Medianın İnkişafı Agentliyinin layihəsi
1-ci hissə
AFFA-nın qəbul etdiyi futbolun İnkişaf Strategiyasının tələblərinə uyğun olaraq, assosiasiya və Bakı Futbol Federasiyasının birgə qərarı ilə “Sabahın Ulduzları” layihəsi yenidən bərpa olunur.
Bakı kuboku uğrunda U-13 və U-14 yaş qrupları üzrə yarışlara mart ayında start veriləcək.
Yenidən bərpa olunan və 20 yaşını qeyd edəcək “Sabahın Ulduzları” layihəsi vaxtilə Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Mahir Emreli, Ceyhun Nuriyev, Emil Balayev, Musa Qurbanlı, Coşqun Diniyev, Abbas Hüseynov, Rahil Məmmədov, Rza Cəfərov, Ağadadaş Salyanski, Namiq Ələsgərov, Azər Salahlı, Murad Məmmədov və digər futbolçuların yetişməsində öz töhfəsini verib.
Mövzu ilə bağlı layihənin rəhbəri, “Neftçi”nin keçmiş vitse-prizidenti Tahir Süleymanovla söhbətləşdik.
Hazırda Bakı Futbol Federasiyasının prezidenti olan keçmiş FİFA referisi əvvəlcə "Sabah"ın ulduzları layihəsinin necə yaranmasından danışdı: “2006-cı ildə Bakı Futbol Federasiyasında baş katib vəzifəsini qəbul etdim. O vaxtlar uşaq-gənclər futbolunda böyük boşluq yaranmışdı. Təhlillər apardıqdan sonra, bu sahədə yeni layihə hazırlanmasına qərar verdim. Qardaşlarım Məzahir və Mahir müəllimlə fikirlərimi bölüşdüm, çox bəyəndilər, birgə yeni layihənin hazırlanmasına start verdik. Klublarla, məşqçilərlə görüşlər keçirildi, məsləhətləşmələr aparıldı, kompleks yanaşma sayəsində ortaya yeni məhsul qoyuldu. Qısa vaxtda "Sabahın ulduzları" layihəsi nəinki özünü doğrultdu, paytaxt hüdudlarını aşdı, İmişli, Sumqayıt, Şirvan və digər bölgə təmsilçiləri yarışa qoşuldu. "Sabahın ulduzları" futbolla yeni məşğul olan uşaqların ümid yeri oldu, yarışlar bayrama çevrildi, klublar, cəmiyyətlər həvəsləndilər, seleksiyaçılar, menecerlər üçün yarış yarmarka xarakterli istedadların seçilməsi turniri oldu.

Uşaq-gənclər futbolunda vacib təməl prinsiplərindən biri futbolda rəhbər şəxsləri, medianı, valideynləri, azarkeşləri, bütün futbol ictimaiyyətini prosesə cəlb etməkdir. "İdman Azərbaycan" kanalında xüsusi həftəlik proqram efirə çıxırdı, yarışlara həsr edilən "Top" jurnalı çap edilirdi, hər tur uşaqlar üçün xüsusi mükafatlar təsis edilirdi. O dönəmdə klub rəhbərləri, "Neftçi", "Bakı", "Turan"nın vitse-prezidentləri Ramin Musayev, Yaşar Seyidov, Yaşar Sultanov, "Neftçi" İSM-in rəhbəri Sadıq Sadıqov, "İnter"in prezidenti Georgi Nikololov, futbol veteranları, mütəxəssislər, məşqçilər Ələkbər Məmmədov, Yaşar Babayev, Kazbek Tuayev, İsgəndər Cavadov, Maşallah Əhmədov, Rasim Kara, Nazim Süleymanov, Qurban Qurbanov, Coko Hacıyevski, Arif Əsədov, Naci Şensoy, Rüstəm Rəhimov, Şahin Diniyev, Arif Əsədov, uşaq futbolunda fəaliyyət göstərən Mirbağır İsayev, Məqsəd Yaqubəliyev, Elşad Xudadatov, İslam Kərimov və onlarla, yüzlərlə futbol adamları "Sabahın ulduzları" çempionatını canlı izləyir, iştirakçısı olur, balaca futbolçular arasından istedad seçimi konveyer halını alırdı. Yarışın populyarlıq qazanmasında peşəkar yanaşmadan başqa, mətbuatın da əvəzolunmaz rolu olub. Elektron media hələ inkişaf etmədiyi dönəmdə, "Çempion" qəzetinin baş redaktoru Ürfan Məmmədli, "Futbol bez qranits" jurnalı, "Futbol"+, "Futbol+qol" və başqa media orqanları layihəyə xüsusi diqqət ayırırdılar. Bunun sayəsində valideynlər həvəslənir, uşaqların sabaha inamı çoxalırdı. Milli ruh, mübarizlik, diqqət, qayğı, yarış keyfiyyəti şəraitində uşaqlar yetişirdilər. "Sabahın ulduzları" layihəsi 2006-cı ildə UEFA-nın xüsusi diplomları ilə təltif edildi, layihə ölkə futbolu hüdudlarını aşdı. Oyunlara, o dövrdə bir çox ölkə çempionatı görüşlərindən daha çox azarkeş gəlirdi.
Bu yanaşma sayəsində Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Mahir Emreli, Rahil Məmmədov, Emil Balayev, Coşqun Diniyev və çoxsaylı bacarıqlı futbolçular üzə çıxdı, növbəti inkişaflarını klublarda, böyük futbolda davam etdirdilər, Azərbaycanın ən yaxşı futbolçuları seçildilər, legioner həyatı yaşadılar. Layihə çərçivəsində neçə-neçə məşqçi klublarda işlə təmin edildi, kvalikasiyalarını artırdılar. Əliyar Ağayev və başqa aparıcı hakimlər ilk addımlarını bu turnirdə atdılar, püxtələşdilər.
Zaman tez keçir... Artıq "Sabahın ulduzları" layihəsinin 20 illiyidir. Bu illər ərzində layihənin ərsəyə gəlməsində əməyi keçmiş, iştirakçısı, dəstəkçisi, tamaşaçısı olmuş, amma artıq dünyada olmayan hər kəsin ruhu şad olsun”.

T.Süleymanov bir müddət “Sabahaın ulduzları” layihəsinə fasilə verilməsi ilə bağlı da fikirlərini bildirib: “Keçmişə qayıtmaq istəmirəm, bu günü, sabahı düşünməliyik. Bu barədə çox yazılıb, çox deyilib. "Sabahın ulduzları" layihəsinə fasilə verilmədi, top çiləyə-çiləyə futbolu məhv edənlər tərəfindən qarşısı düşməncəsinə alındı. 2007-ci ildə AFFA-ya baş katib təyin edilən Elxan Məmmədov da "Sabahın ulduzları" yarışlarına baş çəkərdi...
Bir faktı qeyd edim, "Sabahın ulduzları" layihəsinə o vaxtlar assosiasiya tərəfindən bir qəpik də olsun vəsait ayrılmayıb, dəstək verilməyib. Yeganə şəxsi nüfuzumuz sayəsində Hakimlər Komitəsi ilə sıx əlaqədə olmuşuq və onlar da futbolçuların yetişməsi kimi yeni gənc hakimlərin üzə çıxmasında maraqlı olublar. "Sabahın ulduzları" layihəsi prosesə cəlb etdiyimiz klubların, cəmiyyətlərin, uşaq məşqçilərinin, can yandıran fədakar insanların sayəsində fəaliyyət göstərib. 200 min futbolçunu kağız üzərində qeydiyyata alanlara "Sabahın ulduzları", ümumilikdə futbolun inkişafı sərf etməzdi”.
Həmsöhbətimiz “Sabahın ulduzları” layihəsinin yenidən bərpa olunması və onun perspektivi haqda düşüncələrini də bölüşüb: “AFFA-da seçki Konfransından sonra rəhbərlik, kadr dəyişikləri baş verdi. Nizamnamə tələblərinə uyğun səs hüququna malik qurumlardan biri Bakı Futbol Federasiyasıdır. Yəni fedrasiya rəsmiləri ilə görüşlərimiz oldu. Danışıqlarımız bir qədər vaxt apardı. Bilirsiniz, AFFA-nın yeni İnkişaf Strategiyasının hazırlanmasında iştirakımız olub, bir çox təkliflərimlə yanaşı, AFFA-nın strukturuna uyğun 8 regional futbol mərkəzinin yaradılması ideyam yüksək qiymətləndirilib və qəbul edilib. Yeri gəlmişkən, bildiyim qədərilə, bununla bağlı AFFA bölgələrdə aktiv manitorinqlər keçirir, yoxlamalar aparılır, hazırlıq işləri davam edir. Danışıqlarımızın sonrakı mərhələlərində özünü praktiki olaraq doğrultmuş, futbol ictimaiyyəti tərəfindən birmənalı olaraq qəbul edilmiş "Sabahın ulduzları" layihəsinin yenidən, daha üst səviyyədə bərpası təklifini irəli sürdüm. Layihə ilə bağlı AFFA-nın vitse-prezidenti Balakişi Qasımovla fikir mübadiləmiz oldu, çox bəyənildi və federasiya rəhbərliyi səviyyəsində müzakirəyə çıxarıldı. İcraçı vitse-prezident Sərxan Hacıyev "Sabahın ulduzları"na yaxından bələd idi, vaxtilə, daha gənc yaşlarında bu yarışlarda hakimlik etmişdi, layihənin səviyyəsini əyani bilirdi.
AFFA-ya yeni baş katib Cahangir Fərəcculayev təyin edildikdən sonra görüşümüz oldu, müzakirələrimiz davam etdi. Göstərilən diqqət sayəsində proses tədricən sürətləndi, AFFA prezidenti Rövşən Nəcəf məlumatlandırıldı, İcraiyyə Komitəsində müraciətimə baxıldı və tam dəstək verildi. Sonrakı mərhələnin icrası baş katibliyə tapşırıldı. Əməli işbirliyinə keçildikdən, anlaşmadan sonra, baş katib Cahangir Fərəcullayev prosesi daimi nəzarətdə saxlayır, ümumi AFFA rəhbərliyi adından dəstəyini əsirgəmir, uşaq-gənclər futboluna həssaslıqla yanaşırdı. Danışıqların müsbət yekunu olaraq AFFA və BFF arasında rəsmi müqavilə imzalanaraq birgə və əlaqəli fəaliyyətə başlanıldı.
Niyə bunun üzərində təfsilatlı dayandım?! Vaxtilə keçmiş AFFA rəhbərliyinə dəfələrlə müraciətlərim olub, üzbəüz görüşlər keçirmişəm. Bu layihədən nə gözləyirəm? "Sabahın ulduzları" çox böyük, futbolun bir çox sahələrini özündə birləşdirən əhatəli, geniş layihədir. Vaxtilə bunun 15-20 faizinin həyata keçirilməsinə imkanımız oldu. Hazırkı münasibəti görüb "Sabahın ulduzları" layihəsinin mərhələli şəkildə tam gücü ilə həyata keçirilməsi real görünür. AFFA ilə qarşılıqlı işbirliyi sayəsində, bu inam yaranıb. Mane olmaq istəyənlər yoxdumu? Bu gün də var. Bütün maneələrin qarşısını alaraq, "Sabahın ulduzları" layihəsinin tək paytaxtda deyil, ölkə üzrə bütün yaş qrupları üzrə uşaq-gənclər futboluna şamil edilməsi ən doğru addım olar. Belə olacağı halda, istəyimiz də budur, yaxın gələcəkdə yeni-yeni istedadların daha üst səviyyədə üzə çıxması, parlaması, yerli futbolçuların legioner həyatı yaşaması, milli, yaş qrupları üzrə yığmalarımızın, klublarımızın keyfiyyətli futbolçularla təmin olunması və nəticələrin yaxşılaşması deməkdir. Azərbaycanda istedadlar yetərincədir. Yetər ki, onların üzə çıxması üçün hərtərəfli, infrastrukturdan, akademiyalardan tutmuş sahələr üzrə, müasir tələblərə cavab verən mütəxəssislərin, məşqçilərin, hakimlərin hazırlanması, yarış səviyyəsinin yüksəldilməsi, ümumilikdə hərtərəfli şəraitin yaradılmasıdır. Azərbaycan futboluna dotasiya şəklində ayrılan vəsaitin səviyyəsiz legionerlərə xərclənməsinə son qoyulmalı, bununla bağlı çox ciddi, sərt qərarlar qəbul edilməli, ayrılan maliyyə infrastruktura, uşaq-gənclər futboluna, təhsil-tədrisə, analitik mərkəzə, təbliğat-təşviqata yönəldilməlidir. Ölkə futbolunda ümumi idarəçilikdən daha çox, futbol idarəçiliyi problemi mövcuddur. Bu da sırf futbol adamlarının işidir və layiq olanlara şərait yaradılmalıdır”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

"Milan" qapıçısı ilə yeni müqavilə imzaladı
Benzema "Beşiktaş"a gəlir?
"Sabah" "Zirə" matçındakı 4 qol - Video
Yaxşı ki, Azərbaycandasan, Dambrauskas!
"Arsenal"dan səfərdə darmadağın
CAF prezidentindən finaldakı qalmaqala reaksiya gəldi
"Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm" - Rəşad Sadıqov
"İmişli" "Benfika" yetirməsini heyətinə qatdı - Rəsmi
"Mançester Siti"dən Türkiyə klubuna keçdi
“Şamaxı”nın səfər qələbəsi - Video
"Sabah" "Zirə"yə, "Şamaxı" "Kəpəz"ə qalib gəldi
Azarkeşlər matça gəlmədi, klub sükut içində qələbə qazandı
"Neftçi"nin yetirməsi 1-ci liqa klubunda
Millimizin üzvü Serbiya klubunda - Rəsmi
“Qarabağ”ın PSJ ilə düşməməsinə məyus oldum” - Zubir
PSJ-nin zədəli futbolçularından xəbər var
Bu mövsüm Çempionlar Liqasında 9,2 milyon avro itiriblər
"Zirə" - "Sabah": Heyətlər
Benzema Avropaya qayıda bilər