Oktyabrın 17-də Misli Premyer Liqasının 8-ci turunda “Qarabağ” və “Neftçi” üz-üzə gələcək. “Neftçi”nin 16 xalla lider, “Qarabağ”ın isə eyni xalla 3-cü olması oyuna marağı bir qədər də artırır. Əzəli rəqiblərin qarşılaşmasından əvvəl müxtəlif illərdə hər iki komandanın baş məşqçisi olmuş, Azərbaycanın Əməkdar məşqçisi Ağasəlim Mircavadovla danışdıq.
78 yaşlı mütəxəssis QOL.az saytına müsahibəsində bir çox məqama toxundu.
- Hələ 1990-cı illərdə, mən “Qarabağ”da çalışanda “Neftçi” ilə görüş prinsipial olurdu. Hər iki klub yaxşı oynayırdı və böyük azarkeş toplusu var idi. Qarabağda vəziyyət gərgin olsa da, Ağdamda da, Bakıda da çoxlu azarkeş olurdu. Bu, onu sübut edirdi ki, hər iki komanda mübariz oyun oynayır. Sonrakı illərdə də belə oldu. “Tofiq Bəhramov”a bu komandaların oyununda 20-22 min azarkeş gəlirdi. Bir müddət idi ki, “Neftçi” “Qarabağ”la mübarizə apara bilmirdi. İndi isə “Neftçi” yaxşı formadadır. “Qarabağ”da isə yeni oyunçular tədricən komandaya uyğunlaşırlar. İstəkli və yaxşı oyun gözləyirik. Turnir cədvəlində mövqeləri elədir ki, qələbə çox şey deməkdir.
- Hazırkı durumda hansı komandanın qələbə şansını daha üstün sayırsınız?
- Mən üstünlüyü heç kimə verə bilmərəm. Şanslar bərabərdir. “Qarabağ”ın hələ ki, yeni mövsümdə əvvəlki istəkli oyununu çox az görmüşük. Düzdür, top saxlamaq və zərbələr vurmaqda üstünlükləri olur, amma qol vurmaq hələ ki, aşağı səviyyədədir. “Neftçi”də isə bu sarıdan vəziyyət yaxşıdır.
- “Neftçi”nin son vaxtlar sabit çıxış etdiyinə görə əvvəlki illərdən fərqli olaraq gücləri bərabər hesab etmək olar?
- İndi oyunun gərgin keçəcəyini deyə bilərəm. Faiz nisbətində də kimin üstün olacağını demək çətindir. “Qarabağ” avrokuboklardan kənarda qaldığı üçün bəzi futbolçularda ruh düşkünlüyü yaranıb. Bu, mənim ehtimalımdır. Onlar neçə ildir Azərbaycanı Avropada çox gözəl təmsil edirlər. Biri var ki, avrokuboklar üçün hazırlaşasan, biri də var, Azərbaycan çempionatına. Fərq böyükdür. “Neftçi” son oyunlarda həm yaxşı qol vəziyyətləri yaradır, həm də bundan istifadə edir. İstənilən halda bizi maraqlı oyun gözləyir.
“Qarabağ”ın yeni oyunçularının keyfiyyətinə heç kimin şübhəsi yoxdur. Amma onların komandanın oyununa uyğunlaşmağına vaxt gedir. Bu vaxt isə “Qarabağ”da yoxdur. Reallıq odur ki, hazırda çempionluq uğrunda mübarizədə “Neftçi” də iddialıdır. Nə qədər davam edəcəklər, bilmirəm, amma hazırda ilk pillədədirlər. Bəli, əvvəlki mövsümlərdə “Qarabağ” “Neftçi”dən birbaşa üstün idi. Həm də “Qarabağ” Avropada oynayırdı. Futbolçular rahat çıxış edirdilər. Azərbaycan çempionatında oynayıb, avrokuboklara gedirdilər.
- Həmişə bir klubumuz üçün iki cəbhədə mübarizə aparmağın çətin olduğundan danışırıq. Amma indi fərqli fikirdəsiniz. Avrokuboklarda iştirakın komandanı bu qədər irəli çəkdiyini düşünürsünüz?
- Əlbəttə. Fikir verin, “Qarabağ”da əvvəlki illərdə 60-cı dəqiqədən sonra avrokuboklarda çıxış edən 4-5 futbolçuya şans verirdilər. Onlar da həm tonusu itirmirdilər, həm də lazım gələndə oyunun taleyini dəyişib qələbə qazandırırdılar. Məşqlə oyunun fərqi böyükdür. Tez-tez meydana çıxmağın ziyanı yoxdur, əksinə, faydalıdır. Şərtlər var ki, ona uyğunlaşmaq lazımdır. Avrokuboklarda oynamaq hərtərəfli sərfəlidir. Futbolçu özü oyuna hazır olur. Həm psixoloji, həm də fiziki olaraq.
- Yuri Vernidubun gəlişindən sonra uzun illərdir uğursuz çıxış edən “Neftçi”nin oyununda bir sabitlik yaranıb. Bu oyunu baş məşqçilərin də dueli adlandırmaq olar?
- Məşqçilərin hər ikisi təcrübəlidir. Maşallah, Qurban Qurbanov gör neçə ildir ki, avrokuboklarda çıxış edib. Hər məşqçinin futbola baxışı var. Vernidub da çox təcrübəlidir. Bu iki məşqçinin oyun prinsipləri fərqlidir. Bu oyunda futbolçuların hazırlaşmağından çox şey asılı olacaq. Orta xətt çox məsələləri həll edəcək. Əsas iş orta xəttə düşəcək.
- Lap əvvəldə dediniz ki, o vaxt “Qarabağ”la “Neftçi”nin qarşılaşmasına 20 min azarkeş gələrdi. İndi isə azarkeş sayı ondan az olur. “Qarabağ” – “Neftçi” matçı üçün azarkeşlərə çağırışınız necə olardı?
- Azarkeşlər özləri bilir ki, bu oyun gərgin və maraqlı olacaq. Hər halda oyuna gəlmək lazımdır. Azarkeşsiz futbolumuz heç nədir. Amma azarkeşlərə də şərait lazımdır. Əvvəl stadionlarda tum və ya su satılırdı. İndi başqa ölkələrdə də bunlar var. Məsələn, İngiltərədə görmüşəm. Azarkeşlərə qulluq vacibdir. Azarkeş su almaq üçün köşkə yaxınlaşır və 20 dəqiqə dayanır ki, nəsə alsın. Bunlara fikir vermək lazımdır. Əsas isə komandanın oyunudur. Azarkeşi stadiona dəvət edən komandanın oyunu olur. Onlar stadiona istirahətə gəlir. İngiltərə Premyer Liqasına baxanda görürük ki, azarkeşlər stadiona ailəsi ilə gəlirlər. Çünki istirahət etmək istəyirlər.
Bir məsələni də qeyd etmək istəyirəm. Klublar düşünməlidir ki, azarkeşlərin içində ziyalılar var. Onları stadiona dəvət etmək lazımdır. Çünki son vaxtlar ziyalılarımıza dəvət göndərilmir. Ziyalı olan yerdə azarkeş də stadiona gələcək. Mən U-21 millimizlə Britaniyaya yollananda orada gördüm ki, veteran futbolçular oyuna dəvət olunub. Onlar mənə dedilər ki, təkcə millinin yox, keçmiş klubumuzun oyunlarına da dəvət alırıq. Onları stadiona xüsusi maşınlar aparır. Özü də oyunu VİP lojada izləyirlər.
- Siz klubların ziyalılara dəvət göndərməli olduğunu nəzərdə tutursunuz, yoxsa futbol veteranlarına?
- Elə hər ikisini deyirəm. Bəzən elə olur ki, ziyalı azarkeş olur. 1970-ci illərdə Maestro Niyazi “Neftçi”nin oyunlarına dəvət edilirdi. İndi də “Neftçi”ni sevən ziyalılar var. Onları oyunlara dəvət etmək lazımdır.
Bəli, elə veteranları da nəzərdə tuturam. “Neftçi” öz veteranlarına hörmət etmir. Oyunlar olanda 5-6 bilet göndərirlər, o da adi sektorlara. Belə olmalı deyil, hörmət olunmalıdır. “Neftçi”də oynayan azərbaycanlı uşaqlar yaşa dolandan sonra görürlər ki, onlara hörmət olunmur. Hörmət o demək deyil ki, pul verilsin. Hərdən futbolçularla görüş keçirmək lazımdır. Elə futbolçular var ki, “Neftçi”nin tarixini bilmirlər. Məsələn, legionerlər və gənclər. Onlara bunu demək lazımdır. Veteranların hesabına bunu etmək olar. “Neftçi”də isə bunlar yoxdur. Dəhşətdir.
- Sizi “Neftçi”nin oyunlarına dəvət etmirlər?
- Xeyr. Neçə ildir ki, “Neftçi” mənə dəvət göndərmir. Məşqçilər Komitəsinin orada otağı var idi. Fikrimizi komanda haqqında bildirirdik. Çünki söhbət “Neftçi”dən gedir, biz orada canımızı qoymuşuq. İndi klubun rəhbəri türkdür. O da bilmirsə, bildirmək lazımdır ki, bu insanlar neçə illər “Neftçi”də oynayıb, çalışıb. Sən dəvət et, gələr-gəlməz özü bilər. “Neftçi”nin tarixini qorumaq lazımdır. Mən heç nə istəmirəm, komanda çempion olsun, mübarizə aparsın. Mənim arzum budur. Amma klub da gərək keçmişinə hörmət etsin. Klublarda veteranlarla işləyən insanlar olmalıdır. Hazırkı futbolçular görsə ki, veteranlara necə hörmət olunur, bu, onlara ancaq yaxşı təsir edə bilər. Veteranlara nə lazımdır? Diqqət, vəssalam. Biz futbol adamı olduğumuza görə hər oyuna baxmaq istəyirik.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 18 oyun
“Bəzi futbolçulara şans verməliyəm”
"Liverpul" 9 qolluq matçda qalib gəldi
Vinisius “Barselona” ilə oyunu buraxacaq
Elvinin matçı yarımçıq dayandırıldı
Flik ona istirahət verə bilər
Het-trikdən sonra aparıcı klubların hədəfinə tuş gəldi
Baş məşqçi ilə futbolçu arasında anlaşılmazlıq yarandı
“Bu, dünya futbolunda ən böyük hakimlik qalmaqalı ola bilər”
Arbeloa hakimi tənqid etdi, cəzalandırıldı
Fərid Namazovdan sonra “İmişli”də qərar verildi
Premyer Liqanın ən yaxşısı seçildi
“Arsenal” kütləvi ixtisarlar edə bilər
Superliqa klubunun yeni baş məşqçisi açıqlandı
Uğursuzluğa görə klub rəhbərliyini günahlandırdı
Keyn Messinin rekordunu qırdı
Azərbaycan güləşçisi dünya ikincisi oldu
"Milan" onunla yeni müqavilə imzalayır
Çexiya - Azərbaycan oyununun hakimləri açıqlandı
Okan Buruk “Barselona”ya məğlubiyyətdən danışdı
Diqqət! Azərbaycan derbisi gəlir...
ÇL-in oyunlarını yayımlayacaq kanallar
Arda Turandan Türkiyə millisi iddialarına cavab!
Mourinyo ilə jurnalist arasında maraqlı dialoq
"Sevincliyəm, qürurluyam, fəxr edirəm!" - Video
Azərbaycan klublarından avrokuboklarda yeni qələbə rekordu
Güləşçimiz U-23 dünya çempionatında gümüş medal qazandı
Azərbaycan UEFA reytinqində irəlilədi
"Qalatasaray" - "Barselona" matçında vurulan qollar - Video
İlk ev oyunu, ilk qələbə - Video
"Sabah" ÇL-də neçəncidir?
"Qalatasaray" "Barselona"ya uduzdu, "Atletiko"dan qələbə