"İstərdik ki, ev oyunlarımızı tez bir zamanda Cəbrayılda keçirək"

"İstərdik ki, ev oyunlarımızı tez bir zamanda Cəbrayılda keçirək"
MEDİA 10 Sentyabr 2023 / 11:52 3569
-  A +

Medianın İnkişaf Agentliyinin layihəsi

Bildiyiniz kimi, artıq Azərbaycanda 14 komandanın iştirakı ilə futbol üzrə 2-ci liqa start götürüb. Bu çempionatda mübarizə aparan komandalardan biri də "Cəbrayıl"dır.

İlk turda "Füzuli"yə 4:3 hesabı ilə qalib gələn komanda sabah - 2-ci turda "Göygöl"lə qarşılaşacaq.

Bəs, hazırda "Cəbrayıl"da ümumi vəziyyət necədir? Komandada hansı çatışmazlıqlar var? Bu suallara cavab tapmaq üçün "Cəbrayıl"ın baş məşqçisi Cavid Hüseynovla söhbətləşdik.

- Cavid bəy, əvvəlcə, "Cəbrayıl"a təyinatınızdan danışaq. Bu təyinat necə oldu?

- Mən ötən il "Şamaxı" ilə Premyer Liqada işlədim. Bu il də A kateqoriyası almaq üçün oxuyuram. Ya U-19-un, ya da əvəzedici komandaların baş məşqçisi olmalı idim ki, kateqoriyanı ala bilim. Sözün düzü, "Qarabağ" ilə razılaşmışdım. Sadəcə olaraq "Cəbrayıl" rəhbərliyi mənə zəng vurdu. Bir iş adamının köməkliyi ilə komandanın 2-ci liqada çıxış etməsini istədilər. Mən də bilirdim ki, "Qarabağ"la danışmışam, U-19-un baş məşqçisi olacaqdım. Amma "Qarabağ" rəhbərliyinə, Aftandil Hacıyevin özünə də bildirdim ki, "Cəbrayıl" rəhbərliyi, ağsaqqallar çox xahiş edirlər, bizi başa düşsünlər deyirlər. "Cəbrayıl"ın baş məşqçisi oldum. Yəni, hadisələr bu cür cərəyan etdi.

- 2-ci liqada artıq ilk oyununuzu keçirdiniz - "Füzuli"yə qalib gəldiniz. Mövsüm sizin üçün necə başladı?

- Sözün düzü, indiki halda komandanın hazırlığı o qədər də mənim istədiyim səviyyədə deyil. Amma düşünürəm ki, ilk matç olduğu üçün bu, normaldır. Əsas olan qələbə idi ki, onu əldə edə bildik. Ümumilikdə çempionatın gərgin keçəcəyi gözlənilir. Çünki çox yaxşı komandalar var. Bunu nəticələrdən də aydın şəkildə görmək olur. İlk matçda qələbə qazandıq. Amma düşünürəm ki, biz daha çox inkişaf edəcəyik. Əgər hesab 4:3 olubsa, deməli, müdafiə planında çatışmazlıqlar var. İnanıram ki, bu çatışmazlıqları aradan qaldıra biləcəyik. 3 qolun buraxılması bizim üçün siqnaldır. Futbolçularımla da söhbətimdə bunu bildirmişəm.

- Ev oyunlarınızı "Neftçi İdman Mərkəzi"nin 4-cü meydançasında keçirəcəksiniz. Niyə məhz bu meydançanı seçdiniz?

- Azərbaycanda stadion qıtlığı var. Bunu hər birimiz bilirik. Stadionların çox olması futbolumuzun inkişafına böyük təkan verə bilər. Bu çətin vəziyyətdə stadion axtardıq. "Neftçi" rəhbərliyi sağ olsun, əlimizdən tutdu, istəyimizi həyata keçirdi. Bizə həddindən artıq böyük köməklikləri dəydi. Çox yerə müraciət etmişdik. İstər bəzi Premyer Liqa klublarımızın, istərsə də aşağı yaş qruplarının özlərinin belə öz meydançaları yoxdur.

- Ümumilikdə mövsümə hazırlıq prosesi necə getmişdi?

- Biz təlim-məşq toplanışı keçə bilmədik. Çünki bizim yanaşmamız da tam fərqlidir. Çünki hər gün məşq prosesi olur. Gec bir araya gəldik - təxminən 1 ay öncə komandanı yenidən formalaşdırdıq. Ona görə də təlim-məşq toplanışı olmadı. Ümid edirəm ki, qışda təlim-məşq toplanışı keçəcəyik. Burada əsas maliyyə önəmlidir.

- Komandada hansı problemlər var ki, mövsüm başlasa da, onları həll edə bilməmisiniz?

- Şükürlər olsun, böyük problemlərimiz yoxdur. Nəsə olanda da çalışırıq ki, onu yerindəcə aradan qaldıraq. Sadəcə 2-ci liqada futbolçuların məcburən başqa işdə işləməsi yaxşı deyil. Məvacibləri o qədər də yüksək deyil. Ona görə də başqa işlərlə də məşğul olurlar. Bu, bizi ən çox narahat edən məsələlərdəndir. Özümüz klub olaraq professional yanaşsaq da, futbolçuların bəziləri başqa sahələrdə işləyirlər. Diqqət dağınıqlığı olur. Bəlkə də gələcəkdə məqsədimizə çatdıqdan sonra istədiyimiz professionallığı görə biləcəyik.

- Deməli, maddi cəhətdən ciddi çətinlikləriniz var...

- 2-ci liqa komandaları arasında normal maddi büdcəyə sahib komandalardan biri elə "Cəbrayıl"dır. Sadəcə olaraq ümumən o pula ailə saxlamaq çətindir. Bizim ailəli futbolçularımız var. Lakin bir iş adamı var ki, bizə maddi dəstək göstəir. Onun sayəsində yenidən öz rayonumuzun komandasını formalaşdırmışıq.

- Problemləri aradan qaldırmaq üçün hansı addımlar atmısınız? Sponsor axtarışları gedir?

- Xeyr, danışıqlar yoxdur. Amma qapımız bütün sponsorlara açıqdır. Komandamıza dəstək olmaq istəyən varsa, buyursunlar, biz sevə-sevə hər bir şərtlə razılaşarıq.

- Təyinatınız reallaşanda qarşınıza hansı hədəflər, məqsədlər qoyuldu?

- Mənim məqsədim həmişə mümkün olanın ən yaxşısını etməkdir. Daim inkişaf etmək istəyirik. İstər oyun baxımından, istərsə də nəticə baxımından. Klub olaraq futbolçuların qarşısına 1-ci yeri tutmaq kimi bir hədəf qoymamışıq. Sadəcə olaraq yaxşı pillədə qərarlaşmağa çalışacağıq. Çempionatda yaxşı çıxış etməyimizin, qələbə qazanmağımızın özü də bir nəticədir. Əsaq məqsədlərimizdən biri də istedadlı futbolçularımızın üzə çıxarılmasıdır. Məsələn, bizim 18 yaşlı futbolçumuzun birini U-19 yığmamıza dəvət edblər. İlk ilimizdə bunu bacarırıqsa, deməli, düzgün yoldayıq.

- Yəqin ki, qısa müddət ərzində işğaldan azad olunmuş Cəbrayılda məskunlaşmaq, oyunlarınızı orada keçirmək istəyərsiniz.

- Bəli. Biz də tələsirik. İşğaldan öncə Cəbrayılda 5 min nəfər azarkeş tutumuna malik stadion var idi. İstərdik ki, tez bir zamanda ev matçlarımızı orada keçirək, öz azarkeşlərimizin önündə oynayaq. Yəqin ki, bu, dövlətimizin planında var. Amma bunun nə vaxt reallaşacağını biz deyə bilmərik.

- 2-ci liqada legionerlərin oynamasına icazə verilməməsini dəstəkləyirsiniz? Ümumiyyətlə, bu sizinçün problem yaradırmı?

- Əsas məqsəd, layihə bəlli olmalıdır. Bizim gələcəklə bağlı bəzi planlarımız var.

- Açıqlaya bilərsinizmi?

- İndi bu haqda danışmaq istəmirəm. Ola bilər ki, müəyyən müddətdən sonra legioner gəlsin. Amma bu, tam başqa sferada olacaq.

- Sabah 2-ci turda "Göygöl"lə qarşılaşacaqsınız. Bu matç haqqında fikirləriniz necədir?

- Düzü, biz komandaları elə yaxından tanımırıq. Amma PFL sağ olsun, bütün matçların videoyazısı var. Biz də oyulara bu şəkildə baxırıq, analiz edirik. Rəqibi analiz etmişik. Ümid edirik ki, matç bizim üçün yaxşı keçəcək.

- Ümumilikdə 2-ci liqada bu qədər bölgə komanalarının iştirak etməsinin futbolumuza hansı faydaları olacaq?

- Bunun çox faydası olacaq. Təsəvvür edin ki, hər komandanın heyətində minimum 20 futbolçu var. Bu, futbolumuzun inkişafı üçün önəmli bir addm idi. 150-200 futbolçunun arasından milli üçün 4-5 oyunçu çıxsa, böyük inkişaf, nailiyyət olacaq.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər