"İdman mediasındakı təşkilatlanma işində ilk addımları ata bildik”

"İdman mediasındakı təşkilatlanma işində ilk addımları ata bildik”
MEDİA 7 Noyabr 2021 / 12:27 1152
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi


Bugünkü həmsöhbətimiz Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyevdir.  Q.Mehdiyevə idman mediasının hazırkı durumu, görülən işlər və problemlər barədə suallar ünvanladıq. 

-    Hazırda Azərbaycanda idman jurnalistikasının durumunu (həm peşəkarlıq, həm də iqtisadi olaraq) necə dəyərləndirirsiniz?

-    Bu gün ölkədə ən böyük sahə mediasını təmsil edən idman jurnalistikamız yetərincə inkişaf etsə də, problemləri də az deyil. İdmana maraq artdıqca idman mediasına axın da artır. Lakin təəssüf ki, savadlı, bu sahəni bilən jurnalistlərlə yanaşı, qeyri-peşəkarlar da var. Amma idman mediasının inkişafına mane olan amillərdən biri də iqtisadi asılılıq, maddi çətinlikdir.Çox az sayda media vasitəsi iqtisadi cəhətdən stabiliyini qoruya bilir. Bu da son nəticədə bu sahədə kadr problemi yaradır.

-    Sizin Medianın İnkişafı Agentliyinə təkliflərinizdən sonra dövlət tərəfindən ilk dəfə olaraq bir neçə idman saytına da maliyyə yardımı ayrıldı. Həm bununla bağlı, həm də Media Agentliyi ilə əməkdaşlığınızın durumu ilə əlaqədar fikirlərinizi bilmək istərdik.

-    KİVDF vaxtında idman mediası diqqətdən kənarda qalmışdı. Bu məsələ digər idman jurnalistləri kimi AİJF İdarə Heyətini də narahat edirdi. Medianın İnkişafı Agentliyi yaradılanda düşündük ki, idman mediası dövlətin qayğısından bəhrələnməsi üçün MEDİA ilə əlaqə saxlayaq və bu sahənin problemlərini yeni yaradılan qurumun diqqətinə çatdıraq. Media Agentliyinin icraçı direktoru Əhməd İsmayılovla iki dəfə görüşümüz oldu və təqdir edilməli haldır ki, ilk görüşdə səsləndiridiyimiz təkliflərə və sonradan təqdim etdiyimiz 10 bəndlik təklifər paketinə biganə qalmadılar. Sevindirici haldır ki, İdman Jurnalistləri Federasiyasının təkliflərinə müsbət yanaşdılar və ilk dəfə dövlət dəstəyi alan 39 saytdan 7-si idman yönümlü oldu. Ümid edir və inanırıq ki, növbəti mərhələlərdə dövlət dəstəyi alan idman mediasının çəkisi bir az da artacaq. Bu gün də MEDİA ilə əməkdaşlığımız davam edir və gələcəkdə qurumla yalnız medianın maliyyələşməsi deyil, eyni zamanda idman jurnalistikasının inkişafına təkan verə biləcək başqa birgə layihələr də reallaşdıra biləcəyik.

-    İlk dəfə olaraq AİJF-nin təşəbbüsü ilə idman jurnalistləri 2 il əvvəl, pandemiya yayılmazdan öncə bir araya gəlmiş, tədbirdə idman mediasının problemləri ilə bağlı təkliflər irəli sürülmüşdü. Bu il ərzində yenidən idman jurnalistlərini ya canlı, ya da onlayn formada bir araya gətirməyi düşünürsünüzmü?

-    İlk dəfə biz 2020-ci ilin 20 fevralında idman jurnalistlərinin respublika toplantısını təşkil etdik. Maraqlı fikirlər, eləcə də idman mediasını narahat edən problemlər səsləndirildi. Təəssüf ki, sonrakı müddətdə, bizdən asılı olmayan səbəblərdən, qarşımıza qoyduğumuz məqsədlərin bir çoxuna nail ola bilmədik. Bu il fevralın 20-də, pandemiya səbəbindən 2-ci respublika toplantısını zoom vasitəsilə, videokonfrans formatında etdik. Əsas məsələ fəaliyyətimizin səmərəli olmasıdır. Məqsədimiz odur ki, gördüyümüz işin nəticəsi idman mediası üçün faydalı olsun.

-    Ümumiyyətlə, AİJF-nin idman mediası ilə bağlı yaxın gələcək üçün planları nədən ibarətdir?

-    AİJF-nin yaradılması pandemiyanın yayılması ilə eyni dövrə təsadüf etdiyi üçün bir çox planlarımızı həyata keçirə bilmədik. Düşünürəm ki, AİJF olaraq, son illərdə ölkə idman mediasında təşkilatlanma istiqamətində ilkin addımları ata bildik. İlin sonunda AİJF İdarə Heyətinin iclasında builki fəaliyyətimizi nəzərdən keçirib qarşıdakı planlarımızı təsdiqləyəcəyik. Çalışacağıq ki, idman mediasını narahat edən əsas məsələlərin həlli gələn il prioritet hədəflərimiz olsun.

-    Sirr deyil ki, idman mediasının böyük bir qismi daha çox futbol sahəsinə maraq göstərir, digər idman yarışları üzrə daxili çempionatlarda isə  jurnalistləri az halda görür, ya da heç görmürük. Bu məsələni aradan qaldırmaq üçün hər hansı bir fikirləriniz varmı?

-    İdman mediasının çox böyük hissəsini futbol jurnalistləri təşkil edirlər. Bu də aydın məsələdir. Futbol ən baxımlı, maraqlı və oxunan mövzudur. Digər tərəfdən hazırkı iqtisadi vəziyyətdə, idman mediasının maliyyələşməsində futbol klublarının çox böyük rolu var. Digər idman növlərində əvvəllər yetərincə təcrübəli jurnalistlərimiz olub. Lakin təəssüf ki, hazırda digər idman növlərindən yazan, ən əsası həmin növlərin qaydalarını bilən idman jurnalistlərimiz azdır. Bildiyiniz kimi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman jurnalistikası magistr proqramı var. Akademiyanın bu sahədə potensialı var və eyni zamanda bu ali təhsil ocağı xarici mütəxəssislərlə də əməkdaşlıq edir. Düşünürük ki, gələn ildən orada idman jurnalistləri üçün treninqlər təşkil etməklə, problemin həlli yolunda ilk addımı ataq.

-    İdman federasiyalarının da media ilə əlaqələrini uğurlu saymaq olmaz. Bununla əlaqədar təklifləriniz nədir?

-    Hər bir idman federasiyasında mətbuat katibi vəzifəsi var və həmin mətbuat katiblərinin bir çoxu da bizim idman jurnalisti olan həmkarlarımızıdır. Onlardan bəziləri media ilə normal işləyə bilirlər. Düzdür, qənaətbəxş olmayan mətbuat xidmətləri də var. Lakin, etiraf edək ki, bəzən bu məsələlər federasiyalardakı həmkararımzdan asılı olmayan səbəblərdən irəli gəlir. Bu baxımdan, federasiya mətbuat xidmətləri rəhbərləri birgə müzakirələr faydalı ola bilər.

-    Bu gün idman mediasında saytlar çoxluq təşkil edir. Bir neçə saytı çıxmaqla onları “bir nəfərlik” saytlar da adlandırırlar. Həmin saytlar da çox vaxt maliyyə problemi ilə üzləşir, digər tərəfdən xaotik bir durum da yaranır. AİJF bu problemdən çıxış yolunu nədə görür?

-    AİJF-nin ilk dəfə ötən il təşkil etdiyi respublika toplantısında səsləndirilən təklifərdən biri də "bir nəfərlik” saytların birləşməsi ideyası idi. Bununla bağlı bir neçə təcrübəli həmkarımızla fikir mübadiləsi aparıb təkliflərini dinlədik. İstədik ki, birləşməklə güclənəcək saytlar meydana çıxsın. Lakin təəssüf ki, bu, özünü doğrultmadı. Heç kim, “təsisçisi və baş redaktoru” olduğu saytı özünə rəqib gördüyü həmkarı ilə birləşdirməyi məqbul hesab etmədi. Kimisə buna məcbur etmək də, olmaz. 

Nur ZEYNALOVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Daha çox


Son xəbərlər