Yerli oyunçularla ÇL-də 1/8 finala - Avropada şimal küləyi

Yerli oyunçularla ÇL-də 1/8 finala - Avropada şimal küləyi
ÖLKƏ FUTBOLU 25 Fevral 2026 / 16:20 3011
-  A +

Avropa futbolunda uğur artıq pulla ölçülür. Büdcələr böyüyür, transfer qiymətləri şişir, kiçik klubların isə buna nəfəsi çatmır. Amma Norveçin qütb dairəsinə yaxın yerləşən kiçik Bodo şəhərinin komandası bu sistemi sındırdı.

Norveçin “Bodo-Qlimt” klubu bu mövsüm UEFA Çempionlar Liqasında möhtəşəm çıxışları və nəticələri ilə diqqəti cəlb etməkdədir. “Sarılar” tarixində ilk dəfə əsas mərhələsinə yüksəldikləri turnirin 1/8 finalına qədər gəlib çıxmağı bacarıblar.

50 minə yaxın əhalisi olan Bodo şəhərinin təmsilçisi yarışa Liqa mərhələsinə vəsiqə verən pley-off-dan başlayıb və burada Avstriyanın “Şturm” klubunu böyük üstünlüklə (5:0, 1:2) mübarizədən kənarlaşdırıb.

Liqa mərhələsini 9 xalla başa vuran komanda burada “Mançester Siti”, “Atletiko” kimi nəhəngləri məğlub etməyi bacarıb, “Tottenhem” və Dortmund “Borussiya”sından xal alıb.

Çempionlar Liqasının Liqa mərhələsi

 “Slaviya Praqa” (Çexiya) – “Bodo-Qlimt” (Norveç) – 2:2
“Tottenhem” (İngiltərə) – “Bodo-Qlimt” (Norveç) – 2:2
“Qalatasaray” (Türkiyə) – “Bodo-Qlimt” (Norveç) – 3:1
“Bodo-Qlimt” (Norveç) – “Monako” (Fransa) – 0:1
“Borussiya” Dortmund  (Almaniya) – “Bodo-Qlimt” (Norveç) – 2:2
“Bodo-Qlimt” (Norveç) – “Mannçester Siti” (İngiltərə) – 3:1
“Atletiko” Madrid (İspaniya) – “Bodo-Qlimt” (Norveç) – 1:2

Artıq Liqa mərhələsində sensasiyaya imza atan Norveç klubu 1/8 final üçün oynanılan pley-off-da daha möhtəşəm performans göstərib. Şimallılar Çempionlar Liqasının üçqat qalibi olan "İnter"i həm Norveçdə, həm də İtaliyada üstələyib.

Pley-off

"Bodo-Qlimt" (Norveç) – “İnter” (İtaliya) – 5:2
"İnter" (İtaliya) – "Bodo-Qlimt" (Norveç) - 1:2

1/8 final

Norveç klubu 1/8 finalda ya “Sportinq”, ya da “Mançester Siti” ilə üz-üzə gələcək. Bu mərhələnin püşkü fevralın 27-də atılacaq.

Rəqiblərlə maliyyə fərqi

Transfermarkt portalının məlumatlarına görə, "Bodo-Qlimt"in heyətinin bazar dəyəri 60–82 milyon avro arasıdır. Təbii ki, mövsüm və yenilənməyə görə bu rəqəm dəyişir. Bu rəqəm Avropanın böyük klubları ilə müqayisədə çox aşağıdır. Müqayisə üçün bildirim ki,  Milan "İnter"in heyətindəki oyunçuların ümumi bazar dəyəri təxminən 600–700 milyon avro, "Mançester Siti"də isə 1 milyarddan çoxdur. Ümumilikdə "Bodo-Qlimt" bəzi rəqiblərindən 10-15 dəfə daha ucuz heyətlə mübarizə aparıb.

Yerli oyunçular faizi

"Bodo-Qlimt"in Çempionlar Liqasının pley-offunda “İnter”lə oyunda start heyətinin böyük hissəsini norveçli futbolçular təşkil edib. Klub Avropanın bəzi elit komandalarından fərqli olaraq transfer bazarında ulduz ovuna yox, yerli oyunçu inkişafına üstünlük verir. Bunu da xüsusi vurğulamaq lazımdır ki, "Bodo-Qlimt"in əsas heyəti demək olar yerli, oyunçulardan qurulub. Məsələn, dünən "İnter"ə qalib gələn heyətdə meydana çıxan 11 futbolçudan düz 9-u norveçli olub.

Baş məşqçi

Knutsen Ketil 2018-ci ildən “Bodo-Qlimt”i çalışdırır. Klub onun rəhbərliyi altında ən parlaq dövrünü yaşayır. Maraqlıdır ki, 1977-ci ildən müxtəlif fasilələlərlə Norveçin yüksək liqasında çıxış edən “Bodo-Qlimt” ilk dəfə 2020-ci ildə, Ketilin baş məşqçiliyi altında çempion olub. Komanda bundan sonra ardıcıl olaraq daha iki mövsüm çempion adını qazanıb. Komandanın ötən mövsüm Avropa Liqasının yarımfinalına qədər irəliləməsi də 57 yaşlı norveçli Knutsen Ketilin əməyinin nəticəsidir.

Uğurun sirri

“Bodo-Qlimt"in uğuru bir mövsümlük sensasiya yox, illərlə qurulan futbol modelinin nəticəsidir. Klub bahalı transfer yarışına qoşulmaq əvəzinə məşqçi sabitliyinə, oyun fəlsəfəsinə və yerli futbolçu inkişafına yatırım edib.

Təbii ki, komandanın uğuru və uğursuzluğu deyəndə ilk növbədə ağıla gələn baş məşqçi amilidir. "Bodo-Qlimt"in Knutsen  Ketilin gəlişindən sonra necə inkişaf etməsi göz önündədir. Onun komandası əsasən gənc oyunçulardan təşkil edilib, oyun üslubunda sürət və pressinq əsas götürülüb. "Bodo-Qlimt"in oyunlarında rəqiblərin bu sarıdan necə çətinlik çəkdiyi aşkar görünür. Bu cür komandalar xüsusilə də böyük klublarla oyunlarda sürpriz etməyi bacarır. Təbii ki, məsələn, "Mançester Siti" "Bodo-Qlimt"dən bu cür cəsarətli oyun gözləmirdi və uduzmasında rəqibin sürətli keçidləri və pressinqi önəmli rol oynayıb. 

Bundan başqa, klubun idarəçiliyindən də çox şey asılıdır. Məhdud büdcə ilə belə komanda formalaşdıra biliblərsə, demək ki, strategiya, transferlərdə seçim düzgün olub. Klub rəhbərliyinin uzunmüddətli inkişaf strategiyası seçməsi, baş məşqçiyə güvənməsi də bu cür nəticələrə gətirib çıxarıb.

“Bodo-Qlimt" modeli xüsusilə Azərbaycan futbolu üçün maraqlı nümunə sayıla bilər. Son illər bizim yerli klublar qısamüddətli nəticə naminə tez-tez məşqçi dəyişiklikləri edir, legionerlərdən asılılıq artır. Akademiya sistemləri isə gözlənilən səviyyədə işləmir. Norveç klubu isə göstərdi ki, məhdud büdcə ilə belə uzunmüddətli strategiya qurmaq mümkündür.

Ramiq Ağaməmmədov


Dünya Çempionatı 2026
Son xəbərlər
19.06.26  17:22

"Barselona" peşmandır

topaz banner