"Onlara daim deyirəm ki, yaraşıqlı, gözəl görünmək istəyirsinizsə, idmanla məşğul olun"

"Onlara daim deyirəm ki, yaraşıqlı, gözəl görünmək istəyirsinizsə, idmanla məşğul olun"
MEDİA 17 May 2024 / 14:55 1410
-  A +

Medianın İnkişafı Agentliyi layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Azərbaycan məktəblərində fiziki tərbiyə fənninin tədrisi, uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz çərçivəsində növbəti həmsöhbətimiz Bakıdakı 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi müəllimi Nübar Hacıyevadır.

N.Hacıyeva söhbət zamanı əvvəlcə məktəbin infrastrukturu, idman bölmələri və zalları haqqında danışdı: “Bizim məktəbdə 7 idman bölməsi fəaliyyət göstərir. Bunlar müvafiq olaraq boks, akrobatika gimnastikası, cüdo, qılıncoynatma, badminton, stolüstü tennis və tennis idman növləri üzrə bölmələrdir. Bunların bəziləri məktəbimizin öz bazasında fəaliyyət göstərir, çünki burada lazım olan idman zalları mövcüddur. Bəziləri isə digər yerlərdə keçirilir. Məsələn, stolüstü tennis üzrə məşqlər federasiyanın özündə keçirilir. Məşqlər müxtəlif yerlərdə olsa da, biz daimi olaraq məşqləri izləməyə, yoxlamalara gedirik, məşqin təşkilində iştirak edirik. Ümumilikdə bizim idman məktəbimizdə 8 idman zalı, bir idman meydançası və bir trenajor zalı fəaliyyət göstərir. Zallarımızın və meydançalarımız vəziyyəti qənaətbəxş hesab edilə bilər”. 

N.Hacıyeva məktəbdəki məşqçi fəaliyyətinin yüksək səviyyədə olduğunu da qeyd edib: “Bizim məktəbin məşqçi heyəti çox yaxşı mütəxəssislərdən təşkil olunub. Onların sayəsində idmançılarımız sağlam böyüyür. Onlar yaxşı idmançı olmaqla bərabər, sağlamlıqlarına da diqqət yetirirlər. Aralarında bizim dünya, Avropa və beynəlxalq turnirlərdə Azərbaycan bayrağını yüksəklərə qaldıran idmançılarımız var. Ona görə deyə bilərəm ki, məşqlərimiz yüksək səviyyədə keçirilir”. 

O, məşqlərin keçirilmə metodlarından da söz açıb: “Məşqçilərimizin hər yaş qrupuna uyğun işləyirlər. Yəni, idman bölməsində ibtidai hazırlıq qrupları, təlim məşq qrupları, idman təkmilləşmə və yüksək idman ustalığı qrupları olur və bunlar da müvafiq olaraq yaş qruplarına bölünürlər. Məşqlər hər yaş qrupuna uyğun, tədris plan qrafikinə əsasən keçirilir. Orada ümumi fiziki hazırlıq, xüsusi fiziki-taktiki, texniki hazırlıq və dərs yükü yaş qrupuna uyğun bölünür”. 

N.Hacıyeva dərsləri daha da maraqlı etmək və uşaqları həvəsləndirmək üçün keçirilən oyunlar və turnirlərdən də danışıb: “Məşqləri daha maraqlı keçirmək üçün idman növlərinə uyğun olaraq oyunlar təşkil olunur. Futbol, voleybol, basketbol və digər idman oyunları keçirilir. Bundan başqa, uşaqlar arasında rəqabət hissini oyatmaq üçün estafetlər təşkil olunur. Məsələn, cüdo idman növü üzrə həftənin cümə günləri bütün qruplar birləşirlər və onlar öz güclərini müxtəlif rəqiblərlə sınayırlar, rəqabət aparırlar və təcrübələrini artırmaq üçün məşqlər keçirlər. Tələbələrimiz məktəbimizin təşkilatçılığı ilə keçirilən məktəb birinciliklərində, Azərbaycan çempionatında, ölkə birinciliyində, Bakı çempionatında, Avropa və beynəlxalq yarışlarda iştirak edirlər”. 

Həmsöhbətimiz məşqçilərin valideynlərlə birgə işlədiklərini deyib: “Bu gün ölkədə idmana maraq yüksək səviyyədədir. Biz idman ölkəsiyik və ölkə Prezidentimizin idmana olan qayğısı nəticəsində idman daha da inkişaf etməkdədir. Uşaqlar, yeniyetmələrin idmana marağı daha da artır. Uşaqların idmana cəlb olunmasında valideynlərimiz də maraqlıdırlar. Onlar da istəyirlər ki, övladları sağlam böyüsünlər və gələcəkdə olimpiya səviyyəli idmançılar olsunlar. Perspektivli uşaqların seçilməsində məşqçilərimiz, mütəxəssislərimiz böyük səy göstərirlər və valideynlərlə bərabər iş aparırlar”. 

O, gənclərin döyüş idman növlərinə, gimnastikaya, stolüstü tennisə daha çox maraq göstərdiyini söyləyib: “Gənclər daha çox döyüş idman növlərinə maraq göstərirlər. Oğlanlarla birlikdə qızlar da döyüş idman növləri ilə məşğul olmaq istəyirlər. Ancaq qızların üstünlüyünü gimanstikada da görmək olur. Eləcə də stolüstü tenis, badminton kimi idman növlərinə də qızlar və oğlanların maraqları eyni səviyyədə olmasını görmək olur”. 

N.Hacıyeva ölkədə idmanın səviyyəsini daha da artırmaq üçün tez-tez tədbirlərin, yarışların keçirilməsinin lazım gəldiyini bildirib: “İdmanda keçirilən bütün tədbirlər gənclərimiz və uşaqlarımız arasında idman dostluğu yaradır. Buna görə də düşünürəm ki, idman səviyyəsini və yeniyetmələrdə, gənclərdə və məktəblilərdə idmana marağı atırmaq üçün idmanla bağlı tədbirləri tez-tez təşkil etmək lazımdır. İdman gününə həsr olunmuş bir çox tədbirlər, festivallar keçirə bilərik ki, uşaqlarda daha çox həvəs, maraq yaransın. İdman növlərini də orda nümayiş etdirmək, nümunəvi çıxışlar etmək olar. Bu halda hansısa idman növündən anlayışı olmayanlar da məlumatlanacaqlar”. 

O, idmanın təbliğinin genişləndirilməsi yollarından da danışıb : “Ümumiyyətlə belə bir deyimimiz var ki, sağlam bədəndə sağlam ruh olar. Bu, həqiqətən də belədir. Buna görə də əsasən də məktəblərdə idman geniş miqyasda təbliğ olunmalıdır. Uşaqları asudə vaxtlarında idmanla məşğul olmağa yönləndirməliyik. Əgər uşaqlar asudə vaxtlarını idmanla keçirsələr, onlar həm sağlam böyüyərlər, həm də daha səmərəli, maraqlı bir işlə məşğul olarlar. Düşünürəm ki, bununla məktəb nümayəndəliyi, məktəb rəhbərləri maraqlanmalıdır. Məktəbdən kənar müəssisələrlə əməkdaşlıq etməli, tez-tez məktəblərinə mütəxəssislər dəvət etməlidirlər. Onlar həmin idman dərslərində həmin idman növlərini təbliğ edə bilərlər”.

Həmsöhbətimiz idmanla intensiv şəkildə məşğul olmağın vacibliyindən söz açıb: “Mən idman məktəbində təlimatçı-metodist vəzifəsində çalışmaqla bərabər, idman akademiyasında da idman fiziologiyasından dərslər aparıram. Orada daim tələbələrlə söhbət edirəm. Çalışıram ki, onlar həmişə idmanla məşğul olsunlar. Təbii ki, idman akademiyasının əksər tələbələri idmanla məşğul olurlar. Ancaq hər zaman onlara vurğulayıram ki, bunu heç vaxt dayandırmamalıdırlar, həmişə idmanda qalmalıdırlar. Bu, onların sağlamlıqları üçün çox vacibdir. Biri var peşəkar idman, biri də var ki, sən sağlamlığını qorumaq üçün mütəmadi olaraq idmanla məşğul olursan. Ümumiyyətlə, idmançılar orqanizmlərinin düzgün fəaliyyəti üçün ömür boyu idman etməlidirlər. Çünki onların orqanizmləri intensiv məşqlərə öyrəşib. Onlar sakit həyat tərzi sürəndə bu, orqanizmlərinə mənfi təsir göstərir. Bundan başqa idmanın insanın anatomik quruluşuna da böyük təsiri var. İdman gözəl görkəm yaradır. Mən bunu da daim tələbələrə vurğulayıram ki, yaraşıqlı, gözəl görünmək istəyirsinizsə, idmanla məşğul olun.  Kənardan idmanla məşğul olduğun dərhal bilinəcək. Sizə baxanda da kimdəsə idmana həvəs yaranacaq. İnsanın gözəl görkəmi onun iş fəaliyyətinə də təsir göstərir”. 

N.Hacıveya uşaqları özlərinə uyğun idman növünə yönəltdiklərini bildirib: “Ümumiyyətlə, valideynlər uşaqlarını idman növlərinə yazdıranda biz onlarla ilk növbədə bu barədə söhbətlər aparırıq. Yəni, onların uşaqlarının həmin idman növünə nə dərəcədə yararlı olub-olmaması haqda danışırıq. Bilirsiniz ki, bir uşaq hər idman növünə uyğun ola bilməz. Biz buna peşəkar tərəfdən yanaşırıq. Ona görə də uşaqların idmanda daha da uğur qazanması, əlavə məşqlərdə iştirak etməsi, yarışlarda iştiraklarının təmin olunması üçün valideynlərlə söhbətlər aparırıq. Onlara məsləhət görürük ki, övladlarını izləyici kimi daim ölkə birinciliklərinə aparsınlar ki, uşaqlar öz dostlarını, yoldaşlarını dəstəkləsinlər, orada hər hansı bir təcrübə qazansınlar. Ölkəmizdə dünya standartlarına uyğun olan böyük arenalar tikilib. Bu arenalarda mötəbər yarışlar keçirilir. Biz məsləhət görürük ki, valideynlər uşaqlarını arenalarda keçirilən tədbirlərə aparsınlar, iştirak etsinlər. Bura uşaqların, gənclərin iştirakı onlarda yüksək əhval-ruhiyə, böyük perspektiv yaradacaq. Onlar yüksək səviyyəli idmançıları izləyərək böyük təcrübə əldə edəcəklər”.

O, uğura nail olan idmançıların uşaqlarla təcrübələrini bölüşdüklərini bildirib: “Çox böyük qürur hissi ilə qeyd edə bilərəm ki, idman bölmələrimiz üzrə yüksək dərəcəli, yüksək səviyyəli idmançılarımız var ki, ölkəmizi, vətənimizi xaricdə layiqincə təmsil edib, bayrağımızı yüksəklərə qaldırmışdırlar. Həmin idmançılarımız bizim idman tədbirlərimizdə, məşqlərimizdə tez-tez iştirak edirlər, yeni başlayanlara köməklik göstərirlər, öz tövsiyələrini, məsləhətlərini verirlər. Bu da idmançılarımızda daha çox stimul, motivasiya yaradır və gələcəkdə onların da bu cür yüksək səviyyəli idmançı kimi yetişməklərinə köməklik göstərir”.

Nur Zeynalova,
Cavad Musayev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər