Bombardirin millimizə qayıdışı

Bombardirin millimizə qayıdışı
FUTBOLUN TARİXİ 7 Noyabr 2017 / 18:23 15508
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!

Qurban Qurbanovun milli komandamıza baş məşqçi təyin olunmasını çoxdan gözləyirdik. Ancaq müəyyən səbəblərdən bu təyinat gecikirdi. Artıq “Qarabağ”la Azərbaycan futbolunu yaşadan bir mütəxəssis millimizin də uğurları üçün çalışacaq.
 
Vaxtilə vurduğu qollarla yığmamızı irəli çəkən Qurbanov bu dəfə meydanın kənarında öz sözünü deyəcək. Təbii ki, futboldan anlayışı olan hər kəs Qurbanova inanır, onun “Qarabağ”dakı uğurunu millidə də təkrarlayacağına şübhə etmir.

İndiyə qədər həm futbolçu, həm də məşqçi kimi özünü sübut etmiş Qurbanovun millimizi hansı yerlərə gətirəcəyini zaman göstərəcək. Biz isə budəfəki yazımızda Qurbanovun futbolçu kimi millimizə gəlişindən və komandada keçdiyi yoldan söhbət açacağıq.

Mövzumuzla bağlı ilk olaraq Qurbanovun böyük qardaşı, onun futbola gəlməyindən mühüm rolu olan, həm də bir neçə il komanda yoldaşı olmuş Musa Qurbanovla danışdıq. Veteran hücumçu ilə söhbətə Qurbanovun milliyə ilk dəvətindən başladıq:

“Biz Qurbanla birlikdə Zaqatalanın “Daşqın” komandasında oynayırdıq. Azərbaycan çempionatında birinci dövrədən sonra Qurban bombardir idi. Demək olar ki, hər oyun qol vururdu. Bununla da diqqəti özünə yönəltmişdi. Tək qolları ilə yox, həm də çox çalışmağı, əzmkar oyunu ilə diqqəti cəlb edirdi. Hər oyunda  seçilirdi. Buna görə də milli komandamızın ilk oyununda iştirak etdi. Səfərdə Gürcüstanla keçirilən yoldaşlıq oyununun ikinci hissəsində meydanda oldu.

Təbii ki, onun milliyə dəvət almasını sevinclə qarşıladıq. Qurbanın futbola gəlməyində mənim futbolçu olmağımın böyük rolu olub. Mən ona dəfələrlə deyirdim ki, daha böyük komandalarda oynamalısan. O vaxt uşaqlarda ilk məqsəd “Neftçi”də oynamaq idi. Sovet İttifaqı dağıldıqdan sonra isə milli komandaya və daha çox Rusiya klublarında oynamağa can atırdıq. Daha böyük məqsədlər üçün də oynamaq olardı. Ancaq həm Qurban, həm də mən futbola gec gəldik. 1987-ci ildə - Qurbanın 15 yaşı olanda futbolçu olmaq qərarına gəldi. Bu da çox gecdir”.


Soldakı Qurban Qurbanov, sağdakı Musa Qurbanov

“Serblər də o oyunu yaddan çıxarmır”

M.Qurbanov qardaşının millidə onu ən çox sevindirdiyi oyundan da söhbət açıb: “Sevindiyimiz oyunları çox olub. Ancaq yəqin ki, azarkeşlərdən də, elə Qurbanın özündən də soruşsanız, birinci Serbiya və Çernoqoriya ilə oyunu deyər. Hansı ki, səfərdə 2:2 hesablı bərabərlik qeydə alınmışdı. Komandamız məğlub durumda olanda Qurban dubl edərək hesabı bərabərləşdirmişdi. İndi də hansısa bir serbiyalı menecerlə görüşəndə o da həmin oyunu, Qurbanı yada salır. Yəni tək biz yox, serblər də o oyunu yaddan çıxarmır.Bu, yaddan çıxan bir şey deyil. O zaman üçün Serbiyada bu nəticəni qazanmaq çox böyük sensasiya idi”.

Qurbanovun futbolçu karyerası ilə bağlı onun müxtəlif illərdə milli komandada baş məşqçisi olmuş Vaqif Sadıqovla da danışdıq. Qurban Qurbanov məhz Sadıqovun vaxtında millimizdə möhkəmlənib.  Qurbanov kimi bir oyunçuya rəhbərlik etdiyi üçün qürur hissi keçirdiyini deyən millimizin sabiq çalışdırıcısı onun futbolçu keyfiyyətlərindən danışdı:

“Mən ilk dəfə milliyyə baş məşqçi təyin olunanda Qurbanov mənim komandamda əsas oyunçuya çevrilib. Elə o vaxtdan onda olan keyfiyyətləri gördüm. Çox yaxşı təsir bağışlayırdı. Mən millini çalışdırmazdan əvvəl də Qurbanovu öz komandamda yəni “Neftçi”də görmək istəyirdim. Ancaq qarşımı rəqiblər kəsirdi. “Turan” Qurbanovu heyətinə cəlb etdiyi üçün onu “Neftçi”yə gətirə bilmədim. İstəyimi milli komandada reallaşdıra bildim. Belə bir hücumçunu öz komandamda görmək istəyirdim. Bu, klubda alınmasa da, millidə reallaşdı. Mənim milliyə rəhbərlik etdiyim dövrdə  Qurbanov əsas heyət oyunçusu oldu. Çox sevinirəm ki, qərarım yanlış olmayıb. Sonrakı baş məşqçilər də Qurbanova güvənirdilər. O, hər bir məşqçinin etimadığı doğruldurdu.

O dövrdə biz Avropada ilk addımlarımızı atırdıq. Bizə hər bir xətdə işguzar futbolçu lazım idi. Mən də o məşqçilərdən idim ki, müdafiəni hücumdan başlamağı tələb edirdim. Hücumçuların işi çox olurdu. İlk növbədə Qurbanovun işgüzarlığı gözümə çarpırdı. Meydanda çox hərəkət edirdi. Çox aqressiv, sürətli futbolçu idi. Hər bir epizodda mübarizəyə qoşulmağa hazır idi. Heç vaxt mübarizədən çəkinmirdi.
İslam Oyunları zamanı Qurbanovla futbol komandamızın oyununa baxırdıq. Söhbətimiz zamanı ona bildirdim ki, hazırda Azərbaycanda sənin kimi hücumçu görmürəm. Dedi ki, Vaqif müəllim, axı mənim də mənfi tərəflərim var idi. Mən də cavab verdim ki, necə oldu ki, mən bu mənfi keyfiyyətləri görmədim? Yəni mən onda bir futbolçu kimi mənfi xüsusiyyət görmədim. Mənim üçün ideal bir hücumçu idi. İndi çox sevinirəm ki, mənim rəhbərliyim altında oynayan bir futbolçu bu gün belə bir səviyyəyə çatıb.


Vaqif Sadıqov

Qurbanov hamını ilk növbədə əzmkar oyunu ilə heyran edirdi. Fiziki cəhətdən çox güclü idi. O, həmişə öz zəhmətinin hesabına özünü sübut edirdi. Milli komandada, ayrı-ayrı klublarda oyamağa layiq olduğunu öz oyunu ilə göstərirdi. Bu gün də öz işi ilə, daima üzərində işləməyi ilə tutduğu yolu davam etdirir. Deməli, bu keyfiyyət Qurbanova uşaqlıqdan verilib. Təsadüfi deyil ki, “Daşqın” komandasından çıxan bir futbolçu iddialı klubların maraq dairəsinə düşmüşdü. Qurbanov həmişə öz işi ilə zəhməti ilə güclü olduğunu sübut etməyə çalışır. Bunun da da davamını görürük. Futbolçu olanda da heç vaxt yalnış qərarlar vermirdi, ikili standarlardan uzaq, dili də, dilçəyi də olan bir futbolçum var idi. Çox sevinirəm ki, belə bir futbolçuya milli komandada əsas rolu ayırmışam”.

Vaqif Sadıqov sonda ona xoş olan bir xatirəni də xatırlatdı: “Qurban Qurbanov o futbolçulardandır ki, karyerasını başa vuranda AFFA tərəfindən onun üçün vida matçı təşkil edildi. Azərbaycanlı və ölkəmizdə çıxış edən legionerlərdən ibarət komandalar arasında oyun oldu. Bu oyunda heyəti müəyyənləşdirmək Qurbanova həvalə olunmuşdu. Xoşuma gələn hal o idi ki, Qurbanov Azərbaycan yığma komandasına baş məşqçi məni gördü”.

Qurbanovun futbolçu dönəmi ilə bağlı onunla 6 il milli komandada birgə oynamış Kamal Quliyevlə də söhbətləşdik. Veteran yarımmüdafiəçi də digər həmsöhbətlərimiz kimi Qurbanovun xarakteri və əzmkarlığını öz plana çəkdi: 

“Şəxsən mən ona qarşı oynayanda bir müdafiəçi kimi zövq alırdım. Fiziki cəhətdən çox güclü idi. İkimizin mübarizəmiz çox baxımlı alınırdı. O tip futbolçulara qarşı oynamağı sevirdim. Qurban dövrünün ən yaxşı hücumçularından biri idi. Hərdən indiki uşaqlara Qurbanı misal çəkirəm ki, belə xarakterə malik futbolçumuz var idi, qorxmurdu, sona qədər vuruşurdu.

Qurbanla uzun müddət millidə birgə çıxış etmişik. O vaxt Bakıda “Tretiy sad” deyilən bir yer var idi, ora qaçmağa gedirdik. Relyefi elə idi ki, hər oğul orda qaça bilmirdi. Ancaq Qurbanla mən orada 2 dövrə elə qaçırdıq ki, elə bil son nəfəsimizdir. Bunu Qurban da təsdiqləyər. Hətta millimizin axşama oyunu var idisə, Qurban gəlib məni durğuzurdu ki, gedək qaçaq. Oyun günü gedib 10-15 dövrə qaçırdıq. Hər ikimiz kökəlməyə meyilli idik. Hava ilə də kökəlirdik. Qurban bax belə futbolla yaşayan, peşəsinə hörmət edən biri idi. Bu gün də o əziyyətinin bəhrəsini görür.


Kamal Quliyev

K.Quliyev məşqçi Qurban Qurbanovla futbolçu Qurban Qurbanov arasında böyük fərq olduğunu düşünür: “Qurban məşqçi kimi çox sakit görünür. Ancaq futbolçu Qurban çox aqressiv, həmişə hadisələrin mərkəzində olmağı sevən, çılğın biri idi. Amma ola bilər ki, məşqçi kimi bizə sakit görünür. Bəlkə də işini elə qurur ki, artıq meydanın kənarında olanda nəsə etməyə ehtiyac qalmır”.

K.Quliyev də Qurbanovun Serbiya və Çernoqoriya ilə səfər oyununun unudulmaz olduğunu deyir: “Qurbanın yaddaqalan oyunları çox olub. Ancaq Serbiya və Çernoqoriya ilə matçımız heç vaxt yaddan çıxmaz. Çünki seçmə mərhələ oyununda Qurbanın dublu sayəsində səfərdən xalla qayıtdıq. Özü də Qurban qolları hesabda 0:2 geridə olduğumuz vaxt vurdu. Bu da onun əzmkar mübarizəsinin, sona qədər meydanda vuruşmağını nəticəsidir”.     

K.Quliyev  sabiq komanda yoldaşının millimiz üçün uğurlu baş məşqçi olacağına inanır: “Bu yaxınlarda jurnalistlərin biri mənə sual verdi ki, eşitdiyimizə görə Di Matteo millimizə gəlir. Mən də cavab verdim ki, bizim öz Di Matteomuz var. Qurbanı nəzərdə tuturdum. Bu işin Qurban üçün nə qədər çətin olacağını zaman göstərəcək. Təbii ki, Qurbanın bir məsuliyyəti də artdı. İnanıram ki, bunun öhdəsindən gələcək. Onun zəfəri biz yerli məşqçilərin zəfəridir. Qurban ən yaxşı nəticələrə layiqdir”.

Sonda Azərbaycan yığmasında ən çox qol vuran Qurban Qurbanovun (67 oyuna 14 qol) milli karyerasında əsas məqamlara diqqət edək.

Millidə ilk oyun

1992-ci il, sentyabrın 17-də yeni yaranan milli komandamız ilk oyununa çıxır. Gürcüstanla səfərdə keçirilən yoxlama oyununa dəvət olunan 20 yaşlı Qurban Qurbanov bu görüşdə debüt edir. O, matçın 46-cı dəqiqəsində digər gənc komanda yoldaşı Mahmud Qurbanovu əvəzləyir.

Millidə ilk qol və dubl

Qurbanovun milli komandamızda ilk qolu 1993-cü ilə təsadüf edir.İyunun 8-də  İranın paytaxtı Tehranda keçirilən beynəlxalq turnirdə komandamız Qazaxıstan yığması ilə qarşılaşırdı. Qurbanov görüşün 14-cü dəqiqəsində hesabı açır, 41-ci dəqiqədə isə ikinci qolu qazaxların qapısından keçirir. Qarşılaşma 3:3 hesabı ilə başa çatır. Bu oyun  Qurbanov üçün millimizdə qol hesabını açması və dubl etməsi ilə əlamətdar olur.

Qurbanov millimizdə növbəti qolunu Farer adaları ilə keçirilən yoldaşlıq oyununda vurur. 1996-cı il fevralın 27-də Kiprdə keçirilən görüşdə (3:0) Qurbanov komandasının 3-cü qoluna imza atıb.

Həmin ilin mayında isə Qurbanov millimizdə 5-ci qolunu vurur. Bu, Belarusla yoldaşlıq oyununda (2:2) gerçəkləşir. Matçın 46-cı dəqiqəsində kapitan Nazim Süleymanovu əvəzləyən Qurbanov 53-cü dəqiqədə fərqlənir.

Qəhrəmanımız millimizin tarixi qələbəsində də iştirak edib. Söhbət DÇ-1998-in seçmə mərhələsində Bakıda İsveçrə millisi ilə keçirilən görüşdən gedir. Yığmamızın qalib gəldiyi ilk rəsmi oyunun 68-ci dəqiqəsində Qurbanov görüşdə yeganə qolun müəllifi olan Vidadi Rzayevi əvəzləyir.

Qurbanov 1997-ci ilin martında Türkmənistanla Bakıda keçirilən yoldaşlıq oyununda da rəqibi məyus etməyi bacarır. O, 3:0 hesabı ilə qalib gəldikləri matçın 88-ci dəqiqəsində son nöqtəni qoyur.

Avro-2000-nin seçmə mərhələsində səfərdə Lixtenşteynlə keçirilən  oyunda da Qurbanov fərqlənir. Millimizin forvardı 1:2 hesablı məğlubiyyətdə təsəlli qolunu vurur.

Qurbanov növbəti qol sevincini Estoniya ilə yoldaşlıq matçında yaşayıb. O, 2:2 hesablı bərabərliklə bitən qarşılaşmanın 1-ci dəqiqəsində rəqibi məyus edib.

Avro-2000-nin seçmə mərhələsində Lixtenşteynlə Bakıda keçirilən görüş də Qurbanov üçün əlamətdardır. O, səfərdəki matçda olduğu kimi, “Tofiq Bəhramov”da da rəqib qapısına yol tapmağı bacarır. 4:0 hesablı qələbəmizdə ilk qolu Qurbanov vurur.

Artıq millimizin əsas qol silahına çevrilən Qurbanov Avro-2004-ün seçmə mərhələsində də komandamıza öz töhvəsini verir. 2003-cü ilin 12 fevralında səfərdə Serbiya və Çernoqoriya ilə keçirilən görüşün qəhrəmanı olur Qurbanov. Yığmamız 0:2 geridə olan zaman matçın 58 və 77-ci dəqiqələrində qol vuran hücumçu komandasını məğlubiyyətdən qurtarmaqla millimizə bir xal qazandırır. Elə bu rəqiblə Bakıda keçirilən oyunda da (1:2) Qurbanov toru silkələyir.

Millimizin qol ümidi 2004-cü ildə Moldova, Özbəkistan və Latviya ilə keçirilən yoxlama oyunlarının hərəsində bir qol vurur.

Millidə son oyun

Avro-2006-nın seçmə mərhələsində Bakıda Avstriya ilə keçirilən görüş (0:0) o zaman kapitanlıq sarğısını daşıyan Qurbanov üçün millidə sonuncu oyun olur. 2005-ci il, sentybarın 7-də keçirilən oyundan sonra  Qurbanov milli komanda ilə müvəqqəti olaraq vidalaşır. Onun milli karyerası 13 il çəkir. Maraqlıdır ki, Qurbanovun millidə oynadığı müddət  sevimli rəqəmi olan “13”lə bağlıdır. 12 ildən sonra isə Qurbanov yenidən millimizdədir.

Ramiq AĞAMƏMMƏDOV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər