Misli Premyer Liqasının 3-cü turunda keçirilən 6 oyunda qapılara cəmi 5 qol vurulub. Yəni oyun sayından daha az qol. Bu isə orta məhsuldarlığın 0.83-ə bərabər olması deməkdir. Peşəkar Futbol Liqasının araşdırmasına görə, bu, son 10 ilin antirekordudur.
Bəli, turun əsas diqqətçəkən məqamlarından biri məhz qol qıtlığı oldu. Yüksək yerlərə can atan və daha iddialı olmaq üçün 70-80 faizi legionerlərdən ibarət heyətlə (bəzilərində bu faiz daha yuxarı olur) çıxış edən klubların yarışında belə statistikanın qeydə alınması çox üzücüdür.
Göstəricisi daha pis olan klublarımız da var ki, mövsüm başlayandan qol üzünə həsrətdirlər. Hələ ki, qol sevinci yaşamayan “Qəbələ” və “Araz-Naxçıvan”ın hərəsinin 1 xalı var. “Sumqayıt” isə keçirdiyi 2 oyuna 1 qol vurmağı bacarıb, amma xal qazana bilməyib və sonuncudur.
Bütün bunların fonunda yerli futbolçulara kifayət qədər şans verən və hələlik uğurlu olan “Zirə” nümunəsi də var. Hansı ki, keçirdiyi hər üç qarşılaşmada qalib gələrək turnir cədvəlinin şəriksiz lideridir. Rəşad Sadıqov son turun “Neftçi” ilə liderlik uğrunda vacib qarşılaşmasında yeddi azərbaycanlı futbolçunun xidmətindən yararlanıb. İkinci turda “İmişli”yə qalib gəldikləri (3:1) oyunda da “Zirə”nin heyətində yeddi azərbaycanlı futbolçu oynayıb. İlk turda “Şəfa” ilə görüşdə (2:0) isə altı yerli oyunçuya şans verilib.

Yerli futbolçularla komanda hara qədər gedə bilər, bunu mövsümün axırında biləcəyik, amma görünən odur ki, 70-80 faiz yerli oyunçulara şans verməklə də Azərbaycan çempionatında müəyyən nəticə qazanmaq olar. Həm də əgər klublarımız yerli oyunçulara şans verməsə, sabah Azərbaycan millilərinə kim çağırılacaq? Axı bizim ölkə xaricində çıxış edən futbolçularımızın sayı çox azdır. U-21 millimizin 1-ci liqada çıxış edən oyunçularla heç bir nəticə qazanmadığının artıq şahidi olmuşuq. Təəssüf ki, 1-ci liqa klublarının da bir çoxunun komandanı legionerlərlə doldurduğunu görürük.
Hamımız bilirik ki, milli komandaların əsas futbolçu bazası yerli çempionat olmalıdır. Əgər Premyer Liqa ilə yanaşı, 1-ci liqa klubları da heyətlərini legionerlərlə bəzəsə, gələcəkdə milliyə yeni futbolçuları haradan tapacağıq?
Misli Premyer Liqasının 3-cü turunda klublarımızın oynatdığı yerli futbolçuların sayına diqqət edək.
“Zirə” - 7
“Neftçi” - 5
“Qarabağ” - 2
“Sabah” - 3
“Araz-Naxçıvan” - 4
“Turan Tovuz” - 3
“İmişli” - 8
“Kəpəz” - 6
“Şəfa” - 6
“Şamaxı” - 7
“Qəbələ” - 6
“Sumqayıt” - 7
Son tur həm də 3 illik fasilədən sonra futbolun Gəncəyə qayıtması və orada yaşanan anşlaqla yadda qaldı. Təsadüfi deyil ki, yenidən inşa olunan Gəncə şəhər stadionunda keçirilən “Kəpəz” – “Turan Tovuz” matçını tribunalardan 13500 azarkeş izləyib. Bu, son 10 mövsümün azarkeş rekordudur. Gəncə stadionundakı oyun o qədər də maraqlı keçməsə də, arenadakı atmosfer çempionatımızı rəngləndirdi deyə bilərik. Qərb derbisində çempionluğa oynadığını iddia edən “Turan Tovuz” əzəli rəqibi ilə bacarmadı.

0:1 hesablı məğlubiyyətdən sonra tovuzlu azarkeşlərin baş məşqçi Kurban Berdıyevi istefaya səsləməsi də yaddaqalan məqamlardandır. Təbii ki, “Turan Tovuz” azarkeşlərini bu şüara görə başa düşmək olar. Çünki klubun rəhbəri Ehtiram Quliyev tərəfindən yaradılan yüksək şəraitin, təmənnasız dəstəyin qarşılığında komanda istənilən oyunu sərgiləmir. Klubun imkanları ilə meydandakı nəticələr arasındakı fərq isə getdikcə daha çox diqqət çəkir. Üç turdan sonra nəticələrlə bağlı danışmaq tez olsa da, komandanın göstərdiyi oyun da yekunda uğurla nəticəyə ümid vermir. Bu isə o deməkdir ki, rəhbərlik radikal addım atmasa, istefa sədalarını çox eşidəcəyik. Kurban Berdıyev özü isə bu şüarlardan narahat deyil. “Kəpəz”lə görüşdən sonra deyib ki, azarkeşlərin qarşısını kəsib istefa şüarı səsləndirməsi onu narahat etmir. Çox güman ki, bir neçə gün əvvəl 74 yaşını qeyd edən mütəxəssis karyerasının son dönəmlərini yaşayır və bəlkə də elə sona qədər “Turan Tovuz”da işləmək niyyətindədir. Çünki vaxtilə nə qədər güclü məşqçi olsa da, artıq klublar daha gənc məşqçilərə və dinamik oyuna üstünlük verirlər. Üç ildə “Turan Tovuz”da nəsə edə bilməyibsə, bundan sonra da hansısa nəticəyə ümid etmək çətindir.
Odur ki, bu gedişlə klub rəhbərliyi artıq səhvə yol verməməli və nə qədər gec deyil, baş məşqçi dəyişikliyinə getməlidir. Necə ki, bir qədər gec olsa da, “Qəbələ” bunu etdi, komandası keçirdiyi 3 oyunda 1 qol belə vura bilməyən Kaxaber Sxadadzeni istefaya göndərdi.
3-cü turun mənzərəsi bizə iki fərqli nümunə göstərdi: bir tərəfdə çoxsaylı legionerlərin oynadığı, amma qol və məhsuldarlıq baxımından ciddi problemlər yaşayan komandalar, digər tərəfdə isə yerli futbolçulara güvənərək üç oyundan üç qələbə qazanan “Zirə”.
Ramiq Ağaməmmədov
"Qalatasaray"ın yetirməsi doğma klubuna qayıtmağa hazırlaşır
“Bizim vəzifəmiz meydanda döyüşməkdir” - Qurban Qurbanov
"Qarabağ"ın qələbəsindən - Video
"Qarabağ" "Sumqayıt"a, "Sabah" "Araz-Naxçıvan"a qalib gəldi
"Hakimləri qorumaq üçün VAR sistemini tətbiq etməliyik"
“Qızıl top” qalibləri nə vaxt açıqlanacaq?
"Neftçi" xorvatiyalı futbolçu transfer etdi
"Çelsi"dən ayrıla bilər
“Müdafiədə yenə kobud səhv etdik” - Zaur İsmayılov
Benzema "ƏI-Hilal"dan getdi
"Sabah" "Araz-Naxçıvanı"ı belə məğlub etdi - Video
Messi millidəki karyerasını başa vurdu - Şəkil
Kenan Yıldız əməliyyat olundu
"Sumqayıt" - "Qarabağ" matçının heyətləri açıqlandı
Gəncə stadionunda azarkeş coşğusu - Video
Azərbaycan millisi Polşada birinci yeri tutdu
Mahir Emrelinin baş məşqçisi istefa verdi
“Əvvəlcə sağal, sonra qapımız sənin üzünə açıq olacaq”
"Liverpul"da qala bilər
"Milan" Hatçinsonun transferi ilə bağlı razılığa gəldi
"Araz-Naxçıvan" - "Sabah": Heyətlər açıqlandı
"Mançester Siti" Braziliyadan hücumçu transfer etdi
"Tottenhem"dən "Portu"ya
Azərbaycan klubundan ayrıldı, Rumıniyada oynayacaq
Trabzonda Salahın adı küçəyə verilə bilər
3 ildən sonra: Yenə “Zirə”
Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər
İngiltərə millisinin hücumçusu “Əl Hilal”da
"Qəbələ" Kaxaber Sxadadzeni istefaya göndərdi