“U-19-da bir neçə oyunçu artıq böyük futbol üçün qazanılıb” - Nail Kərimov

“U-19-da bir neçə oyunçu artıq böyük futbol üçün qazanılıb” - Nail Kərimov
MEDİA 12 Noyabr 2023 / 11:41 2139
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

“Qəbələ”də uşaq futboluna göstərilən xüsusi diqqət bir neçə ildir ki, Azərbaycan futboluna töhfəsini verməkdədir.  Klubun U-19 komandası isə artıq 6-cı dəfədir ki, Azərbaycanı UEFA Gənclər Liqsında təmsil edir. Yarışda 2016/17 mövsümündə debüt edən “qırmızı-qaralar”ın daha bir cəhdi koronavirus pandemiyası səbəbindən 2020/21 mövsümünün ləğvinə görə baş tutmayıb. 2017-2018 mövsümündə isə Azərbaycanı turnirdə o vaxt AFFA-nın təşkil etdiyi Gənclər kubokunun qalibi olan “Qarabağ” təmsil edib.

Bu mövsüm “Qəbələ” ilk mərhələdə ciddi rəqib olan Macarıstan təmsilçisi “Puşkaş Akademiya”nı mübarəzədən kənarlaşdırmağı (1:1, 1:0) bacarıb. İkinci mərhələyə yüksələn Azərbaycan təmsilçisi Avropanın köklü klublarından olan “Olimpiakos”un U-19 komandas ilə ilk oyununu keçirib və 0:3 hesabı ilə uduzub. 

"Qəbələ" Futbol Akademiyasının baş meneceri Nail Kərimovla söhbətimizə U-19-un Gənclər Liqasındakı çıxışları  ilə bağlı başladıq: 

“Komandanın oyununun bir neçə aspekti var. Birinci oyun keyfiyyətidir ki, bizi razı salır. “Olimpiakos”a 0:3 hesabı ilə uduzduq. Amma düşünürük ki, nəticə oyuna görə deyildi. Komandamız yaxşı futbol göstərdi, kombinasiyalı hücumlar qurdu. Sadəcə imkanları qola çevirməkdə çətinlik çəkdik. Buraxılan qollar ani diqqətsizlikdən oldu. Amma komanda göstərdi ki, futbol oynaya bilir. U-19-da bir neçə oyunçu artıq böyük futbol üçün qazanılıb. 

Nəticəyə gələndə, biz “Puşkaş Akademiya” ilə oyunda da iddia etmirdik ki, cütün favoritiyik və mərhələni keçəcəyik. Sadəcə olaraq işimizi səliqəli qurduq, düzgün taktika seçdik və yanaşma etdik. Bunun sayəsində “Puşkaş Akademiya” kimi ciddi bir rəqibi mübarizədən kənarlaşdırmağı bacardıq. Mənim və klubumuz üçün bu uğurun ölçüsü yoxdur. Bu, təxminən 30-40 azərbaycanlının qazandığı uğurdur. Meydanda 11 azərbaycanlı oyunçu vardısa, kənarda da bütün məşqçilər korpusu akademiyanın bütün heyəti hamısı azərbaycanlılardan ibarət idi. Bunların hamısı “Qəbələ”nin yetirmələridir. Bu məqamlar bizi sevindirir. Təəssüf ki, 4 futbolçumuz hərbi xidmətlə əlaqədar bu oyunlarda bizimlə ola bilmədilər. Onların gedişi də söz yoxdur ki, komandaya təsir edir. Çünki Azərbaycanda futbolçu seçimi çox deyil. Bunu hamımız bilirik. Xüsusən də komandaya 17-18 yaşlı futbolçu cəlb etməyin çətinlikləri var. Bunlar kifayət qədər vaxt tələb edir. Digər klublarda yaxşı oyunçular var. Amma bizim heç vaxt onları komandaya cəlb etmək kimi bir iddiamız olmayıb. Belə bir fikrimiz də yoxdur. Daha çox öz yetirmələrimizə yönələrək işləmək istəyirik. Bu oyunlarda məqsəd nəticə yox, futbolçuların böyük futbola qazandırılmasıdır. Çünki belə təcrübələr bu yolda böyük dəstəkdir. UEFA Gənclər Liqasında Afinada oynayacağımız matç “Olimpiakos”un əsas komandasının stadionunda - “Karaiskakis”də  olacaq. Bu, bizim futbolçular üçün bir şansıdr ki, həmin o stadionda oyun həyacanını görsünlər”.

Nail Kərimov

N.Kərimov qeyd edib ki, futbolçular onlardan gözlənilənləri veriblər: “Komandanı əsasən 2005-ci il təvəllüdlü futbolçular təşkil edir. Reqlamentə əsasən üç nəfər 2004-cü il təvəllüdlü oyunçu var. 2006 və 2007-ci ilə təvəllüdlü futbolçular da oynayır. Xüsusən 2005-ci il təvəllüdlü nəsli fərqləndirmək istərdim. Onlar körpə yaşlarından öz keyfiyyətlərini göstərməyi bacaran uşaqlar olublar. Bu gün də seçilirlər. Digər yaş qruplarında da yaxşı futbolçularımız var. Biz bu uşaqları illərdir tanıyırıq. Onlar təzə gəlməyiblər ki, bu oyunlarda bizi nə iləsə təəccübləndirsinlər. Onlardan nə gözləyirdiksə, hamısını bizə verə bildilər”. 

N.Kərimov UEFA Gənclər Liqası və orada iştirak etməyin əhəmiyyətindən də danışıb:  “Bu turnir ən birinci Azərbaycan U-19 liqasının maraqlı olmasına səbəb olur. Komandaların əksəriyyəti bu yarışa vəsiqə qazanmaq istəyirlər. Ona görə də U-19 liqasında mübarizə çox maraqlı və gərgin gedir.  Son illər bir neçə komanda çempionluq uğrunda mübarizə aparır. Adətən çempionluq son turlara qalır. Bu, U-19 liqasındakı oyunçuların keyfiyyətinin artmasına əla bir stimuldur. Çünki Azərbaycanda digər çempionatlarda o keyifiyyət bəzən olmur. Bizim U-19 komandamızın əksər üzvləri həm də əvəzedicilərin çempionatında çıxış edir. Onlar deyir ki, daxili çempionatda bu tempi görmürük. Ona görə də futbolçularda bu stiumulun olması futbola böyük bir dəstəkdir. 

Təbii ki, belə turnirlərin futbolda kütləviliyin artmasında rolu var. Bəzi ölkələrdə çox, bəzilərində azdır. Futbolçuların təcrübələrinin artması baxımından əvəzolunmaz bir yarışdır. 

“Qəbələ” rəsmisi qeyd edib ki, UEFA Gənclər Liqasında iştiraka görə klublara əvvəlcədən nəzərdə tutulan məbləğ ödənilir, əlavə bonus nəzərdə tutulmayıb: “Turnir üçünUEFA tərəfindən  müəyyənləşdirilmiş bir məbləğ var. O məbləğ yol xərcləri, komandanın səfər xərcləri, vizası, oteli və sair xərcləri üçün hesablanır. Hər komandaya eyni məbləğ verilir. Əlavə vəsait ödənilmir”. 

N.Kərimov “Qəbələ” Futbol Akademiyasındakı hazırkı durumdan da danışıb: “Söz yox ki, əvvəllər hamının təsəvvüründə olan səviyyədə deyil. Bu da anlaşılandır. Büdcədən qaynaqlanan səbəblərə görə bütün istiqamətlərdə kəsilmələr etmək məcburiyyətində qalmışıq. İstər personal, istər invertar, istər yataqxanada saxladığımız futbolçu sayı olsun, beynəlxalq turnirlərdə iştirak, yeniliklərdən istifadə, bax bu məqamların hər biri azalmaya gedib. Amma ümumi bizim üçün vacib olan bir neçə məqamı qoruya bilmişik. Bunlardan birincisi yanaşma və fəlsəfədir. Onu dəyişməmişik, olduğu kimi qalır. Akademiyamıza xas məşq və oyun təriz var ki, bu, bütün yaş qruplarımıza aid olunur. Məşqçi heyətimiz bu oyun tərzini ilk gündən indiyə kimi inkişaf etdirərək qoruyur. Yanaşma dediyim məsələ isə missiya ilə əlaqadardır ki, məqsədimiz dəyişməyib. Yəni futbolçu yetişdirmək, əsas komandamıza futbolçu qazandırmaq. Bu məqamları qoruyub saxlaya bilmişik. Məncə, bu məqamları qoruya bilmişiksə, o deməkdir ki, nə vaxtsa daha artıq vəsait ayrılsa, biz çox qısa zamanda toparlanıb əvvəlki səviyyəmizə qayıda bilərik”.

Nail Kərimov bu yaxınlarda Avropa Klublar Assosiasiyasına (ECA) təyinat alıb. O, ECA-nın uşaq futbolu üzrə işçi qrupunun üzvlərindən biri olacaq. “Qəbələ” rəsmisi nüfuzlu beynəlxalq quruma təyinat almasından və yer aldığı işçi qrupunun vəzifələrinin nədən ibarət olmasından danışıb:  “ECA bütün fəaliyyətini mərhələlərə bölür. Hər 4 ildən bir yeni mərhələ başlayır. 2023-2027-ci illər növbəti mərhələ idi. Sentyabr ayında Almaniyanın paytaxtı Berlində Baş Assambleyanın iclası oldu və yeni İcraiyyə Komitəsi, yeni üzvlər seçildi. “Qarabağ”ın baş meneceri Asif Əsgərov da üzvlərdən biri oldu. Orda elan olundu ki, yeni işçi qrupları var və bunlar üçün namizədliklər irəli sürülə bilər. Yəni ECA-nın istənilən klubunun üzvü öz namizədliyini verə bilər. 8 işçi qrupu var. Mənim üçün daha maraqlı və xoş, təcrübəmin olduğu sahə uşaq futbolu olduğuna görə həmin işçi qrupa öz namizədliyimi irəli sürdüm. Bir neçə işçi qrupa namizəd olmaq olardı. Amma mən ancaq uşaq futbolunu seçmişdim. Hər halda baxılıb, uyğun görülüb və təyinat gerçəkləşib.

ECA-nın 4 il ərzində hər il 5-8 iclası keçiriləcək. Bəziləri onlayn, bəziləri isə ənənəvi formatda olacaq. O iclaslarda ECA-nın uşaq futbolu ilə əlaqədar prinsiləri nələrdir, fəaliyyət proqramı necə qurulur, bunlar müzakirə olunacaq, qərarlar veriləcək və yerinə yetirilməsi üçün işlər görüləcək. Təbii ki, detallar, yaxud da bunların həyata keçrilməsi ilə bağlı bizim rolumuz yoxdur. Biz daha çox strategiyanın müəyyənləşdirilməsində iştirak edəcəyik. Amma noyabrın 15-də keçiriləcək ilk iclasdan sonra detallı məlumatı vermək imkanımız olacaq”.

Ramiq Ağaməmmədov

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub


 

Daha çox


Son xəbərlər