Medianın İnkişafı Agentliyinin layihəsi
10-14 may tarixlərində ölkəmizdə “Bakı-Xankəndi” Azərbaycan Velosiped Yarışı təşkil olunacaq. Əvvəlki illərdə də təşkil olunan velosiped yarışları bu il daha çox bölgəni və daha geniş marşrutu əhatə edəcək. Belə ki, dünya səviyyəsindəki “Bakı-Xankəndi” yarışında artıq 25 komanda iştirakını təsdiqləyib. Onların içərisində 1 Dünya Turu, 7 Pro-kontinental, 16 kontinental və Azərbaycan yığma komandası yer alır.
Bir neçə gün əvvəl Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF) İcraiyyə Komitəsinin növbəti - 4-cü iclasında turnirə hazırlığın son mərhələsinə qədəm qoyulduğu bildirilmişdi.
Bugünkü həmsöhbətimiz isə Azərbaycan Velosiped İdmanı Federasiyası mətbuat xidmətinin rəhbəri Pərviz Musayevdir.
O, əvvəlcə hazırlıq işlərinin son durumundan danışıb:
“Yarışa hazırlıqla bağlı işlərin ən həlledici mərhələsinə qədəm qoyulub. Bildiyiniz kimi, yarış 10-14 may tarixlərində keçiriləcək. Builki yarışları digərlərindən fərqləndirən bir çox xüsusiyyət var. Bu il turnir ölkənin 21 şəhər və rayonundan keçəcək. Marşrutumuz bir qədər genişlənib. Əvvəlki illərdə Bakı, Sumqayıt, Qəbələ, Oğuz, Şəki, Şimal bölgələrində yarış təşkil edirdik. Bu il isə turnir 21 şəhər və rayonda olacaq. 1-ci mərhələ Bakı və Sumqayıtda keçiriləcək. 2-ci mərhələ Bakı və İsmayıllıda, 3-cü mərhələ isə Qəbələ, Oğuz, Şəki, Ağdaşda baş tutacaq, Mingəçevirdə finiş edəcək. 4-cü mərhələ Gəncədən başlayacaq və Naftalanda yekunlaşacaq. Ağdərə rayonu ərazisindən, Suqovuşandan keçəcəyik. 5-ci mərhələ Tərtərən start götürəcək, Ağdam, Xocavənd, Şuşa və Xankəndini əhatə edəcək. Bütün proseslər həlledici mərhələdidir. Əlbəttə ki, bu yarış təkcə federasiyanın daxili imkanları ilə təşkil olunacaq yarış deyil. Dövlət qurumları bizə çox ciddi dəstək verirlər. Belə yarışlarda ən önəmli məqamlardan biri təhlükəsizlik məsələləridir. Ən xırda detallara qədər hər şeyi nəzərə almaq lazımdır. Məsələn, rayonlarda velosipedçilərin qarşısına mal-qara da çıxa bilər. Təhlükəsizlik dedikdə bu məsələlər belə nəzərə alınır. Ona görə də Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Avtomobil Yolları Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, icra hakimiyyətləri də bu işdə bizə dəstək olurlar. Yarışların təşkilində əməyi olan bütün dövlət qurumlarına federasiyamız adından dərin təşəkkürümüzü bildiririk”.

Pərviz Musayev
O, artıq bütün komandaların iştirakını təsdiqlədiklərini söyləyib: “Turnirdə 25 komanda iştirak edəcək. Hamısı təsdiqlənib. Ümid edirik ki, yarışa qədər hər hansı bir dəyişiklik olmayacaq. Bu cür yarışlarda son ana qədər dəyişikliklər mümkündür. İndiki ana qədər 25 komanda iştirakını təsdiqləyib. Bizim yarışımızda ilk dəfə olaraq dünya turu komandası iştirak edəcək. Dünya turu futbol üzrə Çempionlar Liqası səviyyəsindədir. Bu, Qazaxıstanın “Astana” komandasıdır. Həmin komandanın meneceri London-2012-nin qalibi Aleksandr Vinokurovdur. O, özü də fəxri qonaq qismində yarışa gələcək. Həmçinin 7 prokontinental komanda təsdiqlənib. Hansı ki, əvvəlki illərdə turnirdə maksimum 4 prokontinental komanda olub”.
P.Musayev turnirin beynəlxalq səviyyədə yayımlanacağı bildirilib. Federasiya rəsmisi yarışların məşhur “Eurospor” kanalı vasitəsi ilə nümayiş olunacağını vurğulayıb: “Yarışın bütün mərhələləri ilk dəfə olaraq Eurosport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Daha əvvəl maksimum 3 mərhələ canlı yayımlanmışdı. Ölkə üzrə yayımı isə “CBC Sport” telekanalı həyata keçirəcək. Əcnəbi jurnalistlərdən də müraciətlər var. Təxminən 6-7 əcnəbi jurnalist müraciət edib. Danışıqlar gedir. Prinsip etibarı ilə bizim tərəfimizdən hər hansı bir problem yoxdur. Təbii ki, biz qonaqları məmnuniyyətlə qəbul edirik. Bizim də istədiyimiz məqam odur ki, xarici jurnalistlər gəlsinlər, yüksək təşkilatçılığı görsünlər. İndiyədək heç kim bizdən narazı getməyib”.
P.Musayev yarışların “Eurosport” kanalı vasitəsi ilə yayımlanmasının ölkə turizminə töhfə verə biləcəyini deyib: “Yayım məsələsi ona görədir ki, velosiped yarışlarında təkcə velosipedçilər göstərilmir. Onların hərəkət etdiyi yol boyu ətraf ərazilər, marşrut, görməli yerlər, turizm potensiallı məkanların hamısı canlı yayımda təqdim olunur. Bu da bizim ölkəmizin tanınması üçün çox önəmlidir. Yarışın “Eurosport”la yayımlanması ölkə turizminə töhfə ola bilər. Niyə də bunlardan istifadə etməyək? Xüsusilə 4-cü və 5-ci mərhələ işğaldan azad olunmuş ərazilərdən keçir. Təbii ki, bu da bizə “Eurosport” kanalı vasitəsi ilə bütün dünyaya işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərini bir daha göstərmək imkanı verir”.
Mətbuat xidmətinin rəhbəri bildirilib ki, yarışın təşkil olunacağı yollara davamlı olaraq baxış keçirirlər: “Biz yol infrastrukturunu daim nəzarətdə saxlayırıq. Heç olmasa, ayda 1 dəfə marşrutlara baxış keçiririk. Bəzən nəzərdə tutulmayan, planlaşdırılmayan hadisələr olur. Ona görə də hər hansı bir sürprizlə qarşılaşmamaq üçün yollara müntəzəm olaraq baxış keçiririk. Bir neçə gün əvvəl yarışın texniki direktoru isveçrəli Roland Hofer və təhlükəsizlik üzrə meneceri Andre Noyman federasiyamızın əməkdaşları ilə birgə marşrutlara yenidən baxdılar. Hər şey tam yoxlamadan keçirilir. Artıq orada tək start və finiş nöqtələri yox, mətbuat konfransı otağı, kontrol otağı, tribunalar, mükafatlandırılma yeri, avtomobillərin park nöqtəsi - ən xırda detallar belə nəzərə alınıb. Kiçik kitabçalar da hazırlanıb və komandalara paylanılıb. Xəritəmizdə də hər şey dəqiqliklə göstərilib”.

O, Azərbaycan Velosiped İdmanı Federasiyasının qarşısında duran məqsədlərdən də söz açıb: “Ötən ilin may ayında federasiyada yeni prezident seçkiləri oldu. Cənab Zaur Axundov federasiyanın prezidenti seçildi. Yeni rəhbərliyin qarşısına qoyulan əsas məqsəd ölkədə velosiped idmanını COVID-19 pandemiyasından əvvəlki dönəmə qaytarmaq idi. Pandemiya bütün idman növlərinə olduğu kimi, velosiped idmanına da çox böyük təsir göstərdi. Bir durğunluq yaranmışdı. Təbii ki, indi əvvəlki durumu bərpa etmək çətindir. Kütləvilik yaratmaq çox önəmlidir. Biz müxtəlif dövlət qurumları ilə əməkdaşlıq edirik. Elm və Təhsil Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası ilə və s. Bu əməkdaşlıq çərçivəsində hazırda 15 bölgədə velosiped bölmələri açılıb və aktiv şəkildə fəaliyyət göstərir. Biz regionlara xüsusi diqqət ayırmağa başlamışıq. Təbii ki, bu il keçiriləcək ölkədaxili yarışlarda həmin 15 bölgədəki komandalar da mübarizə aparacaq. Yığma komanda ilə bağlı müəyyən problemlər var idi. Bəzi üzvlər təəssüf ki, idmandan uzaqlaşmışdılar. Onlar da geri qaytarıldılar. Yenidən başlayıblar. U-23 və böyüklərdən ibarət yığmalarımız hazırda Türkiyədədir. Həm Bakı-Xankəndi yarışına hazırlaşırlar, həm də Türkiyədə bəzi yarışlarda iştirak edirlər. Bugünkü gün üçün Bakı-Xankəndi yarışında yığmamızın qarşısına hər hansı bir yüksək tələb qoyulmayıb. Yenidən yığılmış bir komandadır. Əsas tələb bacardıqları qədər yaxşı çıxış etməkləridir. Nəzərə alsaq ki, yarışda çox böyük rəqabət olacaq, uzunmüddətli fasilədən sonra birdən-birə yüksək nəticə gözləmək olmaz. Bizim hələ klub komandamız yoxdur. Ona görə də yığma komanda səviyyəsində təmsil olunacağıq. Klub komandasının yaradılmasını isə 2027-2028-ci illərə planlaşdırırıq. İstəyimiz yığmamızın bacardığı qədər yaxşı çıxış etməsidir. Velosiped elə bir idman növüdür ki, ona həmişə maraq var. Ən azından nəqliyyat vasitəsi kimi. Bizim əsas istəyimiz isə yeniyetmələrin və gənclərin velosipedə olan nəqliyyat marağını idman marağına çevirməkdir”.
Federasiyanın İcraiyyə Komitəsinin iclasında qurumun icraçı vitse-prezidenti Fikrət Hüseynov bildirib ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Lənkəran, Gəncə və Mingəçevir şəhərlərində yerləşən universitetlərin tələbələrinə, həmçinin Gəncə şəhərində şəhid və qazi övladlarına velosipedlər hədiyyə olunub. P.Musayev bundan sonra da əməkdaşlıqlar çərçivəsində belə addımlar atmağı planlaşdırdıqlarını diqqətə çatdırıb: “Bəli, əməkdaşlıqlarımız çərçivəsində müəyyən məktəblərdə, universitetlərdə velosipedlər hədiyyə olunub. Əvvəlcə müraciət emal edilir, ehtiyac meyarları nəzərə alınır və ondan sonra qarşılıqlı razılıq əsasında hansısa təhsil müəssisəsinə velosipedlər verilir. Bu proses təbii ki, yenə də davam edəcək. Gəncə şəhərində şəhid övladlarına velosipedlər hədiyyə olundu. Yəni, biz prosesi davam etdirmək üçün işlər görəcəyik. Sadəcə bu əməkdaşlıq etdiyimiz qurumlarla qarşılıqlı razılıq əsasında edilməlidir”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Nəriman artıq ABŞ-dadır
"Çempionat heç də asan keçmir" - Qurban Qurbanov
İmişlidə vurulan 4 qol - Video
"Liverpul" "Monako"nun gənc oyunçusunu hədəfə aldı
Az oyun şansı qazandığı üçün klubdan gedir
"Qarabağ"ın 6 qollu möhtəşəm qələbəsindən - Video
"Neftçi"də yeni təyinat baş tutdu
Daha az maaşla "Çelsi"yə keçə bilər
Aşağı liqa təmsilçilərinə uduzaraq kubokla vidalaşdılar
A seriyası matçında qapılara yalnız bir dəqiq zərbə vuruldu
"Roma" zədəli Dibalanın müqaviləsini yeniləyəcək?
Bakıda idman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu
"Qarabağ"ın matçında “Futbol hamı üçün” aksiyası keçirildi
Ronaldo investisiya etdi, ən populyar kluba çevrildi
"Qalatasaray" - "Liverpul" matçının hakimləri bilindi
"Şamaxı" - "İmişli" matçından - Video