Biz belə çempionat istəyirdik

Biz belə çempionat istəyirdik
YAZARLAR 2 Noyabr 2026 / 10:32 723
-  A +

Bəli, biz məhz belə çempionat istəyirdik. Elə bir çempionat ki, mövsümün əvvəlindən hansı komandanın çempion olacağını təxmin etmək mümkün olmasın. Elə bir yarış ki, tez-tez turnir cədvəlinin mənzərəsi dəyişsin, favoritlər xal itirsin, autsayderlər sürpriz etsin. Ən əsası isə çempionatın həm üst, həm də sonuncu pillələrində ciddi rəqabət olsun.

Misli Premyer Liqasının bu mövsümündə sadaladığım halların şahidi oluruq. Hazırda elə bir komanda yoxdur ki, əvvəlki illərdəki kimi digərlərindən aşkar şəkildə fərqlənsin və çempionluğun əsas namizədi kimi göstərilsin. İndi "Qarabağ"ın bütün rəqiblərini qabaqlayacağına dair proqnoz verən çox olmaz. Ağdam klubu yenə iddialıdır, amma "Sabah" da, digər rəqiblər də ona ciddi müqavimət göstərmək gücündədir.

Bütün bunları ən çox son turun nəticələri təsdiqlədi. “Sabah" məğlub oldu, "Qarabağ" xal itirdi, "Neftçi" çox maraqlı keçən görüşdə "Şamaxı”ya çətinliklə qalib gəldi. “Zirə” isə son pillədə olan “Araz-Naxçıvan”a az qala uduzurdu. Bütün bunlar çempionatın intriqasını artırır.

Təkcə çempionluq mübarizəsində deyil, turnir cədvəlinin aşağı pillələrində də aşkar fərq yoxdur. Heç bir komandanı indidən autsayder adlandırmaq mümkün deyil. Yəni ən son pillələrdə qərarlaşan kollektivlərin də vəziyyəti dəyişmək, rəqiblərinə çatmaq imkanı var.

Diqqətçəkən məqamlardan biri də Azərbaycanın ən köklü klublarından olan "Kəpəz" və "Neftçi"nin mövqeyidir. Bu komandaların adını son illərdə daha çox turnir cədvəlinin aşağı hissəsində görməyə alışmışdıq. “Neftçi” ara-sıra yuxarı pillərə qalxsa da, sonda adına yaraşmayan yerdə olurdu. İndi isə “Neftçi” liderdir. Əsas rəqiblərindən sayılan “Qarabağ” və “Sabah”dan bir oyun artıq keçirsə də, hazırda ilk pillədədir və ən əsası komandanın yaxşı oyunu var. 5-ci yerdə olan “Kəpəz”i isə liderdən cəmi 4, son çempion “Sabah”dan 3 xal ayırır. Mövsümün əvvəlində kimsə buna bənzər bir proqnoz versəydi, heç kim inanmazdı. "Kəpəz"in belə bir mənzərədə yer alması çempionata əlavə rəng qatır. Məncə, “Kəpəz” və “Neftçi”nin iddialı olduğu və bunu meydanda göstərdiyi mövsüm maraqsız ola bilməz.

Əslində, futbol azarkeşinin istədiyi də budur - gözlənilməz hesablar, iddialı komandaların xal itirməsi və son dəqiqələrə qədər davam edən mübarizə. Cəmi 10 turun keçməsinə baxmayaraq biz çempionatımızda bunların hamısını görmüşük. Yarışın marağı təkcə çempionun kim olacağında deyil, hər turun özündə ayrıca intriqa yaranmasındadır. Necə ki, adətən bunun digər ölkələrdəki maraqlı çempionatlarda şahidi oluruq.

Bəs, bu mövsüm çempionatımız bizə nə vəd edir? Yarışın sona qədər gərgin və maraqlı keçəcəyini, bəlkə də sürprizlərlə dolu bir mövsüm olacağını. Başqa heç nə vəd etmir, proqnoz verməyə imkan yaratmır. İşin ən maraqlı və gözəl tərəfi də elə budur.

Ramiq Ağaməmmədov


Qarabağ FK
Son xəbərlər
topaz banner