"Qarabağ"ın İmarətsiz uşaqlarını ağlatmayın

"Qarabağ"ın İmarətsiz uşaqlarını ağlatmayın
YAZARLAR 30 Dekabr 2018 / 12:26 9449
-  A +

Bir musiqiyə yüz dəfə, lap iki yüz dəfə qulaq asarsan, doymazsan, əlli ildi «Sona bülbüllər»dən doymayan kimi, ya olsun «Ölkəm», təbii ki, Bülbülün ifasında. Bir filmə, bir teatra dəfələrlə təkrar baxa bilərsən, ləzzəti itməz. Məsələn, Bəxtiyar Vahabzadənin «Özümüzü kəsən qılınc», Mirzə Cəlilin «Ölülər» və «Dəli yığıncağı», Əli Əmirlinin «Şah Qacar» tamaşalarına Azdramada dəfələrlə baxmışam. Bir də vaxtilə İlyas Əfəndiyevin «Unuda bilmirəm»inə.

Bir romanı, ya bir şeiri təkrar-təkrar oxuyub zövq ala bilərsən və hətta hər dəfə təzə gələ bilər sənə. Dostoyevskinin bütün əsərlərini dəfələrlə oxumuşam. İlahi, Mirzə Cəlilin «Usta Zeynal»ı kimi bir hekayə varmı? Və ya Çexovun hekayələrini. Hamımız «Altıncı palata»nın pasiyentləriyik.

Amma bir futbolun nəinki təkrarına , hətta hesabını bildikdə baxa bilməzsən. Oyun bir gün əvvəl olubsa, heç nəticəsi də məlum deyil, amma yenə baxmağa həvəsin olmur.

Futbol! Elə bir möcüzəli tamaşadır ki, onu bircə dəfə göstərirlər.

Bir türk yazarı var: Nihat Gənc. Dəli-dolu, çılğın bir adam. Bir az da bizim qarabağlılar kimi, ağızdan harfadı. Yazıları da bəzən 18+ yox, 30+du. Hansı televiziya kanalında da bir neçə dəfə dalbadal canlı yayıma çıxırsa (üç saat çəkir canlı yayım) sonra ya həmin televiziya kanalını bağlayırlar, ya da vergilər həmin kanalı «tasa» oturdur.

Nihat bəyin futbolla bağlı çox maraqlı bir yazısı var, bizdə futbolla bağlı ən gözəl əsəri Seyfəddin Dağlı yazıb: «Afsayt Absatəli».

Nihat bəyin yazısını ləzzətlə bir neçə dəfə oxumuşam. Hər dəfə oxuyanda həm gülmüşəm, həm də kövrəlmişəm. O gün yenə oxudum. Yenə həm güldüm, həm də kövrəldim. Elə bil «Trabzonspor»dan, onun fanatlarından deyil, «Qarabağ»dan və bizim fanatlardan yazıb.

Onun və «Trabzonspor» fanatlarının (daha dəqiq desək, fanat cocuqlarının) yaşadıqlarını mən və «Qarabağ»ın fanatları da çox yaşayıb. İndi «Trabzonspor»un fanatlarının nə yaşadıqlarını bilmirəm, amma mən də, «Qarabağ»ın fanatları da hələ də o hissləri yaşayırıq, bir az fərqli.

Uşaqlar 16-cı sektorda otururdular: «Qarabağ bizimdi, bizim olacaq!», «Qa-ra-bağ!», «Qarabağ»! Söyüşün biri bir qəpik. Maşallah, dilimizdə də söyüşlərin sayı elə dilimizdəki sözlərin sayı qədərdi və bəlkə də çoxdur. Məsələn, dünyanın heç bir dilində belə bir söyüş eşidə bilməzsən ki, «sənin domovoy kniqanı…». Və 16-cı sektordakı uşaqlar qarabağlı səslərinin gur yerinə salıb «Heyratı» üstündə necə qışqırıb-bağırırdılarsa, bütün stadionun səsini batırırdılar. 10-17 yaş arası təxminən 200-250 uşaq idi.
Onların nə ev-eşikləri vardı, nə də normal geyim-gecimləri, nə öz məktəbləri, nə də üstündə dava saldıqları qızlar. Villalardan zirzəmilərə, sökülüb-dağılan yataqxanaların küncünə düşən bu uşaqların çoxu ata sevgisi, ata nəvazişi, ata silləsi dadmamışdı. Onları sevəcək, nəvaziş göstərəcək, sillələyəcək ataları, böyük qardaşları, əmiləri, dayıları bu milləti xilas eləmək, bu milləti yaşatmaq üçün və bu cocuqların stadionda çığırıb-bağırmaları üçün öz yaşamlarını qurban vemişdilər. Düşmən təkcə onların şəhərlərini işğal eləməmişdi, arzularını da, sevinclərini də, xoşbəxt uşaqlıqlarını da işğal etmişdi.
Onların bu dünyada heç nələri yox idi, bircə «Qarabağ»ları vardı. Vəssalam! Futbolda gülürdülər də, şənlənirdilər də, atılıb-düşürdülər də, amma gözlərinin içi heç vaxt gülmürdü.

Bu sevinci, bu gülüşü, bu şənliyi, atılıb-düşməyi onlara bircə «Qarabağ» yaşadırdı.

Nihatın trabzonlu uşaqları kimi futbola getməyə pulları da yox idi, başqa rayonlara oyuna getmək üçün avtobus biletləri də. Təkcə bayraqları vardı və bir də bu uşaqları futbola pulsuz buraxan yaxşı kişilər .
Soxulub doluşurdular avtobuslara, məsələn, Masallıyacan ayaq üstə gedirdilər. Zorla avtobusdan düşürən sürücülər də olurdu. Amma elə sürücülər də vardı ki:
- Doluşun,ə , avaralar – deyib gülümsəyər və şərt də qoyardı;- amma yolda oxuyacaqsız.
- «Qa-ra-bağ»!
Bağıra-bağıra Avtovağzaldan üzü stadiona. Rayonlardakı qaçqın uşaqlar da, qaçqın olmayan uşaqlar da onlara qoşulurdu. Elə bir yürüş alınırdı ki, heç bir müxalif partiya bugünədək elə bir yürüş təşkil edə bilməyib. Yolun kənarındakı camaat da onlara əl eləyərdi.
Masallıda bu uşaqlar «Qarabağ» çığıra-çığıra «Viləş»in stadionuna tərəf gedəndə bir yaşlı qadının, bir nənənin onlara baxıb necə:
- Can balalar! - deyib ağladığını öz gözlərimlə görmüşəm.
Kim bilir, bəlkə o nənənin də oğlu bu uşaqların ataları, əmiləri, qardaşları kimi Qarabağda bu uşaqların xətrinə şəhid olmuşdu?! Və nənə bu uşaqların timsalında öz nəvələrini görürdü.
Ağdamda uşaqlar məhlələrə bölünürdülər : İmarət uşaqları, İnternat uşaqları , Bazar uşaqları, Acməhlə, Toxməhlə uşaqları və sair və ilaxır.
Biz də Ağcabədinin Bayat kəndindən Ağdama köçəndə aldığımız ev Acməhləyə düşmüşdü, yəni bəndəniz tox olsa da, Acməhlə uşağıydı.
Ən davakarlar, çılğınlar da İmarət və Acməhləlilər idi.
Nihat bəyin trabzonlu uşaqları həmişə futbola gedərkən yeməkxanaları, dükanları yağmalayırdılar, dava-dalaş salırdılar, bizim uşaqlarda o yox idi. Amma oyundan sonra elə bir dava düşürdü ki, hətta onları ayırmaq istəyən böyüklər də görürdülər ayıra bilmirdilər, özləri dalaşırdılar.
Yeməkxanaları, dükanları yağmalamasalar da, İmarətdə futboldan sonra Məhərrəm kişinin bağına qarğa-quzğun kimi daraşardılar.
Stadionun həm bağbanı, həm də qaravulçusu Məhərrəm kişi də əlində ağac bu cin-şəyətinin hansına çatsın, hansı ki öz nəvələri də onların içindədi.
16-cı sektordakı uşaqlar bağırır, çığırır, söyür, xorla qarşı komanda haqqında yazıya gəlməyəcək söyüşü oxuyurlar:
- … , … ü!
Polislər sektora girib birini qapazlayır, birini sillələyir. Durub keçirəm həmin sektora. Uşaqları polislərin əlindən alıram.
- İşiniz yoxdu! Stadion təkcə futbol meydanı deyil ey, həm də söyüş meydanıdı. Siz özünüz söymürsüz?
Sonra da uşaqlara təpinirəm:
- Söyüş söyməyin. Yoxsa sizdən küsərəm, polislərin əvəzinə mən döyərəm sizi.
- Aqil əmi, görmürsən, analarını öpdüyüm bulka yeyənlər bizim Nazimi qəsdən necə vurdular? Sudya əvrəş də ştraf vermədi.
Sabah dövlət imtahanı olacaq, bu gün isə «Neftçi» oynayır. Stadionda öz yerimə keçirəm. Oturmaq istəyəndə bir də gördüm ki, Dövlət İmtahan Komissiyasının sədri, professor Mirəli Seyidov əyləşib. Mənim biletim də onun yanındadı. Salamlaşıb sakitcə otururam. Büzüşmüşəm, professorun qorxusundan cınqırımı da çıxarmıram. Professor da məzlum-məzlum oturub, o da sakitdi. Oyun gedir, «Neftçi» də uduzur.
Birdən professor əlini çiynimə qoyub dedi:
- Ay bala, mən səndən utanıb söyüb bağırmıram. Barı, sən söy, mənim də ürəyim boşalsın.
Vay dədəm, vay. Necə bağırıramsa, artıq professor da mənə qoşulub.
Səhər imtahandı. Bəxtiyar Vahabzadə oturub, Ağamusa Axundov oturub, Firudin Hüseynov kimi əjdaha oturub, Allah sən saxla, Həsən Şirəliyev də ordadı. Yaxınlaşıram bilet çəkməyə.
Mirəli Seyidov deyir:
- Gəlin buna beş yazaq. Heç bilirsiniz bu necə gözəl söyüşlər bilir?
Heç bilet də çəkmirəm, mənə beş yazırlar və komissiya üzvlərinin hamısı da gülür.
Mirəli Seyidov Oljas Süleymenov «Az i Ya»nı yazmamışdan əvvəl həmin mövzunu yazan bir kişiydi. Şumerdən üzü bəri bütün tariximizi gözəl bilirdi, ən ciddi tədqiqatçı idi. Qədim erməni dilini də ermənilərdən yaxşı bilirdi. Hələ ermənilərlə bacı-qardaş olan vaxt onların öz əsərlərinə istinad edib erməniləri yıxıb-sürüyürdü. Və vaxtilə əvvəllər «Dinamo» adlanan «Ararat»ın oyunçusu olmuşdu. Oyun vaxtı qılçası qırıldığından futbolu atmışdı və ölənədək axsayırdı. Özü də başdan-ayağa Süleyman Rəhimov kimi nur idi.
Bir dəfə oyuna 4-5 dəqiqə gecikmişdim. Yerimə keçəndə gördüm ki, uşaqlar mısmırıqlarını sallayıb oturublar, sakitlikdi. Elə bil futbola yox, üzünü görmədikləri Azdramada hansısa mənasız bir tamaşaya baxırlar. Polislər də düzülüb.
Qəfildən məni görən uşaqlar xorla bağırırlar:
- Aqil əmi gəldi!
- Aqil əmi gəldi!
Bağırtı, çığırtı, söyüş… Stadiona bomba düşdü. Deməli, Aqil əmi gəlibsə polislər onlara bir söz deməyəcək.
Onda ki «Qarabağ» uduzurdu . Elə bil o uşaqların evləri indicə bombalanıb. Atalarının, qardaşlarının, ya əmilərinin ölüm xəbəri onlara indicə çatıb. Allah-Allah, necə ağlayırdılar. Və bəzən mən də özümü saxlaya bilməyib uşaqları qucaqlayıb onlara qoşulurdum.
Oyun başlayanda çox vaxt stadiona futbolçularla girirdim. Uşaqların oturduğu səmti onlara göstərib deyirdim:
- Sizə qurban olum, o uşaqları ağlamağa qoymayın!
Mən o uşaqların qoruyucu mələyi idim.
… Çox zülmlə, uzun sürən mübarizədən, AFFA rəhbərliyinin, xüsusilə də PFL-in prezidenti Ramin Musayevin qətiyyətindən sonra «Qarabağ»ın ev oyunlarının Quzanlıda keçirilməsinə nail olduq.
Fanatlar, «Qarabağ»sevərlər komandanın avtobusunu bayraqlarla hələ Yevlaxda qarşılayıb Quzanlıya qədər müşayiət edirdilər. Rayonun həmin dövrdəki icra başçısı Həsən Sarıyevlə mən Dördyolda gözləyirdik. Təkcə biz yox, yüzlərlə ağdamlı. Avtobus görünür. Ön şüşəyə belə bir şüar yazılıb: «Bu gün Quzanlıya, sabah Ağdama!». Avtobus Quzanlıya daxil olur.
Uşaqlar «Qarabağ» çığıra-çığıra düz stadiona qədər avtobusun yanıyla və arxasınca qaçırlar. Stadionun önündə avtobus dayanır. Kimsə dırmaşıb şüarı öpür. Əvvəlcə Ramin müəllim, ardınca futbolçular tökülür. Ürrey ilə uşaqlı-böyüklü hamı futbolçulara hücum edir. Biri qucaqlayır, biri boynuna sarılır, Vüqar Nadirovu sevincdən didim-didim edirlər. Şəhərdəki fanat uşaqların çoxu da kimi gecə qatarla, kimi avtobusla tökülüb gəliblər.

Allahverdi Bağırovun neçə metrlik afişası da açılıb.
Adil Nadirov birtəhər futbolçuları camaatın əlindən alır, polis işçilərinə deyir ki, kömək eləyin də.
Polislər:
-Nadirov, utanmasaq biz özümüz o futbolçuları çiyinlərimizə alıb stadiona apararıq.
Stadionda iynə atsan yerə düşməz. Adam özünü Ağdamda, İmarətdə hiss edir. Yüzlərlə adam ayaqüstə, çoxu da elə İmarətdəki kimi yerdə oturub.
Oyundan sonra Həsən müəllim çox böyük bir ziyafət verir.
Bakıdan gələn uşaqlarla maraqlanıram, acdılar, susuzdular? Öyrənirəm ki, kimilərini qohum-əqrəbaları, dost-tanışları götürüb aparıb, qalanları da Olimpiya kompleksində.
Həsən müəllim deyir:
- Narahat olma, tapşırmışam.Kompleksin yeməkxanası onlar gedənədək uşaqları pulsuz yedirdib-içirdəcək.
Çox təəssüf ki, sonralar komanda Ağdam camaatının da, o uşaqların da sevincini götürüb yenidən Suraxanıya qayıtdı.
Yaşlılar içində ən böyük fanat Xalıqoğlu Kamil idi (yeri behişt olsun). «Qarabağ»ın bir oyununu da buraxmazdı. Durub Quzanlıdan gələrdi Bakıya, Sumqayıta, Lənkərana, Şəmkirə, Masallıya. Özü də həmişə «Allahverdi Bağırovun uşaqları»nın arasında oturardı.
Deyirdim, Kamil, gəl bizimlə otur.
Qayıdırdı ki:
- Yox ey, Məllim, mən həm «Qarabağ»a balet eləməyə gəlmişəm, həm də bu uşaqlara.
… Qarabağda savaş başladı. Vaxtilə Məhərrəm kişinin qovaladığı uşaqlar 35-40 yaşlarında. Məhərrəm kişi indi onların uşaqlarını qovalayır. «Qarabağ»ın oyunçusu, həm də kapitanı Eldar Bağırov təkcə Məhərrəm kişinin vaxtilə qovaladığı o uşaqları yox, həm də rayonun say-seçmə oğlanlarını, eləcə də başqa bölgələrdən Ağdama köməyə gəlmiş qeyrətli gəncləri başına yığıb Xalq hərəkatı yaradır. Özünü mübarizənin önünə atır. 91-ci ildə Bakıda Parlamentdən çıxıb bacısıgilə gedərkən 4-cü mikrorayonda sui-qəsd nəticəsində öldürüldü. Hansı ki səhər Parlamentdə erməni ziyalılarının Azərbaycan hökumətinə ünvanlanmış 40-dan çox ziyalının və içində Sosialist Qəhrəmanları olan vəzifəlilərin xoşməramlı və Azərbaycana dəstəklərini bildirən müraciətlərini oxuyacaqdı. Bu yaxınlarda Ayaz Mütəllibov belə bir müraciətin olduğunu etiraf elədi. Çox qəribədir ki, Eldar Bağırovun öldürülməsindən sonra həmin o müraciəti imzalayanları da bir-bir ermənilər özləri öldürdü.
Və Eldar Bağırovun ölümü hələ də müəmmalıdı.
… «Qarabağ»ın, elə Ağdamın bel sütunu, kapitanı, sonra məşqçisi Allahverdi Bağırov hərəkatı qardaşının əvəzinə öz üzərinə götürdü. Komandir elə təkcə erməni əsirliyində olan 1003 xocalılını xilas etmişdi. Əsgəranın Naxçıvanik kəndini düşməndən təmizləyəndən sonra elə Naxçıvanikdə də şəhid düşdü.
… «Qarabağ»ın ən dəli-dolu oyunçusu, Adil Nadirovun qardaşı, məşhur futbolçu Vüqar Nadirovun atası General Ərşad Seyidli, Sarıtəpə cavanlarını başına yığıb batalyon yaratdı və düşmənlə döyüşdə də şəhid oldu.
… Fred Asif. Vaxtilə Məhərrəm kişinin qovaladığı İmarət uşaqlarını, Acməhlə və Toxməhlə uşaqlarını İmarətə yığıb «Haqq cəbhəsi» adlanan batalyona komandirlik edir. Mənim «Dolu» romanımda obrazlarını yaratdığım Drakon və Pələng də Fred Asifin əsgərləri idi. Fred Asif ağır xəstə olmasına baxmayaraq, batalyonu ən ağır döyüşlərə aparır. Xocalı faciəsi gecəsi Fredin batalyonu özünü güllə qabağına atıb yaralanmış, meşələrdə qarın-şaxtanın içində qalmış nə qədər xocalılını ölümün əlindən qoparır. Yoxsa daha böyük bir faciə yaşanardı.
… Əlifoğlu Nazim. Düzdür, elə də güclü oyunçu deyildi, amma müharibə başlayanda Daşkənddə Daxili İşlər Nazirliyində yüksək postunu buraxıb Ağdama dönmüşdü və tağım komandiri idi. Tağımı ilə birlikdə Qərvənd uğrunda gedən döyüşlərdə bir addım geri çəkilmədi və şəhid oldular.
Adını yazmadığım neçə-neçə «Qarabağ» futbolçusu Vətən yolunda ölümün gözünə dik baxdı.
«Beşiktaş»ın bütün futbolçuları Çanaqqalada şəhid olduqları kimi, «Qarabağ» oyunçularının əksəriyyəti də bu Vətən uğrunda döyüşdə şəhid oldu.
«Qarabağ» da «Beşiktaş» kimi şəhid komandadır.
Məhərrəm kişinin ağacının qabağına qatıb qovaladığı fanatların da bəlkə 70-80 faizi döyüşlərdə canlarından keçdilər.
16-cı sektorda oturanlar, avtobusdan sallanıb Sumqayıta oyuna baxmağa gələnlər, çığırıb-bağırıb hay-küylə «Qarabağ» çağıranlar, Masallıda o nənəni ağladanların əksəriyyəti döyüşlərdə həlak olan o fanatların övladları, nəvələri idi.
Son zamanlar oyun vaxtı çox həyəcanlanıram deyin, stadiona az-az gedirəm. Çünki stadiona gedəndə bu yaşımda dönürəm əlli il bundan əvvəlki Acməhlənin uşaqlarına. Hətta bəzən evdə də oyun vaxtı çox həyəcanlandığıma görə…
- Ə, topu evinizə aparassan, at də!
- Bunun verdiyi padaçaya bax ey!
- Bu Foqts dədələrinin hayıfını bizdən alır!
- Sənin sudya atana lənət! Ə, nemes, görmürsən gül kimi qoldu?!
Böyük oğlum:
- Bu iyirmi iki avara axırda kişini dəli edəcək.
Türkiyə millisi, eləcə də «Qarabağ» oynayanda bütün oyunboyu əllərimi göyə tuturam:
-Tanrım, sən özün kömək ol, biz udaq!
Evdə də deyirlər Tanrı gəlib onların əvəzinə qol vuracaq, bəsdi də.
- Tanrı gəlməyəcək, amma o qədər boş-bekar mələyi var ki, göndərər də.
Bizimkilər qol vuranda:
- Gördüz, eşitdi?!
Uduzanda:
- Bəs, nə oldu?
- Görünür, o biri komandanın dua edənləri daha çoxdu.
Xanımım:
- Bu futbol axırda səni infarkt edəcək. – deyir və televizorun kanalını dəyişir.
«Qarabağ» uduzanda məni bu məğlubiyyət o qədər də yandırmır. Futboldu, qələbə də var, məğlubiyyət də.
«Qarabağ» uduzanda məni o uşaqların göz yaşları yandırır. Özü də lap cızdağımı çıxarır.
- Sizə qurban olum Qurban və onun köhlənləri, mən ölüm, o uşaqları ağlatmayın!

Aqil ABBAS

P.S. Söhrab Tahirin Sibir haqqında silsilə şeirlərinin içində biri belədi: «Bir rus şairi kimi yaza bilsəydim». Çox ağrılı şeirdi. Bəxtiyar Vahabzadə demiş: «Gedin bunun çortuna, görün nə görərsiz».

Kaş mən də qeydlərimi Nihat Gənc kimi yaza bilsəydim! Ağdamda İmarətdə «Qarabağ»ın oyununa baxandan sonra, dəxli yoxdu udub, ya uduzub! Nihat Gəncin də hekayəsini bugünki sayımızda oxuya bilərsiniz.

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər