"Dünya çempionatında tarixi rekord müəyyənləşdirdik" - Rəşad Rəsullu

"Dünya çempionatında tarixi rekord müəyyənləşdirdik" - Rəşad Rəsullu
MÜSAHİBƏ 29 Oktyabr 2026 / 13:32 468
-  A +

Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullunun QOL.az saytına müsahibəsi

- Bu yaxınlarda Azərbaycan cüdo üzrə dünya çempionatına ev sahibliyi etdi. Bu yarışın Azərbaycanda təşkili ölkəmizin beynəlxalq idman nüfuzuna nələri qazandırdı?

- Azərbaycanın ikinci dəfə cüdo üzrə dünya çempionatına ev sahibliyi etməsi ölkəmizin beynəlxalq idman tədbirlərinin təşkilində qazandığı etimadın göstəricisidir. Bakı-2026-da 93 ölkədən 622 idmançının iştirak etməsi yarışın miqyasını təsəvvür etməyə imkan verir. Bu səviyyədə çempionatın təşkili təkcə müasir idman infrastrukturu ilə bağlı deyil. Burada peşəkar təşkilatçılıq, müxtəlif qurumların əlaqələndirilmiş fəaliyyəti və illər ərzində toplanmış təcrübə mühüm rol oynayır.
Hesab edirəm ki, dünya çempionatı Azərbaycanın beynəlxalq idman nüfuzuna bir neçə istiqamətdə töhfə verdi. İlk növbədə, ölkəmizin böyük yarışlara ev sahibliyi etmək imkanlarını bir daha nümayiş etdirdik. Eyni zamanda, Azərbaycan mədəniyyətini və qonaqpərvərliyini dünyanın müxtəlif ölkələrindən gələn insanlara təqdim etmək imkanı qazandıq. Bizim üçün vacib məqamlardan biri də odur ki, Azərbaycan cüdosu dünyada yalnız idmançılarımızın nəticələri ilə deyil, bu idman növünün beynəlxalq inkişafına verdiyi töhfələrlə də tanınsın. Bakı-2026 bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bütün bunların əsasında isə dövlətimizin idmana göstərdiyi davamlı dəstək dayanır.

- Azərbaycan dünya çempionatını 7 medalla başa vurdu: 1 qızıl, 2 gümüş və 4 bürünc. Federasiya bu nəticəni necə qiymətləndirir?

- Əlbəttə, nəticəni yüksək qiymətləndiririk. Azərbaycan cüdosu tarixində böyüklər arasında dünya çempionatında indiyədək bu qədər medal qazanmamışdıq. Yeddi medalla həm tarixi rekord müəyyənləşdirdik, həm də fərdi yarışların ümumi medal sıralamasında üçüncü yeri tutduq. Bu, kifayət qədər ciddi göstəricidir.

Əhməd Yusifovun çıxışını isə xüsusi qeyd etmək istərdim. O, -60 kq çəki dərəcəsində dünya çempionu olan ilk Azərbaycan cüdoçusu kimi tarixə düşdü. Bu nəticə həm Əhmədin özü, həm də Azərbaycan cüdosu üçün böyük əhəmiyyət daşıyır.
Təbii ki, əldə olunan nailiyyətlərin arxasında böyük əmək dayanır. Burada təkcə idmançıların deyil, onların şəxsi məşqçilərinin, milli komandanın məşqçi və tibbi heyətinin də zəhmətini qeyd etməliyik. Dünya çempionatına hazırlıq uzunmüddətli prosesdir və bu uğur həmin işin nəticəsidir.

- Ümumi medal sayında rekord nəticə əldə olunsa da, Azərbaycan yalnız bir qızıl medal qazandı. Sizcə, bu göstərici komandanın real gücünü nə dərəcədə əks etdirir?

- Düşünürəm ki, komandamızın daha çox qızıl medal qazanmaq potensialı var. Azərbaycan cüdosunun son illərdə beynəlxalq yarışlarda göstərdiyi nəticələr də bunu deməyə əsas verir. Amma idmanda potensialın olması ilə onun konkret yarışda nəticəyə çevrilməsi fərqli məsələlərdir.

Dünya çempionatında üç idmançımız finala yüksəldi. Bu, həmin çəkilərdə çempionluq uğrunda mübarizə aparmaq imkanlarımızın olduğunu göstərir. Digər tərəfdən, final görüşlərinin özünəməxsus çətinlikləri var. Bu mərhələdə rəqibin xüsusiyyətlərinə uyğun taktikanın seçilməsi, görüş ərzində təşəbbüsün qorunması və həlledici anlarda düzgün qərarların verilməsi nəticəyə birbaşa təsir göstərir.

Bizim üçün vacib olan yalnız qazanılan medalların sayına baxmaq deyil. Hansı görüşlərdə daha yaxşı çıxış edə bilərdik, qızıl medal qazanmağa nə mane oldu, hazırlığın hansı istiqamətlərini təkmilləşdirməliyik – bütün bunları təhlil etməliyik. Çünki qarşıdakı yarışlarda daha yüksək nəticələr əldə etmək istəyiriksə, həm güclü tərəflərimizi inkişaf etdirməli, həm də çatışmazlıqları aradan qaldırmalıyıq.

- Azərbaycan millisinin çıxışında sizi ən çox razı salan məqam nə oldu?

- Məni ən çox razı salan məqam beş idmançımızın böyüklər arasında dünya çempionatında ilk medalını qazanması oldu. Bu, çox vacib göstəricidir. Çünki dünya səviyyəsində nəticə verə bilən cüdoçularımızın sayı artır. Hər hansı idmançının ilk dünya medalını qazanması onun üçün ayrıca mərhələdir. Bu nailiyyət cüdoçunun özünəinamını gücləndirməklə yanaşı, qarşıdakı yarışlara münasibətinə də müsbət təsir göstərir.

Digər mühüm məqam medalların müxtəlif çəki dərəcələrində qazanılmasıdır. Yeddi çəki dərəcəsindən beşində fəxri kürsüdə təmsil olunduq. Bu da komandanın bir və ya iki liderdən asılı olmadığını, müxtəlif çəkilərdə yüksək nəticə göstərmək imkanının mövcudluğunu nümayiş etdirir.

Üstəlik, nəzərə almalıyıq ki, idmançılarımız doğma azarkeşlər qarşısında çıxış edirdilər. Ev sahibi olmaq böyük üstünlükdür, amma eyni zamanda əlavə məsuliyyət yaradır. Sevindirici haldır ki, cüdoçularımızın bir çoxu bu məsuliyyətin öhdəsindən gələrək həlledici görüşlərdə uğurlu çıxış edə bildi.

- Yeddi medalın hamısının kişilər tərəfindən qazanılması qadın cüdosunun vəziyyəti ilə bağlı suallar yaradır. Qadın idmançılarımızın dünya çempionatında medal qazana bilməməsinin əsas səbəbi nədir?

- İlk növbədə, qadın cüdomuzda son illərdə müşahidə etdiyimiz müsbət dəyişiklikləri qeyd etmək istərdim. Dünya çempionatında Gültac Məmmədəliyevanın -52 kq çəki dərəcəsində yeddinci yeri tutması diqqətəlayiq nəticədir. Xüsusilə nəzərə alsaq ki, Azərbaycan qadın cüdosunda böyüklər arasında dünya çempionatında sonuncu dəfə analoji nəticəni 2019-cu ildə Tokioda İrina Kindzerska əldə etmişdi. Təbii ki, yeddinci yer bizim üçün son hədəf deyil, amma bu nəticəni də ümumi inkişaf prosesindən ayrı qiymətləndirmək düzgün olmaz.

Qadın cüdoçularımızın son dövrlərdəki digər çıxışlarına nəzər salsaq, irəliləyişin konkret nümunələrini görə bilərik. Ötən il Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında Südabə Ağayeva çempion oldu, Könül Əliyeva gümüş, Aydan Vəliyeva və Aytac Qardaşxanlı isə bürünc medal qazandılar. Qarışıq komandalar arasında yarışda da qalib gəldik. Finalda Özbəkistanı 4:0 hesabı ilə məğlub etdiyimiz qarşılaşmada Fidan Əlizadə və Südabə Ağayevanın qələbələri xüsusi əhəmiyyət daşıdı. Bakı-2026 cüdo üzrə dünya çempionatında isə qarışıq komanda yarışında Avstriya ilə görüşdə də qadın cüdoçularımız ümumi qələbəyə töhfələr verdilər. Bu nəticələr qadın idmançılarımızın komandanın ümumi uğuruna nə qədər ciddi töhfə verə bildiyini göstərir.

Eyni zamanda, aşağı yaş qruplarında da perspektivli nəticələrimiz var. Bu il yeniyetmələr arasında Avropa çempionatında Zəhra Quliyeva qızıl, Könül Eyvazlı isə bürünc medal qazandı. Gənclər arasında Xədicə Qədəşovanın beynəlxalq turnirlərdəki uğurlarını və digər idmançılarımızın çıxışlarını da qeyd edə bilərik. Bunlar təsadüfi nəticələr deyil. Qadın cüdosunda yeni nəslin formalaşdığını göstərən nümunələrdir.

Məncə, müsbət dəyişiklik yalnız medallarla ölçülməməlidir. İdmançılarımızın görüşlərdə mübarizə aparmaq bacarığında, texniki-taktiki hazırlığında və güclü rəqiblərə qarşı özünəinamında da müəyyən irəliləyiş müşahidə edirik. Əvvəllər daha çətinliklə rəqabət apardığımız idmançılarla indi daha gərgin və bərabər səviyyəli görüşlər keçirə bilirik. Əlbəttə, bütün bunları beynəlxalq yarışlarda daha sabit nəticələrə çevirmək lazımdır.

Digər tərəfdən, yeniyetmələr və gənclər arasında uğur qazanan idmançıların böyüklər səviyyəsində də eyni nəticəni göstərməsi üçün vaxt tələb olunur. Bu keçid təkcə fiziki deyil, həm də texniki, taktiki və psixoloji hazırlıq baxımından mürəkkəb prosesdir. İdmançı yeni yaş kateqoriyasında daha təcrübəli və güclü rəqiblərlə qarşılaşır. Ona görə də inkişafın bütün mərhələlərini düzgün planlaşdırmaq vacibdir.

Qadın cüdosunun qarşılaşdığı çətinliklərə daha geniş kontekstdə baxmalıyıq. Qızların idmana cəlb olunması, onların məşqlərini uzun müddət davam etdirməsi, ailələrin dəstəyi və peşəkar idmana keçid imkanları yalnız cüdoya aid məsələlər deyil. Bu, ümumilikdə qadın idmanının inkişafı ilə bağlı kompleks yanaşma tələb edən sahədir. Federasiya olaraq biz öz üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. 2023-cü ildən “Azercell” ilə birgə həyata keçirdiyimiz “Qızlara ağ yaraşır” layihəsi çərçivəsində min qızın cüdo məşqlərinə qoşulmasına şərait yaratmışıq. Növbəti məqsədimiz onların idmanda qalmasına və mərhələli şəkildə inkişaf etməsinə dəstək olmaqdır.

Hesab edirəm ki, doğru istiqamətdə irəliləyirik. Ancaq bu, mövcud nəticələrlə kifayətləndiyimiz anlamına gəlmir. Əksinə, qadın cüdoçularımızdan daha yüksək nailiyyətlər gözləyirik. Məqsədimiz böyüklər arasında dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında medallar uğrunda mübarizə apara bilən güclü komanda formalaşdırmaqdır. Bunun üçün başladığımız işləri davam etdirməli, idmançı bazasını genişləndirməli və hazırlığın keyfiyyətini artırmalıyıq.

- Dünya çempionatının Azərbaycanda keçirilməsi yerli uşaqların və yeniyetmələrin cüdoya marağına necə təsir edə bilər?

- Belə böyük yarışların uşaqlar və yeniyetmələr üçün xüsusi təsiri var. Bir uşağın dünya çempionunu yaxından görməsi, onun çıxışını izləməsi, Azərbaycan bayrağının yüksəlməsinə və himnimizin səslənməsinə şahid olması cüdoya marağının yaranmasında mühüm rol oynaya bilər. Çempionat çərçivəsində təşkil etdiyimiz fan-zona tədbirləri də bu məqsədə xidmət edirdi. Uşaqlar tanınmış cüdoçularla görüşmək, onlarla ünsiyyət qurmaq imkanı əldə etdilər.
Ancaq bizim üçün əsas məsələ həmin marağın yarışdan sonra da davam etməsidir. Çalışırıq ki, cüdo ilə tanış olan uşaqların mümkün qədər çoxu bu idman növü ilə müntəzəm məşğul olmağa başlasın.

Bu istiqamətdə müxtəlif layihələr həyata keçiririk. Məsələn, “Özünü kəşf et” şüarı ilə təşkil olunan “Cüdoya ilk addım” layihəsi vasitəsilə Qəbələ, Naxçıvan, Goranboy və Gəncə də daxil olmaqla, müxtəlif bölgələrdə 3 mindən çox uşağı cüdo ilə tanış etmişik. Hazırda isə “Cüdo məktəblərdə” layihəsini həyata keçiririk. Məktəblərdə fiziki tərbiyə dərsləri çərçivəsində uşaqlara cüdonun əsas qaydaları, təhlükəsiz yıxılma texnikaları və ilkin hərəkət vərdişləri öyrədilir.
İstəyirik ki, valideynlər də cüdoya yalnız idman nəticələri baxımından yanaşmasınlar. Cüdo uşaqların fiziki inkişafına, intizamına, özünəinamına və şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir. Dünya çempionatının ən böyük nəticələrindən biri gələcəkdə məhz cüdoya başlayan və bu idman növündə inkişafını davam etdirən uşaqların sayının artması ola bilər.

- Milli komandada idmançı seçimi hansı prinsiplərlə aparılır?

- Biz çalışırıq ki, milli komandaya seçim mümkün qədər şəffaf və obyektiv meyarlar əsasında aparılsın. Bunun üçün əsas götürdüyümüz göstəricilərdən biri idmançının mövsüm ərzindəki nəticələridir. Reytinq sisteminin tətbiq edildiyi kateqoriyalarda cüdoçular liqa turlarında, ne-vaza yarışlarında, region birinciliklərində və ölkə çempionatlarında topladıqları xallara əsasən qiymətləndirilirlər. Yəni idmançının taleyi yalnız bir yarışın nəticəsindən asılı olmur. O, mövsüm ərzində müxtəlif yarışlarda özünü göstərmək imkanı əldə edir.

İlin yekun reytinqində hər çəki dərəcəsi üzrə ilk dörd yeri tutan idmançılar milli komandanın formalaşdırılması üçün əsas namizədlər hesab olunurlar. Bununla belə, qaydalarda müəyyən istisnalar da nəzərdə tutulub. Baş məşqçi və performans direktoru perspektivli hesab etdikləri idmançıları reytinqdən kənar da komandaya cəlb edə bilirlər.

Konkret beynəlxalq yarışa heyət seçilərkən isə yalnız reytinqə baxılmır. İdmançının həmin dövrdəki hazırlıq səviyyəsi, nəticələri, məşqlərə münasibəti və mövcud idman forması da nəzərə alınır. Əsas məqsədimiz hər bir yarışda Azərbaycanı ən yaxşı şəkildə təmsil edə biləcək heyəti müəyyənləşdirməkdir.

- Azərbaycan beynəlxalq arenada güclü cüdo ənənələrinə malik ölkə kimi tanınır. Bəs bu gün həmin ənənələrin davam etdirilməsi üçün aşağı yaş qruplarında hansı işlər görülür?

- Azərbaycan cüdosunun gələcəyi birbaşa aşağı yaş qruplarında gördüyümüz işlərdən asılıdır. Ona görə də bu istiqamətə xüsusi diqqət yetiririk. İstedadlı uşaqların vaxtında müəyyənləşdirilməsi, onların düzgün məşq metodikası əsasında hazırlanması və inkişafının ardıcıl izlənilməsi bizim üçün əsas məsələlərdəndir.
Bu ildən etibarən “İstedadların seçimi” yarışlarını təşkil etməyə başlamışıq. Məqsədimiz daha kiçik yaşlı cüdoçuları diqqətdə saxlamaq, onların inkişafını izləmək və gələcəkdə yeniyetmələrdən ibarət milli komanda üçün daha geniş seçim imkanı yaratmaqdır.

Amma burada bir məqamı xüsusi vurğulamaq istərdim. Uşaqlarla işləyərkən yalnız yarış nəticəsinə köklənmək düzgün deyil. Hər yaşın özünəməxsus fiziki və psixoloji xüsusiyyətləri var. Məşq yükü, texniki hazırlıq və yarış təcrübəsi buna uyğun planlaşdırılmalıdır. Erkən yaşda medal qazanmaq naminə uşağın uzunmüddətli inkişafını riskə atmaq olmaz.
Bu baxımdan diqqət yetirdiyimiz məsələlərdən biri də çəki dərəcələrinin düzgün müəyyənləşdirilməsidir. Xüsusilə yeniyetmə yaşlarında idmançının sürətlə çəki salmasına və orqanizminin inkişafına mənfi təsir göstərə biləcək üsullardan istifadə etməsinə yol verilməməlidir. Bizim yanaşmamız ondan ibarətdir ki, idmançının sağlamlığı və təbii fiziki inkişafı qısamüddətli yarış nəticəsindən üstün tutulmalıdır.

Uşaq böyüdükcə onun fiziki göstəriciləri də dəyişir. Buna görə məşqçilər idmançının inkişafını davamlı izləməli və zərurət yarandıqda onun vaxtında daha uyğun çəki dərəcəsinə keçməsini təmin etməlidirlər. Əsas məqsəd cüdoçunun müəyyən çəkidə mümkün qədər uzun müddət qalması deyil, öz potensialını sağlam və davamlı şəkildə inkişaf etdirməsidir. Bu yanaşma gələcəkdə böyüklər arasında uğurlu çıxış üçün də mühüm əhəmiyyət daşıyır.
Gənclərimizin son beynəlxalq nəticələri ümidvericidir. Sentyabrda Podqoritsada keçirilən U-21 Avropa çempionatında üç qızıl və iki bürünc medal qazandıq. Ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutduq.
İndi əsas vəzifələrimizdən biri həmin istedadlı idmançıların böyüklər cüdosuna keçidini düzgün təşkil etməkdir. Çünki gənclər arasında uğurlu olmaq vacibdir, amma bu nəticələri böyüklər səviyyəsində davam etdirmək daha böyük hazırlıq tələb edir.

- Regionlarda cüdonun inkişafı hansı səviyyədədir? Paytaxtla müqayisədə bölgələrdə məşq zalları, avadanlıq və ixtisaslı məşqçilərlə təminat baxımından fərqlər varmı?

- Son illərdə regionlarda cüdonun inkişafı istiqamətində kifayət qədər iş görülüb. Xüsusilə məşq infrastrukturunun yaxşılaşdırılmasına diqqət ayırmışıq. 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Astara və digər şəhər və rayonlarda yeni cüdo zalları istifadəyə verilib.
Ümumilikdə Bakı və regionlarda fəaliyyət göstərən 200-dən artıq idman zalına 15 mindən çox tatami təqdim etmişik. Məqsədimiz cüdonun yalnız paytaxtda deyil, ölkənin müxtəlif bölgələrində uşaqlar və yeniyetmələr üçün əlçatan olmasını təmin etməkdir. Əlbəttə, infrastrukturun yaradılması işin yalnız bir hissəsidir. Müasir zal və avadanlıq nə qədər vacib olsa da, orada keyfiyyətli məşq prosesi təşkil olunmalıdır. Bunun üçün isə ixtisaslı məşqçilərə ehtiyac var.

Bölgələrdə əsas diqqət yetirdiyimiz məsələlərdən biri də məhz məşqçi hazırlığıdır. İstəyirik ki, regionlarda yaşayan istedadlı uşaqlar keyfiyyətli məşq keçmək üçün mütləq Bakıya gəlməli olmasınlar. Onların yaşadıqları ərazidə də inkişaf etməsi üçün uyğun şərait yaradılmalıdır. Düşünürəm ki, regionlarda cüdonun davamlı inkişafını təmin etməyin ən düzgün yolu infrastrukturla məşqçi hazırlığını paralel şəkildə gücləndirməkdir.

- Bəs Azərbaycanda cüdo məşqçilərinin hazırlanması və peşəkar inkişafı ilə bağlı hansı proqramlar həyata keçirilir?

- Məşqçi hazırlığı federasiyanın fəaliyyətində xüsusi yer tutur. Çünki idmançının gələcək nəticəsi böyük ölçüdə onun hansı metodika əsasında yetişdirilməsindən asılıdır. Bu səbəbdən həm beynəlxalq təcrübədən yararlanmağa, həm də ölkə daxilində məşqçilər üçün davamlı təhsil imkanları yaratmağa çalışırıq.

Bu istiqamətdə Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyası ilə əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Avqust ayında Bakıda Akademiyanın 150-ci praktiki təlim proqramı təşkil olundu. Azərbaycan bu beynəlxalq təhsil layihəsinə artıq altıncı dəfə ev sahibliyi edib.

BCF Akademiyası ilə əməkdaşlıq çərçivəsində indiyədək ümumilikdə 250 nəfər müvafiq təhsil proqramlarını uğurla tamamlayaraq beynəlxalq sertifikat əldə edib. Bizim üçün əsas məqsəd mütəxəssislərimizin bilik və bacarıqlarını artırmaq, onların müasir məşq metodikalarına yiyələnməsinə və beynəlxalq təcrübədən faydalanmasına şərait yaratmaqdır.
Bununla yanaşı, region məşqçiləri üçün ayrıca peşəkar inkişaf proqramımız var. Burada məqsədimiz məşqçilərin biliklərini yeniləmək və onların gündəlik fəaliyyətində istifadə edə biləcəkləri müasir yanaşmaları təqdim etməkdir.
Proqram kifayət qədər geniş mövzuları əhatə edir. Hakimlik qaydalarındakı dəyişikliklər, texniki-taktiki hazırlıq, yeniyetmələrin fiziki hazırlığı və onlara psixoloji yanaşma əsas istiqamətlərdəndir. Eyni zamanda, cüdonun dəyərləri, media ilə münasibətlər və sosial şəbəkələrin idarə olunması kimi mövzulara da yer ayırırıq. Təlimlərin sonunda imtahan keçirilir və uğurlu nəticə göstərən məşqçilərə sertifikat təqdim olunur.
Beynəlxalq əməkdaşlıq imkanlarından da istifadə edirik. ACF-in təhsil ekspertləri və Azərbaycan İdman Akademiyasının müəllimləri üçün Yaponiyada təcrübə mübadiləsi təşkil etmişik. Səfər çərçivəsində müxtəlif yaş qruplarında məşq metodikası və idmançıların uzunmüddətli hazırlığı ilə bağlı təcrübə öyrənilib.
Hesab edirəm ki, Azərbaycan cüdosunun gələcək inkişafı üçün məşqçilərin peşəkar hazırlığına qoyulan sərmayə ən vacib istiqamətlərdən biridir. Çünki yaxşı məşqçi təkcə bir idmançının deyil, bütövlükdə yeni nəslin yetişməsində rol oynayır.

- Dünya çempionatından sonra diqqət Los-Anceles-2028 Olimpiadasına yönəlir. Azərbaycan cüdo millisinin qarşısına hansı konkret hədəflər qoyulub?

- Los-Anceles-2028 hazırda əsas strateji hədəfimizdir. Dünya çempionatında qazandığımız nəticələr bizi sevindirir, amma qarşıda daha böyük vəzifələr dayanır. İndi əsas məqsədimiz həmin nəticələrin davamlılığını təmin etmək və Olimpiya Oyunlarına mümkün qədər güclü heyətlə yollanmaqdır.

İlk növbədə, çalışacağıq ki, daha çox çəki dərəcəsində Olimpiya lisenziyası qazanaq. Bunun üçün təsnifat dövründə idmançılarımızın sabit nəticələr göstərməsi və reytinqdə əlverişli mövqelər tutması vacibdir. Burada konkret hədəflərimiz var. İstəyirik ki, Olimpiya Oyunlarına vəsiqə qazanan cüdoçularımız mümkün qədər öz çəki dərəcələrində reytinqin ilk səkkizliyində yer alsınlar. Əsas hədəfimiz isə onların ilk dördlükdə qərarlaşmasıdır. Bu, idmançılarımızın Olimpiadada səpələnmişlər sırasında olması və püşkatma zamanı daha əlverişli mövqe əldə etməsi baxımından əhəmiyyətlidir. Təbii ki, reytinqdə yüksək yer tutmaq uğura zəmanət vermir, amma böyük yarışa hazırlığın vacib tərkib hissəsidir.

Əlbəttə, son məqsədimiz yalnız lisenziya qazanmaq və ya yüksək reytinq mövqeyinə sahib olmaq deyil. Biz Olimpiya medalları, o cümlədən qızıl medal uğrunda mübarizə aparmaq istəyirik. Azərbaycan cüdosunun potensialı buna imkan verir və hazırlığımızı da həmin məqsədə uyğun qurmalıyıq.

Qadın cüdoçularımızın Olimpiya Oyunlarında daha güclü təmsil olunması da qarşıya qoyduğumuz vacib vəzifələrdəndir. İstəyirik ki, həm kişilərdən, həm də qadınlardan ibarət komandalarımızda yüksək nəticə göstərə bilən idmançıların sayı artsın.
Olimpiadaya hazırlıqda hər bir cüdoçuya fərdi yanaşmaq lazımdır. Yarış təqvimi, məşq yükü, tibbi nəzarət və bərpa prosesi düzgün planlaşdırılmalıdır. Burada idmançının mübarizə aparacağı çəki dərəcəsinin vaxtında müəyyənləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Hazırlıq prosesində elə balans yaradılmalıdır ki, cüdoçu təsnifat yarışlarında lazımi xalları toplaya bilsin və eyni zamanda Olimpiya Oyunlarına ən yüksək formada çatsın.

Bizim əsas vəzifəmiz idmançıların potensialını məhz Olimpiya tatamisində nəticəyə çevirmələri üçün bütün zəruri şəraiti yaratmaqdır. Qarşıdakı dövrdə görüləcək işləri də bu məqsədə uyğun planlaşdırırıq.

Nur Zeynalova

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner