirəm. Sizlərə, bütün media işçilərinə minnətdarlığımı bildirirəm. Biz yarışa gedəndə də, gələndə də bütün anlarımızı qeydə alırsınız. Gecənin, gündüzün saatından asılı olmayaraq bütün məlumatları xalqa çatdırırsınız.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi