"Ehtiyatda çox qalsam, getməyi düşünərəm" – Qara Qarayev

"Ehtiyatda çox qalsam, getməyi düşünərəm" – Qara Qarayev
MÜSAHİBƏ 28 Fevral 2016 / 14:45 9050
-  A +

“Qarabağ”ın futbolçusu Qara Qarayev Topaz Premyer Liqanın 23-cü turunda "İnter"lə 1:1 bərabərə qaldıqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb

-  İlk olaraq oyun haqqında fikirlərini öyrənək. Son anda məğlubiyyətdən xilas oldunuz. 

-  “İnter” bizə yad olan taktiki sxemlə oynayırdı. Bu da bizə  çətinlik yaradırdı. Düşünürəm ki, ümumilikdə oyunu yaxşı başa vurduq. Amma məğlub da ola bilərdik. Əsas odur ki, bir xal götürməyi bacardıq. Qarşıdan gələn oyunlar bundan da ağır olacaq. “Zirə” ilə xal fərqi də getdikcə azalmaqdadı.

- Bu sizi narahat edir?

- Hər oyun, hər tur keçdikcə komandalar fərqli nəticələr qazanırlar. Çempionatın qızğın olacağını demək mümkündür. Bəzi komandalar öz oyunlarını tapıb. “Zirə”nin bizə yaxınlaşması o deməkdir ki, biz daha ciddi və daha diqqətli oynamalıyıq.

- “Qarabağ” istədiyi epizodları yarada bilmirdi. Rəşad Sadıqovun fikrincə, “İnter” müdafiədə çox oyunçu saxladığı üçün belə alındı. Sənin bu haqda fikrin necədir?

- Özünüz də oyunu gördünüz. Rəşad düz deyir. “İnter” 5 müdafiəçi, üstəlik iki dayaq yarımmüdafiəçisi ilə də müdafiədə idi. Həqiqətən də bu cür müdafiəni yarmaq  çətin idi. Amma sona yaxın “İnter” yorulmuşdu.  Buna səbəb də oyunboyu bizim daha çox topa sahib olmağımız idi. Düşünürəm ki, bu yorğunluq “İnter”də boşluq verdi.

- Belə söhbətlər yayılıb ki, Qurban Qurbanovla daim oynamaq barədə söhbət etmisən. Nə dərəcədə doğrudur?

- Belə söhbət olmayıb. Çünki lüzum görülməyib. Baş məşqçimiz nə vaxt əsas heyətdə meydana buraxacaq oynayacağıq, buraxmayacaq oturub gözləyəcəyik.

- Adın “Qəbələ” ilə hallanırdı...

- Hamısı şayiədir. “Qarabağ”da ola-ola heç bir komanda ilə danışmıram və danışmaq niyyətim də yoxdu.

- “Qarabağ”dakı hazırkı vəziyyətin səni qane edir?

- Ola bilər hansısa çətinliklər yaransın. Bu da normal haldır. Düşünürəm ki, bu vəziyyəti yaxşı keçirəcəm. Fərhad Vəliyev vaxtilə “Qarabağ”ın əsas qapıçısı idi. Amma sonralar ehtiyatda oturdu və indi heç oyunlara da çıxmır.

- Fikirləşmirsən ki, sən də bu cür hadisə ilə qarşılaşarsan?

- Mən 6 ay, 1 il deyil ki, ehtiyatdayam.Sadəcə, 2-3 oyundu belə vəziyyət yaranıb. Bir-iki il ehtiyatda qalsam, Qurban Qurbanov özü də istəyər ki, gedim başqa klubda oynayım, formada qalım. Amma indiki halda elə də çox ehtiyatda qalmıram. Baş məşqçimizi də yaxşı başa düşürəm. Həqiqətən də limitə görə bəzi dəyişikliklər məcburidir. Buna da canla-başla razı oluruq. Amma görsəm ki, ehtiyatda çox otururam, o zaman getməyi düşünərəm. İndiki halda isə düşünmürəm.

Ergün SEYİD

Daha çox


Son xəbərlər