"Artıq valideynlər qızlarının idmanla məşğul olmağına müsbət yanaşır"

"Artıq valideynlər qızlarının idmanla məşğul olmağına müsbət yanaşır"
MEDİA 5 Oktyabr 2024 / 17:45 910
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz 220 nömrəli məktəb-liseyin fiziki tərbiyə müəllimi Gülyana Özcan oldu

- Neçə ildir fiziki tərbiyə müəllimi olaraq çalışırsınız? 

- Uşaq yaşlarımdan futbolla məşğul olmuşam. Azərbaycanın U-17, U-19 və A millilərində oynamışam. Futbol karyeramı başa vurduqdan sonra hakimlik etməyə başlamışam. Beynəlxalq futbol hakimiyəm. Azərbaycan tarixində ilk dəfə qadın hakim olaraq 19 yaşadək qızlardan ibarət komandaların Avropa çempionatının final mərhələsini idarə etmişəm. UEFA lisenziyalı məşqçiyəm. Eyni zamanda 2011-ci ildən 220 nömrəli məktəb-liseydə fiziki tərbiyə müəllimi kimi fəaliyyət göstərirəm. TOPS təlimçisiyəm. UEFA-nın pleymeykers layihəsinin Azərbaycan üzrə koordinatoruyam. 

- Yeni dərs ili başladı. Ümumilikdə orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətini necə qiymətləndirirsiniz?

- Mən öz məktəbimdən nümunə gətirə bilərəm. Həmçinin bir çox məktəblər TOPS proqramı ilə tanışdılar. Bu proqramın təlimlərindən keçiblər. Bizim dəsrlərimizin şən, əyləncəli və təhlükəsiz keçməsində TOPS proqramından istifadə etməyimizin böyük rolu var. İllik planlaşdırmamıza uyğun olaraq dərslərimizi qururuq və şagirdlərimiz üçün maraqlı dərslər təşkil edirik. 

- ⁠Ümumilikdə orta məktəblərdə idman zallarının, meydançaların durumu qənaətbəxşdirmi? 

- Mənim əməkdaşlıq etdiyim bir neçə məktəb var ki, durum qənaətbəxşdir. Düşünürəm ki, müəllimlər məkandan düzgün istifadə edərək maraqlı dərslər apara bilərlər. Hətta bizim normal sinif otaqlarımızda belə fiziki tərbiyə fənninin keçilməsi üçün metodikalarımız var. Hesab edirəm ki, hər bir yaradıcı müəllim olduğu məkandan istifadə edərək dərsini qura bilər. 

- Uşaqlar hansı yarışlarda iştirak edirlər? 

- Gənclər və İdman Nazirliyinin, Bakı şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Eyni zamanda uşaqlar AFFA-nın təşkil etdiyi futbol turnirlərdə, məktəbdaxili yarışlarda mübrizə aparırlar. 

- ⁠Bu gün orta məktəblərdə uşaqlar və yeniyetmələr arasında fiziki tərbiyəyə maraq hansı səviyyədədir?

- Olimpiya çempionlarımıza, Gənclər və İdman Nazirliyinin gördüyü işlərə əsaslanaraq deyə bilərəm ki, fiziki tərbiyə dərslərinə maraq yaxşıdır. Şagirdlər xüsusən də fiziki tərbiyə dərslərində öz sevdikləri idman növü ilə məşğul olmağı arzulayırlar. Fikrimcə, fiziki tərbiyə dərslərinə maraq artır. Get-gedə bu maraq daha da inkişaf edəcək.

- ⁠Dərs keçdiyiniz, gördüyünüz şagirdlər arasında yəqin ki, istedadlı uşaqlar çoxdur. Onlar daha çox hansı idman növünə maraq göstərirlər?

- Mənim ixtisasım futboldur. Şagirdlərim daha çox futbola maraq göstərirlər. Bəlkə də bu, mənim ixtisasımdan irəli gəlir. Fubolu həm oğlanlar, həm də qızlar sevirlər. 

- ⁠Sizcə, ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün hansı addımlar atılmalıdır? 

- Artıq müasir təhsil sisteminə keçmişik. Düşünürəm ki, texnologiyaların həyatımızda böyük rol oynadığı bir dövrdə ənənəvi dərslərlə yeniyetmələr arasında idmana marağı artırmaq o qədər də asan olmaz. Biz beynəlxalq təcrübələrdən istifadə edərək öz məşqlərimizi daha cəlbedici, effektiv hala  gətirməliyik. Həmçinin mən Elm və Təhsil Nazirliyinin "eTwinning" layihəsində müəllim kimi fəaliyyət göstərirəm. Bu layihə Avropanın təhsil portalıdır. Avropanın müxtəlif ölkələrindən olan müəllimlər və şagirdər eyni layihədə fəaliyyət göstərə bilirlər. Mən də təhsil proqramımıza əsaslanaraq, paralel şəkildə layihələrdə işləyərək şagirdlərimdə fiziki tərbiyə dərslərinə maraq oyadıram. 

- Sizcə uşaqları pis vərdişlərdən uzaqlaşdırmaq, təhsilə və idmana bağlamaq üçün hansı layihələri həyata keçirmək olar?

- Pis vərdişlər dedikdə yalnız alkoqollu içkiləri, tütün məmulalatlarını nəzərdə tutmamalıyıq. Artıq texnologiya bizim həyatımızda böyük yer tutur. Uşaqlar artıq elektronik cihazlardan davamlı istifadə edir. Bu da uşaqların vaxtlarını səmərəli istifadə etməməklərindən irəli gəlir. Ona görə də biz müxtəlif qrand layihələr həyata keçirməliyik. Uşaqları müşahidə etməli, sorğular keçirməli, onların sevdiyi idman növlərini öyrənməliyik. Digər pis vərdişlərlə əlaqəli də layihələr həyata keçirməliyik ki, uşaqlar öz vaxtlarını düzgün dəyərləndirsinlər, pis vərdişlərin nə qədər zərərli olduğunu bilsinlər. Hal-hazırda müxtəlif məktəblərdə layihələr keçirilir. 

- Uşaqların hər hansı bir idman növünə marağı ilə bağlı valideynlərlə söhbətlər aparırsınızmı? Ümumiyyətlə, valideynlər övladlarının idmançı olmasına maraq göstərirlər?

- İndiki dövrdə valideynlər uşaqlarının təhsil almağına daha çox önəm verirlər. Biz isedadlı uşaqları kəşf edib valideyləri ilə söhbət aparırıq. Eyni zamanda həftədə 2 dəfə fiziki tərbiyə dərslərinin keçirilməsi ilə uşaqların bacarıqlarını görürük. Valideynləri inandırırıq ki, sizin övladınız həqiqətən də istedadlıdır. Nəticədə onlar uşaqlarını həmin idman növünə yönləndirirlər. 

- Ölkəmiz müasirləşir və valideynlər qız övladlarını da idmana yönəltməyə başlayırlar. Lakin hələ də bir qisim valideynlər idmanın qız üçün olmadığını düşünürlər. Buradan onlara nə demək istəyərsiniz?

- Artıq valideynlər qızlarının idmanla məşğul olmağına müsbət yanaşır. Düşünürəm ki, bunda layihələrin rolu böyükdür. Biz 30 müxtəlif məktəbdə layihələr həyata keçiririk. Əvvəlki illərdə valideynlər qızların idmanla məşğul olmağına çox sərt yanaşırdılar. Amma get-gedə onların özləri də məşqlərdə, dəsrlərdə, sessiyalarda iştirak edərək gördülər ki, idman təhlükəli, zərərli deyil, əksinə, idmanın faydaları var. Artıq valideynlər qızları futbola da yönləndirirlər. Bizim U-13, U-15 və digər liqalarda oynayan futbolçu qızlarımız var. Bu da keçirdiyimiz layihələrdəki təbliğat işlərimizin nəticəsidir. Qızların idmanla məşğul olmağını istəməyən valideynlərə demək istəyirəm ki, idman xoşbəxtlik, sağlamlıq verir. Övladınızın xoşbəxt olmağını istəyirsizinizsə, icazə verin ki, idmanla məşğul olsun. Siz də onlara baxıb xoşbəxt olacaqsınız. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu