1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər

1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
PREMYER LİQA 11 Oktyabr 2026 / 11:40 471
-  A +

Misli Premyer Liqasının 7-ci turu “Qarabağ” üçün əlamətdar olacaq.

QOL.az PFL-in saytına istinadən xəbər verir ki, Ağdam klubu Azərbaycan çempionatlarında 1000-ci matçına çıxacaq.

"Qarabağ" bu gün səfərdə "İmişli" ilə qarşılaşacaq. Oyun saat 16:00-da başlayacaq.

Mövsümdə 6-cı, tarixdə 1000-ci

Cari mövsümün startına qədər 994 qarşılaşmaya çıxan “Qarabağ”ın II turdakı görüşü təxirə salınmışdı. UEFA Konfrans Liqasında iştirak səbəbindən Ağdam klubunun mövsümdəki 6-cı oyunu VII tura təsadüf edəcək. Yubiley matçı Yevlax şəhər stadionunda təşkil olunacaq. “Qarabağ”ın bu gün keçiriləcək dueldəki rəqibi “İmişli”dir. Qarşılaşma saat 16:00-da başlayacaq. 

600-cü qələbəyə doğru

Əvvəllər güclülər dəstəsi, yüksək dəstə kimi də adlanan Premyer Liqada 999 oyun keçirən “Qarabağ” hamıdan çox – 591 qələbə qazanıb. 600-cü qələbəsini elə cari mövsüm əldə etməsi real görünən komandanın hesabında 223 heç-heçə var. Ağdamlılar 185 dəfə meydandan xalsız ayrılıblar. Bölgə təmsilçisi 494 dəfə evdə, 493 dəfə səfərdə meydana çıxıb. Digər 12 görüş neytral meydanlarda baş tutub.

Pley-offun yeganə çempionu

“Qarabağ”ın neytral meydanda 12 matç keçirməsinin iki səbəbi var. Bunlardan birincisi 1993 mövsümü ilə bağlıdır. Tarixdə ilk və sonuncu dəfə çempionla mükafatçılar yarımfinal, 3-cü yer uğrunda matç və finaldan ibarət pley-offla müəyyənləşib. “Qarabağ” da neytral meydanda baş tutan həlledici görüşləri udmaqla qızıl medallara yiyələnib. “Qarabağ”ın çempionatdakı 999 oyunundan 997-si liqa, 2-si pley-offa təsadüf edib. 1995/96 mövsümündə isə final mərhələsinin 10 turu neytral arenalarda təşkil olunub. 

12579 gün əvvəlki “11-lik”

1000-ci oyuna aparan yol bu matçdan 12 min 579 gün əvvəl başlayıb. 1991-ci ildə SSRİ çempionatının II dəstəsində mübarizə aparan üç təmsilçimizdən biri olan “Qarabağ” Qərb zonasında 11-ci yerdə başa vurduğu mövsümün ardından ilk müstəqil yarışa qatılıb. 1992-ci il mayın 3-də gerçəkləşən debüt matçı Ağdam şəhər stadionunda baş tutub. Sabirabad “İnşaatçı”sına qarşı görüşü “Qarabağ” aşağıdakı “11-lik”lə əvəzolunmadan keçirib: Namiq Bəşirov, Səttar Əliyev, Nazim Mehrəliyev, Şahid Həsənov, Məmməd Məmmədov, Məhəmməd İsmayılov, Mehman Alışanov, Yaşar Hüseynov, Cavanşir Novruzov, Mahir Əliyev, Elşad Xudadatov.

Tarixi qol

Ölkənin tanınmış referisi, SSRİ dövründə qazanılan avrokubok təcrübəsinə malik Rüstəm Rəhimovun idarə etdiyi qarşılaşma erkən qolla başlayıb. Mehman Alışanov artıq 4-cü dəqiqədə ağdamlı azarkeşləri sevindirib. Bu, təkcə “Qarabağ” üçün deyil, Azərbaycan futbol tarixi üçün əlamətdar olub. Alışanov həm ölkə çempionatları tarixində, həm də müstəqillik dövründə ilk qolun müəllifi kimi tarixə düşüb.

Oyunçu-baş məşqçi ilə start

“Qarabağ”ın Azərbaycan çempionatlarındakı ilk baş məşqçisi Nazim Mehrəliyev olub. O, “İnşaatçı” ilə qarşılaşmada oynayan baş məşqçi kimi özü də meydana çıxıb. Bu, təcrübəli futbolçunun bu “amplua”da çempionatdakı ilk və son görüşü olub. Həmin qarşılaşmada isə hər hissədə bir qol buraxan “Qarabağ” 1:2 hesabı ilə uduzub.

999 oyunun qazancı: 20 medal, 12 qızıl

Ölkə çempionatlarında yüksək dəstənin iki daimi iştirakçısından biri olan “Qarabağ” 35-ci mövsümün oyunlarını keçirir. Əvvəlki 34 ildə komanda 12 dəfə - 1993, 2013/14, 2014/15, 2015/16, 2016/17, 2017/18, 2018/19, 2019/20, 2021/22, 2022/23, 2023/24, 2024/25 mövsümlərində ölkə çempionu adına yiyələnib. Bundan başqa, 5 gümüş və 3 bürüncü də olan “Qarabağ” ümumilikdə 20 dəfə mükafata sahib çıxıb.

1000 ərəfəsində rəqəmlər nə deyir?

“Qarabağ” 999 oyunda hamıdan çox – 165 dəfə böyük hesabla qalib gəlib. 21 belə məğlubiyyəti olan komanda 467 dəfə qapısını toxunulmaz saxlayıb, 208 dəfə özü meydandan qolsuz ayrılıb. 108 görüş isə qolsuz bitib. “Şamaxı” üzərində 8:0 hesablı qələbə Ağdam təmsilçisi üçün rekord sayılır. Bundan başqa, komanda 6 dəfə meydandan 7, 22 dəfə 6 qolla ayrıla bilib. Het-triklər, pokerlərlə zəngin tarix rəqibin və özünün avtoqolları ilə də yadda qalıb. Ümumiyyətlə, 59 rəqiblə görüşən “Qarabağ” “Neftçi” ilə daha çox – 102 dəfə üz-üzə gəlib. Rəqiblər  arasında xala həsrət qalanlar da var, məğlubedilməzlər də. “Qarabağ”ın 1000-ə qədər olan yolunda 15 texniki qələbə, 8 texniki məğlubiyyət var ki, onlardan ikisində hər iki komanda xalsız qalıb. Nəticəsi ləğv edilən 9 matçdan 4-ü texniki nəticə ilə əvəzlənib, digərləri isə rəqib çempionatdan çıxdığı üçün silinib.

“11-lik”: Qurban Qurbanovdan aşkar üstünlük

999 oyunda “Qarabağ”a 11 baş məşqçi rəhbərlik edib. 1992-2008-ci illəri əhatə edən 16 ildə 10 mütəxəssis ümumilikdə 435 görüşdə “sükan arxası”nda olub. 2008-ci ildən bu günə qədər “Qarabağ”ın baş məşqçisi olan Qurban Qurbanov 999 matçlıq dövrün yarıdan da çoxunda – 18 ildə və 564 matçda komandaya rəhbərlik edib. 11 baş məşqçidən üçü - Nazim Mehrəliyev. Cavanşir Novruzov və Elşad Əhmədov həm futbolçu, həm baş məşqçi kimi Ağdam klubuna xidmət edib. Rasim Kara isə klub tarixinin yeganə legioner çalışdırıcıısıdır.

“Qarabağ”ın rekordçuları

“Qarabağ”ın 999 çempionat matçında ən çox meydana çıxan oyunçu Maksim Medvedevdir. Karyerası boyu yalnız bir klubda çıxış etmiş sabiq müdafiəçinin hesabında 376 oyun var. O, təkcə klubun deyil, Premyer Liqa tarixinin bir komandadakı oyun sayında mütləq rekordçusudur. Ümumiyyətlə, bu siyahıda ilk 4 yer “Qarabağ”ın futbolçularınındır. 305 oyun keçirən Qara Qarayev də “300” səddini adlayıb. Bədavi Hüseynovla Aslan Kərimov “Top-4”də yer alsa da, liderlərdən xeyli geri qalırlar.

“Qarabağ”ın “topçu”ları

Ölkə çempionatları tarixində bir klubda təkcə ən çox oyun keçirən deyil, həm də ən çox qol vuranın da adı “Qarabağ”la bağlıdır. Müşfiq Hüseynov eyni komandada 100-dən çox qol vuran yeganə futbolçudur. O, Ağdam klubunun çempionat matçlarında 109 dəfə fərqlənib. Komandanın Premyer Liqadakı ikinci bombardiri Mahir Emrelidir. Onu rekordçudan 50 qol ayırır. İlk “üçlüy”ü Abdullah Zubir qapayır. “Qarabağ”ın ən məhsuldar legioneri 55 dəfə rəqib qapılarına yol tapıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner