Avropa federasiyaları beynəlxalq təqvimin dəyişdirilməsini istəyir

Avropa federasiyaları beynəlxalq təqvimin dəyişdirilməsini istəyir
DÜNYA FUTBOLU 10 Oktyabr 2026 / 14:57 174
-  A +

Avropanın milli futbol assosiasiyaları yığmaların oyunları üçün beynəlxalq fasilələrin əvvəlki formatına qaytarılması məqsədilə UEFA-ya müraciət etməyə hazırlaşırlar.

QOL.az “The Guardian”a istinadən xəbər verir ki, bu mövsüm sentyabr və oktyabr ayları üçün nəzərdə tutulan fasilələr birləşdirilərək üç həftəlik vahid fasilə ilə əvəzlənib. Nəticədə Avropa milliləri Millətlər Liqasında əsasən 11 gün ərzində 4 oyun keçiriblər.

Cümə axşamı Berlində Avropa federasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə yeni format demək olar ki, yekdilliklə tənqid olunub. Milli assosiasiyalardan birinin prezidenti mövcud sistemi “fəlakət” adlandırıb.

Narazılığın əsas səbəbləri futbolçuların üzərinə düşən yüksək fiziki yük və zədələnmə riskidir. Beynəlxalq fasilə zamanı Kilian Mbappe, Kody Qakpo, Aleksander İsak, Aleks Skott və Brayan Brobbi də zədə alan futbolçular arasında olublar.

Kiçik federasiyalar isə yeni təqvimin geniş futbolçu seçiminə malik milli komandalara üstünlük verdiyini düşünürlər. Bundan başqa, bəzi assosiasiyalar qısa müddət ərzində doğma meydanda iki oyun üçün bilet satmaqda çətinlik çəkiblər.

Federasiyaların üstünlük verdiyi variant əvvəlki sistemə qayıtmaqdır. Həmin formatda il ərzində iki həftəlik 5 beynəlxalq fasilə nəzərdə tutulurdu.

Bildirilib ki, bununla belə, dəyişiklik etmək asan olmayacaq. Çünki beynəlxalq oyun təqvimi FİFA tərəfindən 2030-cu ilə qədər təsdiqlənib.


Qarabağ FK
Son xəbərlər
topaz banner