Yeniyetmə güləşçilərimizin Almaniyada uğuru - 8 idmançı, 8 medal

Yeniyetmə güləşçilərimizin Almaniyada uğuru - 8 idmançı, 8 medal
MEDİA 20 May 2026 / 16:30 256
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Bugünlərdə Almaniyanın Frankfurt şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir təşkil olunub. Azərbaycanı həmin yarışda təmsil edən AHİTA klubunun məşqçi və idmançıları uğurlu çıxış sərgiləyiblər. Belə ki, sözügedən klub 3 qızıl, 3 gümüş və 2 bürünc medala yiyələnib.

Məryəm Cəlilzadə, İsa Tanrıverdiyev, Hüseyn Salamzadə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Bayram Əsgərzadə, Tuqay Hüseynov və Ağarza Qəhramanov yalnız finalda uduzublar. Rian Soltanov və Əlihüseyn Hüseynli isə bürünc medal qazanıblar. Bütün bu nəticələrlə AHİTA klubunun məşqçi və idmançıları komanda hesabında 3-cū yeri tutublar. 

Bugünkü həmsöhbətimiz də adıçəkilən komandanın məşqçisi Amil Abdullayevdir. 

- İştirak etdiyiniz son turnirdəki uğurlarınız haqda nə deyə bilərsiniz? 

- Biz Almaniyanın Frankfurkt şəhərində keçirilən turnirə 8 idmançı ilə qatılmışdıq. Onların hər biri öz çəki dərəcələrində yaxşı nəticələr qazandı. 3 qızıl, 3 gümüş, 2 bürünc medalla komanda hesabında 3-cü olduq. Həmin turnir Almaniya güləşçilərinin xatirəsinə həsr olunmuşdu. Yarışa bir neçə ölkədən güləşçi qatılmışdı.

Məşqçi Amil Abdullayev

- Bu yarış sizin üçün hansı çətinliklər və yeniliklərlə yadda qaldı?

- Düzü, bir az çətinlik yaşadıq. Ağarıza Qəhrəmanov 2-ci yeri tutdu. Ona qazandığı xalları vermədilər. Yalnız bu mövzuda çətinlik çəkdik. Amma hər şey bizim üçün yaxşı oldu. Hətta bizim idmançılarımızın arasında kiçik yaşlı qızımız - Məryəm Cəlilzadə də var idi. Bütün rəqiblərinə qalib gələrək qızıl medal qazandı.

- Ümumiyyətlə, yeniyetmə və gənclərin güləşə marağı hansı səviyyədədir? 

- Yeniyetmə və gənclərin güləşə marağının səviyyəsi çox yüksəkdir. Namiq Abdullayev, Arif Abdullayev Hacı Əliyev, Fərid Mansurov kimi idmançılarımız olub. Uşaqlar da onların keçmişinə baxırlar, örnək alırlar və güləşə daha həvəslə gəlirlər.

- Qeyd etdiyiniz kimi, Azərbaycan güləşçiləri beynəlxalq arenalarda ciddi uğurlar qazanıblar. Bunları nəzərə alaraq, sərbəst güləşin ölkəmizdəki gələcəyini necə görürsünüz? 

- Bir müddət əvvəl Avropa çempionatında iştirak edən güləşçilərimiz öz sözlərini dedilər. Qarşıdan dünya çempionatı gəlir. Sərbəst güləşin gələcəyini yaxşı görürəm.

- Bir məşqçi kimi gələcək üçün hədəfiniz nədir?

- Gənc, perspektivli tələbələrimiz var. İstəyərdim ki, o uşaqları Olimpiya, dünya və Avropa çempionu kimi yetişdirək, Azərbaycanın bayrağını yüksəklərə qaldıraq. Məryəm Cəlilzadənin gələcəkdə peşəkar güləşçi olacağını gözləyirəm. Onun Mariya Stadnik kimi bir idmançı olacağını düşünürəm. 

- Amil bəy, bəs, sizdə güləşə maraq necə yaranıb? 

- Azərbaycanın Olimpiya çempionu Namiq Abdullayev və dünya çempionu Arif Abdullayev mənim doğma əmilərimdir. Güləşə marağım da buradan gəlir. Uşaq vaxtı onları izləyəndə həvəslənirdik. Biz də onların uğurlarının arı ilə getməyə qərar verdik. Arif Abdullayev, Namiq Abdullayev qədər böyük nəticələr əldə etməsək də, məşqçi kimi vətənə layiqli övladlar, Olimpiya, dünya çempionları yetişdirmək istəyirik. 

- Namiq Abdullayev və Arif Abullayevdən nələr öyrənmisiniz? 

- Onlardan öyrəndiyim çox şey var. Arif Abdullayev də illərlə Azərbaycan yığmalarında baş məşqçi kimi işləyib. Həm Namiq Abdullayev, həm də Arif Abdullayev bilmədiyim, başa düşmədiyim hər şeyi öyrədiblər. Onlardan çox bəhrələnmişəm. İstərdim ki, mən də məşqçi fəaliyyətimdə onlar kimi bayrağımızın dalğalanmasına töhfə verim. Biz onları örnək alırıq.

- Güləş sahəsində məşqçi olmaq daha çətindir, yoxsa idmançı?

- Bir az çətin sualdır. Məncə, məşqçilik daha çətindir. Çünki hər bir uşağa fərdi yanaşmaq, onları yetişdirmək, üzə çıxarmaq lazımdır. İdmançını na ortaya məşqçi,müəllim çıxarır. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Daha çox


Son xəbərlər
topaz banner