“Bizim ən möhtəşəm qolumuz Qol.Az-dır”

“Bizim ən möhtəşəm qolumuz Qol.Az-dır”
MÜSAHİBƏ 17 Noyabr 2015 / 15:25 3986
-  A +

Bu gün tanınmış idman saytlarından olan sport7.az-da Qol.Az-ın 7 yaşı münasibəti ilə saytımızın baş redaktoru Aydın Bağırovla müsahibə dərc olunub. Müsahibəni təqdim edirik.

***

Bu gün Azərbaycanın ən öncül idman saytlarından olan Qol.Az-ın 7 yaşı tamam olur. Saytın adı futbolun bəzəyi qolla bağlı olsa da, daha çox məhsuldar ötürmə verməklə seçilir. Yəni, hər gün oxucularına yeni-yeni xəbər ötürməklə... 7 il ərzində liderlər qrupunda qərarlaşan, xal ehtiyatını ildən-ilə zənginləşdirən, hər mövsüm çempionatı major notlarda bitirən komandanın baş məşqçisi Aydın Bağırovla söhbətləşdik.

O, Sport7.az saytına verdiyi müsahibədə komandasının uğurlu qrafik cızmasının sirrlərini bizinlə bölüşdü.


- Rəhbərliyi Ağdamdan olan Qol.az köçkün komandadı, yoxsa?...

- Yaxşı sualdı. Rəhbərlik tam olaraq ağdamlı deyil, qarabağlıdır. Bizim Mirhacib əslən Ağcabədidəndi. Komandamızda hər bölgədən jurnalist var. Amma sırf komanda olaraq, Qol.az Ağdamın, ya Qarabağın komandası deyil, bütün Azərbaycanındı. Əsas da odur ki, babat komandadı. Razısan? (gülür)

- Bəli...

- O zaman buyur, ikinci sualı ver...

- Yəni, Qol.az "Xalq Komandası"dı...

- Sənin sualını həm də mənim cavabım kimi qəbul et...

- Birdən-birə Premyer Liqada çıxış etmək və 7 il liderlər qrupunda qərarlaşmaq, turnir cədvəlinin ən yüksək pilləsi uğrunda mübarizə aparmaq çətin olmadı ki?

- Biz bu yarışa autsayder kimi başlamışdıq. Sağ olsun, mənim sadiq dostum Altay Əliyevi, ilk vaxtlarda çox dəstək oldu bizə. AzTV-də işləyirdi onda, tez-tez canlı efirdə Qol.Az-ın adını çəkib bizi reklam edirdi. İlk vaxtlar elə bilirdilər sayt Altayındı. Amma çox adam bilmirdi ki, o, bunu bizim uzun illərə dayanan dostluğumuz xatirinə edir. Bizim onunla dostluğumuz heç vaxt təmənna, hansısa maraqlar üzərində qurulmayıb. Qol.Az-ın hər ad günü olanda mən Altayın adını çəkməyi özümə mənəvi borc bilirəm. Bu gün də borc bilirəm.

Hə, deyirdim axı, biz autsayder kimi baslamışdıq. Amma qısa zamanda özümüzə yer tuta bildik idman saytları arasında. O zaman indiki qədər çox deyildi idman saytları. Həm də etiraf edək, qol.az adı çox uğurlu idi. Öncüllər sırasında yer tutmağımızda ad az rol oynamadı. Həm də samballı yazılarımız da olurdu. Məsələn, bir dəfə bizim Kəmalə sevinə-sevinə gəlib dedi ki, Aydın müəllim, Ardadan müsahibə aldım. Telefonla zəng eləmişdi İstanbula, Arda onda "Qalatasaray"da oynayırdı. Ertəsi  Türkiyənin bütün nüfuzlu qəzetləri, qəzet deyirəm e sənə, "Hürriyyət", "Milliyyət", nüfuzlu idman mediası Qol.Az-a istinadla, özü də sırf Azərbaycan türkcəsində bu müsahibəni yayımladı. Biz qısa zamanda liderlər qrupuna çıxdıq, amma orada möhkəmlənmək, yerini qorumaq daha çətindi. Bilirsən Emin, çox adama elə gəlir ki, sayt işlətmək asandı. Elə deyil amma. Saytı açmaq asandı, işlətmək yox. Mənim özümə də bu gün möcuzə kimi gəlir ki, biz öz gücümüzlə, sırf klub reklamlarından asılı olmayaraq, nəcə ayaqda və öncüllər sırasında qala bilmişik. Zarafat deyil e, bu saytın hazırda 6-7 işçisi var.

                                       

- Komandanızın bombardiri kimdi?

- Bizim uşaqların hamısı universal oyunçulardır. Uğurumuz naminə hamısı hücumçu da olur, yarımmüdafiədə də, müdafiədə də oynayır... Əsas odur, vahid komandayıq. Uğurumuz hamımızın  adıyla bağlıdır: başqanın, mənim və oyunçularımızın.

- Aydın Bağırovu Qol.az-ın Riçard Almeydası hesab etmək olar? Düşünən beyin, hücumların qurulması, müdafiəyə köməyinə görə...

- Mən futbolçu karyeramı başa vurub keçmişəm məşqçiliyə (gülür).

-  Bunu "Gəncləşdirmə siyasəti" adlandırmaq olar?

- Qol.Az-da heç vaxt gəncləşdirmə siyasətinə ehtiyac olmayıb: komanda gənc olub. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq.

- Altay Əliyevi yenidən jurnalistikaya qaytarmaq, Reynaldonun Azərbaycan millisində oynamasını təmin etmək qədər çətindi?

- Altay Əliyev şərhçilikdə öz möhürünü vuran istedadlı bir insandır və elə kadrlara istənilən telekanalda ehtiyac var. Amma məsələ burasındadır, Altay özü jurnalistikaya qayıtmaq istəyirmi? Məncə, yox. Bu gün o, jurnalistikadan tamamilə uzaq bir sahədə bir iş adamı kimi uğurla fəaliyyət göstərir və əsas fikri də o sahəyə yönəlib

- Bəs, Aydın Bağırovun ən unudulmaz QOL-u hansıdı?

- Mən ən möhtəşəm qolumu 2008-ci ilin noyabrın 17-də, Mirhacibin usta dəqiqliyi ilə verdiyi ötürmədən sonra vurmuşam. Qol.Az mənim ən unudulmaz qolumdur.

- Birdən həmin ötürməni boşa versəydiz, qol imkanından yararlana bilməsəydiz...

- Mən və Mirhacib həmişə özümüzə əmin olmuşuq. Əsas odur, sırf bildiyimiz işin dalınca getmişik. Bu gün çox sayt ona görə uğur qazana bilmir ki, onun yaradıcılarının jurnalistikadan tamamilə uzaq olub. Mən Qol.Az-ın həmişə Azərbaycan mətbuatının nəhənglərindən olan "525-ci qəzet”in mənəvi övladı hesab etmişəm. "525”də Rəşad Məcid, Yusif Rzayev, Yaşar Əliyev, mərhum Adil Qaçayoğlu kimi böyük jurnalistlərin məktəbini keçmişəm. Bizim uğursuzluğa məruz qalmağımız mümkün deyildi.

Bilirsən niyə? Çünki mən və Mirhacib Qol.Az-a adi iş yeri, qazanc yeri kimi baxmamışıq. Atanın öz doğma övladına münasibəti necə olur? Bax, bizim də Qol.Az-a münasibətimiz elə olub. Aylarla pulumuz olmayıb, çox çətinliklərimiz olub, məcburiyyət qarşısında işçilərimizi itirmişik, amma heç vaxt inamımızı itirməmişik. Mən Mirhacibə həmişə deyirəm ki, ikimizdən hansısa birimiz də inam itsəydi, bu gün Qol.az olmayacaqdı. Qol.Az-ın bu gün ayaqda qalmasında, brendə çevrilməsində bizim uşaqların faəliyyəti ilə yanaşı, Mirhaciblə mənim bir-birimizə möhkəm inamımız, yorulmadan, həvəsdən düşmədən çiyin-çiyinə fəaliyyət göstərməyimiz dayanır. Mən və Mirhacib... İkimizdən biri olmasa, bilin ki, Qol.Az mütləq axsayacaq...

- Yeni transferlərə ehtiyac varmı? Ümumiyyətlə, transfer siyasətində ən çox nəyə önəm verirsiz?

- Məndən olsa, Azərbaycanın bütün istedadlı idman jurnalistlərini Qol.Az-ın ətrafına toplayardım. Çünki Qol.Az saytı da daxil olmaqla, bizim idman mediasının səviyyəsi bir jurnalist və bir peşəkar oxucu olaraq məni heç 5 faiz də razı salmır. Eyni yazılar, eyni müsahibələr. Samballı, səviyyəli yazıların, yaxşı müsahibələrin sayı azdır. Standart suallar, standart cavablar... Adam bəzən elə bu yazıları, müsahibələri görəndə yorulur, həvəsdən düşür. İstedadlı insanların da hərəsi bir tərəfə dağılıb... Amma bilirsiz ki, idman mediamız da daxil olmaqla, bütün mətbuatın iqtisadi vəziyyəti yaxşı deyil. Yaxşı olsaydı, ən birinci, futbolu yaxşı bilən, amma eyni zamanda az-çox ədəbi mütaliəsi normal olan gənc insanları toplayardım Qol.Az-a. O da olacaq. Mütləq olacaq. Geci-tezi var...

Emin SƏFƏROV,
sport7.az

Daha çox


Son xəbərlər