Azərbaycan Respublikası Media və Yayım Şurasının layihəsi
Azərbaycanın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyan, tariximizin ən şanlı səhifələrindən birinə çevrilən Vətən müharibəsindən 6 il ötür. Xalqımızın birliyini, ordumuzun gücünü və Azərbaycan əsgərinin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirən 44 günlük savaş noyabrın 8-də Şuşanın azad edilməsi ilə Zəfər müjdəsi xalqımıza çatdırıldı. Ancaq bu qələbənin arxasında həm də minlərlə insanın hekayəsi var.
Bu müharibədə şəhid olanlar arasında futbolla bağlılığı ilə seçilən insanlar da az deyil. Kimisi tribunadan sevdiyi komandanı dəstəkləyir, kimisi meydanda futbolçu kimi gələcək qurmağa çalışırdı. Bəzilərinin isə futbolla bağlı arzuları hələ uşaqlıq illərində düşmən mərmilərinin altında qaldı.
Onların hekayələri Azərbaycan futbolunun da yaddaşında xüsusi yer tutur.
Tribunadan cəbhəyə gedən qəhrəman
"Qarabağ"ın azarkeşləri üçün Məhəmmədəli İbrahimlinin adı təkcə bir şəhidin xatirəsi deyil, illərlə tribunada sevdiyi komandanı dəstəkləyən, "İmarət" Azarkeş Qrupunun ən fəal üzvlərindən biri kimi tanınan gəncdir. Lakin 2020-ci ilin sentyabrında başlayan müharibə onun həyatının istiqamətini dəyişdi. Bu dəfə o, sevimli komandasına tribunadan deyil, Vətənin müdafiəsi üçün ön cəbhədən dəstək verməli idi.
Məhəmmədəli İbrahimli Azərbaycan Quru Qoşunlarının tərkibində Suqovuşanın azad edilməsi və Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Döyüşlərin birində ağır yaralanaraq müalicə üçün Bərdəyə aparılsa da, sağalmasını gözləmədən könüllü şəkildə yenidən ön cəbhəyə qayıdıb. Oktyabrın 13-də Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin postuna kəşfiyyat bölüyünün hücumu zamanı Məhəmmədəli qumbara ilə 20-dən çox erməni hərbçisini məhv edib. Daha sonra özü də şəhidlik zirvəsinə ucalıb. Onun nəşinin tapılması isə müharibənin başa çatmasından iki ay sonra mümkün olub.

Məhəmmədəlinin futbol sevgisi və "Qarabağ"a bağlılığı bu gün də unudulmur. Klubun həm Misli Premyer Liqasındakı, həm də avrokuboklardakı oyunlarında onun xatirəsi yad edilir.
"Qarabağ"ın 2021/22 mövsümündə ölkə çempionu olduğu vaxt da Məhəmmədəlinin adı klubun tarixində xüsusi şəkildə yaşadıldı. Ağdam təmsilçisi Peşəkar Futbol Liqasına təqdim etdiyi medal alacaq şəxslərin siyahısına şəhid azarkeşinin də adını daxil etdi. 2022-ci il mayın 22-də keçirilən təqdimetmə mərasimində onun üçün nəzərdə tutulan medal atası Mütəllim İbrahimliyə verildi. Daha sonra şəhidin atası futbolçularla birlikdə çempionluq kubokunu başı üzərinə qaldırdı. Beləliklə, Məhəmmədəli həyatda olmasa daa, sevdiyi komandanın çempionluq sevincinin bir parçasına çevrildi.
Onun adını yaşadan daha bir təşəbbüs isə xaricdə yaşayan azərbaycanlı tələbələrin magistratura təhsilini dəstəkləmək məqsədilə yaradılan "Məhəmmədəli İbrahimli Təqaüd Proqramı"dır.
Doğulduğu torpaq uğrunda döyüşən "Forza Neftçi" üzvü
Vətən müharibəsində həyatını itirən futbol azarkeşlərindən biri də "Forza Neftçi" fanklubunun üzvü Teymur Məcidzadə idi. 1992-ci il oktyabrın 10-da Füzuli rayonunnun Gecəgözlü kəndində anadan olan Teymurun ailəsi 1993-cü ildə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən sonra Bakıya köçməyə məcbur olmuşdu. O, uşaqlıq illərindən uzaq düşdüyü doğma torpağa illər sonra bu dəfə hərbçi kimi qayıdıb.
Teymur Məcidzadə sərhəd qoşunlarında hərbi xidmətini başa vurduqdan sonra hərbçi olmaq qərarına gəlib. Ordu sıralarında zabit kimi xidmət edən Teymur baş leytenant rütbəsinə qədər yüksəlib.
İkinci Qarabağ müharibəsi başlayanda o, doğulduğu Füzuli torpaqlarına yollanıb. Azərbaycan xəritəsini mükəmməl bilməsi, hərbi hazırlığı və düzgün qərarları döyüşlərdə mühüm rol oynayıb. Baş leytenant Teymur Məcidzadə tabeliyindəki taborun 104 hərbçisini mühasirədən çıxararaq, heç bir itki vermədən Şuşa istiqamətində yeni döyüş mövqeyinin tutulmasına nail olub.
Onun döyüş yolu Zəfərə cəmi bir neçə saat qalmış başa çatıb. Belə ki, 2020-ci il noyabrın 9-da, Şuşanın azad edilməsinə saatlar qalmış Xocavənd-Şuşa istiqamətində gedən döyüşlərdə Teymur Məcidzadə qəhrəmancasdına şəhid olub. O, 3-cü Fəxri xiyabanda dəfn edilib. Şəhidlik zirvəsinə ucaldıqdan sonra Teymurun son arzusu yerinə yetirilib. Onun məzarı üzərinə "Neftçi" şərfi asılıb.

Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib. Teymur Məcidzadə ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
Futbolçu arzuları yarımçıq qalan uşaq
Vətən müharibəsinin ağrılı səhifələrindən biri də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini hədəfə alması idi. Həmin hücumlar nəticəsində həyatını itirənlər arasında uşaqlar da vardı. Onlardan biri UGİM Naftalanın gənc futbolçusu Şəhriyar Qurbanov idi.
2007-ci il noyabrın 30-da anadan olan Şəhriyar Naftalan şəhərinin Qaşaltı-Qaraqoyunlu kəndində yaşayır, orta məktəbdə təhsil alırdı. O, eyni zamanda UGİM Naftalanın formasını geyinir, futbolçu kimi gələcəyini qurmağa çalışırdı. Lakin müharibənin ilk günlərində onun həyatı düşmən hücumunun qurbanına çevrildi.

2020-ci il sentyabrın 28-də, saat 18 radələrində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Şəhriyar yaşadığı evdə qəsdən öldürüldü. Cəmi 12 yaşı olan bir uşağın həyatı, futbol meydanlarında yaşamalı olduğu sevinclər, qurduğu arzular bir mərmi ilə yarımçıq qaldı.
Hadisə beynəlxalq futbol ictimaiyyətinin də diqqətindən kənarda qalmadı. AFFA bununla bağlı FİFA və UEFA-ya müraciət ünvanladı. FİFA isə gənc futbolçunun vəfatı ilə əlaqədar AFFA-ya rəsmi başsağlığı məktubu göndərdi.
Unudulmayan adlar, yaşadılan xatirələr
Vətən müharibəsindən və tarixi Zəfərimizdən 6 il ötür. Bu müddət ərzində Azərbaycan futbolu da şəhidlərini unutmayıb. Bəzən bir oyundan əvvəl tribunada açılan banner, bəzən meydana çıxan futbolçuların yad etdiyi ad, bəzən də çempionluq medalının şəhid atasına təqdim olunması həmin insanların xatirəsinin yaşadılmasının nümunəsinə çevrilib.
Məhəmmədəli İbrahimli, Teymur Məcidzadə və Şəhriyar Qurbanov fərqli yaşlarda, fərqli həyat yollarında olsalar da, onları birləşdirən ortaq məqam futbol sevgisi idi. Biri tribunada sevdiyi komandanın qələbəsinə sevinir, digəri doğma torpağının azadlığı uğrunda döyüşür, bir başqası isə futbolçu olmaq arzusu ilə yaşayırdı.
Bu gün onların heç biri tribunada, meydanda və ya doğma torpaqlarında deyil. Ancaq adları, həyat hekayələri və Vətən qarşısındakı xidmətləri yaddaşlarda yaşayır. Zəfərimizin ildönümündə onları xatırlamaq həm də bu qələbənin hansı itkilər hesabına qazanıldığını bir daha dərk etməkdir. Çünki tarix yalnız qazanılan qələbələrlə deyil, həmin qələbəyə gedən yolda həyatını fəda edənlərin xatirəsi ilə də yazılır.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunub.

Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu