Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Riçard Almeyda Qol.az saytına geniş müsahibə verib. Müsahibənin birinci hissəsini təqdim edirik.
- Riçard, artıq 33 yaşın var. Amma buna baxmayaraq, oyununla çoxlarını təəccübləndirirsən. Belə performans göstərmək, formada qalmaq üçün nə edirsən? Ümumiyyətlə, karyeranın bu anını necə qiymətləndirirsən?
Həmçinin oxuyun: "Karyeramı "Qarabağ"da başa vurmağı planlaşdırıram" - Riçard Almeyda
- Bu barədə bir az geniş danışacağam. Ümumiyyətlə, ötən il mənim üçün çox ağır oldu. Demək olar ki, oynamaq imkanı qazanmırdım. Bəzən ümumiyyətlə, meydana çıxmırdım. "Qarabağ"a qayıdanda çoxları deyirdi ki, Riçard əvvəlki Riçard deyil, əvvəlki gücünü göstərmək imkanı yoxdur. Düzdür, mən "Qarabağ"da olmadığım müddətdə yüksək səviyyəli yarışlarda iştirak etmədim. Amma yenə də heç vaxt ruhdan düşmədim, özümə inamımı itirmədim. Düzdür, çox çətin anlar yaşadım. Bəzən təklikdə qalanda özümə qapanıb ağladığım vaxtlar da olurdu.
"Qurban Qurbanovla Rəşad Sadıqovun mənə etdiyi yaxşılıqların əvəzini necə ödəyəcəyimi bilmirəm"
Nələr keçirdiyimi bütün ailə üzvlərim - atam, anam həyat yoldaşım bilir. Amma yenə də özümə inamımı itirmədim. Təbii ki, bu gün futbol artıq başqa səviyyədədir. Özünə daha çox diqqət ayırmalısan. 36-37, daha yüksək yaş mərhələsində yaxşı futbol nümayiş etdirən idmançıları görürük. Təbii ki, onlara baxaraq biz də səviyyəmizi qorumağa çalışırıq. Yaş artdıqca özümə daha çox diqqət ayırıram. Həm istirahətimə, həm də qidalanmama - bir sözlə, hər şeyə fikir verirəm. Bundan əlavə, mən Rəşad Sadıqova təşəkkür etmək istəyirəm. Çünki yenidən Azərbaycana, Azərbaycan futboluna qayıtmağım üçün "Zirə"nin qapılarını mənim üzümə açdı. Digər tərəfdən "Qarabağ"ın qapılarını yenidən mənim üzümə açan Qurban Qurbanova təşəkkür edirəm. Onlara minnətdarlığımı necə ifadə edəcəyimi bilmirəm. Onlar mənə o qədər doğma insanlardılar ki... Bu yaxşılıqlarının əvəzini necə ödəyəcəyimi bilmirəm. Təbii ki, əvvəlcə Tanrıya minnətdaram. Öz əzmkarlığımı da qeyd etməliyəm. Bir də Qurban Qurbanov və Rəşad Sadıqovun sayəsində mən bu gün 33 yaşımda ikinci baharımı yaşayıram. Çox xoşbəxtəm. Nəinki futbolda, həm də meydandan kənarda komanda yoldaşlarıma dəstək olmağa, onlara doğru yolu göstərməyə çalışıram. Ümumiyyətlə, "Qarabağ"da təkcə Qurban Qurbanov yox, bütün məşqçi heyətinə təşəkkür edirəm. Mənim bu yaşda sabit oynamağımın səbəbi bunlardır.
- Karyeranla bağlı gələcək planların necədir? "Qarabağ"da qalmaq istəyirsən?
- Səmimi deyim ki, artıq gələcəyə baxmıram. Gələcəyim ancaq "Qarabağ"la bağlıdır. Harasa getməyi düşünmürəm. Təbii ki, karyeramın son illərini ancaq "Qarabağ"a həsr edərək keçirmək istəyirəm. Öz həyat yoldaşımla da bununla bağlı danışmışam. Əslində "Qarabağ"a gəldiyim ilk mövsümdən bəri həmişə özümü burada rahat hiss etmiş, xoşbəxt olmuşam. Təbii ki, bəzən daha sərfəli, cəlbedici təkliflər üçün "Qarabağ"dan ayrıldım.
"Qarabağ" mənim həyatımı dəyişdi"
Amma orada heç vaxt buradakı kimi xoşbəxt olmamışam. Artıq hiss edirəm ki, "Qarabağ" mənim evimdir. Baş məşqçimiz Qurban Qurbanovun oyun fəlsəfəsi mənim ruhuma yaxındır. Onun oyun fəlsəfəsini demək olar ki, tam qavramışam. "Qarabağ"ı sevirəm, həyatım boyu da sevəcəyəm. "Qarabağ" mənim həyatımı dəyişdirən klubdur. Həyatda nəyə nail olmuşamsa, çoxunu "Qarabağ"a borcluyam. Həm öz arzularımı, həm ailə üzvlərimin arzularını yerinə yetirmək üçün bu klubda olmağım mənə kömək edib. Karyeramı "Qarabağ"da başa vurmağı planlaşdırıram. Ümid edirəm ki, Qurban müəllimin istəyi də bu olar. Təbii ki, bütün bunlar istəkdir. Sən bir şeyi istəyirsən, amma Tanrı sənin üçün başqa planlar cıza bilər. Əlbəttə, "Qarabağ"da qalmaq istəyirəm.
"Bu il Türkiyə və Kipr klublarından təklif almışdım"
Amma həm də buna layiq olmaq, üzərində işləmək lazımdır. Öz zəhmətkeşliyinlə, komandaya fayda verməyinlə qalmağa layiq olmalısan. Bir sözlə, yaşıma baxmayaraq, ilk növbədə bu mövsümü müsbət notlarla başa vurmaq məqsədimdir. Yaşı hər hansı bir maneə saymayaraq, qarşıdakı mövsümdə bundan da yaxşı performans göstərməyi hədəfləyirəm.
- Bu yay hansı klublardan təklif almısan?
- Son mövsümdəki durumu siz də görmüşdünüz. Fevral ayından mövsümün sonunadək - mayadək çox az oynadım. Bəlkə də 4-5 oyunda iştirak etmişəm, ya yox. Təbii ki, oynamadıqca başqa klublardan yaxşı təklif almaq real deyil. Mən sonradan milli komandaya dəvət aldım. Belarus və Slovakiya ilə oyunlardan sonra təkliflər gəldi. Türkiyənin 2-ci divizionunda çıxış edən komandalardan, Kiprdən təkliflər var idi. Amma mənim hədəfim "Qarabağ"da qalmaq, müqaviləmi uzatmaq idi. Söhbət heç maddiyatdan da getmirdi. Məsələnin maliyyə tərəfinə baxmırdım. Sadəcə əsas hədəfim özümün və ailə üzvlərimin xoşbəxtliyi idi. Mən də, ailəm də özümüzü burada çox xoşbəxt hiss edirik. Sanki evdəki kimiyik. Tanrıya şükürlər olsun, hər şey istədiyim kimi oldu. "Qarabağ"la 1 illik müqavilə imzaladıq.
Bu mövsüm baş verənlər həqiqətən də böyük bir əzmkarlığın nəticəsidir. Həm də bu, əllərim açıq halda Tanrıya etdiyim duaların nəticəsidir. Təbii ki, məşqlərdəki çalışmaları, əziyyətləri də qeyd etməliyəm. Məncə, sən Tanrıya dua edərkən ürəyinin dərinliyində bir şeyi çox istəyirsənsə, keçmişdə buraxdığın səhvləri etiraf edirsənsə, Tanrı sənə həmişə növbəti şansı verir. Qurban hoca və bütün məşqçi heyəti mənə komandada qalmağım üçün növbəti fürsəti verdilər. Bir daha onlara təşəkkür edirəm.
- "Qarabağ"la maraqlı xatirələrindən danışa bilərsən?
- 2012-ci ildə "Qarabağ"a gələndə komanda yoldaşlarımla aramda ünsiyyət problemi var idi. Yəni, mən demək olar ki, ingilis dilində heç nə bilmirdim. Yalnız tərcüməçi vasitəsi ilə ünsiyyət qura bilirdim. Əslində zarafatcıl idim. Ansi Aqolli, Admir Teli, Leroy Corc, Maksim Medvedevlə münasibətlərim həmişə yaxşı olub. Bu dostlarım mənə ilk gündən dəstək oldular. Xüsusilə də Maksim ingilis dili biliyimin yaxşılaşmasında çox kömək etdi. Digər məsələ - mən yeni gələndə görürdüm ki, burada ət yeməklərinə daha çox üstünlük verirlər.
"Tərcüməçimiz yox idi, Qurban Qurbanov..."
Demək olar ki, hər gün kabab və ya buna bənzər yeməklər yeyirdim (gülür). Menyuda bunlar olurdu. Braziliyadan gələn biri olaraq bunlar mənim üçün bir az yad idi. Təsəvvür edin ki, bir-birimizi anlamırdıq. Mən ingiliscə danışa bilmirdim. Baş məşqçi ilə necə ünsiyyət quracağımı fikirləşirdim. Hələ o vaxt komandada tərcüməçi də yox idi. Ona görə bəzən Qurban müəllim yazı taxtasında mənə meydanda necə hərəkət etməli olduğumu, nə etməli olduğumu başa salmağa çalışırdı. Maksim də gəlib ingiliscə nəsə deyirdi (gülür). Təbii ki, onun dediklərindən heç nə başa düşmürdüm. Amma ümumi götürəndə futbolun dili birdir. Ən azından o yazı taxtasındakı ştrixlərlə, xətlərlə az-çox nəyisə başa düşməyə çalışırdım. Ağlıma ilk belə xatirələrim gəldi (gülür).
"Medina da Patrikə eyni sözləri dedi"
- Ümumiyyətlə, geriyə baxanda hansı mövsüm sənin və komandan üçün daha çətin keçib. Hansı daha maraqlı, sevincli, həyəcanlı olub?
- Buna səmimi cavab verəcəyəm. Ötən mövsüm həm sevincli, həm də kədərli oldu. Çünki çox az oynamaq şansı qazanırdım. Mövqeyimdə Patrik Andrade möhtəşəm mövsüm keçirirdi. Eyni zamanda Qara Qarayev, İsmayıl İbrahimli. Demək olar ki, mən meydana çıxacaq 4-cü variant idim. Ona görə həmin anda sanki oynamamaqla komanda yoldaşlarıma daha çox dəyər verməyi öyrəndim. Əvvəllər buraxdığım səhvlərdən nəticə çıxarmağı öyrəndim, daha da müdrikləşdim. İndiki Riçard tamamilə başqadır. Ona görə yox ki, mən daha çox oynamaq imkanı qazanıram. Sadəcə müdrikləşdim. Məsələn, əvvəlki mövsümlərdə "Qarabağ"ı tərk etməyimin yanlış olmasını Patrik Andradeyə misal kimi göstərdim. O, komandanı tərk etmək ərəfəsində idi. Mən ona mənim etdiyim səhvi təkrarlamamasını məsləhət gördüm. Patrik Andrade yetkin insandır. Təbii ki, qərarlarını özü verir. Mən sadəcə öz yaşadıqlarımı misal çəkdim. Dedim ki, bəlkə də eyni səhvi buraxırsan. Burada daim əsas heyətdə oynamaq imkanı qazanırsan, məşqçi sənə güvənir. Bunlar çox vacib amillərdir. Kevin Medina da bu məsələdə mənimlə eyni şeyi düşünürdü. O da eyni sözləri deyirdi. Amma ortada mənim yaşadıqlarım var idi. Mən bunları yaşamışdım deyə Patrikə deyirdim. Bundan əlavə, gənc futbolçulara da mənim daha gənc gənc yaşlarımda buraxdığım səhvləri etməməyi məsləhət görürəm. Oynamadığım, etiyatda qaldığım üçün çox məyus olurdum. Amma bir insan, fərd, şəxsiyyət kimi inkişaf etməyi, həyata başqa gözlə baxmağı öyrəndim. Məsələnin müsbət tərəfi budur. Heç vaxt təslim olmurdum. Bunu Qurban Qurbanov, məşqçi heyəti, komanda yoldaşlarım təsdiqləyə bilərlər. Mən oynamasam belə, məşqlərdə əlimdən gələni edirdim. Gücümün maksimumunu ortaya qoyurdum. Həmişə böyük istəklə, əzmlə məşq etmişəm. Bununla göstərmək istəyirdim ki, istənilən an mənə güvənə bilərlər, həmişə hazıram və onların ixtiyarındayam. Bir sözlə, bir ata, həyat yoldaşı, kişi, insan kimi böyüdüm. Keçən il bu mənada məni dəyişdirdi. Bu mövsümə tam fərqli başladım. Keçən il çəkdiyim əziyyətlər mənə kömək oldu. Bilirdim ki, bu vəziyyətdən çıxacağam. Göz yaşlarımı həyat yoldaşım görüb. Bəlkə də "Qarabağ"da olmasaydım belə, başqa yerdə bunun nəticəsini göstərəcəkdim. İndi mövsümə tam fərqli rakursdan baxıram. Hər şey çox yaxşıdır. Çempionlar Liqasının qrup mərhələsində oynamaq imkanını əldən verdiyimizi nəzərə almasaq, mövsüm yaxşı keçir.
- Riçard, nəticəsi ilə razılaşmadığın, çox məyus olduğun və hələ də xatırladığın matç hansıdır?
- Belə oyunlar silsiləsi var (gülür). Seçməli olsam, 2014-cü ildə Avroliqanın qrup mərhələsində "İnter"lə Bakıdakı oyunu deyərəm. Bəlkə də təkcə mən yox, heç kəs heç vaxt bilməyəcək ki, hakim niyə o qolu qeydə almadı. Niyə o hadisələr baş verdi. Bilmirəm niyə belə oldu. Həyatda nə baş verirsə, hər şey Tanrının iradəsi ilə olur. Həmin gün bu hadisələr olmalı idi.
(İkinci hissə sabah)
Nur Zeynalova,
Qol.az
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu
Qvardiola niyə müqaviləni uzadıb?
"Qarabağ"ın rəqibi 90+8-ci dəqiqə qolu ilə uduzdu - Video
Dünyanın ən yaxşı futbol çempionatları - Siyahı
PSJ Hakimi ilə razılaşdı
Hazard Mbappeyə qalib gəldi - Video
Azərbaycan basketbol millisi İrlandiyaya uduzdu
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi