“Qurban Qurbanovdan sonra Azərbaycan futbolunu izləməmişəm” (FOTOLAR)

“Qurban Qurbanovdan sonra Azərbaycan futbolunu izləməmişəm” (FOTOLAR)
MÜSAHİBƏ 16 Avqust 2012 / 12:27 11480
-  A +

Qol.Az-ın təqdimatında “Futbol xanımların gözündə” rubrikasının budəfəki qonağı  “Lider” TV-nin “Səda” informasiya proqramının cazibədar aparıcısı Rəqsanə Məmmədovadır.

- Ənənəvi olaraq, başlayaq tanışlıqdan...

- Rəqsanə Məmmədova. Teleaparıcı kimi fəaliyyət göstərirəm. Öncə onu deyim ki, ixtisasca jurnalist deyiləm. Baxmayaraq ki, çox adam bu cür düşünür. Əsl ixtisasım iqtisadçıdır. Təvazökarlıqdan uzaq olsa da, bu illər ərzində özümü elmə həsr eləmişəm. 3 diplomum var, üçü də iqtisadiyyat üzrə: mühasibatlıq, beynəlxalq biznes və maliyyə-kredit.  Daha əvvəllər də televiziyaya həvəsim olub. Sadəcə, risk etməmişəm. Onda bankda çalışırdım. Sonradan elə alındı ki, bu sahəyə gəldim.  Əvvəl  AzTV-də çalışmışam. 2009-10-cu illərdə “Səhər” verilişini, iqtisadiyyat xəbərlərini aparmışam.  Sonradan isə “Lider” TV-yə keçdim. Xəbərlərə marağım daha çox olduğundan elə hazırda da “Səda” informasiya proqramının aparıcısıyam. Həm də xarici görünüşüm də daha çox buna uyğundur. Hətta çoxları inanmırdı ki, qısa zamanda efirə çıxam. Amma, sağ olsun, telekanalın rəhbərliyi mənə inandı. Düşünürəm ki, mən də onların etimadını doğrultdum. 

- Gələk mövzumuza. İdmana, futbola münasibətiniz necədir?

- Yaxın keçmişə qədər futbolu sevirdim. Məktəb vaxtları daha həvəsli idim. Bəlkə də oğlan xarakterli, ərköyün böyüdüyüm üçün əlbəyaxa döyüşlərə də marağım böyük idi. Təsəvvür edin, boks və karate ilə də məşğul olmuşam. Düzdür, atam sonradan karateyə getdiyimi bildi və qoymadı. Boksu isə yalnız o zaman bildi ki, vurub burnumu sındırdılar (gülür). Ancaq açığı, son zamanlar futbola əvvəllki qədər maraq qalmayıb.

- Basketbol və ya voleybolla məşğul olmamısınız?

- Xeyr. Baxmayaraq ki, çox adam görən kimi, boyuma görə ilk bu sualı verir. Amma deyim ki, biz 1-2 kursda oxuyanda “Azerreyl”in yeni-yeni parlayan dönəmləri idi və hətta məni də o komandaya dəvət etmişdilər. Lakin voleybolu sevmədiyim üçün qəbul etmədim. Ancaq həndbolu çox sevirəm və məşğul olmuşam.

- Yeri gəlmişkən, boyunuz nə qədərdi?

- 180 sm.

- Deməli, son dövrlər futbolla o qədər də maraqlanmırsınız...

- Maraqlanmırsınız deyəndə ki, fanatı deyiləm. Açığı beynəlxalq miqyasda izlədiyim yeganə oyun son Avropa çempionatının finalı oldu. Baxmayaraq ki, mən İtaliyaya azarkeşlik edirdim, amma İspaniya qalib gəldi. Açığı elə özüm də bilirdim ki, İspaniya qalib gələcək (gülür).

- Dünya miqyasında ən çox bəyəndiyiniz futbolçu kimdir?

- Messini çox bəyənirəm. Bu yaşında bu qədər uğurlara imza atıb. Ümumiyyətlə, oğlanlarda ən çox bəyəndiyim xüsusiyyət odur ki, onlar ata hesabına yox, öz adlarına, əməllərinə görə tanınırlar. Yəni, məni atama görə yox, atamı mənə görə tanısınlar. Əslində qızlara aiddi. Amma, bizdə mentalitet elədir ki, qız uşaqlarını bir qədər qapalı böyüdürük. Bu mənada, daha çox oğlanları nəzərdə tuturam. Sözümü Messiyə gətirərək onu demək istəyirəm ki, bu az yaşında bu qədər titul qazanıb və imkan vermir ki, həmin titulları başqası ələ keçirsin.

- Messidən başqa kimləri bəyənirsiniz?

- Əvvəllər Ronaldonu bəyənirdim. “Yekədiş” ləqəbli Ronaldonu nəzərdə tuturam. Ancaq sonradan həm özünə baxmadı, həm çəkisi artı, formadan düşdü. İnsan da belədir ki, pərəstiş etdiyi ulduz özünə baxmayanda, formadan düşəndə ona qarşı ikrah hiss oyanır. Amma hazırda Kriştiano Ronaldonu həm oyununa, həm də yaraşığına görə çox bəyənirəm. Ronaldinyo isə yaraşıqlı olmasa da, onun da oyununu bəyənirdim. Veteranlardan isə Zidanı qeyd edərdim.

- Azərbaycan futbolu ilə nə dərəcədə maraqlanırsınız?

- Ən son izlədiyim dövr Qurban Qurbanovun oynadığı dövr olub. Qurbanovdan sonra Azərbaycan futbolunu izləməmişəm. Səhv etmirsə, o özü də futbolçu karyerasını bitirb, hazırda məşqçi kimi çalışır. Az öncə dediyim kimi, futbolu daha çox orta məktəbdə və universitetin 2-3-cü kursuna kimi izləmişəm. Yaxından izlədiyim sonuncu böyük turnir isə DÇ-2002 olub. Həmin dövrdən sonra sanki həvəsim azalıb.

- Qurban Qurbanovdan başqa tanıdığınız azərbaycanlı futbolçu olub?

- Rəşad Sadıqovu tanıyıram. Sonra bir nəfər də var idi Qurbanovun dönəmində futbol oynayıb, amma indi o da məşqçidir. Səhv etmirəmsə, bu yaxınlarda “Xəzər Lənkəran”a keçdi.

- Yunis Hüseynov.

- Aha, bax o məşqçini də tanıyıram. Amma yeni nəslin nümayəndələrini tanımıram. Tanıdıqlarım daha çox öz uşaqlıq dövrümün futbolçularıdır. Maşallah Əhmədov, İsgəndər Cavadovun oyunlarına baxmışdım. Hətta səhv etmirəmsə, hər ikisi hüquq təhsili alıb. Təbii ki,Azərbaycan futbolundan danışıb Tofiq Bəhramovun adını çəkməmək qeyri-mümkündü.

- Nə vaxtsa stadiondan futbol izləmisiniz?

- Xeyr. Heç belə bir şans da olmayıb. Amma olsa, böyük məmnuniyyətlə gedib izləyərəm. Məsələn, qarşıdan 17 yaşlı qızlar arasında dünya çempionatı gəlir. Bu arada bizim yığmamızda 15 yaşlı bir qız var, hətta püşkatma mərasimində topçiləyən 6 qızdan biri də o idi. Mən deyim ki, heç bizim oğlan futbolçularımız o cür top çiləyə bilməz.

- Yeri gəlmişkən, son dövrlər belə fikirlər də səslənir ki, artıq qızlarımız oğlanlarımızdan daha baxımlı, daha yaxşı futbol oynayırlar...

- Qızlar heç vaxt oğlanlardan geri qalmayıb. Onlara lazımı şəraiti yaratsan, oğlanları da üstələyər. Ancaq çox istərdim ki, sırf öz yerli qızlarımıza üstünlük verək. Ümumiyyətlə, mən legionerlərin tərəfdarı deyiləm. Nəyə görə, kənardan gələnə o qədər pul verməliyik? Qoy, o pulu özümüzünkülərə ayıraq, özümüz yetişdirək ki, kənardan gələn də gəlib bizi nümunə götürsün.

- Azərbaycan millisinin baş məşqçisinin kim olduğunu bilirsiniz?

- Xeyr.

- Çalışdığınız “Lider” TV futbola yaxın telekanaldı. Həm Çempionlar Liqasını, həm də Azərbaycan Premyer Liqasını göstəriblər. Yəni, bu mühitin özü də sizin futbola marağınızı əvvəlki səviyyədə bərpa edə bilmir?

- Bizdə bu sahəni bilən şərhçilər, aparıcılar var. Məsələn Rövşən Məmədov, Şəmsəddin Abbasov. Bəlkə də onlara da xəbər aparıcılığından sual versəniz, tam dəqiqliyi ilə cavab verə bilməzlər (gülür). Ancaq dediyiniz idman yarışlarını çox yaxşı şərh edirlər.

- Sizə idman xəbərləri aparmaq təklifi edilsə, öhdəsindən gələ bilərsiniz?

- Bilirsiniz, sahəsindən asılı olmayaraq, əsas olan xəbəri tamaşaşıya dəqiq, səlis, dolğun çatdırmaqdır. Məncə, öhdəsindən gələrəm.

- Tanıdığınız xanım jurnalistlər, teleaparıcılar arasında futbolu güclü bilənlərdən kimlərin adını çəkə bilərsiniz?

- Aynur Talıbovanın adını çəkərdim. Mənə elə gəlir ki, xanım aparıcılar arasında futbolu ondan yaxşı bilən olmaz. Ondan başqa, Günay Yelmarqızı da futbolu yaxşı bilir, futbolu sevir. Lider TV-də “Zəif bənd”in aparıcısı Solmaz Süleymanova da futbolun həvəskarıdır, İspaniya millisinin azarkeşidir. Bir də maraq üçün elə özümün 12 yaşlı bacım qızını qeyd edərdim. Bəlkə də verdiyiniz sualların çoxuna məndən yaxşı cavab verərdi. Təsəvvür edin, hətta sosial şəbəkədə “Çelsi” yoxsa, “Barselona”?” adlı qrup yaradıb. Özü də “Barselona”nın azarkeşidir. Bir bacı, bir qardaşdılar, bütün günü evdə futbol üstündə bir-birini “qırırlar” (gülür).

- Futbolçu ilə ailə qurmağa siz necə baxırsınız?

- Düzü, mənə futbolçu tərəfdən ailə qurmaq təklif olmadığından bu suala da cavab verməkdə çətinlik çəkərdim. Amma belə, normal baxardım. Çoxları düşünə bilər ki, futbolçu ilə ailə qursam, seriallardan əlimi üzüb ancaq futbola baxmalıyam. Mən düşünürəm ki, futbolçu ilə də ailə qurmaq olar.

- Ancaq futbolçular evdə az-az tapılır.

- İnanın ki, bizdə hansı sahədə çalışır-çalışsın, onsuz da kişilər evdə az-az tapılır (gülür)

- Sonda Azərbaycan futboluna arzularınız?

- İlk növbədə futbolçularımıza məsuliyyət və birlik arzulayıram. Dövlətin onlara göstərdiyi qayğını, diqqəti  cavabsız qoymasınlar, onun qarşılığını versinlər. Arzum budur ki, Azərbaycanın bayrağını daim yüksəklərə qaldırsınlar.

Anar XANLAROV






































Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu