Şahmat üzrə Azərbaycan yığmasının üzvü, rapid üzrə dünya, komandalar arasında üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.
QOL.az həmin müsahibəni təqdim edir.
– Ölkə çempionatından əvvəlki turnirlərdə fərqli nəticələr əldə etmisiniz. Sanki son partiyalarda istədiyiniz nəticəni qazanmaqda çətinlik çəkirsiniz?
– Son 8 oyunda istədiyim nəticəni əldə etmirəm. Ötən il keçirilən Dünya Kubokunda yarışı ağır məğlubiyyətlə başa vurdum. Yəni qazandığım oyunu uduzdum. Bu yarış istənilən peşəkar şahmatçı üçün çox vacibdir. Dünya Kubokundakı məğlubiyyətdən sonra mənim üçün çətin oldu. Rahat uduş vəziyyəti olduğu halda partiyanı məğlub başa vurdum. 2026-cı il mənim üçün uğurlu başlamadı. Bundesliqada ardıcıl 4 partiyada heç-heçə oynadım. Azərbaycan çempionatında da ilk oyunda bərabərlik qeydə alındı. Yarışlar çox olduğuna görə çətinlik aşkar hiss olunur.
– Deməli, 2026-cı ilin ilk qələbəsini Azərbaycan çempionatında qazandınız.
– Tam doğrudur, bu ilin ilk qələbəsini 1/16 final mərhələsinin cavab partiyasında əldə etdim. Rəqibim Murad İbrahimli çox güclü oynadı. Ümumiyyətlə, azərbaycanlı yeniyetmə və gənc şahmatçılar çox yaxşı mübarizə göstərirlər. Təəccüblüdür ki, yaxşı oynasalar da reytinqləri çox aşağıdır.
Azərbaycan çempionatı kimi yarışlar çox gərgin keçir. Normalda tanınmış şahmatçılar belə yarışlarda iştirak etmirlər. Çünki reytinq itirirlər. Mən 1/16 finalda Murad İbrahimlini 1,5-0,5 hesabı ilə üstələdim. Növbəti mərhələyə adlasam da, reytinq itirdim. Belə hallardan qaçmaq üçün çox şahmatçı bu yarışlarda iştirak etmir.
– Halbuki 1/16 finalın ilk görüşündə də qələbəyə oynaya bilərdiniz.
– Düzünü desəm, əvvəlki illərim olsaydı, yəni daha gənc olsaydım, qara fiqurlarla qələbəyə oynayardım. Zaman keçdikcə fərqli düşünürsən. Əsas mərhələ adlamaqdır. Risk etmək istəmədim, etiraf edirəm. İlk oyunda heç-heçə, cavab görüşündə qələbə qazanmaqla 1/8 finala vəsiqə qazandım. Yarışdan əvvəl Murad İbrahimlinin oyununa baxdım. İnternetdə çoxlu sayda onlayn yarışlarda iştirak etdiyini gördüm. Birinci qarşıma çıxan İbrahimli–Karlsen partiyası oldu. 1-0 hesablı qələbə qazanıb. Növbəti oyunu Nakamura ilə partiya idi, orada da qalib gəlib. Son illərdə internetdə çox oyun keçirirlər. Yəni gənc və yeniyetmə şahmatçılarımız bu gün oyun baxımından artıblar.
İnternet üzərindən olsa belə, artıq dünyada onlayn yarışlarda nəticələr adi qəbul edilmir. Türkiyənin özündə də internetdə güclü rəqib üzərində qələbə böyük hadisə kimi qəbul olunur. Səmimi fikirlərimdir. Yaxınlarda bacım Zeynəb Məmmədyarovanın məktəbinə getmişdim. Orada yeniyetmələrin blits yarışını izlədim və hətta onlarla bir qədər oynadıq. Çox yaxşı mübarizə göstərdilər. Gənc şahmatçılar hər gün inkişaf edirlər.
– Bəlkə siz daha çox yorulursunuz?
– Təbii, keçmiş Şəhriyar Məmmədyarovu indi görmək çətindir. Sadəcə gənclərin gücləndiyinə inanmağınızı istərdim. Azərbaycan çempionatı çox nüfuzlu yarışdır. Hər bir şahmatçı ölkəsinin ən güclü olduğunu sübut etmək istəyir. Mənim üçün çox əziz yarışdır. Ona görə burada itirdiyim reytinqə təəssüflənmirəm. Çalışacağam mümkün qədər irəli gedim. Sadəcə hər tur çempionatda sürpriz ola bilər. Ona görə 1/8 finala vəsiqə qazanmağıma çox sevindim.
– Şəhriyar son dəfə neçənci ildə Azərbaycan çempionu olub?
– 2001 və 2002-ci illərdə Azərbaycan çempionu olmuşam. Səhv etmirəmsə, o yarışdan sonra çempionatda oynamadım. Ardıcıl iki çempionluqdan sonra 23 il keçdi və ötən il yarışda mübarizə apardım. 2001, 2002-ci illərdə çempionat çox maraqlı idi. Həmin yarışda biz o qədər güclü deyildik. Reytinqlərimiz düşündüyünüz kimi yüksək olmayıb. Vüqar Həşimov, Rauf Məmmədov, Qədir Hüseynov və digərləri mübarizə aparırdılar. Amma reytinqlərimiz indikindən aşağı idi.
– Ən çox çempion Rauf olub. Altı dəfə Azərbaycan çempionatında birinci yeri tutub. Maraqlıdır, bu il Rauf Məmmədovu kim dayandıracaq?
– Altıqat Azərbaycan çempionu olmaq böyük nəticədir. “Nokaut” sistemində ümumiyyətlə yarışı udmaq çox çətindir. Ötən il Raufun qələbəsi, fikrimcə, karyerasında ən çətin çempionluq oldu. Rauf çox yaxşı şahmatçıdır. Niyə də yeddinci dəfə çempion olmasın? Onun ölkə şahmatı və Azərbaycan milli komandası üçün etdiklərini çox az adam edib. Mənim üçün Raufun millidə inanılmaz böyük əziyyəti və uğurları var. Yenə də çempion olarsa, bunu normal qarşılayacağıq. Amma çalışacağıq buna imkan verməyək (gülür). Püşkə əsasən finalda qarşılaşmaq ehtimalı var. Finala doğru uzun yol var, hər mərhələdə hər partiya həlledicidir.
– Bacılarınız Zeynəb və Türkan qadınlar arasında Azərbaycan çempionatında iştirak edirlər. Bu barədə nə düşünürsünüz?
– Zeynəb ilk oyunda qalib gələ bilərdi. Oyunu istədiyi kimi alınmadı. Əvəzində Türkan 1/16 final mərhələsində hər iki oyunda qalib gələrək mərhələ adladı. Etiraf edək ki, hər ikisi son illər şahmata nisbətən az vaxt ayırırlar. Əvvəlki illərdə daha çox vaxt həsr edirdilər. İndi övladları var, uşaqlarını dəstəkləyirlər. Qadınların çempionatı da çox çətindir. İllər öncə hər ikisi çempionatda favorit sayılırdı. İndi vəziyyət dəyişib. Qadın şahmatında hər bir iştirakçının qalib gəlmək şansı olduğunu düşünürəm. Səhvlər hər oyunda həlledici olur. Şansları azdır, amma Türkan irəliləyə bilər. Bacım çempion olsa, şok olmaram, amma sevinərəm.
– Şahmatdan başqa hansı idman növünə baxırsınız?
– Çox gərgin təqvim üzrə yarışlarda oynayıram. Üstəlik, artıq iki ilə yaxındır türk şahmatçı Yağız Ərdoğmuşla məşğul oluram. Çox inkişaf edir. Onunla hazırlaşıram, bəzən yarışlara birgə yollanırıq. Digər idman növlərinə baxmağa vaxt olmur. İmkan düşdükcə futbola baxıram. Demək olar ki, baxmadığım futbol yoxdur. Ötən ay vaxt oldu və atamla birlikdə stadionda “Qarabağ”ın Çempionlar Liqasında “Ayntraxt”la matçına baxdıq. Çox əla oyun keçdi.
– “Qarabağ”ın uğurlu çıxış edəcəyinə inanırdınız?
– Atam dəhşətli dərəcədə “Qarabağ”a inanırdı. İlk dəqiqədən deyirdi ki, yaxşı olacaq. Mən fərqli baxırdım. Almanlar həm büdcə, həm təcrübə baxımından üstün tərəf kimi görünürdü. “Qarabağ” inanılmaz mübarizə göstərdi və qələbəni daha çox istəyirdi. Hava çox soyuq idi. Buna baxmayaraq, son dəqiqəyə qədər stadionda qaldıq. Çox xoşbəxtəm ki, “Qarabağ” – “Ayntraxt” matçını stadionda izləmişəm. Dəhşətli hisslər idi.
– Şahmat üzrə Azərbaycan çempionatının yarımfinal günlərində “Qarabağ” Bakıda “Nyukasl”ı qəbul edəcək. Şanslar barədə fikirləriniz maraqlıdır...
– Desəm ki, şans yoxdur, yalan olar. “Nyukasl” böyük favoritdir. Zəngin, təcrübəli komandadır. Bu il qeyri-stabil çıxış edirlər. Amma hər zaman mübarizə göstərirlər. Çətin olacağı hamıya məlumdur. Lakin “Qarabağ” adi komanda deyil. “Benfika”ya 0:2 uduzurdu, sonda 3:2 qalib gəldi. “Ayntraxt”a 1:2 məğlub olurdu, sonda hesabı 3:2 etdi. “Çelsi” kimi komanda ilə heç-heçə oynadı. Yəni “Qarabağ”dan hər şey gözləmək olar. Yarış vaxtı olsa belə, çalışacağam stadiona gedim.
– Məşqçiliyə başlayandan sonra yarışlarda iştirak etmək daha çətin olar. Çünki şahmatçı məşqçiliyə başlayırsa, artıq inkişafdan qalır. Bu fikirlə razısınız?
– Peşəkar şahmatçı müəyyən zamana qədər özünə vaxt ayırmalıdır. 35-36 yaşına qədər ancaq özümlə məşğul olmuşam. Pandemiya zamanı yarışlar dayandı və məşqçiliyə başladım. Gənc şahmatçılara məşqçi olmağı məsləhət görmürəm. Vaxt olduqca mütləq özləri şahmatla məşğul olmalıdırlar. Mənim işlədiyim şahmatçı böyük gələcək vəd edən şahmatçıdır. Dünyanın ən yaxşı şahmatçılarından biri olan Yağız Ərdoğmuşla işləmək çox xoşdur. Sizin fikirlə razıyam. Dünya çempionu olmaq istəyən şahmatçı məşqçilik etməməlidir. Bəzən gəncləri görürəm, məşqçilik edirlər, amma bu çox çətindir. Gəlin etiraf edək, ən gözəl vaxtlarım qarşıdadır desəm, yalan olar. Dünya çempionu olmaq şanslarım var, amma illər öncə olduğu qədər deyil.
Tofiqin rəqibi müəyyənləşdi - Las-Veqasda döyüş olacaq
Premyer Liqa klubu aşağı liqa təmsilçisinə uduzdu
Azarkeşlərin "vəfasızlığından" şikayətləndi
Ramos doğma klubunu alır?
Superliqa klubu baş məşqçisi ilə sağollaşdı
Ronaldo yenidən yaşıl meydanlarda
Millimizin üzvü oynadı, komandası heç-heçə etdi
Kukurella "Finalissima" matçına çıxacaq?
500-cü qolunu vurdu
"Zirə"nin qələbəsindən - Video
Bərbad!..
Klub ağır məğlubiyyətə uğradı, hakimləri şikayət etdi
"Rəqibə qol epizodu vermədik" - Rəşad Sadıqov
“Belə şəraitdə komandanı motivasiya etmək asan deyil”
"Zirə" qalib gəldi, Musa "Qarabağ"a qələbə qazandırdı
“Əliyar onsuz da bizim oyunlarda maraqlı qərarlar verir”
“Qarabağ”ın bərbad meydançadakı çətin qələbəsi - Video
Qurban Qurbanov “İmişli” klubuna da etiraz etdi
"Kəpəz"dən yeni transfer
İqor Tudor rəsmən İngiltərə Premyer Liqasında
Azərbaycan çempionatı: Ölkənin ən güclüləri müəyyənləşdi
"Zirə" - "Karvan Yevlax": Heyətlər
"Liverpul" "Arsenal"ı 109 milyon avroya məğlub edir
“Qarabağ” Qubaya getdi, tribunalar doldu - Video
Koxalski iştirak ərizəsində niyə yoxdur? - Açıqlama
Azərbaycan çempionatında 1/4 final başlayır
"İmişli" - "Qarabağ": Heyətlər
Transferlərə ən çox pul xərcləyən klublar - “Nyukasl” da var
“Neftçi”də 3 legioner
Messi dünya çempionatında iştirak etməyə bilər