Ramin Musayev: "Bilərəkdən uduzan klub çempionatdan kənarlaşdırılacaq"

Ramin Musayev: "Bilərəkdən uduzan klub çempionatdan kənarlaşdırılacaq"
MÜSAHİBƏ 16 Noyabr 2008 / 22:33 5904
-  A +

Peşəkar Futbol Liqasının (PFL) yaranması ilə çempionatımızda bir sıra dəyişikliklər edildi, futbolumuzun inkişafı yolunda bir sıra addımlar atıldı. PFL prezidenti Ramin Musayevlə söhbət edərək bizi maraqlandıran bəzi məsələlərə aydınlıq gətirməyə çalışdıq. 

    

- PFL-in yaranmasında məqsəd nə idi? 

- Bilirsiniz ki, PFL-in yaranması ilk növbədə AFFA-nın prezidenti Rövnəq Abdullayevin təşəbbüsü olmuşdu. Məqsədimiz isə futbolumuzun inkişafıdı. Əvvəllər - SSRİ-i dövrünü nəzərə almasaq - əvəzedicilərin çempionatı keçirilmirdi. Amma bizim qurum fəaliyyətə başlayandan sonra, premyer-liqanın oyunlarından bir gün əvvəl əvəzedicilərin oyunları təşkil olunur. Bu da əsas heyətə düşə bilməyən futbolçuların oyun praktikasının itməməsi və gənc hakimlərin özlərini sınaması üçün yaxşı şəraitdi. Əgər futbolumuzun inkişafından danışır və bunun üçun çalışırıqsa, deməli, təkcə futbolçular deyil, hakimlərimiz də təcrübə toplamalıdırlar. 
- Qurumun yeni yaranmasına baxmayaraq, az müddət ərzində nəsə əldə etmisiniz? 

- Artıq çempionatın doqquz turu geridə qalıb. Və bu doqquz tur ərzində futbolu bilən, onunla az-çox maraqlanan adamlar bizə öz minnətdarlığını bildiriblər. Klublarda çempionatın hər oyununa 13-14 nəfərin adı iştirak ərizəsinə salınır. Amma klublarda olan futbolçuların sayı 25-30 nəfərə çatır. Ehtiyatda qalan futbolçuları başqa cür oynatmaq mümkün deyil. Əvəzedicilərin yaranması isə onlarında oynamasına imkan verdi. Hətta yığmamız üçün də əvəzedici heyətdən futbolçu cəlb olundu. Mənə elə gəlir ki, bunun özü çox şey deməkdi. 
- Ötən mövsüm cari çempionatdan nə ilə seçilir? Yəni PFL yaranandan öncə və sonrakı çempionat arasında hansı fərqlər var? 

- Biz 4-5 aydı ki, fəaliyyətə başlamışıq. Az müddət olmasına baxmayaraq, çempionatın daha maraqlı və daha səviyyəli keçməsi üçün əlimizdən gələni edirik. 

- Premyer-liqada danışılmış oyunların olması heç kimə sirr deyil. Bu mövsüm necə, şübhə etdiyiniz qarşılaşmalar olubmu? 

- Düşünürəm ki, bu hal olsa belə, ikinci dövrədə baş verəcək. Amma hələ şübhələndiyimiz bir qarşılaşma belə yoxdu. 

- Bəs belə bir hal aşkarlanarsa, klubu necə cəzalandıracaqsız? 

- Əgər biz hansısa klubun oyunu bilərəkdən uduzması faktını sübuta yetirsək, həmin klubu çempionatdan kənarlaşdıracağıq. 

- "Simurq"un "İnter"in farm-klubu olduğunu hamımız bilirik. Bu mövsüm onlar arasında artıq bir görüş keçirilib. Bu qarşılaşmanın təmiz keçməsinə inanırsızmı? 

- Həmin oyunla bağlı "İnter"in prezidenti Georgi Nikolovla, oyundan sonra isə "Simurq"un baş məşqçisi Roman Pokora ilə danışığım olub. Qarşılaşmada PFL nümayəndələri də iştirak etmişdilər. Onların mənə çatdırdığı informasiyadan sonra bu oyunun təmiz keçməsinə şübhəm qalmır. Hətta oyunçular arasında dava da düşmüşdü, məşqçilər isə bir-birinin ünvanına xoşagəlməz ifadələr işlətmişdilər. Yəni inanmıram ki, danışılmış oyunda bu boyda söz-söhbət olsun. 

- Düşünmürsünüz ki, bütün bunlar "gözdən pərdə asmaq" üçün qurulan bir tamaşa idi? 

- Oyunun videoyazısına da baxmışam. Bizdə o cür "peşəkar aktyorlar"ın olması inandırıcı deyil. 

- Futbolumuzda legionerlərin çoxalması yerli futbolçuların ehtiyatda qalması ilə nəticələnir... 

- Legioner futbolçular və əcnəbi məşqçilər məndən inciməsinlər. Mən azərbaycanlıyam və həmişə özümüzünkülərə qiymət vermişəm. Köhnə fikrimdə də qalıram. Sadəcə məsələnin digər tərəfi var. Premyer-liqada on dörd komandamız var. Gəlin, sayaq, bizdə on dörd nəfər hücumçu və ya qapıçımız varmı? Hər klubun ən azı bir normal hücumçusu və ya müdafiəçisi olmalıdı. Amma legioner limitinin ləğv olunması yerli oyunçularımızı bir növ silkələməlidi ki, ayılsınlar. Ötən mövsüm külli miqdarda pul tələb edən oyunçularımızın çoxu bu il həmin məbləğin bir hissəsilə razılaşırlar. Biz nə kiminsə pulunu sayırıq, nə də kiminsə pul qazanmasına mane oluruq. Legioner limiti olanda bizim futbolçularımız arxayın idilər. Deyirdilər ki, oynatsanız da bizik, oynatmasanız da. Bir çox mətbu orqanda legionerlərin çoxalması faktı pislənir ki, yerli futbolçuların səviyyəsi aşağı enir. Heç bir klub rəhbəri istəməz ki, əlavə pul xərcləsin. Legionerlərin bura gəlməsi, onlara ev tutulması, maşın verilməsi və sair məsələlər hamısı puldu. Heç bir klub rəhbəri yerli futbolçumuzla eyni səviyyədə olan legionerə o qədər xərc çəkib gətirməz. 

- Amma indi bəzi klublarımızda yığmaya çağırılan oyunçular ehtiyatda qalırlar... 

- Milliyə həqiqətən də layiq olan oyunçu ehtiyatda qalmaz. Həm klubda oynayar, həm də yığmada. 

- Hakimlərin səviyyəsindən razısınız? 

-  Bu dəqiqə üçün hakimlərimizdən çox razıyam. Doqquz tur ərzində hakimlərdən heç bir şikayətim yoxdu. Onların verdiyi normativlər, fiziki göstəricilərilə də maraqlanırıq. Xaricdən gələn hakimlərin oyun idarə etməsini izləmişik. Mən deyərdim ki, bizim referilər onlardan artıqdılar. Sonuncu turun mərkəzi qarşılaşması olan "Bakı" - "Xəzər-Lənkəran" oyununu Anar Niyazov yüksək səviyyədə idarə etdi. Həmin matçdan böyük zövq aldım. Özümü sanki Avropada hiss etdim. Sürətli oyun keçdi, hakim də hər dəqiqə oyunu saxlamırdı. Ötən il xaricdən gələn hakimlər nə fayda verdilər? Səhvləri də oldu. Bilərəkdən etdilər, yoxsa təsadüfən, bu barədə danışmaq çətindir.

- Hər zaman "Neftçi"nin oyunlarında emosionallığınızla seçilirdiniz. Bəs, indi "Neftçi" oynayanda həyəcanlanırsınız?

- Xeyr. Heç bir həyəcan keçirmirəm.

- Klubda baş verən son dəyişikliklər barəsində nə deyə bilərsiz?

- "Neftçi" ilə bağlı heç bir suala cavab verməyəcəm. 

Kəmalə İSMAYILOVA

Daha çox


Son xəbərlər