“Neftçi”də Çempionlar Liqasının nə olduğunu dərk etmirlər”

“Neftçi”də Çempionlar Liqasının nə olduğunu dərk etmirlər”
MÜSAHİBƏ 22 Oktyabr 2015 / 16:25 7814
-  A +

“Neftçi” klubunun sabiq vitse-prezidenti Tahir Süleymanovun Qol.Az saytına müsahibəsi

- Tahir Süleymanovu işgüzar insan kimi tanıyırıq. İşsizlik sizi darıxdırmır ki?

- Təbii ki, bizim taleyimizə futbol yazılıb. Ömrümüzün sonuna qədər futbolun içində olacağıq. “Qarabağ” və “Qəbələ”nin çıxmaq şərtilə digər klublarımızın düşdüyü vəziyyətə üzülürəm.   İstənilən halda Azərbaycan futboluna öz köməyimizi əsirgəməmişik. Bilirsiniz ki, “sabahın ulduzları” layihəsi də bizə aiddir. Bu gün həmin layihə nəticəsində yetişən Coşqun Diniyev, Fəhmin Muradbəyli, Elşən Abdullayev, Mahir Mədətov və onlarla klubumuzun, milli komandalarımızın start heyətində yer alan gənc futbolçular var. İndi elə bir durum yaranıb ki, Rüstəm Rəhimov kimi hakimlikdə son dərəcədə uğur qazanmış bir şəxs adicə Premyer Liqa oyunlarına hakim-inspektor kimi təyinat almır. O, illərlə yığdığı təcrübəni gənc hakimlərə verə bilmirsə, təbii ki, futboldan anlayışı olmayan, ancaq bu işin içində olan insanlar Azərbaycan futbolunun gələcəyini düşünə bilməzlər. Rüstəm Rəhimovlar, Tahir Süleymanovlar və digər Azərbaycan futboluna əməyi keçmiş insanların potensialından istifadə etmək lazımdır. Bunu biz yox, futbola cavabdeh olan insanlar düşünməlidir.


“NEFTÇİ”YƏ  LAZIM OLMAYAN ELVİN YUNUSZADƏ BU GÜN “QARABAĞ”DA YÜKSƏK SƏVİYYƏDƏ ÇIXIŞ EDİR”


- Gəlin, futbolumuzun bugünkü durumu haqda danışaq.   

- Futbolumuzda çox böyük təzad var. Dünyada baş verən maliyyə böhranı Azərbaycan futbolundan da yan keçmədi. Bununla yanaşı “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasındakı uğurlu çıxışı bizi sevindirir. Milli komandamızın çox aşağı səviyyədə çıxışları və U-21 yığmamızla bağlı durum göz qabağındadır. Hazırda “Qarabağ” və “Qəbələ” Azərbaycan klub futbolunun markasıdır. Çox təəssüf ki, bu iki komandanı çıxmaq şərtilə digər klublarımız eniş dövrünü yaşayır.  Çempionatımızın səviyyəsi də aşağıdır. Artıq demək olar ki, “Qarabağ” və “Qəbələ”yə rəqib yoxdur.  Bu gün “Qarabağ” istər komanda formalaşdırmaqda, istərsə də idarəçilik sistemində digər klublarımıza nümunədir. Fikir verin, “Neftçi”yə  lazım olmayan Elvin Yunuszadə bu gün “Qarabağ”da yüksək səviyyədə çıxış edir və getdikcə potensialını arıtırır. Sevindirici məqam odur ki, maliyyə böhranının olmasına baxmayaraq, çempionatın bütün oyunları yüksək səviyyədə canlı yayımlanır. Bu da çempionatn gələcək inkişafına təkan verəbiləcək amillərdən biridir.


                                         


“NEFTÇİ” RƏHBƏRLİYİ HANSISA BİR MENECERİ QABAĞINA SALIB STADIONLARI GÖSTƏRMƏKLƏ NƏ EDƏCƏK?”


- Artıq klublarda məşqçi istefaları başlayıb. “Neftçi”nin baş məşqçisi Samir Əliyev də istefa verdi, ancaq rəhbərlik tərəfindən qəbul olunmadı. Bu barədə nə düşünürsünüz?

-Ümumiyyətlə, “Neftçi” başqa bir mövzudur. Bu klubu nə “Rəvan”la, nə də digəri ilə müqayisə etmək düzgün olar. Amma çox təəssüf ki, “Neftçi” kimi köklü klub qısa bir müddətdə nəinki ortabab, hətta autsayder komandaya çevrilib. Bu gün heç kim “Neftçi”dən çəkinmir. Məşqçi istefalarına gəldikdə isə hər bir baş məşqçi ona verilən şansdan düzgün istifadə etməlidir. Məsələnin kökündə klub idarəçiliyinin lazımi səviyyədə olmaması dayanır.  Klublarda futbolu bilən insanların az olması bu prosesləri tezləşdirir. Azərbaycanda son dövrlər baş verən məşqçi istefaları “Sumqayıt”ı çıxmaq şərtilə o məşqçilərin bacarıqsızlığı ilə deyil, klub idaçəliyində olan problemlərdən doğan məsələlərdir. 

- “Neftçi”nin autsayder komandaya çevrildiyini dediniz. Sizcə, niyə birdən-birə komanda bu günə düşdü?

- “Neftçi”nin son illərdəki uğurları göz önündə idi. Bu suala komandanı qısa müddətdə bu hala salanlar cavab verməlidir. Populist çıxışlarla, “biz gələcəyin komandasını qururuq” deməklə nəyə nail olacaqlar? Bildirirlər ki, layihələrimiz var. Söhbət hansı layihədən gedir? “Neftçi” kimi klubun rəhbərliyi “Fluminense”nin uşaq akademiyasının hansısa bir menecerini qabağına salıb stadionları göstərməklə nə edəcək? “Neftçi”ni bu qədər ucuzlaşdırmaq olmaz. Biz vaxtilə “Everton”un baş katibi Harrisondan tutmuş “Qalatasaray”ın vitse-prezidenti Adnan Sezginə qədər “Neftçi”yə gətirmişik və transferlər bağlı işlər görülüb.

Eyni zamanda onu qeyd etmək istərdim ki, “Neftçi”də transfer siyasəti çox aşağı səviyyədə aparırlır.  Bütün dünyada maliyyə problemləri olsa da, “Neftçi”nin heç vaxt bu yöndə sıxıntısı olmayıb və bu gün də yoxdur. Klubun kifayət qədər maliyyə dayaqları var.  Sadəcə, düzgün strategiyanın seçilməməsi vəziyyəti bu həddə çatdırıb. “Neftçi”nin indiki rəhbərliyi hazır bir kluba gəlmişdi. Qısa bir müddətdə “Neftçi” kimi komandanı bu günə salmaq acı bir təəssüf doğurur. Son zamanlar  ziyalılıqdan danışırlar. Guya Azərbaycan futbolunda ziyalılıq çatmır. Müşahidə Şuraları yaradırlar. Məncə, ən böyük ziyalılıq hər bir insanın öz işi ilə məşğul olmasıdır. Bir misal gətirmək istəyirəm. Bizim hörmətli jurnalistimiz, yazıçımız, millət vəkilimz Aqil Abbas müstəqillik dövründən indiyədək hər zaman “Qarabağ”ın yanında olub. Komandaya maddi və mənəvi köməyini də əsirgəməyib. Ancaq heç vaxt iddia etməyib ki, “Qarabağ”da bir Müşahidə Şurası yaradılsın və mən onun üzvü olum. Ən böyük ziyalılıq budur. Köməyinizi edin, azarkeşlik edin, lazım gəlsə, yardım da edin, ancaq Azərbaycan futbolunda ziyalılıq çatışmır adı ilə digər sahələrdə uğur qazanmış insanların futbola gəlməsi son dərəcədə yanlışdır. “Neftçi”nin son dövrlərdəki uğursuzluğunun kökündə də bu məqam durur.

- Yəni yenidən “Neftçi”yə futbolu bilənlər rəhbərlik etməlidir?

- Bəli. Müşahidə Şurasını yaradanlar təbii ki, öz şəxsi mənafelərini güdən insanlardır. Sabah “Neftçi”nin nəticələrinə görə nə Çingiz Abdullayev, nə yeni gələn Fərhad Bədəlbəyli, nə Cəbrayıl Cəbrayılov, nə də Bəhram Bağırzadə cavab verəcək. Komandanın uğursuzluğuna görə ilk növbədə idman direktoru Vəli Qasımov və Müşahidə Şurasının üzvü Səməd Qurbanov cavab verməli olacaq. Həmçinin, Müşahidə Şurasına yeni gələn Əsgər Abdullayev də cavabdehlik daşıyacaq. Çünki onlar futbol adamlarıdır. Vəli Qasımov Gedenin dövründə də “Nefçi”də çalışıb. O dövrdə uğrusuzluğa görə Gededən qabaq Vəli Qasımov “Neftçi” tərk etdi. Artıq bu səhvləri dərk etmək lazımdır. Qurban Qurbanov son oyunların birindən sonra keçirdiyi mətbuat konfransında maraqlı bir məqama toxunub. Bildirib ki, baş məşqçi ilə rəhbərliyin dialoqu mütləqdir. Söhbət qarşılıqlı müzakirələrdən gedir. Müşahidə Şurası ilə məşqçilər korpusu və futbolçular bir olmadan o klubda uğur ola bilməz. Çox təəssüf ki, “Neftçi”də durum fərqlidir. İndi heç autsayder klublar da “Neftçi”dən çəkinmir. Bununla belə, populist fikirlər səsləndirirlər ki, guya “Neftçi” iki ildən sonra Çempionlar Liqasının qrupunda oynayacaq. Birinci “Neftçi”nin turnir cədvəlindəki mövqeyinə baxsınlar. Hazırkı məqamda Çempionlar Liqası “Neftçi” üçün kainatdan da o tərəfdədir.


“BU CÜR BOŞ VƏDLƏRLƏ VAXT UDMAQLA HEÇ NƏYƏ NAİL OLMAQ OLMAZ. ELNUR MƏMMƏDOV KİMİ İNSANLAR FUTBOLU BİLMİRLƏR”




- “Neftçi” rəhbərliyi gəncləşdirmə siyasəti apardığını, böyük uğurlara bir neçə ildən sonra nail ola biləcəyini bəyan edib. 

- Xeyr, klubun icraçı direktoru Elnun Məmmədov dəfələrlə açıqlamalarında bildirib ki, “Neftçi” üç ildən sonra Çempionlar Liqasının qrupunda olacaq. Artıq Elnur Məmmədovun iki ili qalıb. Komandanın bu durumu ilə belə bir fikirlər səsləndirirlərsə, yəqin ki, bu insanlar Çempionlar Liqasının nə olduğunu dərk etmirlər. Bu cür boş vədlərlə, vaxt udmaqla heç nəyə nail olmaq olmaz. Bu insanlar futbolu bilmirlər.

- “Neftçi”dən ayrılarkən bildirmişdiniz ki, komandada hazırkı heyətdən heç kim qalmamalıdır. Həqiqətənmi heyət tam dəyişməli idi?

- Tam doğru bir məqama gəldiniz. Həmin dönəmdə lazımi addımlar atılmalı idi. Mən “Koper”ə məğlubiyyətdən sonra istefa verdim. O dövrdə nə “Koper”, nə də ondan ikiqat güclü komanda “Neftçi”nin qarşısında dayana bilərdi. Elə “Koper”lə cavab oyunu bunun əyani sübutu oldu. Ancaq heyət təbii ki, hər iki ildən bir normal şəkildə dəyişilməlidir. Yadınıza salın, 2012-ci ildə biz çempion olandan sonra heyəti 70 faiz dəyişdik və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Hətta çempion heyətin 70 faizini dəyişdik.  “Koper”lə oyundan sonra söylədiyim fikrə gəldikdə isə bəli, heyət tamam dəyişilməli idi. Amma bu şəkildə yox. “Neftçi”yə gələn legioner ən azı Flavinyo və Reynaldo səviyyəsində olmalıdır. Ancaq bu gün “Neftçi”yə “Simurq” səviyyəsində olan  Melli gətirilir. Yaxud da “Sumqayıt”dan 150-200 min manat civarında Məhəmməd Qurbanovu heyətə cəlb etməklə hər hansı uğurdan söhbət gedə bilməz. “Neftçi” Elvin Yunuszadə kimi Avropada təcrübəsi olan bir futbolçunu əsas rəqibi olan “Qarabağ”a havayı verirə, bu, klubun qeyri-peşəkar idarəçiliyindən xəbər verir.

- Sonda  “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki mübarizəsi haqda fikirlərinizi bilmək istərdik. Komandalarımız bu gün növbəti oyunlarına çıxacaq.

- Komandalarımız təmkinlə oynamalıdır. Bu gün çox mənfi bir tendensiya yaranıb. Klublarımızın üzərində mütləq qrupda çıxmalısız deyə  bir təzyiq var. Dərk etmək lazımdır ki, rəqiblərimiz “Tottenhem”, “Borussiya”, “Monako”, “Aderlext” kimi güclü komandalardır. Sadəcə, stabilliyi qoruyub saxlamaq lazımdır ki, yaxın gələcəkdə ilk növbədə “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlsin. Arzu edirəm ki, “Neftçi”nin başına gələn hadisələr “Qarabağ” və “Qəbələ”dən yan keçsin.Cəmi iki iddialı klubumuz var. Təbii ki, komandalarımız qrupdan çıxarsa, Azərbaycan futbolçu üçün gözəl bir tarix olar. Çıxamasalar belə, üzülməyə dəyməz. 

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər