“Futbola qıraqdan baxıb sıxılıram” – Rauf Əliyev

 “Futbola qıraqdan baxıb sıxılıram” – Rauf Əliyev
MÜSAHİBƏ 24 Fevral 2016 / 17:03 6826
-  A +

Bakı “İnter”inin hücumçusu Rauf Əliyevin Qol.Az saytına müsahibəsi

- Bir neçə aydır zədədən əziyyət çəkirsən. Durumun necədir?

- Yüngül çalışmalar edirəm. Demək olar ki, fərdi məşqlərə başlamışam. Artıq 4-cü aydır ki, zədəliyəm. Topla hərəkətlər edə bilirəm. Komanda ilə yüngül məşqlərdə iştirak edirəm.

- Nə vaxt sıraya dönə bilərsən?

- Bu, ayağımın ağrısından asılıdır. Tədricən ayağım bərkiyir. Təxminən 1 aydan sonra komanda ilə birlikdə məşq edə bilərəm. Həkimlər zədəmin sağalması üçün 6 ay vaxt qoymuşdular. Bu da o deməkdir ki, bir aydan sonra komanda ilə tam məşq edəcəm.

- Altı aylıq fasilədən sonra formanı bərpa etmək çətin olmayacaq?

- Həqiqətən futbola qıraqdan baxmaq çətindir. Dörd aydır futbol oynamıram. İstər-istəməz sıxılıram. Əsas odur ki, sıraya dönəndən sonra tez bir zamanda özümə gəlim.Bunun üçün maksimum çalışacam. Komandama kömək etməliyəm.

- Komanda yoldaşların hesab edir ki, Rauf Əliyev sıraya dönsə, “İnter” özünə gələcək.

- Uşaqlar sağolsunlar, mənə dəstək olurlar. Məşqə gələndə görürlər ki, tək hazırlaşıram. Yaxınlaşıb tez sağalacağımı deyirlər. Komandama fayda verəcəyimi bildirirlər. Mənə psixoloji cəhətdən dəstək çox vacibdir. Tez bir zamanda komanda yoldaşlarımla məşq etmək istəyirəm. Onların mənə olan ümidlərini doğrultmalıyam.

- Çempionatın ümumi mənzərəsi necə görünür?

- Məlum səbəblərdən çempionatın səviyyəsi bir qədər aşağı düşüb. Bəzi
klubların gücü zəifləyib. Ancaq bir tərəfdən sevindirici haldır ki, indi 4-5 komanda medallar uğrunda mübarizə aparır. “Qarabağ” aşkar favoritdir. Digər 4-5 komanda isə avrokuboklara vəsiqə qazanmaq uğrunda yarışır. Çempionat oyunlarına maraq var.


- “İnter” hazırda turnir cədvəlinin 5-ci pilləsində olması sizi narahat edir?

- Təəssüf ki, qış fasiləsindən sonra ardıcıl üç oyunda qalib gələ bilmədik. İtirilən xallar bizi çox üzdü. Son oyunda isə “Kəpəz”ə qalib gələ bildik. Qarşıdakı turlarda itirilən xalların əvəzini çıxmağa çalışacağıq. Məncə, Avroliqaya vəsiqə qazanmaq bizim üçün ən yaxşı nəticə olar.

- Komandanız ötən mövsüm sürpriz nəticələr göstərdi. Bu il də bunu etmək mümkündür?

- “İnter” əvvəlki illərdə iddialı olub. Komanda həmişə çempionluğa oynayıb. Keçən il müəyyən problemlər olsa da, komanda çempionatı yaxşı yerdə başa vurdu. Heyətdə xeyli dəyişiklik olmasına baxmayaraq yenə də komanda iddialıdır.

- Topaz Premyer Liqanın növbəti turunda “Qarabağ”la qarşılaşacaqsınız. Komandandan nə gözləyirsən?

- “Qarabağ”a qarşı oynamaq həmişə çətin olub. Ancaq inanıram ki, komandamız nəticə qazanacaq. Bərabərlik də bizim üçün yaxşı nəticə sayıla bilər. Ümid edirəm ki, komandamız meydanı xalla tərk edəcək. Uşaqlara inanıram. Son turda qalib gəlməyimiz də “Qarabağ”la oyun üçün futbolçularımızda yaxşı motivasiya yaradıb. Düzdür, rəqibimiz digər klublardan üstündür. Ancaq xal qazana bilərik.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər