"Tarixə düşmək istəyirik" – millimizin baş məşqçisi

"Tarixə düşmək istəyirik" – millimizin baş məşqçisi
MÜSAHİBƏ 17 Mart 2016 / 16:23 5123
-  A +

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez affa.az saytına müsahibə verib.


- 10 gün davam edən hazırlıq prosesindən razı qaldınızmı?

- Martın 7-dən 17-dək Bakı şəhərində təlim-məşq toplanışı keçirdik. Səhər fiziki, axşam məşqlərini isə taktiki çalışmalar və standart vəziyyətlər üzərində qururduq. Dünya çempionatının əsas seçmə, Avropa çempionatının isə final mərhələsindən əvvəl fiziki məşqlər keçdiyimizdən, bu dəfə müəyyən elementləri təkmilləşdirdik. Ümumi götürdükdə, hazırlıq normal keçdi. Əhval-ruhiyyəmiz də yaxşıdır. Bizi 2 gərgin oyun gözləyir. Səfərdən sərfəli nəticə ilə dönmək istəyirik.
 
- Hazırlıq prosesini yoxlama oyunu ilə yekunlaşdırdınız. Nəticə istədiyiniz kimi alındımı?

- “Neftçi” və “Ekol” komandalarının futzalçılarından təşkil edilmiş yığma ilə qarşılaşdıq. Bu oyunu keçirməkdə əsas məqsədimiz yeni örtüyə uyğunlaşmaq idi. Yanvarda onlarla qarşılaşmada böyükhesablı qələbə qazanmışdıq. Amma bu dəfə daha maraqlı oyun izlədik. Əslində, hansısa ölkənin millisi ilə qarşılaşsaydıq, daha yaxşı olardı. Lakin əksəriyyəti əvvəlcədən yoldaşlıq oyunu təyin etdiyindən, istəyimiz alınmadı.
 
- Hollandiyaya aparacağınız heyətdə edilən dəyişikliklər məcburiyyətdən, yoxsa zərurətdəndir?

- Toplanışa geniş heyət dəvət etməkdə məqsədim rəqabət yaratmaq idi. Bu dəfə 4 oyunçunu dəyişdik. Kim güclüdürsə, ona şans verəcəyik. Sergey Çuykov isə oyun sistemimizə uyğunlaşmaqda çətinlik çəkir. O, yığmanın düşərgəsində ən yaxşı halda 1 həftə olur. Buna görə də istədiyimizi ondan ala bilmirdik.
 
- Avropa çempionatının final mərhələsi zamanı keçirilən oyunlarda futzalçılarımız çoxsaylı səhvlərə yol verdi. Geridə qalan müddətdə bunu yoluna qoya bilmisinizmi?

- Razıyam, qitə birinciliyi zamanı səhvlərimiz oldu. Bakıya döndükdən sonra oyunları yenidən izlədik, analiz etdik. Bu iki oyunda həmin səhvlərə yol verməməliyik. Bu cür səhvlərin olması əslində normaldır. Çünki heyətimizdə yer alan gənc futzalçılar il ərzində cəmi 5-6 beynəlxalq oyun keçirir.
 
- Bəs Hollandiya yığması haqda hansı məlumatlar əldə etmisinizmi?

- DÇ-nin əsas seçmə mərhələsində onlar İspaniya, Bosniya və Hersoqovina və Latviya yığması ilə oynayıblar. İspaniya ilə oyunda hesabı hollandlar açdı və bu üstünlüyü 12 dəqiqə qorudular. Rəqibimiz yalnız birinci hissənin sonuna yaxın qapısından 2 top buraxdı və məğlub duruma düşdü. Fasilədən sonra baş məşqçiləri 5-ci oyunçunu meydana buraxdı və 7:1 hesabı ilə uduzdular. Amma bu onların zəif olduğu anlamına gəlməməlidir. Onlar yoldaşlıq oyunlarında Rusiyanı, Slovakiyanı məğlub ediblər. Heyətlərində mərakeşli futzalçılar çoxdur.
 
- Sizi çəkindirən cəhətləri hansılardır?

- Fərdi keyfiyyətləri yüksək olan futzalçıları çoxdur. Onlar topla yaxşı davranırlar. Müdafiədə ani diqqətsizlik bizə baha başa gələ bilər. Təəssüf ki, bizim müdafiəçilər arasında bu cür oyunçular azdır.
 
- Oyunun keçiriləcəyi arenanın örtüyü problem yarada bilərmi?

- Əlbəttə, örtük bizim üçün narahatlıq yaradacaq. Çünki Bakı İdman Sarayı və ABU Arenanın örtüyündən kəskin fərqlənir. Parketdən süni örtüyə keçmək asan deyil. Həmin örtükdə sürətli qaçmaq, topu istədiyin kimi hərəkət etdirmək olmur.
 
 
- Püşk atıldıqdan sonra şansların bərabər olduğunu demişdiniz. Əldə etdiyiniz məlumatlardan və izlədiyiniz oyunlardan sonra fikrinizi dəyişməmisiniz?

- Hər iki komandanın şansı bərabərdir. Bizi 80 dəqiqəlik gərgin mübarizə gözləyir. Ola bilər, səfərdə minimalhesablı yenilgiyə uğrayaq. Ancaq konsantrasiyamızı itirməməli, bunu faciəyə çevirməməliyik. İstənilən halda, dünya çempionatına gedəcək komandanın adı Bakıdakı matçdan sonra bilinəcək. Əsas odur ki, iki oyunun yekununda sevinən tərəf biz olaq.
    
- Həm yığmamızın tarixində, həm də məşqçi kimi karyeranızda yeni səhifə açıla bilər. Necə düşünürsünüz, iki oyunun yekununa görə Azərbaycan millisinin adı mundiala qatılacaq 24 komanda sırasında olacaqmı?

- Yaxşı şansımız var. Amma iddialı danışmağı sevmirəm. Rəqibə hörmətlə yanaşmalıyıq. Bu mərhələdə zəif rəqib olmur. Hər bir komanda üçün son şansdır. Əlbəttə, mən də istəkliyəm. Karyeramda ilk dəfə bu sevinci yaşaya bilərəm. Bunu reallaşdırıb tarixə düşmək istəyirik. Soyuqqanlılığımızı da qorumalı, tarixi fürsətdən ağılla yararlanmalıyıq. Azarkeşlərimizə bu sevinci yaşatmaq üçün əlimizdən gələni edəcəyik.

Daha çox


Son xəbərlər