Medianın İnkişafı Agentliyinin layihəsi
Qələbəmizlə bitən şanlı Vətən müharibəsinin başlanmasından artıq bir il ötdü. Tərəddüdsüz söyləmək olar ki, bu bir il Azərbaycan xalqı üçün ən qürurlu illərdən biri oldu. Çünki həm erməni vandallarının işğal etdiyi torpaqlarımız azad olundu, həm də mənfur düşmənlərimizdən qisas alındı.
Təbii ki, belə zəfərlər itkisiz başa gəlmir. 3 minə yaxın igid Vətən oğlunun qanı bahasına bu gün qələbə sevincini yaşayırıq. Bu yazımız həmin qəhrəmanlardan dördü haqqında olacaq. Hansı ki, onlar həm də futbola bağlı insalar idi.
Şəhid İlqar Bürcəliyev
2001-ci ildə Rusiyanın Moska şəhərində anadan olan İlqar sonradan ailəsi ilə birlikdə Azərbaycana gəlib. O, 2014-2016-cı illərdə "Vətən" Futbol Klubunda, 2016-cı ildə "Kəpəz"də, həmin ildən isə "Zirə"nin U-17 komandasında çıxış edib. İstedadı və liderlik keyfiyyətləri ilə seçilən hücumçu yeniyetmələr arasında keçirilən bir sıra yarışlarda uğurlara imza atıb. 16 yaşı olarkən 18 yaşlılardan ibarət Azərbaycan yığmasına dəvət alıb.
İlqar Bürcəliyev Vətən müharibəsinin başladığı ilk gün Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. O, sentyabrın 28-də Talış döyüşləri zamanı şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən İlqar Bürcəliyev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
Onu da qeyd edim ki, İlqar Bürcəliyev görkəmli teatr və kino xadimləri Azərbaycan SSR xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəticəsidir.
İlqar bu gün aramızda olmasa da, Vətən uğrunda canını fəda edən minlərlə oğullarımız kimi qəlbimizdə, yaddaşımızdadır. Qardaşı Tamerlan Bürcəliyev də onun adını yaşadır. “Zirə”nin əsas komandasında çıxış edən bu futbolçu İlqarın kiçik qardaşıdır. Artıq ötən ilin noyabrından üzərində “Tamerlan İlqar” yazılmış forma ilə çıxış edir. Yəni qardaşının adını kürəyində daşıyır.
Şəhid Məhəmmədəli İbrahimli
“Qarabağ”ın “İmarət” azarkeş qrupunun ən fəal üzvlərindən biri olan bu gənci tanıyan hər kəs onu həyat dolu, nikbin, vətənpərvər bir oğul kimi xatırlayır. 1996-cı ildə Beyləqan rayonunda anadan olan Məhəmmədəli əslən Füzulinin Cuvarlı kəndindəndir. O da erməni işğalı nəticəsində minlərlə uşaq kimi, öz yurdundan didərgin düşmüşdü. Orta təhsilini Bakıda alan İbrahimli biliyini 2014-2018-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində artırıb. 2018-ci ildə isə Azərbaycan Texniki Universitetində magistr təhsili alıb.
“İmarət”də hər kəsin sevimlisi olan 23 yaşlı Məhəmmədəli 2020-ci ildə hərbi xidmətə çağırılıb. Kəşfiyyatçı əsgər 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində iştirak edib. Oktyabrın əvvəllərində döyüş zamanı ağır yaralansa da, bir həftə hospitalda müalicə aldıqdan sonra təkidlə yaralı halda cəbhəyə qayıdıb. Oktyabrın 13-də Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Məhəmmədəli İbrahimli ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Bir qrup dostu xatirəsini yaşatmaq məqsədilə dünyanın fərqli nöqtələrində məskunlaşan azərbaycanlı tələbələrin magistr səviyyəsi üzrə təhsilini dəstəkləmək üçün Məhəmmədəli İbrahimli Təqaüd Proqramını yaradıb.
Təbii ki, “Qarabağ” da torpaqlarımızın azad olunması uğrunda canından keçən azarkeşinə qarşı diqqətsiz qalmır. Ağdam klubu bu ilin mayında Premyer Liqanın “Neftçi” ilə həlledici matçından əvvəl Peşəkar Futbol Liqasına göndərdiyi medal alacaq komanda üzvlərinin siyahısına M.İbrahimlinin də adını saldı. Beləliklə, M.İbrahimli “Qarabağ” komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının medalına (gümüş) layiq görüldü.
Yaxınları söhbət zamanı bildirirlər ki, Məhəmmədəlinin həmişə istəyi bütöv Azərbaycanı görmək idi. Həddən artıq kitabsevər, oxuyan olub. Otağında Cənubi Azərbaycanla bağlı kitabları, “Traktor”un forması var. Türkçü idi. Atası Mütəllim dayı da birinci Qarabağ Müharibəsində iştirak edib. Əslində vətənpərvərliyinin kökü də elə ailədən, evdən, atadan gəlir. Həmişə o ruhda böyüdüyü üçün müharibə istəyib, qisas istəyib.
Şəhid Rüfət Əsgərov
44 günlük Vətən Müharibəsində şəhid və qazi olan hərbi qulluqçular arasında “Neftçi” ailəsinin üzvləri də kifayət qədər olub. Onlardan biri də şəhid Mayor Rüfət Əsgərovdur.
1981-ci ildə Qubadlı rayonunun Mollu kəndində anadan olan Rüfət orta məktəbi Bakıda bitirib. 1996-1999-cu illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 1999-2003-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində davam etdirib.
2003-cü ildən zabit kimi Vətənin keşiyində dayanan Əsgərov 2014-cü ildə “mayor” hərbi rütbəsi alıb. O, Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Ermənistanın 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib. Rüfət Əsgərov oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində şəhid olub. 2-ci Fəxri Xiyabanda dəfn olunub. Ailəli idi, iki övladı var.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rüfət Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Vətənpərvər, mərd olması ilə yanaşı, Rüfət Əsgərov həm də bilikli zabit olub. 2014-cü ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində “Kəşfiyyat" Kafedrasının baş müəllimi idi.
“Neftçi” də sadiq azarkeşlərindən olan Rüfət Əsgərovun ruhuna ehtiramını göstərir. Klubun Azərbaycan Premyer Liqasında ötən mövsümün son oyunundan sonra çempionluq kuboku ilə Rüfət Əsgərovun məzarını ziyarət etməsini buna misal göstərmək olar. "Qarabağ"a qalib gələrək (1:0) Azərbaycan çempionu olan “Neftçi” 2-ci Fəxri Xiyabanı ziyarət etmişdi.
Oyunlar zamanı da “Neftçi” azarkeşləri Rüfət Əsgərov, eləcə də digər şəhidlər haqqında pankartlar açaraq onların ruhuna ehtiram göstərirlər.
Şəhid Təbriz Qasımov
Başda klub prezidenti Fariz Nəcəfov olmaqla “Qəbələ”nin bir çox üzvü Vətən müharibəsində iştirak edib. Vətənpərvər oğullarımızdan biri Təbriz Qasımov da “Qəbələ”nin sadiq azarkeşlərindən olub. 1993-cü ildə Qəbələdə anadan olan Qasımov orta təhsilini başa vurduqdan sonra Şəki Pedaqoji Kollecində İbtidai sinif müəllimi ixtisası üzrə təhsilini davam etdirib və 2011-ci ildə kolleci bitirib.
Təbriz 2012-2013- cü illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi hissədə qalaraq, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi fəaliyyətini davam etdirən Qasımov 2015-2018-ci illərdə qədər Daxili Qoşunlarda gizir rütbəsində fəaliyyət göstərib. O, ötən ilin sentyabrında başlayan Vətən müharibəsində könüllü iştirak edib. Xocavənd və Füzuli istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Təbriz Qasımov noyabrın 6-da Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Təbriz Qasımov ölümündən sonra "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.
Hər zaman təşkilatçılığı ilə seçilən “Qəbələ” şəhid və qazilərimizlə bağlı həssas jestləri ilə də yadda qalır.
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin “Qarabağ”la görüşündən əvvəl "Qəbələ" klubunun təşəbbüsü ilə örnək addım atıldı. Matçdan əvvəl Vətən müharibəsində iştirak etmiş komandanın azarkeşləri və klubun əməkdaşı olan qazilərə hədiyyələr təqdim edildi.
Bundan başqa, bölgə təmsilçisinin futbolçuları meydana üzərində Tovuz döyüşlərində şəhid olmuş generalımız Polad Həşimov, Təbriz Qasımov və Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəbələli döyüşçülərin fotosu olan formalarla çıxdılar.
Söhbət açdığımız şəhidlər indiyədək ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən minlərlə qəhrəmanlardan yalnız dördüdür. Əslində şəhid və qazilərimiz haqqından illərlə danışmaq və yazmaq olar. Çünki onlar əsl qəhrəmanlıq dastanı yazıb. Bizə düşən isə onları unutmamaq, unutdurmamaqdır...
Ramiq AĞAMƏMMƏDOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
"Ən yaxşı oyunlarımızdan birini göstərəcəyik" - Kadi
"Benfika"ya qarşı çəkinmədən oynayacağıq" - Qurban Qurbanov
"Şəmkir" 3 xalı 3 qolla qazandı - Video
Dünya çempionu 31 yaşında karyerasını bitirdi
"Şəmkir" 2-ci oyunda da qalib gəldi
"Panatinaikos" Ruy Vitoriyanı istefaya göndərdi
"Benfika"ya qol vuracağımı hiss edirəm" - Leandro Andrade
“Mən sağ və salamatam”
"Qarabağ" və "Neftçi"nin sabiq məşqçisi istefaya göndərildi
1-ci liqada 3-cü turun oyunlarının saatı müəyyənləşdi
Misli Premyer Liqasında 6 oyunun hakimləri açıqlandı
“Benfika”nın baş məşqçisi “Qarabağ”la oyundan danışdı
FİFA-dan yeni qərar
"Qarabağ"la oyunu buraxa bilərlər
"İmişli"nin icraçı direktoru: "Texniki məğlubiyyət alsaq, apellyasiya şikayəti verəcəyik"
"Baş məşqçilik edə biləcəyim yeganə klub "Real"dır"
Levandovski 150-yə çatdı
AFFA rəsmisi UEFA Gənclər Liqasının oyununda
"Kəpəz" 1000-ci oyununa çıxdı
Amorim: "Dəyişmək fikrində deyiləm"
40 yaşında qol vurdu, 64 illik rekordu yenilədi
"Şamaxı" üçün əlamətdar oyun
Salahdan "Liverpul" tarixinin rekordu
“Turan Tovuz”da ilk
Dördüncü uğursuz start
Ronaldo Səudiyyə Ərəbistanında "Qızıl buts"a layiq görüldü
"Liverpul"un son dəqiqə qolu ilə qələbəsindən - Video
DÇ: Azərbaycanın daha 3 güləşçisi mübarizəyə başlayır
“Qarabağ” Lissabondadır - Şəkillər
“Fənərbaxça” “Trabzonspor”u tək qolla üstələdi - Video