Rail Məlikov : “Ruslarla təkrar oyuna elə köklənmişik ki, sanki ermənilərlə oynayacağıq”.

Rail Məlikov : “Ruslarla təkrar oyuna elə köklənmişik ki, sanki ermənilərlə oynayacağıq”.
MÜSAHİBƏ 1 Aprel 2009 / 21:42 4395
-  A +

“Neftçi”nin və Azərbaycan milli komandasının müdafiəçisi Rail Məlikov Qol.Az-a müsahibə verib.

- Səncə, Moskvadan xalla dönməyimizə nə mane oldu?
- İlk qolu buraxdıqdan sonra uşaqlar bir qədər ruhdan düşdülər. Düzdür, deməzdim ki, komanda sındı. Hesabı bərabərləşdirmək üçün irəli getsək də, qol vurmağı bacarmadıq. İmkanımız da oldu. İnanın ki, əgər hesabı bərabərləşdirə bilsəydik, evə qələbə ilə dönəcəkdik.
- Öz oyunun haqqında nə deyə bilərsən? Bu dəfə Foqts səni öyrəşmədiyin mövqedə - sol cinahda oynatdı.
- Milli komanda elədir ki, harada qoydular orada da oynamalısan. Düzdür, öz cinahım deyildi. Buna görə də çətin oldu. Hər halda 100 faiz olmasa da, 80 faiz işimin öhdəsindən gəldiyimi deyə bilərəm. Təbii ki, oyunuma ən doğru qiyməti azarkeşlər və sizlər verə bilərsiniz.
- Buraxılan qollarda arxa xəttin də dərəcədə günahı oldu?
- Komanda qol buraxırsa, demək hamının günahı var. İlk qolu qayda pozuntusundan sonra cərimə zərbəsindən buraxdıq. İkinci qolda isə haradasa müdafiəçilərin günahı oldu. Təbii ki, əgər qol buraxmışıqsa, demək səhvimiz var. Səhv olmasa, qol da olmaz.
- Azərbaycanlı azarkeşlər “Lujniki”də sizi layiqincə dəstəklədilər?
- Çox böyük dəstək verdilər və buna görə də onların hamısına çox sağ ol deyirəm. Milli üzvlərinin qohumları, yaxınıarı da stadionda idilər.
- İlk qolda Elmar Baxşıyev ehtiyac olmayan yerdə arxası qapıya tərəf olan rəqibə qarşı kobud oynayaraq, qapımıza təhlükəli nöqtədən cərimə zərbəsi təyin olunmasına səbəbkar oldu. Həmin anda bir anlıq da olsa, rusların hesabı açacağı ürəyinə danmadı ki?
- İlk zərbə də yox. Amma təkrar zərbədə hə. Çünki hakim orada nə Vüqara sarı vərəqə göstərməli idi, nə də zərbəni təkrarlamalı idi. Üstəlik, “canlı sədd”i də 9 yox, 11 metr geri çəkilməyə məcbur elədi. Bu zaman ürəyimə damdı ki, top qapıdan keçəcək.
- Fərhadın o cür səhv edəcəyini gözləyirdin?
- Heç vaxt gözləməzdim. Çünki Fərhad səviyyəli qapıçıdır və millinin çox oyunlarında dəfələrlə komandamızı real qollardan xilas edib. İndi olur da. Futbolda hər kəs səhv edə bilər. Yenə deyirəm, səhvsiz futbol olmur ki. Gərək səhv ola ki, qol da ola.
- Maraqlıdır niyə elə həmişə  səhvi biz edirik? Olmazmı ki, bir dəfə də rəqib etsin, biz qol vuraq.
- İnşallah növbəti dəfə rəqib səhv edər, bu dəfə qol vuran tərəf biz olarıq.
- Düşünmürsən ki, “canlı sədd” zərbə anında səhvə yol verdi?
- Yox, “canlı sədd”in günahı olmadı. Dediyim kimi, belçikalı hakim bizi 9 əvəzinə, 11 metr geri çəkilməyə məcbur elədi.
- Adətən cərimə zərbəsi zamanı “canlı sədd”ə yer alan futbolçular ya yerlərində dayanırlar, ya da yuxarı tullanırlar. Amma həmin epizodda Cəmşid Məhhərəmov əyildi və top da məhz həmin istiqamətdən qapıya getdi.
- Mən burda ayrılıqda kimisə günahlandırmaq istəməzdim. Amma onu deyə bilərəm ki, “canlı sədd” ümumiyyətlə, zərbə vaxtı tərpənməməməlidir. Əgər yuxarı tullansan, yerlə də vura bilərlər. Odur ki, yerində dayanmalısan. Yalnız zərbə anında barmaqlarının ucunda qalxmalısan.
- Ötən illərlə müqayisədə Foqts millidə hansı inkişafa nail olub?
- İndi komandanın fiziki durumu əvvəlki illərə baxanda xeyli normallaşıb. Daha ilk hissədən sonra meydançada gəzmirik və son ana qədər qaçmağı bacarırıq. Özünüz də gördünüz ki, son dəqiqələrdə fərqlənə də bilərdik. Təəssüf ki, Vaqifin zərbəsi dirəyə dəydi.
- Bəs hansı çatışmamazlığı qeyd edərdin ki, hələ də həllini tapmayıb?
- Çatışmamazlıq odur ki, qol vura bilmirik. Bax bu, əsas problem kimi hələ də qalmaqdadır.
- Səncə Foqtsu niyə bu qədər tənqid edirlər?
- Bu suala cavab verməyəcəm. Hər kəsin şəxsi fikri var. Kiminsə Foqtsdan xoşu gələ bilər, onu tərifləyər, kiminsə xoşu gəlməz, tənqid edər. Mən bu məsələyə şərh verməz istəməzdim.
- Deyirlər ki, Foqta çox özündən razıdır, azərbaycanlılara, onların adətlərinə hörmətlə yanaşmır. Bu haqda nə deyə bilərsən. Hər halda milli üzvü kimi almaniyalıya daha yaxınsan.
- Şəxsən mən ondan heç vaxt bu cür hərəkət görməmişəm. Yenə deyirəm, ən azından öz adımdan bunu 100 faiz deyə bilərəm. Bəlkə də kiməsə qarşı hansısa hərəkət edib. Amma mən özümə qarşı ondan pis bir hərəkət görməmişəm.
- Hakimin start fitindən öncə hər iki ölkənin dövlət himni səslənərkən diqqətimizi bir şey çəkdi. Başda Qus Hiddink olmaqla bütün rusiyalı futbolçular öz himnlərini bir ağızdan oxudu. Amma bizdə 1-2 nəfərin yalandan ağzını tərpədməsini saymasaq, bunu görmədik. Səncə bu nə dərəcədə düzgündür?
- Şəxsən mən himnimizi sona qədər oxudum. Həmin vaxt yalnız irəli baxdığımdan digər komanda yoldaşlarımdan kimin oxuyub-oxumadığını görmədim. Amma sizinlə tamamilə razıyam. Millinin formasını geyinən bütün futbolçular Azərbaycanın himnini bilməli və bir ağızdan oxumalıdırlar. Bu arada himnimizin yarımçıq, qırıq-qırıq verilməsi mənə çox ağır gəldi. Bundan başqa, yerli azarkeşlər himnimizi fitə basdılar. Bir sözlə, ruslar bizə qarşı çox hörmətsizlik, saymamazlıq etdilər.
- Onlara ən layiqli cavab isə burada xal almağımız olar. Necə düşünürsən, bunu bacaracağıq?
- Biz indidən artıq təkrar qarşılaşmaya köklənmişik. İnanın ki, yaxın olduğum futbolçularla söhbət etmişik və söz vermişik ki, onları burdan əliboş yola salmalıyıq. Təkrar oyun bizim üçün elə olacaq ki, sanki ölüm-dirim matçına çıxacağıq. Sanki ermənilərə qarşı oynayacağıq. Bax o dərəcədə yüksək motivasiya ilə oyuna çıxacağıq.

Daha çox


Son xəbərlər