Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Tacikistanla keçiriləcək yoldaşlıq oyunundan öncə təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb.
QOL.az sportal.az-a istinadən xəbər verir ki, o, yığmanı qarşıda qısa müddətdə 4 oyunun gözlədiyini və bu səbəbdən heyətdə rotasiyalara ehtiyac olacağını bildirib:
"Bizi qarşıda 4 oyun gözləyir. Milli səviyyəsində ilk dəfədir ki, qısa müddətdə ardıcıl 4 oyun keçirəcəyik. Heyəti geniş etdik. Rəqib 2026-cı ildə uduzmayıb. Futbolçularımızın bəziləri komandaya gec qoşulub. 4-5 oyunçu var ki, bu gün ilk məşqini keçirəcək. Legionerlərimiz də gec gəlib. Anton Krivotsyuk və Cəlal Hüseynov məşqdə iştirak etməyiblər. Buna baxmayaraq, ümumi planımız var. Tək bu oyunu yox, 4 oyunluq plan tutmuşuq. Sabah yaxşı oynayıb qalib gəlmək istəyirik. Rotasiyalı heyətlər olacaq. Yenilər var, istəyirik ki, onlar da millini hiss etsinlər. Tacikistanla matçdan sonra 3 ağır oyun olacaq. Sabah hazırlığımızı bu oyunlara görə quracağıq. İnanıram ki, meydanda olan hər kəs əlindən gələni edəcək. Sabah qalib gəlmək istəyirik.
- Rəqib kimi Tacikistan yığmasını seçməyinizin səbəbi nədir? Litva və Lixtenşteynlə oxşarlıqları var?
- Yoldaşlıq görüşləri məcburidir. Biz D Liqasındayıq. Lixtenşteyn Litva ilə qarşılaşacaq, boş rəqib tapmaq olmur. Məcburuq Asiya ölkələrinə üz tutaq. Bakıya gəlməyə razılıq verdilər. Bir-birimizə yaxınıq. Lixtenşteyn və Litva bir az fərqli komandalardır. Yaydakı toplanışda da rəqibləri qrupumuzdakılara uyğun seçmişdik, Malta və San-Marinonu. Nə qədər müqayisə etsək də, eyni olmur. Bizə lazımdır ki, belə komandalara qarşı matçlarda oyunumuzu artıraq. Qol epizodlarımız çoxdur, istifadə edə bilmirik. Millimizə güvən lazımdır.
- Komanda fiziki planda nə qədər tab gətirə biləcək? Bu matçların cəmi birinin səfərdə olması üstünlükdür?
- Bəli, bir oyunun səfərdə olması üstünlükdür. 5,5 saatlıq uçuş var. Bunu bir aydır təhlil edirik. Klublarında daim oynayan futbolçulara çox yük düşəcək. Mahir Emrelinin komandası avrokuboklarda çıxış edirdi, təxirə salınmış oyunları var. Bir aya 10-12 oyun keçirir. Bu da futbolçunun zədələnməsi ehtimalını artırır. Rəhman Daşdəmirov, Rüfət Abbasovu da qeyd etmək olar. Onları rotasiya etməyi düşünürük. Ona görə də fərqli heyətlər olacaq. Çalışacağıq ki, düzgün seçim edək. Elə futbolçu olacaq ki, 4 oyunda da oynayacaq. Çünki komandanın sütunları var.
- Nəriman Axundzadənin hazırlıq durumu qənaətbəxş olmadı ki, U-21 yığmasına yollandı?
- Bütün futbolçular nəzarətdədir. Sevindik ki, Nəriman Super Liqaya gəldi. ABŞ-də daha az şans qazanırdı. Yay toplanışında özü də xoşbəxt olmadığını demişdi. “Ərzurumspor”da şans qazanmır. Səbəb bəlli deyil. Özü ilə də danışırıq. Məşqlərdə maksimumunu qoyur. Təəssüf ki, başqa çempionatlarda yanaşma fərqlidir. Öz mövqeyində yerli futbolçudan iki baş üstün olmalısan. Bizdə isə tam fərqlidir. Nəriman oynamalıdır. Üzərində işləyir. Son matçlarda bir dəqiqə belə oynamayıb. Qərara gəldik ki, U-21-də olsa, daha yaxşı olar, özünə gələr.
- Martda Şahruddini zədəli halda çağıranda demişdiniz ki, komandanın kapitanı və lideridir. Amma indi sağlamdır, dəvət etməmisiniz. Nə dəyişdi ki, dəvət etmədiniz? Səlahət Ağayev deyib ki, dəvət almamağımda kənar amillər var. Rəvan Mirzəmmədov Səlahətdən güclüdür?
- Adlara toxunsaq, hərənin öz namizədi olacaq. Emil Balayev “Neftçi”də, Aydın Bayramov “Zirə”də əsas heyətdə çıxış edir. Rəvan isə perspektivli gəncdir, “Sabah”ın heyətində 2 oyunda çox yaxşı çıxış edib. Şahruddin millimiz üçün önəmli qapıçıdır, ən yaxşı qapıçılardandır. Amma biz onu zədəli olanda yoldaşlıq görüşləri üçün çağırmışdıq. Digər futbolçuları da milliyə qazandırmaq istədik. Fikirləşirdik ki, Şahruddin çempionatda şans qazanacaq. Təəssüf ki, olmadı. O da milli karyerasını düşünməlidir.
Səlahət çox yaxşı insandır, peşəkardır. Səlahəti bir neçə ildən sonra milliyə qaytaran biz olmuşuq. 5-6 il milliyə dəvət olunmamışdı. Ancaq biz onu “Qəbələ”dən dəvət etdik. Həmin vaxt “Qəbələ” son pillələrdə gedirdi. Amma biz ona şans verdik. Səlahət yenə də siyahımızda idi. Amma gənclərə də yol açmaq lazımdır. Həmişə deyirik ki, millidə gənclərə yol açmalıyıq. Oruc Məmmədov, Edqar Adilxanov kimi yeni oyunçular tapmaq lazımdır. Millini hiss etməlidirlər. Rüfət Abbasovu hamımız tərifləyirik, amma onun keçdiyi yola baxmalıyıq.
- Mahir Emrelini izləmək üçün Polşaya gedəndə sizə reaksiyalar fərqli oldu. Bunu gözləyirdiniz?
- Bizdə nə etsən, yaxşı mənada reaksiyalar olur. Hərdən fikirləşirsən ki, nə edim? Millinin məşqçisi iki yerdə işləyəndə deyirlər ki, vaxt çatdırmırsan milliyə. İşini görürsən, futbolçunu izləməyə gedirsən, deyirlər ki, gəzməyə gedib. Sanki Avropanı görməmişik. Hansı komandalara getmişiksə, orada futbolçuya münasibətin dəyişdiyini görmüşük. Polşa klubunda olduq, klub prezidenti ilə görüşdük. Mahir haqda onlardan xoş sözlər eşitmək məni sevindirirdi. Mahiri komandanın lideri olacağına inandırıblar. Onu gələcəkdə birdəfəlik almaq istəyirlər. Digər oyunçular haqda da bizdən soruşdular. Burada pis bir şey yoxdur. “Bursaspor”da da olduq. Toraldan çox şey gözləyirlər, adaptasiya prosesi gedir. Bu bizim işimizdir, etməliyik.
- Toral Bayramov "Bursaspor"da çox oynamır…
-Əslində, başqa təklifləri var idi. Amma “Bursaspor”u seçdi. Onu da orada izləmişik. Məsələn, son matçda 37 dəqiqə oynadı, oyuna iki dəfə baxmışam. Nəyə görə 37-ci dəqiqədə onu əvəzlədilər? İki legioneri dəyişib, iki yerli oyunçu buraxdılar meydana. Bəlkə öz millətlərinə qarşı sevgi daha çoxdur. Toral milliyə həvəsli gəlib, bizim üçün dəyərli oyunçudur.
- Litva millisinin baş məşqçisi Edqaras Yankauskas deyib ki, Azərbaycanda prioritet klub futboludur, milli komandaya çox təzyiq yoxdur. Bunu da legioner limiti ilə əlaqələndirib. Razısınız?
- Oxudum fikrini. Azərbaycanda milliyə təzyiq yoxdur deyib. Bizdəki təzyiqin heç yarısı Litvada yoxdur. Bir çox ölkələri qeyd etmək olar ki, milliyə fikir vermirlər, büdcələri o deyil. Biz də bunun bəhrəsini görmüşük. Hər il Çempionlar Liqasında komandamız çıxış edir, böyük klublar Azərbaycana gəlir. Litva və ya başqa ölkələrin klubları bu nəticələri əldə edə bilmirlər. O mövqedən yanaşır ki, bizim çempionatda yaxşı oyunçular var. Çempionatımızın yaxşı görünməməsinin səbəbi stadionlar, işıqlar və azarkeşlərdir. Polşa liqasına baxırıq. Klub deyir ki, polşalı oyunçu transfer edə bilmirik, Avropaya getmək istəyirlər. Gəncədəki oyuna televiziyadan baxsanız, “Kəpəz”in kimlə oynadığı yazılmasa, başqa matç kimi görünə bilər. Bunun üzərində çalışmaq lazımdır ki, bizim liqa da daha yaxşı olsun.
Qeyd edək ki, sentyabrın 23-də "Neftçi" arenada keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.
Bizi İnstaqramda izləmək üçün kliklə!
Atasının yolu ilə
Messi daha bir rekordun astanasında
Millinin heyətindən kənarda qaldı
“Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
Yalnız Ronaldodan geri qalır
“Turan Tovuz” - “Fənərbaxça” matçının vaxtı bəlli oldu
“Sabah”ın ÇL oyunları üçün vahid biletlər satışa çıxarıldı
2-ci liqada 4-cü tura yekun vuruldu
La Liqa derbisinin hakimi cəzalandırıla bilər
Peyvənd sertifikatını saxtalaşdırdı, millidən kənarda qaldı
Azərbaycan U-20 millisi “Qəbələ” ilə heç-heçə etdi
"Neftçi"nin legioneri Argentina ilə oyuna çağırıldı
Azərbaycan çempionatının adı dəyişdi - Şəkillər