Medianın İnkişafı Agentliyinin layihəsi
Bu yazımızın qəhrəmanı birinci Qarabağ müharibəsinin qazilərindən olub. Ancaq onun döyüşdəki hünərindən, fədakarlıqlarından yox, “Qarabağ” komandasına sevgisindən danışacağıq.
Qarabağ qazisi Elməddin Sərdarı çoxları tanıyır. Onun bir neçə gün əvvəl Feysbuk səhifəsindəki həssas paylaşımı diqqətləri cəlb elədi. Özünün dediyi kimi, “Qarabağ”ın ərköyün azarkeşi 1988-ci ildə ölkə çempionatının “İmarət”də keçirilən final oyunundan sonra topu götürür və bu günə kimi qoruyub saxlayır. Topu “İmarət”ə qaytaracağını deyir. Bu maraqlı tarixçəni Elməddin Sərdarın öz dilindən gələn sözlərlə oxumaq daha yaxşı olar:
“Ağdamın, “Qarabağ”ın gözəl vaxtları idi. Yevlaxın “Avtomobilçi” komandası ilə final oyunu keçirilirdi. Qarabağ hadisələri yenicə qızışmışdı. Amma demək olar ki, “İmarət” dolu idi. “Qarabağ” 4:1 hesabı ilə uddu. Bizim qolları Müşfiq Hüseynov, Gülağa Məmmədov, Nazim Mehrəliyev və səhv etmirəmsə, Yaşar Hüseynov vurdu. Oyun bitən kimi dayıma dedim ki, topu hakimdən al ver mənə. İmarət məhləsində böyüyən uşaq olmuşam, ərköyün idim. 14 yaşım vardı, amma 30 yaşında kişi kimiydim. Dayım getdi hakimin əlindən topu aldı. Ağdam idi, ona kim nə deyə bilərdi ki. Stadionda da əfsanələr oturmuşdu. Rəhmətlik Fred Asif, Allahverdi Bağırov (Azərbaycanın Milli Qəhrəmanları – R.A), Eldar Bağırov orda idi. Polislər gəlib dayımı tutdular ki, topu ver. Dayım da dedi ki, topu bacım oğlu istəyib, onun olacaq. Rəhmətlik Asif yaxınlaşdı. Dedim dayı, istəyirəm bu top mənim olsun. Asif mənim xalam oğludur, amma biz ona dayı deyirdik. Dayım yaxnlaşan kimi bütün polislər uzaqlaşdı. Asifin yanında kimisə tutmaq olardı? Rəmətlik Ərşad Nadirov da ayaqyalın qaçdı gəldi, dedi kimi tutursunuz? Hamı məni tanıyırdı. Əslində Asif topu əlimdən ala bilərdi. Ancaq gülümsədi və dedi ki, topu götür, özündə saxla. Dayım da topu götürüb getdi kimdənsə qələm aldı, topun üstünü yazdı. Həmin indiki “Ağdam”, “Qarabağ” sözləri o vaxt yazılanlardır. Dayım əmanətə çox diqqətli adamdır. Ona görə də top qaldı onda. Dedi, bilirəm ki, məhlədə oynayıb topu cıracaqsan.
Elməddin Sərdar
1993-cü il idi, artıq mən müharibədə idim və bir neçə dəfə yaralanmışdım. Bir gün dayım dedi ki, gəl sənə bir az bəhməz verəcəm, bir də məndə bir əmanətin var. Onda müharibəyə görə top yadımdan çıxmışdı. Getdim onlara bir az söhbət elədik. Dedi Emi, top yadındadır? Dedim nə top? Dedi bəs, topa görə dayını az qala tuturdular, yadında deyil? (gülür) Dedim hə, heyf hər şeyimiz qaldı Ağdamda. Dedi qalmayıb, topu gətirmişəm, sandıqdadır. Deməli, o vaxtdan qoyublar sandığa, Ağdam işğal olunanda topu da Bərdəyə aparıblar, ordan da Bakının Nardaran kəndinə gəliblər. Sonra da Ramanada qaldılar. 10 il bundan qabaq dayımgilə gedəndə dedim topdan nə xəbər? Dedi 1993-cü ildə topu çıxardım ki, uşaq baxsın, gördüm topun kameri partlayıb. Dedim eybi yox, amma birdən uşaqlara verərsən, evdə oynayarlar üstündəki yazısı gedər. Dedi narahat olma. Mən də topu gətirdim evə və onu bərpa elədim. Topun çürüyən saplarını sökdüm, içinə təzə kamer saldım. Bacardığım qədər qıraqların tikdim, amma doldurmadım. Bir neçə ustaya da göstərdim ki, bəlkə tikərlər. Hamısı dedi ki, mümkün deyil, 33 ilin topudur. Həmişə o topa baxanda deyirdim ki, səni “İmarət”ə qaytaracam, o qədər mal-dövlətin içində gələn sənsən.
Bir müddət əvvəl Rusiyadan gələn bir Hacı dostuma dedim ki, gəl sənə bir şey verim, ziyarət elə. Topu verdim, dedim Ağdamdan gəlib. Topu öpdü, qoydu gözünün üstünə, sonra “Prado”nun açarını mənə uzatdı ki, mən də sənə bunu verirəm. Dedim, sən dəlisən? Mən bunu “İmarət”ə aparacam”.
Elməddin Sərdarın 33 ildir saxladığı topla bağlı yaxşı planları var. O, topu Ağdama qaytarmamış heç kimə verməyəcəyini deyir: “Topu İnşallah birinci “İmarət”ə aparmaq fikrim var. Sonra rəhmətlik Fred Asif, Allahverdi Bağırov və digər qəhrəmanlarımızın məzarını ziyarət edəcəm. O vaxt kapitan Gülağa Məmmədov idi. Onun rəhbərliyi altında “Qarabağ”ın o vaxtkı futbolçuları ilə gedərik “İmarət”ə. Orada bir qapı düzəldərik. Gülağa bir penalti vurar. Müşfiq bir ötürmə verər, Yaşar bir cərimə zərbəsi vurar. Sonra da topu “Qarabağ” vermək istəyirəm. Klubun muzeyində qalsın. “Qarabağ” da bu məsələyə münasibətini bildirib. Klubun direktoru Əmrah Çelikel buna görə mənə təşəkkür etdi. Bizim münasibətlərimiz çoxdan var. Mən “Qarabağ”ın fəxri üzvlərindənəm.
Mən böyük məmnuniyyətlə “Qarabağ”ın 1988-ci ildə ölkə çempionu olduğu topu kluba vermək istəyirəm. Top mənimlə ömür sürəsi deyil ki. Əsas odur ki, topu bu günə qədər saxlamışıq. Məqsəd o idi ki, top Ağdama, “İmarət”ə qayıtsın. Topu simvolik olaraq 1-2 dəfə də Qəmər xalanın həyətinə vursaq, yaxşı olar. Qəmər xalanın həyəti stadionun yanında idi. Tez-tez top düşürdü ora. Arvad da söyə-söyə gətirirdi ki, bostanımı dağıtdınız. Hər dəfə deyirdi ki, top bir də düşsə, verməyəcəm, amma verirdi.
Dediyim kimi, əsas odur ki, top Ağdama getsin. Ağdama getməmiş onu heç kimə vermərəm. Özüm 1993-cü ildən sonra 10-12 dəfə Ağdamda olmuşam. Pis çıxmasın, ordunu Ağdama aparan mən olmuşam. Sadəcə, fikirləşirəm ki, topu bir az hörmətlə, izzətlə Ağdama aparaq. Cansız əşya olsa da, çox qiymətlidir. Əşyalar var ki, 100 milyon qiyməti var. Bu top da mənim üçün qiymətsizdir. Mən hazırda baş verənləri danışıdıqca özümü “İmarət”də hiss edirəm. Qolların vurulma anı, azarkeşlərin qışqırışması, stadionun ağzına qədər dolması, bunlar hamısı gözümün önündən keçir”.
“Qarabağ”ın sadiq azarkeşi özü üçün qiymətsiz olan topu 33 il saxlamaqla həm də Ağdama qayıdacağına həmişə əmin olub: “Mən Ağdamı özümdən çox istəyirəm. 3 il Ağdamı qorumuşam, 3 dəfə yaralanmışam. Bu gün o ağrı-acı mənim canımdadır. Qanımla sübut etmişəm ki, Ağdamı çox sevirəm. Bu haqda danışmağa ehtiyac yoxdur. Mən bu topu bircə məqsədlə saxlamışam – “İmarət”ə qaytarmaq. Həmişə də buna inanmışam. Düşünmüşəm ki, “İmarət”də bu əzik ayağımla gücüm çatan qədər, var qüvvəmlə topa bir təpik vuracam və deyəcəm ki, səni burdan götürmüşdüm, indi yenə gətirdim. Ondan sonra topu kim götürür götürsün. Heç vaxt bu fikirlərimdə ümidsiz olmamışam. Ömür boyu mənə deyiblər ki, sən nəyə inanırsan? Mən də cavab vermişəm ki, biz haqlıyıq, o torpağa gedəcəyik, haqq-ədalət öz yerini tapacaq, biz özümüzdə təpər tapacağıq. Bir neçə gün əvvəl topu götürdüm, doldurdum, bir az düşündüm. 29 ildir ki, qaça bilmirəm. Topa baxanda onun dalınca qaçdığımız günləri xatırladım. Bunlar şirin xatirələrdir. Kişi Vətən üçün doğulub. Yeri gələndə canını da verməlidir”.
“Qarabağ” klubunun direktoru Emrah Çelikel isə Qol.az saytına məsələ ilə bağlı deyib: “Mənəvi əhəmiyyəti yüksək olan bu gözəl, fədakar, təqdirəlayiq addım üçün Elməddin bəyə rəhbərliyimizin adından təşəkkürümü bildirirəm. Eyni zamanda Elməddin bəyin istədiyi kimi təşkilatlanaraq, dəyərli hədiyyəni muzeyimizin ən gözəl yerində əbədi mühafizə edəcəyik”.
Ramiq AĞAMƏMMƏDOV
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi