Xəbər verdiyimiz kimi, yanvar ayında yeddi illik həbs həyatından sonra azadlığa çıxan Azərbaycanın ilk peşəkar boksçusu Fariz Məmmədov yenidən peşəkar idmana qayıdıb. Bugünlərdə isə Məmmədov Almaniyanın boks şirkətlərinin biriylə müqavilə imzalayıb. May ayında Farizin həmin ölkədə bir döyüşü nəzərdə tutulub.
Qol.Az saytının müxbiri döyüş ərəfəsində F.Məmmədovla görüşərək ondan müsahibə alıb.
- Həbsdən çıxan kimi yenidən peşəkar boksa qayıtmağı qərara aldınız. Halbuki yeddi il idi idmansız qalmışdın.
- Düzü, bu barədə məndən dostlarım da soruşurlar. Bu yaşda və bundan da erkən bizim bir neçə boksçumuz karyeralarını başa vurub. Mən yeddi il cəza çəkdiyim müddətdə ancaq və ancaq idmana qayıtmaq barədə fikirləşmişəm. Peşəkar boks mənim təkcə peşəm deyil, həm də həyatdakı xarakter və obrazımdır. Mən bokssuz yaşaya bilmərəm.
- Türmədə olanda məşq edirdiniz?
- Formamı saxlamağa çalışırdım. Amma əlbəttə ki, cəzaçəkmə müəssisəsindəki hazırlıq zaldakı hazırlığa çata bilməz. Fəal hazırlığa bir neçə həftə əvvəl başlamışam. Mənim məşqçilər heyətimdə əvvəlkitək Zahid Əliyev, kikboks üzrə dünya çempionu Anar Məmmədov və güləşçi Saday İsmayılov yer alıb.
- Sənin bu qədər uzun müddətli fasilədən sonra idmana qayıtmağın və Almaniya şirkətiylə müqavilə imzalamağın gözlənilməz oldu.
- Bu yaxınlarda dostum və bizim idmançımız Azad Əzizov məni Almaniyaya dəvət etdi. Azad orada həm boksla məşğul olur, həm də yaşayır. Səfər zamanı mən rinqə çıxaraq Azadla sparrinq döyüş keçirdim. Qeyd edim ki, son yeddi ildə ilk dəfəydi rinqə çıxır və əlcək geyinirdim. Bu, sırf menecerlər üçün nəzərdə tutulmuş döyüş idi. Onlar inana bilmirdilər ki, mən bu qədər müddətdə idmansız qalmışam. Döyüşümdən razı qalan alman menecerlər mənə müqavilə bağlamağı təklif etdilər. Beləliklə də, onlarla iki illik müqaviləyə imza atdım.
- May ayı üçün döyüş keçirməyiniz nəzərdə tutulur. Yeddi il idmanla məşğul olmayan birisi üçün bu, riskli deyil?
- Aydın məsələdir ki, mən 24 yaşımdakı kimi formada deyiləm. Belə deyək, hər şeyə təzədən yox, mənfidən başlayıram. Amma ən vacibi odur ki, özümdə böyük bir inam hiss edirəm. Həmişə demişəm, çempion olmurlar, çempion doğulurlar. Mən çempion kimi doğulduğumu yenidən təsdiqləmək istəyirəm.
- Bəs, məşqçilərin may ayında döyüş keçirməyinlə bağlı nə deyirlər?
- Açığı, həm dostlarım, həm də məşqçim risk etməyimi istəmir. Düzdür, onlar inanırlar ki, çox şeyə nail ola bilərəm. Amma bu qədər uzun müddətdən sonra döyüş təyin etməyimi riskli sayırlar. Buna baxmayaraq, mən özümə inanıram.
Dostlarım da deyir ki, indi döyüşmək hələ tezdir. Onlar məsləhət görürlər ki, ilin sonlarında rinqə çıxım. 12 raundluq döyüş keçirməyi riskli sayırlar. Amma hesab edirəm ki, çempion rinqə elə çempion kimi qayıtmalıdır.
- Kiminlə döyüşəcəyin müəyyənləşib?
- Hələlik danışıqlar gedir. Yaxın günlərdə rəqiblə bağlı açıqlama verəcəyik.
- Əvvəl 61 kq. çəkidə yarışırdın. Bəs, indi necə, çəkində dəyişiklik olacaq?
- Hə. Bu dəfə 63 kq.da çıxış etməyi nəzərdə tuturam. Hazırda çəkim 70 kq.dır. Döyüşə qədər çəkimi azaldacağam. Ən əsası mənim əhvalımdır. İdmana qayıtmağa psixoloji tərəfdən hazıram.
- Hazırda psixoloji durumun nə yerdədir?
- 2004-cü ildə olduğunda qat-qat yaxşı. İndi özümü daha rahat hiss edirəm, daha soyuq başla düşünürəm.
- Həbsdə olanda Azərbaycan idmanıyla maraqlanırdın?
- Azərbaycan idmançılarının uğurları məni çox sevindirirdi. Azərbaycan prezidentinin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, idmanda da gözəl işlər görülür. Bilirəm ki, qazandığımız medalların sayı əvvəlki illərə nisbətən artıb. Dünya və Avropa çempionu olan idmançılarımız çoxalır. Şadam ki, mənim həmkarlarım ölkəmizi layiqli şəkildə təmsil edirlər.
- Azərbaycanın həvəskar boks üzrə milli komandasının tərkibinə çox sayda legioner cəlb olunub. Buna münasibətin necədir?
- Boks millisi mənim çox xoşuma gəlir. Orada güclü boksçular çıxış edir. Aralarında dünya və Avropa çempionu olanlar var. Azərbaycan cəmi 20 ildir müstəqilliyini bərpa edib, bu müddətdə idmanda bu qədər işin görülməsi az şey deyil. Bu mənada, düşünürəm ki, boksçulara yaradılan bu qədər şəraitin qarşılığında onlar bütün yarışlarda yaxşı nəticə verməyə borcludurlar.
- Həbsdə olanda dostların, yaxınların səninlə əlaqə saxlayırdılar?
- Dost sözü mənim üçün müqəddəsdir. Kim ki mənim dostumdur, onlar həbsdə olanda da məni tək buraxmadılar. Allaha çox şükür ki, dost seçimində yanılmamışam.
- Yeri gəlmişkən, həbs həyatında mütaliə edirdin?
- Quranı oxuyurdum. Bundan başqa, dünyəvi kitablara da maraq göstərirdim.
- Sənin qazandığın titullar qüvvədə qalır, yoxsa?
- Təəssüf ki, yox. Bildiyiniz kimi, mən WBO və WBCA versiyalarında kəmərə sahib olmuşdum. Kəmərin sahibi ildə bir dəfə onu qorumaq üçün döyüş keçirməlidir. Amma mənim belə bir imkanım olmadı. Buna görə də hazırda keçmiş çempion sayılıram.
- Menecerlər fiziki durumunla bağlı nə dedilər?
- Onlar yaxşı mənada təəccüblənmişdilər. Hətta bəziləri Almaniyada qalıb yaşamağımı təklif etdilər. Amma mən buna razı olmadım. Mən vətənimi sevirəm və heç yana getməyə hazırlaşmıram. Yeddi il az müddət deyil. Bu dövrdə çox şey barədə fikirləşmişəm.
- Ötən yeddi ilə baxanda peşmançılıq hissləri keçirdiyin olub?
- Qanunun qarşısında hamı birdir. Sıravi insan da, məşhur idmançı da. 20-25 yaş idmançı üçün ən təhlükəli mərhələdir. Zamanında səhvlər etdim və qanunla da haqlı olaraq cəzamı çəkdim. İndi 32 yaşım var. Peşəkar boksda çox şey 30 yaşdan sonra başlayır. Bu mənada, bundan sonra bütün fikrimi ancaq idmana yönəldib uğurlar qazanmaq istəyirəm.
MEDİA müsabiqə elan edib
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi