Siyasət Əsgərov: “Millidə oynamaq istəyənlər buna layiq olmalıdırlar"

Siyasət Əsgərov: “Millidə oynamaq istəyənlər buna layiq olmalıdırlar"
MEDİA 13 Noyabr 2026 / 17:45 78
-  A +

Azərbaycan Respublikası Media və Yayım Şurasının layihəsi

Bu günlərdə futbol üzrə qadınlardan ibarət milli komandalar arasında UEFA Millətlər Liqasının 2027-ci il mövsümünün püşkü atılıb. Azərbaycan millisi C Liqasının 2-ci qrupunda Latviya, Gürcüstan və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq.

Püşkatmanın nəticələri, qarşıdakı oyunlarla bağlı gözləntilər, rəqiblərin gücü və millinin hazırlıq prosesi maraq doğurur. Bəs komandamızı 2027-ci ildə hansı sınaqlar gözləyir, qadın futbolumuzda son illərdəki inkişaf hansı səviyyədədir və millinin gələcək planları nədən ibarətdir?

Bu sualları Azərbaycan qadın millisinin baş məşqçisi Siyasət Əsgərov QOL.az saytına müsahibəsində cavablandırıb. 

- Azərbaycan millisi UEFA Millətlər Liqasının 2027-ci il mövsümündə Latviya, Gürcüstan və Lixtenşteynlə eyni qrupda yer alacaq. Püşkatmanın nəticəsini necə qiymətləndirirsiniz?

- Gürcüstan, Latviya və Lixtenşteynlə qarşılaşacağıq. Daha əvvəl Gürcüstan və Latviya ilə yoldaşlıq görüşlərimiz olub. Amma üstündən çox vaxt keçib. İndiyədək Lixtenşteynlə qarşılaşmamışıq. Düşünürəm ki, qrupumuzda gərgin mübarizə gedəcək. Son illərdə qadın futbolunun inkişafına yatırım edən ölkələr var. Onlar da bizim qrupumuza düşüblər. 

- Bu komandalar arasında Azərbaycan millisi üçün ən ciddi rəqib hansıdır?

- Fikrimcə, bu qrupda çətinlik çəkəcəyik. Amma maksimum hazırlaşmalıyıq. İstəmirəm ki, rəqibləri ayırım. Hamısına eyni gözlə baxmalıyıq. Kimisə üstün, kimisə aşağı görməməliyik. Hər üç rəqib mənim üçün ciddidir. Əgər onların arasında seçim etsək, özümüzə problem yaradarıq. İstər-istəməz arxayınlıq olar ki, bu zəifdir, o biri güclüdür. Bütün rəqiblərimizi güclü olaraq görməli, onlara qarşı maksimum hazırlaşmalıyıq. Oyunlarda özümüz minimum səhv edib, rəqibi isə maksimum səhvə məcbur etməliyik. Bu halda istədiyimiz nəticəni ala bilərik. 

- Bəs rəqibləri müəyyən qədər də olsa təhlil etməyə vaxtınız olubmu? Oyun üslubları və futbol potensialları baxımından üstün və zəif tərəflərini necə xarakterizə edərdiniz?

- Düzünü desəm, qrup bilinəndən sonra həm Gürcüstanın, həm də Latviyanın oyunlarına baxmışıq. Hər iki ölkə qadın futbolunun inkişafına ciddi yatırımlar edir. İstər milli komandalar, istərsə də klublar səviyyəsində. Liqalarının səviyyəsini də yüksəldiblər. Bu da onların gücündən xəbər verir. Üstün və zəif cəhətlərini açıqlamaq istəmirəm. Bəzi analizlər etmişik, rəqib haqda məlumat toplamışıq və davam edirik. Onu vurğulaya bilərəm ki, hər üç rəqibimiz son illərdə inkişaf edib.

- Millətlər Liqasında qrup birinciliyi əsas hədəf olacaq, yoxsa ilk növbədə komandanın oyun keyfiyyətini və sabitliyini artırmağa çalışacaqsınız? Ümumiyyətlə, əsas hədəf nədir?

- Biz yalnız Millətlər Liqasının oyunlarına maksimum nəticə qazanmaq üçün çıxmırıq. İstər Avropa çempionatının, istərsə də dünya çempionatının seçmə mərhələlərində yaxşı nəticələr qazanmaq istəyirik. Lakin Millətlər Liqası bizim üçün digərlərinə nisbətən bir addım daha rahatdır. Çünki öz liqamızda olan komandalarla qarşılaşırıq. Burada qrup birincisi olaraq C Liqasından B Liqasına getmək şansımız var. Əlbəttə ki, bütün matçlara qələbə qazanmaq niyyəti ilə çıxırıq. Bu da o demək deyil ki, oyun planı kənarda qalır, necə gəldi oynayıb qələbə qazanaq. Xeyr. Azarkeşlərimiz üçün maksimum baxımlı futbol sərgiləmək istəyirik. Ona görə də bu oyunlar çox vacibdir. 

- Millinin heyətində gənc futbolçulara daha çox şans vermək və yeni oyunçuları komandaya cəlb etmək planınız varmı? 2027-ci il Millətlər Liqası bu baxımdan yeni simaların üzə çıxması üçün fürsət ola bilərmi?

- Biz millinin hər toplanışı zamanı gənc futbolçulara şans verməyə çalışırıq. İstər öz liqamızda, istərsə də ölkə xaricində çıxış edən yeni futbolçuları izləyirik. Çalışırıq ki, miqyası böyük tutaq. Çünki qadın futbolu bizdə yeni-yeni inkişaf edir. Biz də maksimum dərəcədə yeni simalar tapmaq, milliyə gətirmək üçün işləyirik. Axtarışdayıq. Əlbəttə ki, həmin futbolçular da millidə oynamağa layiq olmalıdırlar. Kimlərsə düşünməsin ki, biz onsuz da milliyə gələ bilirik. Çalışırıq ki, keyfiyyətli oyunçu çox olsun, sağlam rəqabət getsin. Belə olan halda yaxşı nəticələr də gələcək.

- Azərbaycan qadın futbolunda son illərdə inkişafdan danışılır. Sizcə, milli komandanın nəticələrində bu inkişafı nə dərəcədə görmək mümkündür? Hələ də həllini gözləyən əsas problemlər hansılardır?

- Məncə, son illər qadın futbolumuz gözlə görüləcək qədər inkişaf edib. 2 il geriyə baxsaq, əvvəlki Millətlər Liqasında qrup birincisi kimi B Liqasına getmişdik. 5 qələbə, 1 heç-heçə ilə tarixi nəticə qazanmışdıq. Həmin il ən yaxşı 12 komandadan biri kimi pley-offa vəsiqə qazandıq. Orada rəqibimiz Portuqaliya idi. Bizim üçün çox çətin oldu. Ondan sonrakı illərdə istər Avropa çempionatının, istərsə də dünya çempionatının seçmə mərhələsində yaxşı nəticələr göstərmişik. Təəssüf ki, son Avropa çempionatının seçmə mərhələsində 12 xal toplasaq da, UEFA-nın yeni əsasnaməsinə görə, qrupda qaldıq. Məyus olmuşduq. Amma bunlar da bir təcrübədir. Bilirsiniz ki, futbolçularımızın əksəriyyəti ölkə xaricində oynayır. Bu da üstünlüyümüzdür. Düşünürəm ki, son illərdə qadın futbolumuzun inkişafın və nəticələrin əsas təməlllərindən biri də budur. İndi isə əsas məqsədimiz Türkiyədə çıxış edən oyunçularımızı Avropaya çıxarmaqdır. Düzdür, hal-hazırda bir futbolçumuz Almaniya Bundesliqasında oynayır. Bu, bizim üçün çox vacibdir və istəyirik ki, ardı gəlsin.

- Sonda azarkeşlərə 2027-ci il Millətlər Liqası ilə bağlı hansı vədi verə bilərsiniz?

- Bütün oyunlarımızda maksimum nəticə qazanmaq istəyirik. Çünki A milli nə qədər yaxşı nəticə qazansa, ölkədə qadın futbolunun inkişafı bir o qədər sürətli olacaq. Ölkədə qadın futboluna baxışı daha da yaxşı yerlərə gətirə bilərik. Düzdür, fikirləri müəyyən qədər dəyişmişik. Amma daha yaxşı olmalıdır. Gənc qızları futbola daha çox cəlb edə bilərik. Ona görə də hər bir oyunda maksimum nəticə qazanmaq, qrup birincisi olmaq istəyirik. İlkin hədəfimiz B Liqasıdır. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner