“Hakim də, digərləri də səhv qərar verə bilər” - Azər Bağırov

“Hakim də, digərləri də səhv qərar verə bilər” - Azər Bağırov
PREMYER LİQA 21 Noyabr 2026 / 17:21 137
-  A +

“Şamaxı”nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 12-ci turunda “Turan Tovuz”a məğlub olduqları matçı (0:2) şərh edib.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında oyun barədə bunları söyləyib:

"Maraqlı oyun oldu. Məğlub olduğumuz üçün çox təəssüflənirəm. Birinci hissədə futbolçular yaxşı mübarizə apardılar. Demək olar ki, rəqibə qol imkanı yaratmağa imkan vermədik. İkinci hissədə isə psixoloji tarazlıq pozuldu, oyun üslubumuzda müəyyən axsamalar oldu. Amma yolumuza davam edəcəyik. Belə hallara oyundan-oyuna daha hazırlıqlı olmalıyıq. Hakim də, digərləri də səhv qərar verə bilər. Biz isə daha güclü olmalıyıq.

- Fasilədə Ayman Bualini əvəzlədiniz. Bu, zədə ilə bağlı idi?

- Elə bir qayda yoxdur ki, bütün futbolçular hər oyunda istənilən səviyyədə çıxış etsinlər. Buali ilk hissədə meydanda gözlədiyimiz oyunu göstərə bilmədi. Amma ondan razıyıq. Futboldur, əvəzetmələr də olur. Daha yaxşısını etmək istədik. Bunun nə dərəcədə alındığı isə başqa məsələdir.

- Hakimliklə bağlı fikriniz necədir?

- Emin Əliyev gənc hakimlərimizdəndir. Səhv hamıda olur. Biz də səhv edə bilərik. Bu gün hər birimiz Azərbaycan futboluna xidmət edirik. Ölkə futboluna nələrsə qazandırmağa çalışmalıyıq. Hakimlik barədə danışmaq istəmirəm.

- Komandanız say üstünlüyü əldə etsə də, rəqib qol vurdu. Sizcə, buna səbəb nə idi?

- Komanda qol vurmağa tələsdi, hücuma atıldıq. Nəticədə gözlədiyimiz hadisə baş verdi. “Turan Tovuz” futbolçularının fərdi keyfiyyətlərini bilirik. Onlar da məhz fərdi ustalıq hesabına qol vurdular. Sevindirici məqam isə gənc futbolçu Hacıəli Şirəliyevin bu gün debüt etməsi oldu. Buna sözün əsl mənasında sevinirəm.

- Fasilədə hakimlə müzakirə apararkən Yunis Hüseynov müdaxilə etdi. Orada nə baş vermişdi?

- Yunis müəllim veteran futbolçularımızdandır. O, meydanda bəzi məqamları düzgün görməmişdi. Mənim azarkeşləri qızışdırdığımı düşünürdü və buna görə iradını bildirdi. Məsələ bununla da bitdi. Azarkeşlərdən xahiş etdim ki, hakimlərə irad bildirməsinlər, yalnız komandamıza dəstək olsunlar. Həmişə doğru olanın tərəfindəyəm.


Qarabağ FK
Son xəbərlər
topaz banner