İon Testimitsianu: “Bütün oyunlar Lənkərandakı kimi keçirilsə, Azərbaycan çempionatı Türkiyədən güclü olar"

İon Testimitsianu: “Bütün oyunlar Lənkərandakı kimi keçirilsə, Azərbaycan çempionatı Türkiyədən güclü olar"
MÜSAHİBƏ 1 May 2009 / 20:31 4720
-  A +

“İnter”in moldovalı yarımmüdafiəçisi İon Testimitsianu Qol.Az saytına müsahibə verib

- Adın ətrafında azərbaycanlı jurnalistlər arasında mübahisələr gedir. Odur ki, gəl öncə bunu dəqiqləşdirək. İon, yoxsa İvan?
- İon rumuncadır. İvan isə rusca. Hər ikisindən istifadə edə bilərsiniz. Amma həqiqi adım İondur.
- Elə isə başlayaq “Qəbələ” ilə dünənki kubok qarşılaşmasından...
- 5:0 yaxşı hesab idi. Bu cür qələbədən sonra adamın əhvalı da yaxşı olur.
- Hesab sənin üçün gözlənilməz olmadı?
- Yox. Çünki biz rəqibdən üstün oynadıq və bunun qarşılığı olaraq böyükhesablı qələbə qazandıq.
- Artıq “İnter”i finalda hesab etmək olar?
- Mən elə düşünmürəm. Hələ qarşıda bizi təkrar oyun gözləyir. Finala çıxmaq üçün ikinci matçdan da lazımı nəticə ilə ayrılmalısan. Həmin matç isə hələ keçirilməyib. Odur ki, “İnter”i hələ finalda hesab etmək olmaz.
- Bazar günü sizi Ağdama ağır səfər oyunu gözləyir. “Qarabağ”la oyun haqda fikirlərini bilmək maraqlı olardı.
- Nə demək olar? Gedirik oynamağa, mübarizə aparmağa. Hədəfimiz 3 xaldır. Rəqib də güclüdür. Odur ki, çətin bir oyun bizi gözləyir. Futbolçu kimi üzərimizə düşəni edəcəyik ki, bizə lazım olan nəticəni qazanaq. Kimin oynayıb-oynamayacağına dair qərarı isə baş məşqçi verəcək.
- Ağdama səfər sizə qorxulu gəlmir ki?
- Yox, nəyə görə ki?!
- Elə isə maraqlıdır, niyə PFL bu qərarı verəndə ona yalnız “İnter” etiraz elədi?
- Kim etdi?
- Sizin baş məşqçiniz Valentin Xodukin və prezidentiniz Georgi Nikolov.
- Mən bilmirəm, Xodukin və yaxud Nikolov nə deyib, amma onu deyə bilərəm ki, futbolçunun vəzifəsi futbol oynamaqdır. Hansı matçın harada keçirilməsinə AFFA və PFL qərar verir. Bizi aparıb hansısa meydançaya buraxsalar, çıxıb futbolumuzu oynamalıyıq. Məkan amili burada heç bir əhəmiyyət daşımamalıdır. Ağdamda yalnız qazonla bağlı problem yaşana bilər. Amma gəlin unutmayaq ki, meydançanın şərtləri hər iki komanda üçün eyni keçərlilik daşıyır.
- Ağdamdan qələbə ilə dönərsə, “İnter”i çempion elan etmək olar?
- Bu, siz jurnalistlərə elə gələ bilər. Amma mən o cür düşünmürəm. Çünki “Qarabağ”dan sonra hələ iki oyunumuz qalacaq. Həmin oyunlarda isə hər şey baş verə bilər.
- “Bakı” - “Simurq” oyunu haqqında nə düşünürsən? “Simurq” rəqibindən xal ala biləcək?
- Bu oyun haqqında heç bir fikir bildirmək istəmirəm. Başqasının necə oynayacağı məni maraqlandırmır.
- Azərbaycan çempionatının səviyyəsi necədir?
- Çox yüksəkdir. Güclü futbolçular və komandalar var. Maraqlı oyunlar gedir. Əgər qazonların vəziyyəti yaxşı olsa, Azərbaycan çempionatı indikindən 2 dəfə güclü olar. Buradakı təşkilatı işlərdən narazılığım yoxdur. Xüsusən də öz klubumuzda bu sahədə islər peşəkar qurulub. Dediyim kimi, sadəcə bir çox klubun stadionu pis vəziyyətdədir.
- Məsələn...
- “Turan”ın və “Qəbələ”nin stadionlarını qeyd edərdim.
- Bəs, Zabrat?
- Zabratda bu mövsüm oynamamışıq. Odur ki, oranın adını çəkməzdim.
- Bəs, Yevlax və Lənkəran stadionları?
- Lənkərandakı stadion və mühit superdi. Əgər bütün oyunlar Lənkərandakı kimi keçirilsə, Azərbaycan çempionatı Türkiyədən güclü olar.
- Azərbaycanda oyununu ən çox bəyəndiyin futbolçuların adlarını çəkə bilərsən?
- Legionerlərdən Petar Zlatinovla, Valter Quqlemonu qeyd edərdim. Yerli futbolçulardan isə Elvin Məmmədovla Cavid Hüseynovu deyərdim.
- Adlarını çəkdiyin bütün futbolçular “İnter”i təmsil edir. Məgər, digər klublarda güclü futbolçular yoxdur?
- Var. Sadəcə adlarını çəkdiklərimi səviyyəcə üstələyəni yoxdur.
- Azərbaycanla Moldova futbolu arasında hansı fərqlər var?
- Açığı çoxdandır Moldovada olmuram deyə, oradakı futbolun səviyyəsi haqqında müfəssəl danışa bilmərəm. Yalnız bilirəm ki, milli komanda son vaxtlar uğurlu çıxış edə bilmir. Klublardan isə “Şerif”in adını yaxşı mənada çəkə bilərəm. Bu klub son “Birlik kuboku”nun da qalıbı oldu. “Şerif”i “Xəzər-Lənkəran” və “İnter”lə müqayisə edə bilərəm.
- Bəs maddi tərəfdən hansı fərqlər var?
- Madii cəhətdən Azərbaycanla Moldova futbolunu heç müqayisə etmək olmaz. Azərbaycan klublarının büdcəsi çox zəngindir. 
- Azərbaycan millisi haqqında nə deyə bilərsən?
- Berti Foqtsun işinə qiymət verə bilmərəm. Çünki mən futbolçuyam, mütəxəssis deyiləm. Oyun baxımından isə onu deyərdim ki, Rusiyaya qarşı milliniz çox gözəl oynadı. Hətta son dəqiqədəki zərbə dirəyə dəyməsəydi, qol da vuracaqdınız. Unutmayaq ki, Rusiya millisində çox səviyyəli oyunçular oynayır. Əksəriyyəti Avropa klublarında çıxış edir. Azərbaycan millisində isə 1-2 nəfəri çıxmaq şərti ilə, hamı yerli çempionatda oynayır.
- Ailəlisən?
- Hə, iki uşağım var.
- Ailən də buradadır?
- Bəli.
- O zaman Azərbaycana uyğunlaşdığınızı demək olar?
- Burada elə də böyük problem yoxdur. Ümumiyyətlə, keçmiş SSRİ ölkələrinin mentaliteti demək olar eyndir və bu ölkələrən vətəndaşları bir-birinin ərasizində rahat yaşaya bilir. Azərbaycanda özümüzü çox yaxşı his edirik. Bura gözəl ölkədir. Güclü inkişaf gedir. Bakı da gözəl şəhərdir. Yalnız dünən baş verən faciəni təəssüf hissi ilə qeyd etməliyəm. O qədər günahsız insanın qətlə yetirilməsi çox dəhşətli idi. Mən buradan ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verir, onlara səbr diləyirəm. İnanıram ki, bu hadisə Azərbaycanın imicinə heç bir təsir etməyəcək.
- Azərbaycanda oynayan digər moldovalı futbolçularla münasibətin necədir? Məsələn “Bakı”dan Vadim Boretslə?
- Onunla münasibətlərimiz əladır. Çoxdan bir-birimizi tanıyırıq. Düzdür, tez-tez görüşə bilmirik. Amma telefonla əlaqə saxlayırıq.
- “İnter”də ən çox kiminlə dostluq edirsən? Sənə ən yaxın olan futbolçu kimdir?
- Bunu açıqlamayacam. Qoy özümdə qalsın. Amma onu deyim ki, “İnter”də hamı ilə münasibətim yaxşıdır. Biz başda rəhbərlik olmaqla bir ailə kimiyik.
- Azərbaycan dilini öyrənə bilmisən?
- Müəyyən qədər hə. Məsələn “salam”, “çox sağ ol” və digər işlək sözləri bilirəm.


 

Daha çox


Son xəbərlər