“Neftçi”nin yenilənməsindən istifadə etməliydik”
“Mladost”un futbolçusu Luka Mirkoviç Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” ilə cavab matçı öncəsi Qol.Az saytına müsahibə verib. Bakıda keçirilən ilk oyunda (2:2) komandasının bərabərlik qolunu vuran yarımmüdafiəçi ilk öncə Azərbaycan haqqında təssüratlarını bölüşüb.
- Əvvəlcə bir az sizin ölkə haqda danışmaq istəyirəm. Azərbaycan tarixi bir ölkə olmaqla yanaşı, həm də müasir bir paytaxtı var. Bakı çox gözəl şəhərdir. İnsanları pozitiv, ünsiyyət qurmağı sevən və çox mehribandır. Mən ölkənizi həqiqətən çox sevdim.
- “Neftçi” ilə oyundan öncə də ölkəmiz haqda məlumatınız var idi?
- Sadacə, hansı ölkəyə getdiyimi bilmək üçün maraqlanmışdım. Bakıdakı müasir binalar məni heyran etdi. Ölkənizdə özümüzü çox rahat hiss edirdik.
- Rəqibiniz “Neftçi” haqda hansı məlumatlara sahib idiniz?
- “Neftçi”nin topla yaxşı oynayan və dəqiq ötürmələr verən bir komanda olduğunu bilirdik. Həm də onların xüsusi bacarıqları olan futbolçuları var. Bəzi yaxşı oyunçuların komandanı tərk etdiyi haqda da məlumatımız var idi. “Neftçi”nin yenilənməsindən istifadə etməliydik.
- Yəqin ki, səfərdəki heç-heçədən də razı qaldınız?
- Hələ matçdan öncə yaxşı nəticə qazanacağımıza ümid edirdik. Amma bu nəticə mərhələni keçəcəyimiz tədqirdə bizi razı sala bilər. Hələ heç nə həll olunmayıb.
- Azərbaycana hansı nəticə üçün gəlmişdiniz?
- Hələ Bakıya gəlməmişdən öncə qarşımızda duran əsas vəzifə yaxşı oyun sərgiləmək və qol vurmaq idi. Əsas məqsəd oyunumuzla özümüzü və bizi sevənləri razı salmaq idi. Düşünürəm ki, vəzifəmizin öhdəsində gəldik.
- İlk matçda hansı komanda daha üstün oynadı?
- Hər iki komandanın qol vurmaq üçün imkanları çox oldu. Amma etiraf etmək lazımdır ki, “Neftçi” hücumda bizdən daha yaxşı oynayırdı. Oyun boyu çox təhlükəli hücum təşkil etdilər.
- “Neftçi”nin heyətində ən bəyəndiyin futbolçu kim oldu?
- Araz Abdullayev çox yaxşı futbolçudur. Topla çox səlist davranmağı bacarır. Bir də Ruslan Qurbanovu qeyd edərdim. Onlar “Neftçi”nin ən yaxşı futbolçularıdır.
- Komandanın bərabərlik qolunu vurdun və cavab matçı üçün üstünlük əldə etdiniz.
- İlk matçda qol vurmasaydıq, bizim üçün çətin olardı. Çünki “Neftçi” güclü komandadır. Hər şeyi doğma meydandakı cavab qarşılaşmasına saxlaya bilməzdik. İlk qolu gənc Dusan Laqator vurdu və komandamızda özünəinam yaratdı. Son dəqiqələrdə isə mən bərabərlik topunu vurdum.
- Sizcə, növbəti mərhələyə keçmək üçün hansı komandanın şansları çoxdur?
- Bilirik ki, “Neftçi” səfərdə hücum futbolu oynayacaq və qələbə qazanmağa çalışacaq. Bizim üçün çətin qarşılaşma olacaq. Şanslar 50/50-ə olsa da, doğma meydanda oynayacağımız üçün üstünlüyümüz var. Biz komanda şəklində yaxşı nəticə üçün oynayacağıq.
Ergün SEYİD