Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?

Mühəndis, mexanik, satıcı... - Bizə qarşı kimlər oynayacaq?
ÖLKƏ FUTBOLU 1 Oktyabr 2026 / 12:32 750
-  A +

Bu gün Azərbaycanın futbol millisi UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteyn komandası ilə üz-üzə gələcək. Hazırda FİFA-nın reytinqində Azərbaycan millisi 125-ci, Lixtenşteyn isə 206-cı yeri tutur.

QOL.az xəbər verir ki, reytinqdə aradakı böyük fərqdən də göründüyü kimi, Azərbaycan millisi bu oyunun favoriti sayılır. Elə dünən Bakıda keçirilən mətbuat konfransında Lixtenşteyn millisinin baş məşqçisi Konrad Fünfştük də bunu etiraf edib. Bununla yanaşı, o deyib ki, oyuna yaxşı hazırlaşıblar və qənaətbəxş nəticə əldə edə bilərlər. "Azərbaycan bu oyunun favoritidir, amma sabah hər şeyin necə olacağını görəcəyik. Rəqib yarımmüdafiə və hücum xəttində təhlükəlidir. Heyətimizdə zədəli futbolçunun olmaması bizim üçün çox vacibdir”, - deyə o qeyd edib.

Azərbaycan millisinin futbolçularından fərqli olaraq, Lixtenşteyn komandasının heç də bütün üzvləri futbolla peşəkar səviyyədə məşğul olmurlar.  Açıq internet mənbələrində göstərildiyinə görə, milli komandanın bir çox oyunçusu peşəkar futbolçu deyil və futbolla gündəlik işi və ya təhsilli paralel davam etdirirlər.

Məsələn, Andrin Netzer kommersiya sahəsində satıcı kimi çalışır. Livio Meier ətraf mühit mühəndisidir. Gabriel Foser isə mexaniki emal üzrə, Lorenzo Lo Russo daxili satış və inzibati işlər üzrə mütəxəssisdir. Komandanın bəzi üzvləri isə təhsillərini davam etdirirlər. 

Bununla yanaşı, Aron Sele rəqəmsal biznesin idarə edilməsi üzrə təhsil alıb, Niklas Beck, Severin Schlegel və Ferhat Saglam isə tələbədir.

Bu vəziyyət milli komandanın fəaliyyətinə də təsir göstərə bilir. Məsələn, Lixtenşteyn mediasının yazdığına görə, Philipp Gassner və Jakob Lorenz iş öhdəliklərinə görə Azərbaycanla səfər oyununa gələ bilməyiblər. Lorenz eyni zamanda Lixtenşteyn Universitetində təhsil alır.

Əlbəttə, millidə tam peşəkar oyunçular da var. Bunlardan əsas heyət üzvləri Nikolas Hasleri ("Vaduz", Lixtenşteyn), Marsel Bücheli ("Unipomezia Virtus", İtaliya), Alessio Hasleri ("FV Illertissen", Almaniya) və Fabio Luque-Notaronu ("Vaduz") qeyd etmək olar.

Lakin bütün bu faktlar təəccüblü görünməməlidir. Çünki cırtdan ölkə də adlandırılan Lixtenşteynin cəmi 40 min əhalisi var, çox kiçik futbol bazasına malikdir, Lixtenşteynin öz milli liqası yoxdur, ölkənin yeddi əsas klubu İsveçrə futbol sistemində iştirak edir.

Lakin. nə olsun ki...

28 il əvvəlin 14 oktyabrında bu komanda rəsmi səviyyədə ilk qələbəsini məhz Azərbaycan millisi üzərində qazanıb.

Yəni bizi görəndə "cırtdan" da divə dönür...

ELNUR, QOL.az

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner