“Bütün ümidlərimiz kubokadır” – “Xəzər Lənkəran”ın kapitanı
“Xəzər Lənkəran”ın kapitanı Tural Cəlilov Qol.az saytına müsahibəsində ölkə kubokunun 1/4 mərhələsində “Neftçi”yə qalib gəldikləri oyundan (3:2), komandasının gələcək perspektivindən və digər məsələlərdən danışıb
- “Xəzər Lənkəran”ın indiki şəraitdə “Neftçi”yə üç qol vuracağını çoxları gözləmirdi. Nəyin sayəsində qələbə qazandınız?
- Baş məşqçimiz Elbrus Məmmədovun əməyini qeyd etməliyik. Hamı bir-birilə mehribandır. İstedadlı futbolçulardan yığılmış komandamız var. Tədricən oyunumuzu tapırıq. Buna görə də nəticələrimiz yavaş-yavaş gəlir.
- Səncə, “böyük oyun” oldu?
- Çox ağır oyun oldu. Öz azarkeşlərimiz önündə oynayırdıq. Uşaqlar bunun məsuliyyətini dərk edirdi. Hamı bilirdi ki, bizdən nə gözləyirlər. Bu şəraitdə oynamaq çox çətin olur. Komandada gərginlik yaranır. Şükürlər olsun ki, azarkeşlərimizi sevindirdik. Onların sevinməsi bizim üçün çox xoşdur. Gözəl kollektivimiz var. Kim nə desə də bu komandaların arasında prinsipiallıq davam edir. “Neftçi” ilə oyunumuz həmişə maraqlı alınır. Bu dəfə isə daha gərgin, bol qollu oldu. Məncə, buna “böyük oyun” demək olardı.
- Hesabda irəlidə olduğunuz vaxt Elbrus Məmmədov meydana hücumçu buraxdı. Baş məşqçiniz sona qədər hücumda oynamağı tapşırmışdı?
- Biz bütün komandalarla belə oynayırıq. Müdafiə futbolunu sevmirik. “Neftçi” ilə görüşdə isə məqsədimiz yalnız qələb idi. Bunun üçün qol vurmaq lazım idi. Ona görə də sona qədər hücumda oynadıq. Onu da nəzərə almaq lazımdır ki, mərhələnin taleyi iki oyundan asılıdır.
- 3:2 hesablı qələbə mərhələ adlamaq üçün nə dərəcədə yetərlidir?
- Deməzdim ki, bu hesab bizə kifayət edir. Çünki rəqib komanda səfərdə iki qol vurub. Bu, işimizi çətinə sala bilər. Cavab matçında heç olmasa heç-heçə etməliyik.
- Komandanızın çempionatda heç bir iddiasının olmadığını nəzərə alsaq, kubok oyunlarında daha istəkli olmalısınız.
- Bəli, kubok yolu ilə avroliqaya vəsiqə qazanmaq istəyirik. Buna görə də tam qüvvəmizlə kubok oyunlarına köklənirik. Bütün ümidlərimiz ölkə kubokunadır.
- Yarımfinala yüksəlmək şansınız nə qədərdir?
- Hər iki komandanın şansı eynidir. Bu isə o deməkdir ki, mərhələ adlaya bilərik. Özümüzə güvənirik. Ümid edirəm ki, yarımfinala vəsiqə qazanacağıq. Bunu öz birliyimizlə bacara bilərik.
- “Xəzər Lənkəran” bu heyətlə davam edə bilər?
- Heyətimiz cavan futbolçulardan ibarətdir. Əsas məqsəd oyun stilini komandaya başa salmaqdır. Mən klubun planı haqda dəqiq danışa bilmərəm. Ola bilsin ki, gələcəkdə 2-3 təcrübəli futbolçu heyətə cəlb olunacaq. Ancaq böyük dəyişiklik olacağına inanmıram.
- Legioner futbolçu transfer etmədən “Xəzər Lənkəran”ın əvvəlki gücünü qaytarmaq olar?
- Məncə, 2-3 təcrübəli legioner olsa, daha yaxşı olar. Yəni komandanı çiynində daşıya bilən oyunçular lazımdır. Çempionluğa oynamaq istəyən komanda bunu etməlidir. Çünki rəqiblərimiz də kifayət qədər güclü legionerlər var.
Ramiq AĞAMƏMMƏDOV