İTV-nin idmanı... - Reportaj

İTV-nin idmanı... - Reportaj
MEDİA 31 Oktyabr 2021 / 10:25 3746
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Ölkəmizdə son illər idmana maraq, həmçinin idman proqramlarını, verilişlərini gözləyən izləyici kütləsi get-gedə artır. Təbii ki,¸bunda öz proqramında idmana yer ayıran televiziya kanallarımızın rolu böyükdür. Onlardan biri də günün nəbzini tutan, izləyicilərin daim marağına səbəb olacaq mövzularla efirə çıxan İctimai TV-dir. 

İctimai TV ictimai-siyasi televiziya kanalı olmasına baxmayaraq, isti idman xəbərləri, proqramlarla, gündəmə uyğun həmsöhbətlərlə izləyicilərin görüşünə gəlir. Kanalda yayımlanan “Bol İdman” verilişi, daim yeni məlumatların yer aldığı “İTV İdman” buraxılışları, İngiltərə Premyer Liqası matçları tamaşaçıları televiziya önünə cəlb edir. Həmçinin Avro-2020-nin Azərbaycandakı yayım hüququnun İctimai TV-yə məxsus olmasını və kanalın bu işin öhdəsindən məharətlə gəldiyini qeyd etməliyik. 

Ona görə də bugünkü həmsöhbətlərimiz məhz İctimai TV-nin İdman Departamentində çalışan həmkarlarımız oldu. 

Kanalın İdman Departamentinin rəhbəri Kənan Hakimov Qol.az saytına açıqlamasında son illər İctimai TV-nin idman bölümündə görülən işlər, təqdim edilən layihələr haqqında danışıb: 

“Mən 2018-ci ildən İctimai TV-də bu vəzifədə işə başladım. O vaxt 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının da yayım hüququ bizdə idi. Həmin vaxt kanala gələndə rəhbər dəyişikliyi oldu. Balakişi Qasımov İctimai TV-nin baş direktoru seçildi. Balakişi müəllim özü də həm idmanı yaxşı bilən, həm də idmana marağı olan insandır. Bu, çox xoş haldır. Daha əvvəl işlədiyim televiziyalarda belə deyildi. Yəni, hər rəhbər idmanla belə maraqlanmır. Bu baxımdan bəxtimiz gətirdi. Həmin vaxt “Bol Futbol” layihəsi yarandı. Bundan sonra düşündük ki, elə həmin seriyanı davam etdirək və “Bol İdman” proqramını yaratdıq. Elə eyni dekorasiya qaldı, amma ad dəyişdi. Şükürlər olsun, artıq 3 ildir ki, “Bol İdman” yayımlanır. Məncə, az-çox tanınırıq.

Həftədə 6 gün isə idman buraxılışlarımız olur. 2018-ci ildən bu yana saysız-hesabsız idman yarışlarını yayımlamışıq. Məsələn, karate, güləş üzrə dünya və Avropa çempionatları, voleybol üzrə Avropa çempionatı, çimərlik voleybolu, badminton üzrə dünya çempionatı, kiber futbol və sair. O qədər çox idman növləri üzrə yayımlar aparmşıq ki, artıq bəzilərinin adları yadımdan çıxır. Bunlar bizim üçün adiləşib”. 

K.Hakimov 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının İctimai TV-də yayımlanacağını deyib: 

“Gələn ilki dünya çempionatının da yayım hüququ bizə məxsusdur. Möhtəşəm planlarımız var. Həqiqətən izləyicilərimizi surprizlər gözləyir. Tamaşaçıların Avropanın aparıcı telekanallarında izlədikləri, virtual sistemləri, görüntüləri təqdim etməyə çalışacağıq. Hazırda da bunun üzərində işlər gedir”. 

Kənan Hakimov İctimai TV-nin İngiltərə Premyer Liqasının 2021/22 mövsümünün yayım hüquqlarını almasının azərbaycanlı azarkeşlərin sevincinə səbəb olduğunu bildirib: 

“Həqiqətən bu iş qəfil oldu. İdman TV Premyer Liqanın yayımını dayandırdı. Həmin vaxt çempionatın sonları idi deyə narazılıq bu həddə deyildi. Hamı gözləyirdi ki, İdman TV və ya CBC Sport yayım hüququnu alacaq. Yay fasiləsinin başa çatmasına az qalmış insanlar yayımın olmayacağının fərqinə vardılar. Təsəvvür edin ki, azarkeşlər həştəqlər yaratmışdılar. Bizim sosial şəbəkə hesablarımızın məktub qutuları "partlayırdı". Minlərlə mesaj gəlmişdi. Mənə elə gəlir bunun səbəbi o idi ki, bizim artıq bu mövzuda təcrübəmiz vardı. Çoxsaylı istəklərdən sonra sadəcə bu istiqamətdə işlər gördük. Təbii ki, rəhbərliyin də bu müraciətlərindən xəbəri olurdu. Biz səssiz şəkildə çalışmağa başladıq. Elə olurdu ki, saytlardan əməkdaşlar mövzu haqqında soruşurdular. Mən özüm də nə isə deyə bilmirdim. Çünki alınıb-alınmayacağını bilmirdik. İngiltərə Premyer Liqası La Liqa, A Seriyası deyil. Yəni, bir qədər fərqlənir. Hətta, onun texniki parametrləri belə yüksəkdir. Məlum məsələdir ki, Böyük Britaniyalılar özlərini Avropadan ayırırlar, daha yüksək tuturlar. Bu baxımdan çətinliklər çox idi. Yayım hüququnu almaq üçün “Saran Holding” ilə danışıqlar aparırdıq. Çünki Qafqaz üzrə bu məsələlərə onlar cavabdehdirlər. Şükürlər olsun ki, hələlik hər şey uğurla gedir. Fikrimcə, oyunlar da kifayət qədər maraqlı alınır. Ümumiyyətlə, İngiltərə Premyer Liqası Avropanın ən ali futbol çempionatıdır. Onların Azərbaycanda kifayət qədər böyük fan klubları var. “Arsenal”, “Mançester Yunayted”, “Çelsi”, “Liverpul” və s. klubun çox böyük azarkeş kütləsi var. Düzdür, Superliqanı izləyənlər, “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça”ya azarkeşlik edən auditoriya da böyükdür. Amma İngiltərə Premyer Liqasının pərəstişkarları ölkəmizdə çoxdur. Sosial şəbəkələrdə monitorinq aparsaq, bunun şahidi olarıq. Hətta, Azərbaycanda İngiltərə Premyer Liqasında iştirak edən bəzi klubların rəsmi fan klubları da var. Onlar həmin klublar tərəfindən tanınırlar. Yəni, məsələn, “Mançester Yunayted” bilir ki, Azərbaycanda bu fan klub var. Ona görə də fikrimcə, İngiltərə Premyer Liqasının yayım hüququnun alınması çox əhəmiyyətli idi. Söhbət təkcə İctimai TV-dən getmir. Çünki azarkeş kütləsi tələb edirsə, bu matçları yayımlamaq lazımdır. Həmçinin digər məqamlar da var. Əvvəl insanlar kabel televiziyası vasitəsi ilə digər xarici kanallardan oyunlara baxa bilirdilər. Amma indi belə deyil. İstər Rusiya, istər Türkiyədə kanalları yalnız pulla aktivləşdirmək olur. Onlar xüsusi platformalar təqdim edirlər. Bu isə hər kəsin cibinə uyğun deyil. Düzdür, ola bilər ki, bu, kiməsə görə böyük məbləğ deyil. Amma kiməsə də görə kifayət qədər ciddi məbləğdir. Bir az səhv formada anlaşılmasın, amma biz oyunları pulsuz şəkildə yayımlayırıq ki, tamaşaçımız baxa bilsin. İngiltərə Pemyer Liqasının yayım hüququnu cari mövsümün sonuna qədər nəzərdə tutmuşuq”.

Həmsöhbətimiz İngiltərə Premyer Liqasının növbəti mövsümlərdə də İctimai TV-də yayımlanıb-yayımlanmayacağı ilə bağlı sualımızı belə cavablandırıb:

“Düzü, bu haqda müzakirə aparmamışıq. Heç aktual da deyil”. 

İdman Departamentinin rəhbəri gələcəkdə telekanaldakı gələcək planlarından da danışıb: 

“Təbii ki, biz layihələrimizi genişləndirmək istəyirik. Amma bilirsiniz, İctimai TV idman kanalı deyil, konsepsiyası fərqlidir. Bu kanaldan gözləntilər də fərqlidir. Amma İctimai TV idman verilişlərinə də kifayət qədər diqqət ayırır. Əlbəttə ki, əli-qolu bağlı oturmayacağıq. Tamaşaçının nə istədiyini nəzərdən keçirəcəyik. Görsək ki, hər hansı bir turnir yayımlanmır, amma buna maraq var, biz həmin yarışın imkanlarımız daxilində yayım hüququnu ələ keçirməyə çalışacağıq. Amma gələn il 2 turniri yayımlayacağımız dəqiqləşib. Azarkeşlər futzal üzrə Avropa çempionatını İctimai TV-dən izləyə biləcəklər. Azərbaycan millisinin də bütün oyunları yayımlanacaq. Həmçinin Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının da ekskuliziv yayım hüququ bizdədir”.

Azərbaycan millisinin üzvü Mahir Emrelinin “Legiya”ya (Varşava, Polşa) transferi azərbaycanlı futbol azarkeşlərinin Polşa çempionatına marağına səbəb olub. Kənan Hakimov fanatların Polşa liqasının da İctimai TV tərəfindən yayımlamasını istəməsi barədə sualımızı cavablandırıb: 

“Mən çox istəyərdim ki, Mahir “Legiya”da qalmasın. Ümid edirəm ki, ilin sonunda, qışda daha ideal komandaya keçər. Amma düzü, Polşa çempionatının və ya “Legiya”nın oyunlarının yayımlanması müzakirə olunmayıb. Gələcəkdə necə olacağını bilmirəm. Əgər Mahir “TOP-5” liqalarından birinə keçsə, ola bilər. Bizim konsepsiyamız bir qədər fərqlidir. İdman kanalı olsaydıq, çox rahatlıqıa deyərdik ki, niyə də yayımlamayaq. Mən özüm də azarkeş olaraq istəyərdim ki, “Legiya”nın matçları yayımlansın. Məncə, böyük bir vəsait də tələb olunmaz”. 

Kənan Hakimov İdman Departamentindəki əməkdaşlarından, işçi kollektivindən də danışıb: 

“Bizdə rəhbər-işçi münasibəti yoxdur. Hamımız dostuq. İdman Departamentində elə insanlar var ki, hamısı kifayət qədər tanınır. Onlarla işləmək çox rahatdır. Bir-birimizi çox yaxşı başa düşürük. Məncə, bu mövzuda bəxtim gətirib. Məhz onun sayəsində işimiz çox yaxşı alınır”.


Kənan Hakimovla söhbətimizi yekunlaşdırıb, İctimai TVnin İdman Departamentində xüsusi yeri olan, İTV İdman buraxılışlarının və “Bol İdman” verilişinin aparıcısı Fəridə Abdullaya suallar ünvanladıq. Xanım həmkarımız Avro-2020-nin ona qazandırdığı təcrübələrdən və xatirələrindən danışıb: 

“Bu il Avro-2020 İctimai TV-də yayımlandı. Mən də “Bol Futbol” verilişinin aparıcısı kimi prosesdə yaxından iştirak edirdim. Fantastik bir hiss idi. Ağlımın ucundan belə keçməzdi ki, nə vaxtsa Bakıda belə mötəbər bir futbol tədbiri təşkil olunar, uşaqlıqdan azarkeşlik etməyə başladığım Türkiyə milllisi Bakıya gələr və mən orada nəinki azarkeş, jurnalist kimi fəaliyyət göstərərəm. Nəhəng tədbirin bir parçası olmaq çox həyəcanlı idi. Ötən il Avro-2020 təxirə salınanda mən çox depressiyaya düşmüşdüm. Hətta həmin qərarın verildiyi gün bizi “Sabaha saxlamayaq” verilişinə qonaq çağırmışdılar. O proqramda çox kədərli idim. Hətta danışanda belə məni ağlamaq tuturdu. 1 il sonra isə yenidən özümüzdə güc tapdıq, o atmosferə düşməyi bacardıq. Mənim üçün həmin 1 ay möhtəşəm idi. Çox işləmişdik. Hətta elə olurdu ki, çox az yatırdıq. Gün ərzində 2 verilişimiz olurdu, canlı yayımlar, müsahibələr edirdik. Ora-bura qaçırdıq. Gəlib, montajlar edirdik. Bəzən efirlərdə üzümdən yorğunluq yağırdı, makyajım ideal vəziyyətdə olmurdu. Matçların birində mən stadiondan oyun öncəsi müsahibəyə də çıxdım. Nəticədə Azərbaycanda Avropa çempionatında bunu edən ilk qadın kimi tarixə düşdüm. Təbii ki, bu, işlədiyim şirkətin ekskluziv yayımçı idi. Həmin anlarda özümü ulduz kimi hiss edirdim. Çox həyəcanlı idim. Efirə başlayırdıq, danışırdıq, yayımımız başa çatırdı, sonra deyirdim ki, elə bu? Biz bir neçə dəqiqəlik yayım üçün çox hazırlaşırdıq, oxuyurduq. Çoxlu məlumatlar əldə edirdik ki, tamaşaçı üçün maraqlı olsun. Bakı Olimpiya Stadionunun möhtəşəm atmosferi var idi. Xarici media mənsublarınım bizi izləməsi isə doğurdan da gözəldir. Hətta xarici fanatlar stadionda şəkillərimizi çəkib, sosial şəbələlərdə paylaşıb, bizi təq edirdilər. Bu belə çox xoş idi. Tural Dadaşov Avro-2020-nin oyunlarını şərh etmək üçün özünü qəbul imtahanına hazırlaşan abituriyent kimi aparırdı. Qarşısında çoxlu vərəqlər olurdu. Özü üçün analizlər aparırdı. Mən də onun yanında bu prosesi izləyirdim. Həqiqətən də belə insanlara çalışdığım üçün şanslıyam”.

Avro-2020-nin 13 matçını və İngiltərə Premyer Liqası matçlarını şərh edən Tural Dadaşov isə İctimai TV-dəki fəaliyyətindən, həmçinin şərh etdiyi oyunlardan belə bəhs edib: 

“İctimai Televiziya yarandığı gündən idman sahəsinə, mötəbər yarışların yayımına xüsusi diqqəti ilə seçilib. Telekanal fəaliyyətə başladıqdan cəmi 1 ay sonra Azərbaycanda ilk dəfə olaraq İspaniya La Liqasının yayım hüququna sahib oldu. Növbəti illər ərzində İtaliya A seriyası, 3 mövsüm Uefa Avropa Liqası, futbol üzrə Avropa və dünya çempionatlarının final və təsnifat mərhələləri, həmçinin 2014-2018 ci illərdə Azərbaycan milli komandasının Avropa və dünya çempionatının seçmə mərhələsindəki bütün rəsmi oyunlarının yayımçısı olmuşuq. Bundan əlavə 2 yay və 2 qış Olimpiya Oyunları da İTV-nin efirində təqdim olunub. Göründüyü kimi bu sahədə həm televiziyamızın, həm də mənim şərhçi kimi çox zəngin təcrübəmiz var idi. Bu yay keçirilən Avro 2020 haqda sualınıza gəlincə, artıq qeyd etdiyim kimi bu ilk təcrübə deyildi. 2016-cı ildə Fransada təşkil olunan Avropa çempionatında da şərhçi kimi çalışmışdım, açılış və final matçları da daxil olmaqla əsas oyunlarda işləmişdim. Amma bu dəfə fərqli həyəcan oldu. Məlum olduğu kimi çempionatın 4 görüşü Bakıda keçirildi. Mən London və Soçi olimpiadaları, 2014-cü il Braziliyadakı dünya çempionatına akkreditə olunub yerində işləmişdim. Ancaq mötəbər tədbirin yaşadığın şəhərdə təşkili ikiqat xoş hisslər yaradır. Bu dəfə 3-ü Bakı Olimpiya Stadionunda olmaqla 13 oyunun şərhində iştirak etdim. Bakı oyunlarını artıq haqq dünyasında olan dəyərli həmkarımız Elnur Əşrəfoğlu, final oyununu isə milli komandamızın tarixində ən çox oyun keçirmiş Rəşad Sadıqovla birlikdə şərh etdik.  Eyni zamanda çox maraqlı və gərgin oyunların baş tutması da işimizə yaradı. Xüsusilə, Fransa-İsveçrə qarşılaşması və final görüşünü yəqin heç vaxt unutmaram. İngiltərə Premyer Liqasının alınması isə açığı bizim üçün də gözlənilməz oldu. Çünki planda yox idi, mövsüm artıq başlamışdı. Ancaq oyunlar yerli azarkeşlər üçün  həm Azərbaycan, həm də Rusiya və Türkiyə kanalları vasitəsi ilə əlçatan deyildi. Belədə isə İTV futbol həvəskarlarının saysız-hesabsız müraicətləri ilə üzləşdi və qısa vaxt ərzində yayım hüququ əldə olundu. Hazırda İngiltərə Premyer liqası dünyanın 1 nömərli çempionatıdı. Yayımçı kimi bizim də üzərimizə ciddi məsuliyyət var. Çalışmalıyıq ki, azarkeşlərin bu gözəl futbol tamaşasından zövq almasına mane olmayaq, əksinə yardım edək”.

Nur ZEYNALOVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Daha çox


Son xəbərlər